Şərikini ölümlə hədələyir, məmurların gizli videosunu çəkir-Oğuzda — FOTOLAR

5-09-2015, 11:49           

Türkiyə vətəndaşı Turan Levent Ölkə.Az-ın redaksiyasına müraciət edərək azərbaycanlı şəriki tərəfindən haqsızlığa məruz qaldığını bildirib.

T.Leventin məktubunu olduğu kimi təqdim edirik:

"Mən Türkiyə vətəndaşıyam. 2008-ci ildə Qəbələ rayon sakini Yunis İsgəndərovla Oğuz rayonu Xalxal kəndində balıqçılıq təsərrüfatı yaratmışıq. 2010-cu ildə notarial qaydada təsis müqaviləsi bağlayaraq, ortaqlığımızı rəsmiləşdirmişik. Mənim müdaxiləmə baxmayaraq, ortağımın tikintidə etdiyi səhvlər ucbatından aramızda narazılıq oldu və mübahisə yarandı. O, məndən xəbərsiz məhkəməyə müraciət etdi və məni qanuni ortağı olduğum təsərrüfata girməyimə qadağa qoydurdu.

Məhkəmə təsərrüfatı iddiaçıya təhvil verdi. Buradan görünür ki, ortağım hakimlə əlbir olublar. Proses üç il yarım sürdü və apellyasiya məhkəməsinin, Ali Məhkəmənin qərarı ilə iddaçının iddiası rədd olundu. Amma o yenə iddia qaldırdı və hakim eyni işi icraata qəbul elədi. Bu proses də ilyarım sürdü. İddiaçının iddiası apellyasiya məhkəməsində yenə rədd olundu və mənim xeyrimə qərar verildi.

Oğuz rayon məhkəməsinin hakimi Rafael Şirinov, Qax rayon məhkəməsi hakimi Atabəy Kiçibəyov və Qəbələ məhkəməsinin hakimi Vahid Sadıqov kimi hakimlərin çıxardığı qərarların hamısı Apellyasiya Məhkəməsində ləğv edildi. Amma maraqlıdır ki, bu hakimlər barədə heç bir tədbir görülmədi.

Ali məhkəmə mənim ortaqlığımı təsdiqlədi. Beləliklə, məhkəmə 5 il davam etdi və notarial qaydada bağladığımız müqavilə daha da möhkəmləndi. İşimə davam etmək üçün təsərrüfata getdim. Amma ortağım dəfələrlə quldur dəstəsi yığıb mənə bıçaq və digər soyuq silahlarla hücum etdilər, ölümlə hədələdilər. Polisə müraciət etdim. Amma polis də ərizələrimə baxmır. Qeyd edim ki, bu dələduzun əlində maşın pultuna oxşayan bir gizli kamera var. O, həmin kamera ilə bir neçə adamları, dövlət məmurlarını çəkib şantaj edir və onları bu yolla əlində saxlayır. Həmin videolardan üçünü də mən ələ keçirmişəm".

Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.