“Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” - Belə də olurmuş...

23-02-2019, 12:39           
“Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” - Belə də olurmuş...
Hazırda hökumətin ən prioritet sahələrindən biri də kənd təsərrüfatıdır. Qeyri-neft sektorunun inkişafını hədəfləyən hökumət aqrar sahədə istehsalın artırılması, daxili tələbatın yerli istehsal hesabına ödənilməsi və ixracın genişləndirilməsinə çalışır. Bəs görəsən, bu sahənin çatışmazlıqları nədir və onların həlli üçün hansı işlər görülür?

“Yeni Müsavat” bu mövzuda kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli ilə müsahibəni təqdim edir.

- Nicat bəy, bildiyiniz kimi kənd təsərrüfatı bazarında qiymətlər artıb. Halbuki ölkədə həmin məhsullardan kifayət qədər istehsal edildiyi bildirilir. Əgər məhsul qıtlığı yoxdursa, qiymət artımının səbəbi nədir? Saxlanma problemi və ötən müddət ərzində məhsulda itki, çürümə və sair baş verməsi qiymətlərə təsir edirmi?

- Hər ilin bu mövsümündə əsasən kənd təsərrüfatı məhsullarında bahalaşma baş verir. Burada sizin qeyd etdiyiniz faktorlar da var, buna stress faktor deyirik. Qəfildən havalar soyuyur və insanların qidaya olan tələbatı artır. Burada tələbin yüksəlməsi bir nömrəli məsələdir. Sualın ikinci hissəsi isə belədir ki, tələbat artırsa, istehsal bu davamlılığı niyə təmin edə bilmir? Bizim problemlərimiz də məhz bu nöqtədədir. Statistik göstəricilərə görə, biz bir çox məhsullar üzrə ölkə tələbatına uyğun məhsul istehsal edirik, ancaq onun saxlanmasında, anbarlanmasında, torpaqdan süfrəyə qədər olan mərhələlərində bizim itkilərimiz olur. Birinci məsələ logistika məsələsidir. Azərbaycanda davamlı olaraq məhsul istehsal edən təxminən 854 mindən çox kiçik fermer təsərrüfatı var. Bütün dünyada kiçik ailə təsərrüfatları istehsalın zənciridir, davamlılığıdır. Bizdə kiçik ailə təsərrüfatları həm maddi olaraq, həm maarifçilik baxımından, həm texnoloji baxımdan zəif olduğuna görə, o təsərrüfatlarda ciddi itkilər baş verir. Bu da nəticədə mövsümi qiymət təlatümlərinə gətirib çıxarır. Böyük şirkətlərimiz var, son illər aqroparklar yaradılıb, modernizasiya gedir. Ancaq onların böyük əksəriyyətinin auditoriyası xarici ölkələrdir, ən yaxşı halda Rusiyadır. Onlar böyük vəsaitlər qoyub böyük bazarlara çıxmaq istəyirlər. Ancaq ölkəni təmin edən kiçik təsərrüfatlardır. Bu bir iqtisadi tsikldir və mütləq bunun tədqiqinə ehtiyac var ki, bu itkilər harada baş verir. İki aydan sonra Azərbaycanda faraş məhsul mövsümü başlayacaq və itki orada baş verəcək. Eyni vaxtda Cəlilabadda, Tovuzda və digər bölgələrimizdə faraş kartof yetişəcək, böyük həcmdə, təxminən 500 min tona yaxın məhsul istehsal olunacaq. Biz bunu realizə edə bilmədiyimizə, xarici bazarlar da məhsulu sürətlə qəbul edə bilmədiyinə görə, fermer məcbur olacaq bu məhsulu piramida kimi sahədə yığsın. Burada isə kartof yaş məhsul olduğu üçün itkiyə məruz qalacaq, çəkisi itəcək, nəticədə tərkibi itəcək. Aprel ayından başlayır bu mərhələ, ondan sonra digər tərəvəz məhsulları, qərzəkli məhsullar çıxacaq. Noyabr ayının sonuna qədər istehsal prosesi davam edəcək. Bütün bu istehsal prosesində bizim mütləq şəkildə itkilərimiz olur. Problem də məhz buradadır. Ölkədə daxili tələbata uyğun məhsul istehsalı var. Bazar nə deyir ? Bazar deyir ki, dön geriyə bax, arxada qoyduğun 10 aylıq dövrdə itkilər var.

