“Ermənistandakı bu düşüncə Azərbaycanın bir həmləsi ilə darmadağın ola bilər” - TƏHLİL

26-02-2019, 11:19           
“Ermənistandakı bu düşüncə Azərbaycanın bir həmləsi ilə darmadağın ola bilər” - TƏHLİL
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş gündəmdədir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva ötən gün keçirilən mətbuat konfransında deyib. Xanım diplomat bildirib ki, Azərbaycan münaqişənin nəticələrini aradan qaldıracaq bütün məqsədyönlü görüşlərin keçirilməsinin tərəfdarıdır və buna hazırdır: “Həmsədrlərlə də bu məsələ müzakirə olundu. Hələlik görüşün tarixi və yeri dəqiq məlum deyil”.

Rəsmi Bakı növbəti dəfə sülhməramlı mövqe nümayiş etdirsə də, Ermənistanda bunun əksini görürük. Hər halda, İrəvanın son davranışları, sərgilədiyi mövqe konstruktivlik əlaməti deyil. Bu mənada ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə son gəlişinin heç nə ilə yadda qalmaması da təəccüb doğurmadı. Düzdür, həmsədrlər Nikol Paşinyanın Dağlıq Qarabağı üçüncü tərəf kimi danışıqlara sırımaqla bağlı cəhdlərinə rəğmən budəfəki səfərlərində Xankəndinə getmədilər. İstisna deyil ki, bu səfərin rəsmi Bakıda qıcıq yaradacağını nəzərə aldıqları üçün İrəvandan birbaşa Azərbaycana gəldilər. Ancaq səfərin yekununda “turist diplomatlar”ın ənənəvi pozitivliyi belə nümayiş etdirə bilməmələri səbəbsiz deyil. Məsələ burasındadır ki, işğalçı Ermənistan danışıqların pozulmasına yönəlik siyasət yürüdür.

“Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyəti bu gün də davam edir”. Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Dövlət rəsmisi bildirib ki, beynəlxalq qanunvericiliyə əsasən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağan olunur: “Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara əməl etmir. Azərbaycan tərəfinin müraciəti əsasında ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirib və Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub”.

PA rəsmisi onu da deyib ki, Ermənistan tərəfinin bu qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə maneə törədir: “Azərbaycan beynəlxalq təşkilatlara və digər dövlətlərə müraciət edir ki, özlərinin hüquqi və fiziki şəxslərini Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməkdən çəkindirsinlər. Azərbaycan beynəlxalq qanunlar və öz qanunları çərçivəsində işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə qarşı hüquqi addımlarını davam etdirəcək. İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət davamlı surətdə beynəlxalq təşkilatlar qarşısında da qaldırılacaq. Azərbaycan öz milli resursları, milli peyki sayəsində bu qeyri-qanuni fəaliyyətlə bağlı faktları toplayıb”.

Ancaq Bakının saysız-hesabsız müraciətlərinə, həmçinin beynəlxalq təşkilatlarda qəbul olunmuş sənədlərə baxmayaraq, Ermənistana qarşı nəinki sanksiyaların tətbiq olunmur, hətta İrəvanın siyasətinin qınanmasına da cəhd göstərilmir. Bütün bunlar isə dolayısı ilə işğalın stimullaşdırılması deməkdir.

****

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin baş naziri Nikol Paşinyanla münasibətlər və ictimaiyyətin müxtəlif dairələrində bu kontekstdə yayılan iddialarla əlaqədar məqalə qələmə alıb (Publika.az). Keçmiş prezident bununla da Paşinyanı saxta ittihamların hədəfinə çevirmək istəmədiyini deyib. “Beləliklə, mən sükutu pozmağa və bu haqda şəxsi fikrimi bildirməyə qərar verdim. Sizi inandırıram ki, məqsəd heç də özünümüdafiə deyil, Paşinyanı yanlış ittihamların hədəfinə çevirməməkdir” - məqalədə deyilir. Petrosyan Paşinyanın onun mənəvi oğlu olması haqqında deyilənləri uydurma adlandırıb. Paşinyanın hər axşam ona zəng etdiyi və məsləhətləşdiyi barədə iddialara gəlincə, Levon Ter-Petrosyan bu iddiaları son dərəcə mənasız, ağılsızlıq adlandırıb. “2012-ci ildə mən onunla yalnız bir dəfə görüşmüşən. 2018-ci il iyulun 16-da hökumət mətbuat xidməti bu barədə rəsmi bəyanatla çıxış etdi. Bundan sonra baş nazirlə hər hansı telefon söhbətləri olmayıb. Kimlərsə düşünürlərsə ki, Paşinyanı yönəltmək, nəsə məsləhət görmək və ya diktə etmək olar, ya dərindən səhv edirlər, ya da bu insanı heç tanımırlar. Onlar bu insan barəsində şəxsi fikirlərinə əsaslanaraq mühakimə yürüdürlər. Mən Paşinyandan daha müstəqil insan görməmişəm” - o deyib.

Siyasətçi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə gündəmdə olan “sülh əvəzinə ərazilər” düsturu haqqında da fikirlərini açıqlayıb: “Dərhal qeyd etmək istəyirəm ki, nə mən, nə də Paşinyan heç vaxt ”sülh əvəzinə ərazilər" düsturundan istifadə etməmişik. Bu, pis adamlar tərəfindən uydurulmuş böhtandır. Qarabağ münaqişəsinin nizama salınması proqramına gəlincə, Ermənistanın üç prezidentindən fərqli olaraq, Paşinyanın özünün proqramı hələ heç kəsə məlum deyil. O, hələlik bəzi bir neçə prinsip səsləndirməklə kifayətlənir, məsələn, Qarabağ adından danışıqların aparılması haqqında Köçəryan-Sərkisyan mövqeyindən imtina, Qarabağın danışıqlarda tamhüquqlu tərəf kimi iştirak etməsi. Həmçinin qeyd etmək lazımdır ki, Paşinyanın hansı proqramla çıxış etməsindən asılı olmayaraq, bu, onun şəxsi proqramı olacaq. Ermənistanın hər bir lideri öz proqramına görə məsuliyyətlidir".

Ortaya çıxan nəticə budur ki, Ter-Petrosyan da Ermənistandakı ovqatı nəzərə alır və Qarabağla bağlı konstruktivlikdən imtina xətti seçir. Vaxtilə eks-prezident S.Sərkisyanı gecikmədən addımlar atmağa çağırırdı. Ancaq işğalçı ölkədəki sərt ictimai rəy, görünür, onu da susmağa vadar edib.

Bir neçə gün əvvəl Ermənistandan qayıdan “Turan” agentliyinin redaktoru Şahin Hacıyev də müsahibələrində bildirib ki, işğalçı ölkədə Qarabağla bağlı radikal mövqe hökm sürür. