MÜSAHİBƏ“Atam tramvay qarajında işləyirdi”– Fətəli xan Xoyskinin nəvəsi: “Bizə dedi ki, AXC-ni quranların soyadını unudun” (EKSKLÜZİV+ FOTOLAR)

17-11-2018, 10:02           
MÜSAHİBƏ“Atam tramvay qarajında işləyirdi”– Fətəli xan Xoyskinin nəvəsi: “Bizə dedi ki, AXC-ni quranların soyadını unudun” (EKSKLÜZİV+ FOTOLAR)

“Atam Xoyski soyadını daşıdığına görə , Neft Akademiyasından qovuldu”.

“Bizdən başqa bütün qohumlarımız “Xoyski” soyadından imtina etmişdi”.

Fətəli xan Xoyski – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) lideri, qurucularından biri, tanınmış dövlət xadimi. AXC-nin ilk baş naziri , daxili işlər, hərbi, ədliyyə və xarici işlər nazirləri vəzifəsində çalışıb. Onun Vətən və millət qarşısında gördüyü böyük işlər danılmaz tarixi həqiqətdir. 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra 1920-ci ilin iyunun 19-da Cümhuriyyətin xarici işlər naziri olmuş Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi.

Hafiztimes.com olaraq Fətəli xan Xoyskinin həyatda olan yeganə nəvəsi Tamara Murad qızı Xoyskini tapıb, çox çətinliklə də olsa həmsöhbət olmağa çalışdıq.

Tamara Xoyski – Fətəli xan Xoyskinin oğlu Muradın yeganə qızıdır. Hazırda Bakı məktəblərinin birində kimya müəllimi işləyir. Qeyd edək ki, Fətəli xan Xoyskinin yeganə qızının adı da Tamara olub. Məhz onun adının şərəfinə Murad Xoyski öz qızına Tamara adını qoyub.



Fətəli xan Xoyski və həyat yoldaşı Ceyran xanım (Qalina xanım)

-Azərbaycan Xalq Cümhuriyyəti Baş nazirinin ailəsi haqqında bizə məlumat verin…

-Fətəli xanın üç övladı vardı. Böyük qızı Tamaradı. Daha sonra atam – Murad idi. O, 1910-cu ildə anadan olub. Ənvər əmim isə ən kiçik övladı olub.



Fətəli xan Xoyskinin nəvəsi Tamara xanım, nəticəsi Murad

-Babanız Fətəli xan Xoyskinin qətli ilə bağlı nələr bilirsiniz?Onu kimlər güllələdi?

-1920-ci ildə AXC devriləndən sonra, Fətəli xan Gürcüstanda həmin vaxt Sovet hakimiyyəti qurulmadığı üçün ora getmək məcburiyyətində qaldı. Onun ailəsi isə Bakıda qaldı. Babam kinoteatrdan çıxan zaman erməni daşnakları onu güllələdilər. Bunu mənə atamın bacısı – bibim Tamara danışıb. Fətəli xan Xoyski Tiflisdə qətlə yetiriləndə bibim Tamara Xoyskinin 18 yaşlı olub. O, nəyin bahasına olursa-olsun, özünü atasının dəfn mərasiminə çatdırmaq istəyib. O zaman Gürcüstan hələ Sovet işğalına düşməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu. Ona ölkəni tərk etməyə icazə verilmədi. Bibim atasının Tiflisdə, azərbaycanlıların qəbristanlığında dəfn olunması barədə xəbəri qəzetdən oxuyub.



Tamara Xoyski və həyat yoldaşı Mirzə Davud Hüseynov

Tamara xanım icazə kağızı almaq üçün Sovetliyin Bakı bölməsinə gedib. Orada gələcək həyat yoldaşı 26 yaşlı Mirzə Davud Hüseynovla tanış olub. Davud Hüseynov uzun müddət xarici işlər naziri vəzifəsində çalışıb. SSRİ zamanında Moskvada, Tacikistanda yüksək vəzifələrdə çalışıb.

