Qərb İrəvanda Rusiyaya uduzur? - TƏHLİL

7-12-2018, 09:47           
Qərb İrəvanda Rusiyaya uduzur? - TƏHLİL
Politoloq Tofiq Abbasovun Axar.az-a müsahibəsi:

- Ermənistanda növbədənkənar parlament seçkilərinə 2 gün qalır. Seçkiöncəsi vəziyyət barədə nə deyə bilərsiniz?

- Ermənistanda seçkiöncəsi vəziyyət bir o qədər də stabil deyil. Çünki bütün blokların problemi yeni parlamentdə çoxluq əldə etməkdən ibarətdir. Paşinyanın üstünlüyü ondadır ki, o, seçkiöncəsi müddətdə əsasən xarici qüvvələrdən dəstək ala bildi. Yəni Nikol Düşənbədə Azərbaycan, daha sonra isə Rusiya prezidenti ilə danışıqlar aparmaqla ölkəsinin xarici vektorunu köklü surətdə dəyişdi. Nikol əvvəl özünü qərbyönümlü bir siyasətçi kimi ifadə edirdisə, indi artıq Rusiyaya mesajlar verməyə başlayıb. Hələ tam proqnoz vermək tezdir, çünki parlament yığılmayıb. Ancaq Paşinyan seçkilərdən dərhal sonra yeni bir siyasət həyata keçirməyə başlayacaq. Ermənistanın siyasi aləmi çox çirkaba batmış, ideoloji mikroblara mübtəla olmuş bir mühitdir. Burada hələ çox oyunlar gedəcək. İndi əsas məsələ seçkilərin sona çatması və parlamentin yeni tərkibinin müəyyənləşməsidir. Bundan sonra dövlətin siyasətini hansı partiyanın necə həyata keçirəcəyi anlaşılacaq.

- Paşinyanın seçkiqabağı təbliğatında Qarabağın danışıqlarda tərəf kimi iştirakına diqqət yetirilir. Maraqlıdır ki, Paşinyan bu absurd iddiasını davam etdirməkdədir...

- Hazırda Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsi daha çox seçkiöncəsi təbliğat və təşviqat proqramının bir tərkib hissəsidir. Əks təqdirdə xeyli elektoral qüvvə Nikolu tərk edə bilər. Paşinyan öz yerini möhkəmlədənə qədər Qarabağ kartından istifadə edəcək. Ancaq o özünü daimi baş nazir kimi təsdiqləsə, onda onun Dağlıq Qarabağ məsələsindəki manevrləri və Qarabağın danışıqlarda tərəf kimi iştirak etməsi tezisi öz qüvvəsini itirəcək. Çünki Azərbaycan tərəfi buna heç vaxt imkan verməyəcək. Bu, ümumiyyətlə, siyasi danışıqlar prosesinin iflasına apara biləcək bir xətt ola bilər. Əgər Paşinyan Azərbaycanla iri müharibə kampaniyasının başlanmasını istəmirsə, bu məsələyə münasibətini dəyişməli və kompromislərə meyilli olmasını təsdiqləməlidir. Bu mənada danışıqlar prosesi 2019-cu ilin əvvəlində bir növ yeni bir formata keçə bilər. Əks təqdirdə müharibə ehtimalı artacaq.

- Son zamanlar Paşinyanın qərbyönümlü siyasətində dəyişiklik hiss olunur. Ermənistanın yenidən Rusiyaya “geri qayıtması” və ya Qərbin İrəvandan bu qədər tez üz döndərməsi mümkündürmü?

- Ermənistanda məxməri inqilabın bir tərkib hissəsi kimi meydana çıxan Paşinyan hakimiyyətə gəldikdən sonra Avropa İttifaqına səfərlər etdi, Brüssellə danışıqlar apardı. Hətta Nikol buna qədər Ermənistanda fəaliyyət göstərən Qərb diplomatik nümayəndələri ilə də məsləhətləşmələr apardı. Bu fonda Paşinyan hakimiyyətə gəldikdən sonra Qərbin ona birmənalı və irimiqyaslı siyasi dəstək göstərəcəyinə, Ermənistanı iqtisadi blokadadan çıxaracağına ümid edirdi. Əvvəlcə Avropada, daha sonra isə ABŞ-da danışıqların heç bir nəticə vermədiyini görən Paşinyan ən sonda yenidən Rusiyaya qayıtdı. Rusiya ta başdan bu məsələdə tələsmədi, Paşinyana Qərb istiqamətində potensialını nümayiş etdirməyə imkan verdi. Yəni Moskva Ukrayna istiqamətində olan taktikasından və metodlarından əl çəkərək bir növ baş verənləri təmkinlə izlədi, Paşinyanın Qərb istiqamətində diplomatik fəallığının heç bir nəticə vermədiyi üzə çıxdı. Hesab edirəm ki, bu mənada Sankt-Peterburqda MDB rəhbərlərinin görüşü təsadüfi deyil.

- Tofiq müəllim, bəs Qərbin Ermənistana bu kiçik “səyahətində” məqsədi nə idi?

- Siyasi cəbhədə gedən proseslər bir növ bazar konyekturasını xatırladır. Söhbət milli maraqların təmin olunmasından gedirsə, onda dövlət bu yolda nəyisə qurban verir. Qərb isə Ermənistanın ağır yükünü öz üzərinə götürməyə tələsmədi. Qərbin məqsədi Paşinyanı sırf antirusiya ünsürünə çevirmək, rus qoşunlarının Ermənistandan çıxarılmasını və beləliklə də 102-ci bazanın ləğvini təmin etmək idi. Qərb bununla Ermənistanın Rusiya ilə bağladığı 49 illik müqavilənin müqəddaratını heçə endirməyi planlaşdırırdı. Bütün hallarda Qərb Ermənistanı Rusiyadan qopara bilmədi. Sadəcə olaraq, Paşinyan vədlərinə rəğmən çox aciz durumda qaldı. Putin isə Paşinyana imkan verdi ki, o öz prioritetlərini və MDB-də qaldığını ifadə etsin.

- Necə düşünürsünüz, Rusiya Ermənistanda vəziyyəti köklü surətdə öz xeyrinə dəyişə biləcəkmi?

- Moskvanın bunu reallaşdırmaqla bağlı heç bir problemi yoxdur. Paşinyan da bunu yaxşı başa düşür, ona görə də çox gec olmadan riskli ssenaridən uzaqlaşmağa çalışır. Amma bütün baş verənlər Ermənistanın etibarsızlığını ortaya qoydu və bu inamsızlıq Ermənistan-Rusiya münasibətlərində artıq hər zaman özünü göstərəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.