Suriyadakı Furkan Azəri nələr danışdı? - Müsahibə

17-10-2015, 19:40           

Onu oxucular və Feysbuk istifadəçiləri Furkan Azəri imzası ilə tanıyır. Hazırda Suriyada gedən müharibənin tən ortasındadır. Və anbaan baş verən son xəbərləri yayır, qanlı savaşın içindən fotolar paylaşır.

Azərbaycanlı olan Furkan “Timeturk.com” saytının və “Diriliş postası” qəzetinin Suriyaya ezam olunmuş müxbiridir.

Artıq bir müddətdir ki, Suriyadan reportajlar təqdim edir. Həmkarımız bu ekstremal şəraitdə, Suriyanın İdlib şəhərindən Axar.az-ın suallarını cavablandırmağa imkan tapıb:

- Furkan bəy, siz hadisələrin içindəsiniz. Əvvəlcə, Azərbaycan oxucusuna ilkin mənzərəni çizin - Suriyada nə baş verdi və indiki vəziyyət nədir?

- Suriyada xalqın ayağa qalxması heç də 2011-ci il, martın 15-də Məhəmməd Dəralının “Əsəd, növbə sənindir” deməsi ilə olmayıb. Bu hadisələrin kökü Əsəd ailəsinin 1982-ci il, fevralın 2-də Həma şəhərində 30 min dinc insanı öldürüb, 800 min adamı sürgün etməsinə gedib çıxır.

Bilirsiniz ki, Həma qətliamı BMT və beynəlxalq insan haqları təşkilatları tərəfindən tanınıb. Bax, o gündən sonra Suriyada insanlar Əsəd rejiminin qoyduğu qanunlarla yaşamağa məcbur edilib.

Məktəblərdə, iş yerlərində Əsəd insanlara basqı və zülmlə sevdirilib. Onların zehniyyətində Əsəd bir tanrı kimidir.


- Bəşər Əsədin xalqa qarşı zülmü deyərkən, konkret hansı faktı göstərə bilərsiniz?

- Məsələn, bir tələbə fizika, kimya fakültəsində təhsil alır. Əsəd rejimi söyləyir ki, oxuya bilərsən, amma praktikaya çevirə bilməzsən. Çünki fikirləşirlər ki, həmin tələbə öyrəndiklərini bu hakimiyyətə qarşı istifadə edə bilər.

İmkan tapıb türk dilinə tərcümə olunmuş ‘’Salyanqoz’’ kitabını mütləq oxuyun. Kitabda yazılıb ki, Fransada oxuyan suriyalı tələbə auditoriyada Əsəd iqtidarı əleyhinə danışır.

Sinifdə olan bir başqa suriyalı tələbə onun çıxışını ölkəsinə çatdırır. O tələbə vətəninə qayıdanda tutulur və 12 il həbs cəzası verilir.

Bu tələbə islamçı deyildi, demokrat idi. Bunun kimi yüzlərlə belə faktlar var. Və belə bir mühitdə insanlarda rejimə qarşı bir nifrət, qəzəb yetişirdi ki, “ərəb baharı” başladı.


- Ancaq “ərəb baharı”nda xalq silahlı mübarizəyə başlamamışdı. Necə oldu ki, xalq etirazları yerini bu müharibəyə verdi?

- Suriya xalqı heç bir silahlı müqavimət göstərmədən küçələrə axışdı. Məqsəd heç də Əsəd rejimini devirmək yox, siyasi məhbusların azadlığını, ədalət və islahatlar tələb etmək idi.

O zamanlar kimsə demirdi ki, Əsəd getsin. Hətta o dövrdə Türkiyə Xarici İşlər naziri olan Əhməd Davudoğlu üç dəfə Dəməşqə getdi, Əsədlə saatlarla islahatlara getməsini müzakirə etdilər. Əsəd hökuməti reformlar etmədi.

Suriya xalqı 6 ay silaha əl atmadı, sadəcə, mitinqlər keçirilirdi. Amma hakimiyyət bu etirazların üstünə tanklarla getdi, nümayişləri qanla yatırdı.

Dəra bölgəsində onlarla uşaq işgəncə ilə öldürüldü. Onlar ailələrinə veriləndə valideynləri övladlarını geyimlərindən tanıdılar. Belə bir mənzərə xalqın özünümüdafiə üçün silaha əl atması ilə nəticələndi.


