“Qara” metallurqun qara piarı - QALMAQAL

25-02-2019, 13:38           
“Qara” metallurqun qara piarı - QALMAQAL
Biz həyatda qara piarla tez-tez rastlaşırıq. Bu həm bəzi insanların onlara xoş gəlməyən şəxslər haqqında yaydıqları çirkin şayiələrə, həm də mətbuatda rəqiblərinə etdikləri hücumlara aiddir. Bəzən belə xəbərlərdə həqiqəti yalandan ayırmaq çətin olur, ona görə də qara piara maraq gündən-günə artır. Həmin insanların son vaxtlar bu vasitəyə daha çox əl atmalarının səbəbi aydındır: görünür, həqiqəti qarşı tərəfə üzbəsurət söyləmək çətindir, çünki bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ancaq əgər həmin iş üçüncü tərəfin, xüsusilə də KİV-in əli ilə həyata keçirilirsə və eyni zamanda özləri riyakarlıqla “yaxın adamlara” təriflər yağdıraraq qara piarın təşkilatçılarını yalan məlumatlarla təmin edirlərsə, onların fikrincə, bu, parlaq bir yaradıcılıq tərzidir.

Bu fikir beynimdən bu günlərdə, sabiq spiker Rəsul Quliyevə yaxın, az tanınan saytlardan birində az tanınan müəlliflərdən birinin belə şah əsərinə rast gələndə, keçdi. Bu aztirajlı neçənci dəfədir ki, Azərbaycan qara metallurgiyasının orbitindən artıq yox olmuş kimi görünən Zülfüqarlı qardaşlarını yenidən diriltməyə çalışır. Guya Azərbaycanın müstəqilliyinin ilk illərində ümummilli lider Heydər Əliyev onları ölkəyə dəvət edib ki, iqtisadiyyatı bərpa etməyə kömək etsinlər. Və onlar da böyük investisiyalar qoyub, ölkədə qara metallurgiyanın istehsalını qaydaya salmaq üçün hər şeyi ediblər. Amma qara metallurgiya üfüqündə hansısa Rasim Məmmədov peyda olub və ölkənin ən yüksək vəzifəli şəxslərinin dəstəyi ilə Zülfüqarlı qardaşlarını, bütün obyektlərini əllərindən alaraq, bu bazardan sıxışdırıb çıxarmağa başlayıb. Müəllif, əlbəttə, hər şeyi həqiqət kimi təqdim etməyə çalışıb, amma göstərilən faktlara inanmaq olarmı?


Əvvəla, Azərbaycanda kiminsə gücdən və başqa üstünlüklərdən istifadə edərək kimdənsə nəyisə alması dövrü çoxdan keçib. İndi hətta ən “bərkgedən” şəxslər belə öz problemlərini məhkəmə yolu ilə həll edirlər. Yəni bütün reyder basqıları, problemləri idmançı görkəmi olan şəxslərin əli ilə yoluna qoymaq və bu vasitə ilə pul, mövqe qazanmaq dövrü arxada qalıb. Sahibkar Zülfüqarlı qardaşlarının sıxışdırılmasına gəlincə, bu da inandırıcı görünmür. Əksinə, son vaxtlar ölkədə həqiqi sahibkarların fəaliyyət göstərmələri üçün inanılmaz və əlverişli şərait yaradılıb - hazır infrastrukturu olan sənaye parklarında yerlər və imtiyazlı kreditlər ayrılmasına qədər. Heydər Əliyev isə oxşar çağırışla təkcə Zülfüqarlı qardaşlarına yox, biznes nümayəndəsi olan bir çox digər azərbaycanlılara da müraciət etmişdi. O vaxt ölkə üçün çətin günlər idi və bununla alver etmək lazım deyil. Yəni ayrı-ayrı strukturlara və bütövlükdə dövlətə qarşı yönəlmiş ittihamların heç bir əsası yoxdur.

Həm də haqqının yaxşı ödənildiyi heç bir şübhə doğurmayan məqalənin hədəfi dövləti ittiham etmək deyil. Buna nə məqalə müəllifinin, nə də kimliyini müəyyən etməyin heç bir çətinlik törətmədiyi sifarişçinin cürəti çatmaz. Amma Baku Steel Company şirkətinin və onun rəhbəri Rasim Məmmədovun üstünə getmək olar, bu qorxulu deyil. Hərçənd, müəllifin, sifarişçinin diktəsi ilə təqdim etdiyi kimi, o həqiqətən də başkəsən olsaydı, heç kim onun üstünə getməyə cəsarət etməzdi.