- Saxlama anbarlarının tikilməsi çıxış yoludurmu?

- Bəli, çıxış yollarından biridir. Vaxtilə Azərbaycanda çox böyük həcmdə saxlama anbarları tikildi. Amma özünü realizə eləmədi. Çünki həmin anbarların bir çoxunun təyinatı aydın deyildi. Mənim müşahidələrim onu deməyə əsas verir ki, elə bölgələrdə elə anbarlar tikildi ki, əlverişli olmadı. Hər anbarın öz texnologiyası var. Məsələn, Azərbaycanda soğan saxlamaq üçün anbar tikilməyib, halbuki ölkəmizdə ən çox istehsal olunan məhsul soğandır. Bu məhsulun saxlanma texnologiyası tamamilə fərqlidir. Kartofla soğanı bir anbarda saxlamaq olmaz. Anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz. Burada texnologiya məsələsində fərqlər var. Və ya kiçik ailə təsərrüfatları bu anbarlardan effektiv istifadə edə bilmədi, burada mütləq dövlət güzəştlərinə, subsidiyalaşmaya ehtiyac var idi. Fermer öz kiçik həcmdə məhsulunu aparıb anbara qoyurdu, hər gün onun saxlanma qiyməti artırdı. Fermer də yüksək keyfiyyətli məhsul istehsal etmədiyinə görə, onu gətirib bazarda həmin qiymətə realizə edə bilmirdi, rəqabətə dözə bilmirdi.

Burada mürəkkəb tsikllər var, mütləq bu sahəyə cavabdeh olan mərkəzi icra hakimiyyəti qurumları, birinci problemin təhlilini aparmalıdırlar ki, itkilər haradadır. Bu yaxınlarda aqrolizinq sisteminin tamamilə yenidən qurulması üçün, çox sadə bir metoda əl atdılar. Gedib kəndlinin, fermerin yanında oturdular və soruşdular ki, texnikan varmı, nəyə görə yoxdur. Fermer özü problemini dedi. Nəticədə o fikir ortaya çıxdı ki, aqrolizinq sistemini dövlətin nəzarətindən çıxartmaq lazımdır. Bu bir iqtisadi biznes prosesidir. Dövlət bunu nəyə görə əlində saxlamalıdır. Verilən elana görə artıq mart ayından hər bir fermer öz istehsal sahəsinə uyğun kiçik həcmli texnika ala bilər. Fermer banka gedəcək, bankla anlaşacaq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də müvafiq güzəşt olunacaq. Burada bir biznes prosesi əmələ gələcək. İcazə verin, fermer nə əkmək istədiyinə, hansı texnologiyanı almaq istədiyinə özü qərar versin. Bu mərhələ mənim çox xoşuma gəldi. Növbəti aydan başlayacaq bu proses bank sektorunu da hərəkətə gətirəcək. Aqrar sektorun sığorta baxımından əlverişsiz olduğu deyilir, risklərin çox olduğu vurğulanır. Bank sektorunun birinci texnologiya sahəsinə gəlməsi çox effektiv olacaq.

- Növbəti sualım da itkilərlə bağlı olacaq. Sizcə, aqrar məhsullarla bağlı yetərincə xırda emal müəssisələrinin olmaması da itkiləri artırmırmı?

- Bəli, itkilərdən danışırıqsa, mütləq bunu da qeyd etməliyik. Fermer məhsulu yığır və hesab edir ki, mütləq kimsə onu gəlib almalıdır. Ancaq o, almanın emal texnologiyasını mənimsəsə, almanın cemini hazırlasa, şirəsini hazırlasa, almanı quruda bilsə və sair konserv məhsullar hazırlasa, itki də az olar. Sadəcə olaraq bir qida mühəndisi gəlib sxemi qura bilsə, heç fermer o almanı yaş şəkildə satmağa ehtiyac görməz, daha çox qazanar. Biz bu gün bir çox xarici bazarlarda öz mövqelərimizi itirmişik, xüsusən də Rusiyada.

