Adil Vəliyevin yıxa bilmədiyi ticarət mərkəzi ətrafında problemlər qalır - NARAZILIQ VAR...

27-07-2015, 16:48           
Adil Vəliyevin yıxa bilmədiyi ticarət mərkəzi ətrafında problemlər qalır - NARAZILIQ VAR...
Sabunçu bazarında yerləşən Bakıxanov Ticarət Mərkəzinin söküləcəyi barədə məlumat verilsə də, bu baş tutmadı. Sözügedən ticarət mərkəzinin namünasib yerdə yerləşdiyi bildirilirdi. Belə ki, obyekt avtomobillərin gediş-gəlişinə maneə törədir. Bu baxımdan da Sabunçu rayon icra başçısı Adil Vəliyev obyektin sökülməsini tələb edirdi. Lakin bazarın rəhbərliyinin etirazının nəticəsi olaraq bazar sökülmədi. Hətta vəziyyət elə yerə çatmışdı ki, sahibkarlar etirazlarını bildirdilər və müvafiq qurumlara ərizəylə müraciətlər etdilər. Hazırda bazar fəaliyyətini davam etdirir. Lakin həmin obyektin ətrafındakı yollar bərbad durumdadır.

Rayonun icra başçısı bazar sökülmədiyinə görə ticarət mərkəzinin ətrafındakı yollara diqqət ayırmır. Yol bütün çala -çuxurdur. Avtomobillərin gediş-gəlişi çətinləşib. Demək olar ki, orada hər gün tixac olur. Qış aylarında piyadalar oradan keçə bilmir. Sürücülər avtomobilləri intizamsız idarə etdiklərindən piyadaların üst-başı çirklənir. Bundan başqa bazarın qarşısında daim tıxacın olması ciddi narahatlıq yaradır. "Tolkuçka"nın yanından keçən yolla əsasən Bakıxanov, Qaraçuxur, Yeni Günəşli qəsəbələrinə gedən avtobuslar hərəkət edir. Bazar ətrafında olan yolun dükanlar səbəbindən darlaşması və üstəlik də burda işləyən və alver etməyə gələn vətəndaşların yol kənarında saxladıqları avtomobillər tıxacın yaranmasına səbəb olur. Xüsusilə də sərnişindaşıma xidməti ilə məşğul olan avtobusların sürücüləri, eləcə də vətəndaşlar mərkəzin qarşısındakı süni tıxac əlindən beziblər.

Xatırladaq ki, bir müddət əvvəl Sabunçunun icra başçısı Adil Vəliyev yarmarkanı sökdürməyə qalxsa da, ticarətçilərin etirazından sonra iş dayanmışdı. İcra hakimiyyəti bazarın ətrafında natəmizlik hökm sürdüyünü, yarmarkanın yolu darısqal etdiyini, tıxaclar yaratdığını bildirərək, abadlıq işlərinin davamı kimi bazarı köçürmək niyyətini ortaya qoymuşdu. Amma ticarətçilərin etirazından sonra qərara gəlindi ki, bazar abadlaşdırılsın, yol genişləndirilsin. Lakin bu qərardan sonra həmin ərazi daha da bərbad duruma düşüb. Heç kəs oranın problemləriylə maraqlanmır. Hətta işıqfor da işləmir. Sözügedən ticarət mərkəzinin ətraflarında isə antisanitariya hökm sürməkdədir. Artıq həmin ərazidə yaşayanlar mövcud problemlərdən şikayətlənirlər. Əsasən yolların təmiriylə bağlı şikayətlərini bildirirlər.

Xatırladaq ki, Prezident İlham Əliyev 2011-ci il martın 11-də Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Bakı şəhəri ərazisində qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının tikintisi və təmiri üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılıb.

Sərəncam verilib, qalır onu icra etmək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.