O ki qaldı Baku Steel şirkətinin yerli bazarda özünü necə təsdiq etdiyini və oradakı bir çox iştirakçıların, xüsusən də əsas fiqurantlar olan Zülfüqarlı qardaşlarının necə sıxışdırılıb çıxarılmalarını başa düşmək üçün, həmin narazı qardaşların obyektlərinə bircə dəfə baş çəkmək və olanları R.Məmmədovun şirkətindəkilərlə müqayisə etmək kifayətdir.
Bəli, bu obyektləri nə vizual, nə də texniki parametrlər üzrə müqayisə etmək olmaz. Amma Zülfüqarlı qardaşları nədənsə onlara mane olan bəlanı, yaxşı rəqqas əhvalatında olduğu kimi, kənarda axtarırlar. Həm də əsas məqamı unudurlar ki, artıq XXI əsrdir və tüstüləyən, bütün məhsulları əllə, təhlükəsizlik texnikası qaydalarını pozmaqla, texnoloji rejimə əməl etməməklə keyfiyyətsiz şəkildə hazırlayan və ekologiyaya, ətraf mühitə olduqca böyük zərər vuran müəssisələrə şəhərdə çoxdan yer yoxdur.

Onlar bu barədə KİV-i “bizi bağlayırlar, işləməyə imkan vermirlər, yüzlərlə adamı işsiz qoyurlar” tipli sensasion bəhanələrlə köməyə çağırarkən də düşünməlidirlər. Bəli, həqiqətən də, bağlayırlar, insanlar işsiz qalırlar. Amma bunda Zülfüqarlıların özlərindən başqa, hansı ki, qazanc dalınca qaçarkən başlıca məsələni-insan kapitalını unudurlar, kim günahkardır? Özü də təkcə yanlarında işləyənlərə görə yox, həm də onların zəhərlədiyi hava ilə nəfəs almağa, ağırtonnajlı maşınlarının dağıtdığı yollarla getməyə, paytaxtın mərkəzində, yaşayış məhəllələrinin arasında quraşdırdıqları əlavə avadanlıqların qulaqbatıran səs-küyü altında yaşamağa məcbur olan minlərlə insanların çəkdikləri əzaba görə...

Və düşünmək lazım deyil ki, bütün bunları Rasim Məmmədovun tətbiq etdiyi və guya, Zülfüqarlıların "böyük vəsait" qoyduqları istehsalatı məhv etmək üçün nəzərdə tutulan, “yaşıl insancıqları” yaradır. Daha əvvəl qeyd etdiyimiz kimi, bu vəsaitlərlə onlar tikinti materialları və digər inşaat-metal konstruksiyaları istehsal edən köhnəlmiş avadanlıqlar alıblar. Amma yenə elementar istehsalat normalarının pozulması ilə...

Hamıya məlumdur ki, inşaat metal konstruksiyaları yüksək yüklənmələrə dözməli və müəyyən nisbətdə dəmir filizinin və metal qırıntısının daxil olduğu qarışıq xammaldan hazırlanmalıdır. Amma ölkənin dəmir filizinin Daşkəsəndəki yeganə mənbəyi çoxdan bağlanıb, onu idxal etmək isə çətin və faydasızdır. Buna görə də işgüzar qardaşlar filizdən sadəcə boyun qaçırıblar və öz məmulatlarını yalnız metal qırıntısından hazırlayırlar. Çoxmərtəbəli evlərdə belə məmulatlardan istifadə nəyə gətirib çıxara bilər, təxmin etmək çətin deyil...

R.Məmmədovun arxasında yüksək vəzifəli məmurların durduğuna gəlincə, yalnız bir nümunə gətirmək kifayətdir. Artıq neçə ildir ki, Baku Steel Company yuxarıda haqqında bəhs etdiyimiz dəmir filizinə giriş əldə etmək üçün Daşkəsən Dağ-Mədən Filizsaflaşdırma Kombinatını özəlləşdirməyə çalışır. Amma bu obyektin özəlləşdirilməsi prosesi o qədər ləngiyib ki, indi heç sonu da görünmür, halbuki çoxdan qurtarmalı idi.

Bu obyektin tək və ən real alıcısı qismində Baku Steel Company çıxış edir, amma hökumət institutları investora fantastik şərtlər diktə edirlər.

Bunda, haqqında bəhs edilən məqalədə iddia olunduğu kimi, o yüksək vəzifəli şəxslərin marağı olsaydı, heç belə olardı?! Onlardan istənilən birisinin məmurları “xalça üzərinə” çağırıb yumruğunu masaya necə lazımsa çırpması kifayət edərdi ki...

Amma bu baş vermir, hər şey Zülfüqarlı qardaşlarının düşündüklərindən və müxalif mətbuat vasitəsi ilə başqalarını da inandırmağa çalışdıqlarından fərqli olaraq, daha sivil formada gedir.

Onlar birmənalı keçmişdə qalıblar. Və yalnız istehsala münasibətləri ilə yox, həm də öz düşüncə tərzləri ilə. Bu qardaşlar hər gün bir az da geri qalaraq Azərbaycanın bugünkü sənaye kapitanlarının cərgəsinə qoşula bilmirlər.

Tarix isə öz işini görür, o, amansızdır. Və indiki halda heç bir piar "qara metallurqlara" kömək edə bilməz… \\Virtualaz.org\\













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.