“Azərsu” sədrinin tayfa-klan korrupsiyası – ŞOK FAKTLAR

1-07-2015, 20:49           
“Azərsu” sədrinin tayfa-klan korrupsiyası – ŞOK FAKTLAR
Qorxmaz Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərən “Azərsu” ASC-də son vaxtlar ciddi problemlər üzə çıxmaqdadır.

teref.az cumhuriyyet.az-a istinadən məlumat verir ki, Bakıətrafı rayonların sosial-iqtisadi inkişafı proqramı üzrə kəndlərə içməli su çəkilib. Vəsait ayrıca olaraq dövlət proqramının icrası üçün büdcədən ayrılır. Amma ümumi illik yekun hesabatlarda biz adətən icraçı olan işin sahibi olaraq təqdim edilən görürük.
Maraqlıdır ki, dövlət proqramlarını bir kənara qoyanda adıçəkilən qurumun hər hansı uğurlu fəaliyyətini müşahidə etmək mümkün deyil. Şirkətlə bağlı yeyinti halları sərhəd tanımır: Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni qaydalar tətbiq edib. Həmin qaydalara əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumla örtülməlidir.

Bacıoğlunun qum biznesi

Həmin qum növü guya boruların əyilməsinə və çürüməsinə imkan vermir. Əslində isə durum tamam fərqlidir. Bu məsələnin gündəmə gəlməsinə səbəb həmin biznesini bacısı oğluna verməsidir. Belə ki, 2011-ci ildən etibarən Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib.
Hacıqabul rayonunun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonunun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşıdığını yazdırır. Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib.
Sənəd üzərində guya gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir. Amma Yusifəlinin qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Deyilənə görə, ASC sədrinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq onu öz məhsulu kimi satır.
Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar. Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə edilib.
Ailə-podrat şirkətləri
Araşdırmalar nəticəsində məlum oldu ki, ASC sədrinin başlıca gəlir mənbəyi 2011-ci ildən sonra qohumlarının adına yaratdığı və onların idarəçiliyinə verdiyi şirkətlərin vasitəsilə əldə olunur. “Azərsu”nun seçdiyi podratçıların demək olar ki, hamısı 2011-ci ildə, ASC-yə yeni rəhbər təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər:
Halbuki Satınalmalar haqqında Qanunda yazılıb ki, 50 min manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır. Lakin podratçı şirkətlər Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsus olduğu üçün qanuna məhəl qoyan yoxdur. Məsələn, “Azərsu”nun seçdiyi şirkətlərdən biri Sənaye Tikinti-M MMC-dir. MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynovdur.
O, Qorxmaz Hüseynovun qardaşıdır. Bu MMC Azərsu üçün 1,5 milyon manata Korgöz qəsəbəsinə su xətti çəkib. Hidro-İnşaat Servis MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qayını Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub.
Cəmiyyət rəhbəri vəzifəyə təyin olunandan bu vaxta qədər əhalinin içməli su ilə təminatını yox, öz maliyyə imkanlarını yaxşılaşdırıb. Su və kanalizasiya işçiləri ilə rəsmi müqavilə bağlanmadığına görə minlərlə işçi hazırda Azərsunun layihələrində qeyri-rəsmi işləyirlər, bu işçilərin heç bir sığortası yoxdur.
Halbuki, Azərsunun layihələrini həyata keçirən T.T.Ş İnşaat şirkətinin Qəbələdə, Qusarda, Xaçmazda, Xızıda, İmişlidə, Yardımlıda və Beyləqanda gördüyü işlərdə 50-dən çox fəhlə torpaq uçqunu altında qalaraq xəsarət alıb.
Amma bu fakta görə şirkətin rəhbərliyindən heç kim məsuliyyətə cəlb olunmayıb. Milyonluq tenderlərin qalibi olan bu şirkətlər də Qorxmaz Hüseynovun qardaşı Məhəmməd Hüseynov və qaynı Namiq Cəbrayılov tərəfindən idarə olunur.
Ardı var...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.