"Elə deputatlar var ki, hər çağırışda bir mənzil alıblar" - Sabiq millət vəkili

15-11-2018, 18:31           
"Elə deputatlar var ki, hər çağırışda bir mənzil alıblar" - Sabiq millət vəkili
Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatlar və parlament işçilərinin əməkhaqqının real şəraitə uyğun olmadığından artırılmasını və mənzil tikintisinin yenidən bərpa olunmasını təklif edib. O bildirib ki, deputat aldığı maaşla ev tikə bilməz: "Bu baxımdan da mənzillərin tikintisinin yenidən bərpa olunması yaxşı olardı".

Bəs görəsən, həqiqətənmi deputatlara mənzil verilməlidir?

Məsələ ilə bağlı Open.az-a açıqlama verən eks deputat Nazim Məmmədov bildirib ki, deputat statusu haqqında qanuna uyğun olaraq Bakıda mənzili olmayan deputatlara ev verilməlidir: “Əgər yaşayış yeri vermək imkanı yoxdursa, onun aylıq kirayə haqqı dövlət büdcəsi hesabına ödənilməlidir. Yəni bu qanunda təsbit olunub. Ancaq bizim deputatlardan elələri var ki, 5 çağırış deputatıdır və hər çağırışda bir mənzil alıb. Çox təəssüf edirəm ki, bu məsələ geniş müzakirə olunsa belə, ictimai qınaq yoxdur deyə çəkinmirlər. Mən özüm 3-cü çağırışda Milli Məclisin deputatı olmuşam və yeganə şəxsəm ki, qanundan istifadə edərək mənə düşən mənzildən imtina etmişəm. Əgər mənim ehtiyacım yoxdursa, həmin mənzili niyə almalıyam? Əslində əksər rayonlardan olan deputatların Bakıda bir və ya iki mənzili var. Onlar qanundan sui-istifadə edərək mənzil alırlar. Bu da gec-tez mətbuata çıxır, ancaq ictimai qınaq zəif olur. Belə şeylərdə etika məsələləri hər kəsin özünə bağlıdır. Sual verilir, sənin ehtiyacın yoxdursa, dövlət verirsə, niyə götürürsən? Əslində bu sual seçici və deputatların özündə yaranmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.