- Rusiya artıq daxili tələbatını ödəmək üçün öz aqrar məhsullarının istehsalına başlayıb...

- Mən bir müddət öncə Rusiyada idim, orada bazarın vəziyyətini, tələbini müşahidə elədim və ölkəmizdə də müvafiq instansiyalara çatdırdım. Rusiya çox ciddi problemə çevrilməkdədir və bir neçə ildən sonra bu ölkə artıq nəinki bizim bütün məhsullarımızı almayacaq, hətta bütünlüklə qapıları bağlaya bilər. Çünki bu gün Rusiyada aqrar sektorda o qədər şaxələnmiş dövlət subsidiyalaşması gedir ki, bir neçə ilə əksər məhsullarla daxili bazarı təmin etməyə kifayət edəcək. Rusiya nəhayət qərara gəldi ki, daxili bazarı xaricdən asılı vəziyyətdə saxlamaq olmaz, bu mənada yerli istehsalı təşkil etmək lazımdır. Dövlət dəstək və investisiya verməyə hazırdır, bu dəqiqə Rusiyada təcili investorlar axtarılır. Rusiyanın cənub bölgələrinə getdim, Saratov, Volqoqrad, Krasnodar bölgələrində azərbaycanlı, erməni, yəhudi və başqa bir çox millət investisiya qoymağa can atırlar. Dövlət də onların arxasında durur. Bir çox məhsul üzrə, xüsusən də xiyar, bibər kimi məhsullarda indidən ölkənin daxili tələbatı təmin olunub. Bunlar çox ciddi siqnaldır. Bu, Azərbaycanın böyük bir bazarı itirməsi deməkdir. Rusiya tarixən bizim üçün ənənəvi bazar olub. Burada 200 milyon insandan söhbət gedir, Rusiya ərazisinin böyük hissəsi ilin təxminən 7-8 ayında əkinə yararlı deyil, iqlim faktoru əlverişsizdir. Əsasən Rusiyanın cənub bölgələrində istehsal gedir, bu bölgələr itirilirsə, biz o zaman üzümüzü ərəb ölkələrinə çevirməliyik. Ərəb ölkələri də çox böyük bazarlar, bu gün ərəb ölkələrində 60 milyon istehlakçı var. Ancaq ərəbin standartları daha yüksəkdir. Biz ərəb ölkələrinə aparmağa o standartlarda kifayət qədər məhsul tapa bilməyəcəyik.

- Adətən bazarda hansısa məhsulun qiyməti yüksək olduqda , növbəti il fermerlər kütləvi şəkildə həmin məhsulu əkir və qiymət maya dəyərindən belə ucuz olur. Biz soğan və sarımsaqla bağlı belə bir təcrübə yaşadıq. Bunu necə tənzimləmək olar? Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Tədqiqatlar Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılıb. Bu sistem vasitəsilə ölkə üzrə hansı məhsuldan, nə qədər əkildiyini izləmək mümkün olacaq. Sizcə, effekt verəcəkmi?

- Kənd Təsərrüfatı Nazirliyi elektron sistem yaradır, bu çox gözəl təşəbbüsdür. Bu həm 2009-cu ildən aparılan subsidiya proqramının şəffaflaşdırılmasına kömək edəcək. İkinci ciddi problem də odur ki, hər il müəyyən məhsul partlayışları baş verir, hamı kütləvi şəkildə məhsul əkir, ancaq sata bilmir. Bu sistem həm də o stress faktoru müəyyən qədər yüngülləşdirəcək. Yəqin ki, mərkəzi icra qurumu olaraq nazirlik bütün regionlara o informasiyanı göndərə biləcək. Nəzəri olaraq, bu sistem imkan verəcək ki, bizim əsas ənənəvi bazarlarımızda gedən tendensiyalar izlənilə bilsin. Rusiya bizim üçün tədricən daralan qapıya bənzəyir. Həmçinin hesablanacaq ki, bizə yaxın bazarlarda və ölkənin daxili bazarında nə qədər tələbat var. Bu informasiyalar bütün istehsalçılar arasında yayılmalıdır. Burada əsas istiqamət maarifçilikdir. Mənim bütün bölgələrdə apardığım müşahidələrə görə, bazarda məhsul partlayışlarını yaradan problem ondan ibarətdir ki, bizim bütün bölgələrimizdə insanlarda ənənəvi təsərrüfat vərdişi var. Məsələn, soğan əkilən Ağcabədi, Beyləqan, Bərdə, Füzuli bölgələrində insanlar neçə nəsildir ki, eyni məhsulu əkirlər. Nə inzibati yolla, nə də maarifləndirmə yolu ilə o insanların vərdişini dəyişmək mümkün olmayacaq. Çünki o adam soğandan başqa heç nə əkə bilmir. Biz o insana zorakılıq yolu ilə deyə bilmərik ki, soğan əkmə. Bu mümkün olan hal deyil. Burada biznes münasibətləri ortaya gəlməli, o insanlarla fərdi münasibətlər qurulmalıdır. Soğan yoxdursa, o insana elə bir alternativ seçim təklif edilməlidir ki, imtina etməsin.