-Necə oldu ki, AXC-nin qurucusu Fətəli Xan Xoyskinin yeganə qızı ilə Cümhuriyyəti devirən bolşevik məmuru Mirzə Davud Hüseynov ailə həyatı qurdu? Tamara xanımın belə bir addım atmasının səbəbi nə idi?

-Sovet hökuməti qurulduqdan sonra Xoyskinin ailəsi Filarmoniya ilə üzbəüz mənzildən qovulur. Bibim Tamara evin ən böyük övladı idi .O, işləmək üçün “Sovnarxoz”a gedir. Bibim mənə danışıdı ki, həmin vaxt onlar bir qəpikləri də olmayıb. Mirzə Davud Hüseynov da məhz orada işləyirdi. Onlar bir müddət sonra ailə həyatı qurdu. Vətəndaş nigahında yaşayıblar. Onların heç vaxt övladları olmayıb. Həmin vaxt Stalin İstintaq Komitəsində işləyirdi. O, Davuda demişdi ki, Tamara Fətəli Xan Xoyskinin qızıdır. Davud isə cavabında bunu bildiyini, lakin onu sevdiyini və bunun heç bir əhəmiyyət daşımadığını bildirib.



Bibim mənə danışırdı ki, o, həyat yoldaşı Mirzə Davudla birlikdə Moskvada yaşayırdı. Molotovun ailəsi ilə dostluq edirdilər. 1937-ci ildə həyat yoldaşı birlikdə onları Moskvada həbs ediblər: “Həmin vaxt əksər sovet məmurlarının ailə üzvləri həbs olunacaqları vaxtı əvvəldən bilirdilər”.

-Onlar öz evlərində “çekist”lərin peyda olmasını gözləyirdilər. Mirzə Davudu Xüsusi dustaq maşını olan “qara qarğa”ya mindiriblər, arakəsmənin o biri tərəfində isə həyat yoldaşı Tamara Xoyskini oturdublar.

-O xəstə həyat yoldaşının öskürəyinin səsini eşidib.Amma qaranlıqda, arakəsməyə görə onu görə bilməyib. Mirzə Davudu “düşmən qızı” (Fətəli Xan Xoyskinin qızı) ilə evləndiyinə görə ittiham ediblər. Fətəli xanının kürəkəninin məhkəməsi Bakıda keçirilib. Bibim deyirdi ki, onu Bakıda dərhal güllələyərək qətlə yetiriblər.



Fətəli xan Xoyskinin qızı Tamara Xoyski

Mirzə Davudun həyat yoldaşı olan bibimi daha sonra isə Orta Asiyada bir kəndə sürgünə göndəriblər. Orada Ruhulla Axundovun ittiham edilmiş həyat yoldaşı, siyasi “xalq düşmən”lərinin xanımları ilə tanış olub.

1956-cı ildə bibim Tamara Xoyski bəraət alıb. Uzun müddət Moskvada yaşadı. Orada Fətəli xanın kiçik qardaşı Rüstəm xan da yaşayıb. Həyatının bir qismi məhbəs və sürgünlərdə keçən bibim Tamara Xoyski 1990-cı ildə Bakıda, Neftçilər prospektində tək-tənha yaşadığı birotaqlı mənzildə dünyadan köçdü.



Fətəli xanın nəvəsi Tamara xanım, həyat yoldaşı və oğlu ilə birlikdə

-Fətəli xan Xoyskinin kiçik oğlu Ənvərin aqibəti necə oldu?

-Ənvər mənim kiçik əmim olub. O, ağır xəstələnib. Moskvada onu Kreml həkimlərinə göstəriblər. Həkimlər onun ayaqlarını əməliyyat etməyə qərar veriblər. Amma Ənvər “diabet” xəstəsi olub. “Narkoz”dan oyanmayıb. Mənim anam da Moskvada vəfat etdi. O, yuxudan bir daha oyanmadı. Əmim Ənvər və anam Moskvada eyni qəbirstanlıqda (Novodeviçye) dəfn olunublar.