- Silahlanan kimlər idi, mitinqlərə çıxan dinc əhali, yoxsa müxalif qüvvələr?

- Xalqın içindən olan müxalif qüvvələr silahlı mübarizəyə başlayanda ilk vaxtlarda ciddi irəliləyişlərə nail oldular.

Xatırlayırsınızsa, 2 il yarım qabaq Əsədin devriləcəyi söylənirdi. Hələb şəhərinin 70 faizi müxaliflərin əlində idi. Rejimin əsgərləri yalnız Hələb qalasında qalmışdılar.

Neft şəhərləri olan Rakka və Dəri Əhrarur Şamla digər müxaliflərin nəzarətində idi. Həma, Lazkiyə yolları bağlanmışdı, iqtidar üçün bir “əcəl zəngi” çalınmışdı. Amma Suriya mübarizəsinin xeyrinə olan bu gedişat Bağdadi başçılığında İŞİD ordusu Suriyaya göndəriləndə pozuldu.


- Yəni “İraq və Şam İslam Dövləti” müxalif qrupların planlarına mane oldu?

- Müxalif qüvvələrin ağır itkilər verərək xilas etdiyi bölgələrdə İŞİD projesi quruldu və ondan sonra artıq olan oldu, Suriya müxalifəti parçalandı. İŞİD-in elədikləri Suriya inqilabını oğurlamaqla müşahidə olundu.

Onların sayəsində Əsədin öldürdüyü 400 min insan, 20 min uşaq, evlərindən didərgin düşən milyonlarla mülki şəxs, şəhərlərin viran qalması artıq unuduldu. Bu müddətdə müxalifət bütün enerjisini Əsəd rejiminə deyil, Bağdadi qüvvələrinə xərclədi.


- Bəs, bu qüvvələr gücünü İŞİD-ə sərf etdiyinin fərqinə varmırdı?

- Bağdadinin çıxardığı bu fitnədə minlərlə müxalif həyatını itirdi. Hər şeyə rəğmən, müxaliflər mübarizədən vaz keçmədi. Nəhayət, bir il əvvəl bütün müxalif qüvvələri Fətih ordusu çətiri altında birləşdi.

İdlib şəhərini üç gün ərzində Əsəd rejimindən təmizləyərək şəhəri azadlığına qovuşdurdular.

Ardınca Cisrəşuğur, Eriha zəfəri gəldi. Həmanın Sehl Qaba bölgəsinə doğru irəlilədilər. Kəsəsi, hakimiyyətin qəlbi olan Lazkiyə və Həma boşaldıldı.

Bu, Əsədin Suriya torpaqlarından silinməsi üçün növbəti şans idi. Və İran, Hizbullahın dəstəyinə baxmayaraq, bu qədər küncə sıxılmış Əsədin köməyinə bu dəfə Rusiya gəldi.

Rusiya isə Fətih ordusunu və digər müxalif qüvvələri İdlib, Həma, Lazkiyə bölgələrində bombalayır. Suriyada son vəziyyət bax, belədir.

- Bu savaşda kimin hansı tərəfdən savaşdığı tam aydın deyil. Sizin o təşkilatların açmasını verməyə ehtiyac var. Məsələn, Nüsrə Cəbhəsi kimdir, nə istəyir?

- Əslində, Suriyanın daxilindəki hadisələr çox aydındır. Sadəcə, kənardan baxanda qarışıq görünür. Media da hadisələri qarmaqarışıq təqdim edir.

İnsanlara Suriyada nələr baş verdiyini göstərmək istəmirlər.

Nüsrə Cəbhəsi Suriyada Əl Qaidə ilə əlaqəli bir qrupdur. Onların döyüşçü sayı 10 minə yaxındir. Təşkilatın 60 faizi suriyalılardan, qalanları dünyanın müxtəlif yerlərindən gələn xarici döyüşçülərdən ibarətdir.

İdarə heyətində olan insanlardan əksəriyyəti, o cümlədən Nüsrə Cəbhəsinin lideri Fatih Məhəmməd Cevlani də suriyalıdır. Bu təşkilat da digər müxalif qüvvələrlə birlikdə Əsəd və İŞİD-ə qarşı vuruşur.



