AĞDAMDA SƏHİYYƏ TALANI - ƏLLİLƏR VƏ VETERANLARDAN DA RÜŞVƏT ALINIR

16-04-2015, 17:36           
AĞDAMDA SƏHİYYƏ TALANI - ƏLLİLƏR VƏ VETERANLARDAN DA RÜŞVƏT ALINIR
Ölkədə bütün tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmət, müayinələr və dərman preparatları pulsuz olsa da ancaq xəsətlər bunun əksini görmək məcburiyyətində qalırlar. Xəstəxanaların girişində müayinələr və dərman pereparatlarının pulsuz olduğu məzmunda elanların bütün dövlət xəstəxanalarında nağıl olmasına heç kim şübhə etmir.

Bu azmış kimi həkimlər pulludur, pulsuzdur, əlildir, Dünən qəzetimizə Ağdamın Mərkəzi Xəstəxanasında baş alıb gedən xəstə soyğunçuluğu ilə bağlı məlumat daxil olub.

“5 manatından keçməyən həkim”

Qarabağ müharibəsində iştirak etmiş Aslanov Rafiq bildirir ki, Sosial Müdafiə Nazirliyinə təqdim etmək üçün Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildiriş almalı olub. Amma bu ona baha başa gəlib: “Pensiya üçün Ağdam Xəstəxanasında səhhətimlə bağlı kağız almalı idim. Üz tutdum xəstəxanaya. Xəstəxananın baş həkiminin muavini Qara Qasımov mənə bildirdi ki, bu yağızı ona “hörmət” etdikdən sonra verə bilər. Mən bədənimdə qəlpə daşıyan adamam. Pensiya almağa, pensiya ilə dolanmağa möhtac olan şəxsəm. Baş həkim müavini məndən bu günə qədər 1000 manat alıb. Aylardır məni süründürür. Mən dilənib, dolanıb o pulu tapıb Qara həkimə verdim. Bəs onun vicdanı yoxdur? Ona verdiyim pul mənim evimdə olsa niyə pensiya almaq üçün dəridən qabıqdan çıxım? Pensiya da eləsin 60-70 manat. Demək kiƏ mənim 70 manata da ehtiyacım var. Rüşvəti alıb, amma işimi düzəltmədi. Pulu alıb yeyəndə yaxşıdır, iş düzəltməyə gələndə məni tanımır”.

Rafiq Aslanov bildirir ki, bu süründürməçilik tək ona qarşı deyil. Qara Qasımov Ağdam rayonunda birinci dərəcəli rüşvətxorlar sırasındadır: “Aylardır onun otağının qapısını su yoluna çevirmişəm. Nə var ki, bir imza atacaq. Vətən uğrundakı döyüşlərdə, bədənimdə hələ də “yadigar” olan qəlpələri gəzdirirəm. Uzun illərdir ki, ölkədə demokratik dəyişikliklər və vətəndaşların sosial-siyasi azadlıqları uğrunda gedən mübarizənin ön sıralarında yer almışam. Konstitusiya və qanunlara əsaslanaraq özümün və ailəmin, habelə millətimin hüquqlarının müdafiəsi üçün əlimdən gələni etməyə çalışıram. Amma Ağdam Xəstəxanasındakı hüquqsuzluq və özbaşınalıq o həddədir ki, artıq buna məhəl qoyan da yoxdur. Ağdam Xəstəxanası “xəstə səhiyyə”nin kəsilib atılmalı yararsız orqanı kimidir. Hamı bilir ki, illərdir Qara həkim burda at oynadır. Ağdamda hamı qaçqın-məcburi köçkündür. Hamı çörəkpuluna, yardıma gözünü dikmiş adamdır. Amma Qara həkim yanına gedən xəstələrdən 5 AZN-i belə qənimət bilir. Bir insane övladına savab olsun deyə pulsuz müayinə etməyib. Həkim yox, elə bil bank "kassasıdır". Bu gün pulumu geri istəyirəm, onu belə vermək istəmir”.

“Rüşvətin tüğyan etdiyi xəstəxana”

Kiçik bir araşdırma zamanı, Qara Qasımovun məcburi köçkünlərə qarşı etdiyi rəzalətin boğaza yığıldığı qənaətinə gəldik. Məsələn: Q.Qasımovun pasientlərindən digəri başına gələni belə danışır: “Qara həkim hamının başına oyun açıb. Rəhbər vəzifədə olduğu üçün əhali ilə istədiyi kimi davranır. Baş həkim Gülnar Abbasova isə buna göz yumur. Balıq başdan iylənir prinsipi. Gülnar Abbasova özü əhalini soymasa, Qara Qasımov da buna cəhd etməz. Ailəmi indiyədək aldığım çörəkpulu ilə birtəhər dolandırmağa çalışmışam. Hazırda bu da mümkün deyil, çünki artıq həyat yoldaşım da xəstələnib və mənim təqaüdüm dərmanlarımıza ancaq çatır. Bununla Qara həkimin qəbulunda olmuşam amma pulum olmadığı üçün hər dəfə müayinəni rədd edib. Bu xəstəxanada ümumiyyətlə rüşvətxorluq tüğyan edir. Rayonda hamı bilir ki, bura açıq bazardır”.

“Onun kağızına mən qol çəkməmişəm”

Adı rüşvətxorluqda, özbaşınalıq etməkdə hallanan Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkim muavini Qara Qasımovla əlaqə saxladıq. Həkimin açıqlaması ziddiyyətli olsa da, maraqlı idi. Gah pul almışam dedi, gah da almamışam: “Rafiq Aslanov yanımda olub. 9 ay qabaq pul veriblər, indi yadlarına düşür bu? Onlar məni şantaj edir. Mən heç kimdən pul almamışam. Qarabağ əlili ilə mənim nə işim var? Anlaşılmazlıq olub. Siz “Qaynar Xətt”dən zəng etmisiniz?”.

“Yazmayın, yoxsa 40 illik fəaliyyətim…”

Bir daha özümüzü təqdim edirik. Rüşvət məsələsinə yenidən aydınlıq gətirməsini istəyirik. Eyni zamanda, ölkə başçısının son müşavirəsini xatırladırıq. Q.Qasımov israrla bildirir ki, o rüşvət almayıb. Halbuki, bir qədər əvvəl bunun 9 ay öncə baş verdiyini demişdi. Həkim Rafiq Qasımovun sənədinə baş həkim Gülnar Abbasovanın qol çəkdiyini desə də, bir qədər sonra yenə təkzib edir: “O kağıza baş həkim qol çəkmişdi. Mənim o adamlarla nə işim var? Xahiş edirəm bu məsələni işıqlandırmayın. Yoxsa 40 illik həkimlik fəaliyyətim heç olar. Mən o adamları razı saldım. Bu gün burdan razılıqla getdilər. Hələ mənə çox sağ old a dedilər”.

Bəs İlham Əliyevin xəbərdarlığı?

Ölkə başçısının müşavirədəki xəbərdarlığının üstündən 3 gün keçməmiş, Qara Qasımovun vətəndaşa qarşı bu hərəkəti insanı düşündürür. Ölkə başçısı son müşavirədəki nitqində bildirdi ki, ölkəyə gətirilən dərmanların keyfiyyətsiz və bahadır. Ona görə də bu sahəyə xüsusi diqqət ayırdığını qeyd etdi. Nə qədər qəribə görünsə də, ölkə başçısının dərmanlar haqqında səsləndirdiyi fikirlər həqiqətdir. Ölkəyə idxal olunan dərmanlar keyfiyyətsiz olduğu qədər də bahadır. Əsas məsələ bundan sonra başlayır. Prezident deyib ki, dərman pereparatlarının bazarı nəzarətdən çıxıb: “Bu hadisə deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır”.

İlham Əliyevin bu xəbərdarlığı sadəcə dərmanlara aid deyildi. Bu həm də Səhiyyə Nazirliyin, həkimlərə, xəstəxanalardakı qanunsuzluqlara, Qara Qasımov kimi həkimlərin rüşvət almasına qarşı edilən xəbərdarlıq idi. Prezident sözügedən xəstəxananın açılışdan şəxsən iştirak edib. Dövlət başçısı tərəfindən açılışı edilən, cəbhə bölgəsində yerləşən xəstəxanının müharibə iştirakçılarını, məcburu köçkünləri soyub talamasının sadəcə bir adı var: Rəzalət!!!

Mövzunu davam etdirəcəyik…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.