Fətəli xanının oğlu Murad və qızı Tamara Xoyski

-Fətəli Xan Xoyskinin oğlu Muradın həyatı ilə bağlı bilmək istərdik. Atası Fətəli xan ermənilər tərəfindən güllələndikdən sonra bu ailə hansı çətinliklə üzləşdi, təzyiqlərə məruz qaldı?

-Murad Xoyski mənim atam olub. Həmin vaxtlarda hakimiyyət atama ali təhsil almağa icazə verməyib. Mənim atam Neft Akademiyasına daxil olmuşdu. Lakin soyadı, Xoyski olduğuna görə onu universitetdən qovdular. Amma atam çox savadlı olub, O, “gəzən ensklopediya” idi. Fətəli xan baş nazir olan vaxtlarda atamın cəmi 10 yaşı vardı. O, heç vaxt yüksək vəzifələrdə çalışmayıb.

“Atam tramvay-trolleybus idarəsində qaraj müdiri işləyirdi”.

-Bakıda yaşayırdı. 62 yaşında ürək tutmasından vəfat etdi. Məndən başqa, atamın bir oğlu da vardı. Ukraynada yaşayırdı. O, da infaktdan dünyasını dəyişdi.



-Filarmoniyanın qarşısındakı evinizdən sizi niyə köçürdülər? Harada yaşamalı oldunuz?

– 1920-ci ildə, AXC devrildikdən sonra bizi evimizdən çıxardılar. O vaxt atamın Bakıda bir diş həkimi qadın dostu vardı. O, Moskvada yaşayırdı. Bakıda İstiqlaliyyət küçəsində, Elmlər Akademiyasının yaxınlığında binada onun böyük bir evi vardı. Biz orada yaşamağa başladıq. Daha sonra həmin binaya başqa ailələrdə köçdülər. Ailəmiz oradan köçənə qədər yaxşı qonşuluq münasibətlərində yaşadıq.



-Xoyski soyadı sizə nələri bəxş edib? Nə yaxşı ki, çətin zamanlarda bu soyaddan imtina etmədiniz? Fətəli xan Xoyski sizin üçün kim olub?

-Bizim ailəmiz heç vaxt babamızın məşhur bir şəxsiyyət olması həqiqətini gizlətməyib. Bibim həmişə mənə babam barədə danışıb. Biz heç vaxt öz soyadımızı dəyişdirmədik. Xoy İranda şəhər adıdır. Hərçənd ki, biz bu soyadı dəyişdirə bilərdik. Bu daha məntiqli olardı…





“Sovet Hakimiyyəti illərində təkcə biz Xoyski soyadını daşımışıq”.

-O vaxtlar mənim rəfiqələrim elə düşünürdülər ki, Xoyski soyadı yəhudilərə məxsusdur. Həmin vaxtalar çox az adam AXC və onun rəhbərləri haqqında bilirdi. Məktəblərdə də Azərbaycan tarixini öyrətmirdilər.

“Universitetdə müəllimimiz bizə dedi ki, AXC-ni quranların soyadları yadımızda saxlamayaq…”

– Hətta universitetdə təhsil aldığım illərdə müəllimimiz tələbələrə AXC haqqında çox qısa məlumat verdi. Sonra isə dedi ki, həmin bu Respublikanı quranların soyadlarını yadda saxlamaya bilərsiniz.



Fətəli xan Xoyski və qızı Tamara xanım

“Bizdən başqa bütün qohumlarımız Xoyski soyadından imtina etmişdi”.

-Həmin vaxtlarda Gəncədə çoxlu qohumlarımız vardı. Hamısı “pasport”larını dəyişdirmişdi, soyadlarından imtina etmişdilər. 1990-cı illərdə isə onlar yenidən öz həqiqi soyadlarına Xoyskiyə qayıtdılar. İndi isə Xoyskilər çoxalıb. Amma Sovet hakimiyyətinin çətin illərində yalnız biz Xoyski soyadını daşımışıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.