“Konstitusiya Məhkəməsi və Ədliyyə Nazirliyi bizə oyun oynadı” - VƏKİL ABDULLA ƏFƏNDİZADƏ

18-10-2018, 17:14           
“Konstitusiya Məhkəməsi və Ədliyyə Nazirliyi bizə oyun oynadı” - VƏKİL ABDULLA ƏFƏNDİZADƏ
“Dubay Ali Məhkəməsinin qərarını 6 ay uzatdılar, icra etmədilər”

“Amerika Səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə ikinci notanı göndərəcək”

Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan Ceylanın anası, Qırğızıstan Respublikasının vətəndaşı, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Rezidenti Merim Beyşekeyevanın hüquqlarının Konstitusiya Məhkəməsi tərəfindən kobud surətdə pozulması ilə bağlı mətbuatda dəfələrlə yazılar yazılasa da, bu gün də qanun pozuntusu davam etməkdədir. Çünki atası Davud Bağırov tərəfindən Azərbaycana gətirilən azyaşlı Ceyla bir qrup məmurun “dəstəyi” ilə hələ də anası Merim Beyşekeyeva qaytarlımır. Merim Beyşekeyevanın vəkili Abdulla Əfəndizadənin “Hürriyyət”ə bildirdiyinə görə, Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017-ci il tarixli qərarına əsasın azyaşlı Ceyla anası Merim Beyşekeyevaya qaytarılmalı və uşağa aliment ödənilməlidir.

Maraqlıdır ki, ABŞ vətəndaşı olan az yaşlı Ceylanın anasına qaytarılması ilə bağlı məsələ nə yerdədir? Bu və digər suallarımıza cavab almaq üçün vəkil Abdulla Əfəndizadə ilə söhbətləşdik.

-Çox insafsızlıq var. Biabırçı bir vəziyyətdir. Uşağı anasına göstərmirlər. Bununla əlaqədar Amerikanın Azərbaycandakı Səfirliyi bizim Xarici İşlər Nazirliyinə nota verib. Vyana Konvensiyasına görə, hər bir ölkə öz vətəndaşını görə bilər. Üstəlik də uşaq azyaşlıdır, anası da müraciət edib. Mən uşağın anası Merim Beyşekeyevanın hüquqlarını müdaifə edirəm. O, Qırığızstan vətəndaşıdır. Uşaq Amerika vətəndaşı olduğuna görə, o, Amerika Səfirliyinə müraciət edib.

Səbail Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçlik Komissiyasının sədri Xalidə Bayramova var, indi icra hakimiyyətinin başçısını əvəz edir. O, çox saymazyana hərəkət edir. Konstitusiya Məhkəməsinin Dubay Ali Məhkəməsinin qərarını icraata götürməsində onun müdaxiləsi olub. Konstitusiya Məhkəməsi sədrinin həyat yoldaşı, Səbail Rayon Qeydiyyat Şöbəsinin müdiri İradə İsgəndərova azyaşlı Ceylaya saxta doğum şəhadətnaməsini düzəldib. İndi biz onunla bağlı iddia qaldırmışıq. Ali Məhkəmə o iddianı geri qaytardı. Ali Məhkəmə mənə deyir ki, sənin səlahiyyətin yoxdur. Çünki sən Kollegiyanın üzvü deyilsən. Mən onları başa salıram ki, kimin əlində iş var, sona qədər apara bilər. Mən də bu işi Milli Məclisin qərarından qabaq aparıram. Bunları heç cür başa sala bilmirəm. Amma mənim şikayət verməyə hüququm var. Bizim Dubaydakı konsulluq da Merim Beyşekeyevaya qəsdən mane yaradır.

- ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanın Xarici işlər Nazirliyinə notasında nəyi əsas göstərib?

- Görün, bizim Xarici İşlər Nazirliyi neynəyib... Amerika vətəndaşı olan uşağı Dubaydan qaçıranda Dubaydakı baş konsul uşağın atası Davud Bağırovun qohumu olub. Amma biz ona “çox sağ ol” deyirik. Çünki o deyib ki, uşağın anası gəlməsə, viza vermirəm, anası gəlib, razılıq verməlidir. O, vizanı verməyib. Bunlar da Türkiyə ilə Amerika arasında viza rejimi olmadığı, uşaq da Ameirka vətəndaşı olduğu üçün uşağı Türkiyəyə aparıblar. Türkiyədən Azərbaycana isə viza var. Orada neçə gün çalışıblar, saxta yollarla uşağa viza alıblar. Çox güman ki, kimsə orada Merimin adından qol çəkib. Çünki ananın razılığı olmasa, bu, qanunsuzdur. İkincisi də öz anası da orada olsa, Azərbaycanın Türkiyədəki Səfirliyinin bunu etməyə ixtiyarı yoxdur. Çünki onlar Türkiyənin rezidenti deyillər. Uşağın atası Davud da, anası Merim də Dubayın rezidenti idilər. Rezident bir növ vətəndaşlığa yaxın bir şeydir. Orada rezident vizası ilə yaşayıbılar. Orada uşağa viza verilə bilərdi. Amma Türkiyə necə viza verib? Özü də ananın icazəsi olmadan. Biz əvvəlcə şübhələnirdik ki, bunu Dövlət Sərhəd Xidməti edib.