- Nicat bəy, siz xırda təsərrüfatların birləşdirilməsi modelini dəstəkləyirsinizmi?

- Bu gün ölkədə kiçik və səmərəsi aşağı olan təsərrüfatların kooperasiyalara birləşdirilməsinə ehtiyac var. Yeni kooperasiya modelləri ortaya qoyulmalıdır. Ancaq istehsalçıların bir çoxu birləşməkdə maraqlı deyillər, onların iqtisadi təfəkkürü yoxdur. Dövlət olaraq biz həmin insanlara təminat verməliyik ki, bütün iqtisadi risklərdə arxandayıq. Prosesin birinci mərhələsində birləşmək və birgə istehsal formalarını tapmaqdan söhbət gedir. Çünki rayon yerlərində birinin torpağı var, birinin texnikası var, birinin heç nəyi yoxdur, lakin əqli mülkiyyəti var, bu sahəni yaxşı bilir. Bu insanları bir kooperasiyada birləşdirmək və sistemi elə qurmaq lazımdır ki, adamlar prosesdən iqtisadi səmərə ilə çıxsın. Bu çox mürəkkəb prosesdir. Son 1 ilə yaxındır ki, nazirlikdə ciddi dəyişikliklər gedir. Nazirlik inzibati qurumdan çıxaraq xidmət qurumuna çevrilir. Həm yerlərdə DAİM-lərin yaradılması, bütün xidmətlərin yığılaraq, vahid Aqrar Xidmətlər Mərkəzinin yaradılması, son 1 ildə xidmət sektoru getdikcə düzəlir. Fermerin əsas problemi də bu idi - texnikaya əli çatmırdı, güzəştli kreditlərə, mütəxəssisə, informasiyalara əli çatmırdı. Bu xidmət sektoru qeyd edilən tələbatları ödəyəcək. Ancaq kənd təsərrüfatı sektoru iki hissədən ibarətdir: elmi və xidməti. Paralel olaraq elmi təminat da güclənməlidir. Ucqar bir kənddə yaşayan fermerə biz informasiyanı çatdırmalı, izah etməli, onun həyatına daxil olmalıyıq. Düşüncələrini dəyişməliyik və təşviq etməliyik ki, məhsulu düzgün əkmirsən. Hər şey torpaqdan başlayır, bizdə insanlar torpağı düzgün becərmirlər. Toxum seçimində ciddi problemlər var. Aqrotexnika çox köhnədir. Çox nadir hallarda fermer xarici ölkələrdəki həmkarları ilə yazışır, informasiya əldə edir, internetdə nə isə məlumat axtarır. Bu insanları maarifləndirmək üçün aqrar elmi məlumatlandırma sistemi olmalıdır. Bu funksiya da Kənd Təsərrüfatı Nazirliyindədir, aqrar elm mərkəzi var, ölkədə 7 elmi-tədqiqat institutu var, bütün bölgələrimizdə 10-dan çox təcrübə stansiyaları var. Ümid edirəm ki, bundan sonrakı mərhələdə də nazirliyin indiki rəhbəri fermerlə elmi mərkəzlər arasında inteqrasiyanı təmin edə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.