“Yeni açılmış qəsəbələrə məcburi köçkünlərin köçürülməsinə yaxın günlərdə başlanılacaq”

11-01-2019, 10:47           
“Yeni açılmış qəsəbələrə məcburi köçkünlərin köçürülməsinə yaxın günlərdə başlanılacaq”
Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanların bir hissəsi indiyə qədər yeni mənzillərə köçürülüb. Köçürülmə prosesinin bu il də davam edəcəyi hökumət tərəfindən rəsmən elan edilib. Prosesin gedişi barədə “Yeni Müsavat”ın suallarını

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev cavablandırıb.

İ.Mirzəyev deyib ki, bu günədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 101 qəsəbə salınıb. Bu, 3,5 milyon kvadrat metr yaşayış sahəsi deməkdir. Ötən il 5700 məcburi köçkün ailəsi -təxminən 25 min nəfər evlərlə, mənzillərlə təmin olunub. Bununla da ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatıb. Bu da 53 500 ailə deməkdir.

- Ötən il neçə yaşayış kompleksi inşa edilib və məcburi köçkünlərin istifadəsinə verilib?

- Ötən il may ayında prezident İlham Əliyev və birinci vitse-prezident, xanım Mehriban Əliyevanın iştirakı ilə 3 yaşayış kompleksinin açılışı olub. Bunlardan biri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksidir. 1026 mənzilli bu kompleks Heydər Əliyev Fondunun təşəbbüsü ilə, dövlət vəsaiti xərclənmədən salınıb. Dekabr ayında isə Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün, Sumqayıt şəhərinin mərkəzində isə 1005 məcburi köçkün ailəsi üçün kompleksin açılışı olub. Komplekslərdə olan bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Eyni zamanda məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri də inşa edilib. 2019-cu ildə də qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prosesi davam etdiriləcək.

- Hazırda hansı ərazilərdə binaların tikintisi gedir?

- Hazırda “Qobu park” yaşayış kompleksinin yanında, birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə özəl sektor tərəfindən əvvəlki ilə eyni layihə əsasında 1203 məcburi köçkün ailəsi üçün yeni qəsəbə tikilir. Eyni zamanda Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış kompleksi inşa edilir. Artıq evlərin bir çoxunda hörgü işləri başa çatıb, digər evlərdə, məktəb, uşaq bağçası, klub-icma mərkəzi, inzibati binada dəmir-beton, hörgü və suvaq işləri görülür. Bundan başqa, Bakı şəhəri Pirallahı rayonu, Kürdəxanı və Ümid qəsəbəsində, Şirvan şəhərində məcburi köçkünlər üçün qəsəbələr salınır.

Yeni açılmış qəsəbələrə məcburi köçkünlərin köçürülməsinə yaxın günlərdə başlanılacaq.

Köçürülmə prosesi Dövlət Komitəsi tərəfindən mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə öncə qəzalı vəziyyətdə, yaşayış üçün təhlükəli hesab edilən binalarda, həmçinin müxtəlif tikililərin zirzəmilərində və yarızirzəmilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yeni mənzillərdə yerləşdirilir. Sumqayıt və Abşeronda, eləcə də yeni istifadəyə veriləcək Kürdəxanı və Ümid komplekslərində bu prinsip əsas götürüləcək. Qeyd edim ki, “Qobu park” yaşayış kompleksinə köçürülmə zamanı Dövlət Komitəsi tərəfindən zirzəmidə yaşayan 270-dən çox ailə köçürülüb.
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.