- Dediniz kimsə ananın yerinə qol çəkib, həmin adam bəllidir?

- Çəkiblərsə, Merimin adından qol çəkiblər də. Başqa kim qol çəkib, biz onu bilmirik.

- Merimin adından qol çəkilən sənədi görmüsünüz?

- O sənədi bizə vermirlər. Ötən 5-ci gün dəqiq məlumat aldım ki, Ankara uşağa hansı nömrəli, seriyalı, tarixli viza verib və uşaq Azərbaycana keçib. Mən keçən ildən Azərbaycanın Xarici İşlər Nazirliyinə şikayət yazmışam. Mənə cavab vermirlər. Mətbuatda uşağın şəkili veriləndən və Xarici İşlər Nazirliyi tənqid olunandan sonra bir həftə ərzində mənə cavab verdilər. Dubay və İstanbulun baş konsulluğu - hər ikisi yazır ki, biz heç bir viza verməmişik. Dubay yazır ki, mən ancaq 2014-cü ildə viza vermişəm. Bəli, həmin vaxt uşağın anasının razılığı olub. Buna biz etiraz etmirik. Biz etiraz edirik ki, 2015-ci oktyabrda bu uşaq neçə qaçırılıb və Azərbaycana keçirilib?

- Bəs, uşağın Azərbaycana necə keçirilməsinə Dövlət Sərhəd Xidməti aydınlıq gətirmir?

- Dövlət Sərhəd Xidməti bizə qeyri-rəsmi cavab verib, rəsmi də cavab verəcəklər. Qeyri-rəsmi bizə dedilər ki, bizim qorxumuz yoxdur, bizə viza veriblər, o viza ilə uşaq keçib. “Viza saxtadırsa, o bizlik deyil”,- deyirlər. Görünür, Türkiyədə uşağa saxta sənəd düzəldilib ki, ya Merim sağ deyil, ya ağır xəstədir, ya da həbs olunub. Yəni bu hallarda uşaq sərhəddən keçirilə bilərdi. Bu üç səbəbdən biridir. Yəqin ki, bu 3 sənəddən birini onlara saxta gətirib veriblər və yaxud Merim xanımın adından kimsə qol çəkib. Guya, Merim razılığını verib. Onu da Dövlət Sərhəd Xidməti bilə bilməz. Mən əvvəlcə onların üstünə düşmüşdüm ki, uşağı niyə buraxmısınız? Maraqlıdır ki, İstanbul baş konsulu ilə Dubay baş konsulu şəxsən özləri mənə cavab verirlər. Mən sonra müraciət etdim ki, hanı Türkiyə Səfirliyinin cavabı? Türkiyə Səfirliyinin özü birbaşa cavab vermir. Amma Türkiyə Səfirliynin adından başqa adam cavab verir. Hamlet Qaralov var, xarici işlər naziri Məmmədyarovun müşaviridir. Onun mənə şəxsi cavabı gəlir. Mən uşağın necə keçirilməsini soruşuram, onlar mənə miqrasiya qanunlarından danışırlar. Demək, məsələdən yayınırlar.

- Uşaq indi kimin yanındadır?

- Uşağı bunlar gizlədirlər. Qeyd etdiyim kimi, Vyana Konvesiyası var. Hər bir ölkə xaricdə olan öz vətəndaşını görə bilər. Buna görə də ABŞ Səfirliyi bizim Xarici İşlər Nazirliyinə nota verib. Baxın, iki aydır nota gedib, hələ də cavab vermirlər. İkinci notanı göndərəcəklər ki, bu, nə məsələdir, niyə bizə uşağı göstərmirsiniz? Səfirlik əvvəlcə Davudun anasına, bacısına xoşluqla zəng vurub, eyni zamanda həmin o Səbail rayon icra baçısının müavini Xalidə Bayramovaya zəng vurublar. O da deyib ki, mənlik deyil, kömək edə bilmərəm. Onlar da götürüb nota veriblər. İndi isə ikinci notanı hazırlayırlar. O gün danışdıq, bizə cavab verəcəklər.