- Bəs, Əhrarur Şam haqda nə söyləmək olar?

- Əhrarur Şam Suriya inqilabının onurğa sütunudur. İŞİD, PKK və Əsəd rejiminə qarşı eyni vaxtda mübarizə aparır. Döyüşçülər yüz faiz suriyalılardan təşkil olunub. 40 mindən çox yerli camaat bu təşkilata qoşulub.

Əhrarur Şamın başda Türkiyə olmaqla, Suriya inqilabına inanan vətəndaş cəmiyyəti quruluşları, islami camaat və qurumlarla da əlaqələri var. Əhrarur Şam Suriya daxilində xalqa tərəf olan səhiyyə, bələdiyyə, təhsil kimi xidmətlər də göstərir.


- Belə çıxır ki, bu qüvvələr Suriya xalqının yanında olan müxalifətdir, bircə İŞİD hamıya müharibə elan edib?

- İŞİD Suriya inqilabını bir oğru ədası ilə mənimsəməyə çalışan, əslində, zalım, terrorçu və qəddar bir təşkilatdır. İdarə heyətində Səddam hakimiyyəti dönəmindən qalma düşüncəyə sahib insanlar var.

İŞİD qurulduğu gündən indiyə qədər Əsəd rejimi ilə demək olar ki, döyüşməyib, Tedmur bölgəsi istisna. İŞİD-in Suriyadakı əsas mərkəzi olan Rakka, Dəri-Zor və Bab şəhərlərini də bu təşkilat Əsəd rejimindən almayıb, Suriya müxalifətindən alıb.

Hətta Türkiyə sərhədində PKK-nın Suriya qolu PYD-nin hakim olduğu Hasaki Tele, Abyad, Kobani kimi əraziləri də İŞİD Suriya müxalifətindən alıb, PKK-ya hədiyyə edib.

Yəni, müxalifət itkilər verərək Əsəd rejimindən torpaqları alır, İŞİD isə müxalifətlə savaşaraq torpaqları onlardan alıb, yenidən Əsədə verir.


- Demək istəyirsiniz ki, İŞİD Əsəd üçün çalışır?

- İŞİD-in əsas müharibəsi Suriya müxalifətinə qarşıdır. Hazırda da İŞİD-in Əsəd rejimi ilə sərhədi yoxdur. Qısaca deyə bilərik ki, Suriya daxilində açıq-aydın Əsəd, PKK və İŞİD-in əməkdaşlığı var.

Məsələn, müxalifət Hələb şəhərində genişmiqyaslı əməliyyatlar keçirdiyi zaman Əsəd rejimi geri çəkildi və ölkənin şimalını tamamilə İŞİD-ə verdi.

Həmçinin, Tedmurda gedən döyüşlərdə də Əsəd ordusu geri çəkilərkən orada qalan silahları kiçik bir əl bombası ilə məhv edə bilərdi. Ancaq tonlarla silah və mərmiyə toxunmadı, hamısını İŞİD üçün qoyub getdi.


- Fərz edək ki, Əsəd hakimiyyətdən devrildi, bu təşkilatlar birləşib Suriyada islam dövləti quracaqlar?

- Suriya müxalifətinin ilk hədəfi xalqa zülm edən Əsəd rejimindən qurtuluş, sonra da ədalət və hüquqa söykənən bir islam dövləti qurmaqdır. Mən Suriyada bunu istəməyən bir qrup yaxud döyüşçüyə rast gəlməmişəm.

Ancaq islam dövləti deyəndə Qafqazda, ya da Avropada qəribə qarşılanır. Ərəb dünyasında olan ölkələr onsuz da özlərini islam dövlətləri hesab edirlər. Ərəb xalqlarının təbiəti bundan ibarətdir.

Məsələ adda deyil, islam dövləti qurmaqda deyil. Məqsəd ədalətli, hüquqi sistem qurmaq, ölkənin gəlirlərini hər kəs arasında bərabər bölməkdir.

- Əgər belədirsə, bu halda Nüsrə Cəbhəsi ilə İŞİD nəyi bölə bilmir, niyə bir-birinə qarşı vuruşur?

ardı var…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.