İnquş maqnatın Azərbaycandakı şirkətində kütləvi ixtisarlar - 100-ə yaxın ailə çörəksiz qaldı

17-04-2015, 21:41           
İnquş maqnatın Azərbaycandakı şirkətində kütləvi ixtisarlar - 100-ə yaxın ailə çörəksiz qaldı
“Qarasu Oil” əməliyyat şirkətində ixtisarlara başlanıb. Aprelin 6-da 70-ə yaxın işçi işdən çıxarılıb. Yaxın günlərdə isə daha 130-dək yerli işçi vəzifəsindən kənarlaşdırılacaq.

Bu barədə virtualaz.org saytına “Qarasu Oil” əməliyyat şirkətində mühəndis-texnoloq işləmiş Məlahət Müslüm qızı Həsənova məlumat verib.

Şikayətçi bildirdi ki, 1993-cü ildən şirkətdə mühəndis vəzifəsində çalışıb: “Aprelin 6-da digərləri kimi məni də işdən çıxardılar. Şirkət rəhbərliyi ixtisarların qaçılmaz olduğunu bildirir. Lakin ixtisarlar zamanı işdən çıxarılanların ixtisaslı mütəxəssis olması, tək yaşaması, yaşı, vəzifəsi nəzərə alınmır”.

M.Həsənovanın sözlərinə görə, ixtisarlar zamanı peşəkarlıq deyil, işçinin kimin adamı olması amili rol oynayır: “Mən Dövlət Neft Akademiyasını bitirmişəm, təqaüd yaşıma 4 il qalıb, üstəlik tək yaşayıram. Lakin bunlar nəzərə alınmadı”.

Narazı neftçi şirkətdə həmkarlar təşkilatının fəaliyyətinə icazə verilmədiyini söylədi: “Bir neçə şöbə ləğv edilib. Həmkarlar təşkilatının da işləməsinə icazə verilmədi. Buna görə də yerli neftçiləri müdafiə edən yoxdur. Yerli fəhlə və mühəndis heyətinin əməkhaqları arasında böyük fərq var”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə virtualaz.org saytına bildirdi ki, narazı neftçilər şirkətə qarşı məhkəmə iddiası qaldıracaq: “İxtisara salınanlar müxtəlif dövlət qurumlarına müraciət ediblər. Lakin onlara dövlətin özəl şirkətlərin işinə qarışa bilməyəcəyini deyiblər. Halbuki Əmək Məcəlləsinin 5-ci maddəsinə görə, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağladığı müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, bu məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir”.

Hüquq müdafiəçisi “Qarasu Oil” şirkətinin də daxil olduğu “Qlobal Energy Azerbaijan Ltd.” şirkətindən narazılıqların artdığını dedi.

Qeyd edək ki, “Qarasu Oil” şirkəti inquş neft maqnatı Mixail Qutseriyevə məxsusdur. Onun Azərbaycanda iri neft biznesi var. 2008-ci il, fevralın 3-də M.Qutseriyevin Londonda başqasının adına şərti olaraq yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Qarasu Operating Companu” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Companu” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Company” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətlərini birləşdirən “Qlobal Energy Azerbaijan Ltd.” şirkəti ARDNŞ-lə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə iki neft kontraktı imzalayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.