- Maraqlıdır ki, Amerika Səfirliyi belə nota verirsə, uşağı necə gizlədə bilirlər?

- Çünki uşağın bibisi, Cəmilə Bağırova adlı bir qadın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri Şöbəsinin müdiridir. Hicran Hüseynovanın da yaxın adamıdır. Vaxtilə onun tələbəsi olub. Orada Hicran kimdən nə alırsa, Cəmilənin vasitəsilə edir. Çünki Cəmilə hələ ona tələbəlik illərindən yaxındır. Özü də ki, aprel seçkilərindən sonra Hicran lap özündən çıxıb. Ona görə ki, ikinci dəfə Komitənin sədri seçildi. Hər şeyə burnunu soxur. Qabaq yenə bir az qorxurdu. Köməkçisi həmin dəqiqə adama zəng edirdi ki, ay Abdulla müəllim, belə deyil, elədir. Bir az dala çəkilirdilər. İndi dala çəkilmir. Çünki bilir ki, indi 63 yaşı var, 7 il üçün də Komitə sədri seçilib. 70 yaşından sonra isə o, Komitə sədri olmağı neynir. Bilirsiniz, onun qızı Milandadır. Yadınıza gəlirsə, o Komitədə aparatın rəhbəri Səfər İmanov öz qohumlarına qarşı dələduzluq etmişdi ki, həmin adamı orada yüksək vəzifəyə düzəldəcək, sonra da etməyib. Səfər İmanov indi qaçıb, Hicranın qızının yanındadır, orada gizlənib. Fikir verin, bunlar nə istəyirlər, edirlər. Mənə də təzyiq edirlər. Amma mənimlə bacarmırlar. Sadəcə, bir neçə dəfə “Banditizmə” çağırıb deyiblər ki, bu işdən geri çəkil. Düzdür, mənə böyük təzyiqlər etməyiblər. Mənə xahişlə deyiblər ki, Hicranın və Komitənin adını hallandırmayım.

- Uşağın atası hazırda haradadır?

- Uşağın atası Davud Bağırov Azərbaycanda nadir hallarda olur. Çünki o, Dubayda bizneslə məğul olur. Azərbaycanda adına heç bir mülk yoxdur. Bir mənzili belə bağışlama yolu ilə alıb. Özü fırladıb ki, sabah onun əmlakına heç nə yönəldilə bilməsin. Onun 1,5 milyonluq 3 mülkü var. Maaşı da 100 min dirhəmdir, o da 32 min dollar edir. Ayda 32 min dollar tək bir şirkətdən alır. Bu rəsmi maaşıdır. Hələ başqa oyunlarını demirəm.

- Abdulla müəllim, bu məsələ ilə bağlı “Hürriyyət qəzeti vasitəsilə prezident İlham Əliyevə müraciət etmisiniz. Müraciətdən sonra məsələ ilə bağlı ölçü götürən yoxdur?

- Xeyr. Müraciətdən sonra heç bir irəliləyiş yoxdur. Daha da mənə deyirlər ki, sənin Ali Məhkəməyə veridiyin Kasasiya şikayətini geri qaytaracağıq. Mən də deyirəm ki, mənim hüququm var. Nə olsun ki, Nümayəndəlik İnstitutunu ləğv ediblər, onda mən o işi aparırdım. Prezidentin fərmanında var ki, kimin əlində işi var, onu yekuna çatdırsın. Bu iş isə yekun nəticəyə çatmayıb. Görürsünüz, bunun da qanunsuzluğunu edirlər. Görün, sifariş necə verilib ki, mənə imkan vermək istəmirlər ki, əlimdəki işi bitirim.

- İcra Baş İdarəsi niyə Dubay Məhkəməsinin qərarının icrasını uzatdı?

- Çünki İcra Baş İdarəsi Dubay Məhkəməsinin qərarını ləğv etdirəcəklərini bilirdi. Ona görə, vaxtı da 6 ay uzatdılar, qərarı icra etmədilər. İcra da onlarla əlbirdir. Oyun oynadılar, uşağı gizlətdilər, bizi aldatdılar.

- Sizə kimlər oyun oynadı?

- Bizə bu oyunları Konstitusiya Məhkəməsi və Ədliyyə Nazirliyi oynadı. Dubay Ali Məhkəməsinin qərarını 6 ay uzatdılar, icra etmədilər. Konstituisya Məhkəməsi qanunla 1 ay ərzində “hə”, yaxud “yox” deməli idi. Ümimiyyətlə, Konstitusiya Məhkəməsi Dubay Ali Məhkəməsinin qərarını icraata götürməməli idi.

Şamo EMİN, Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.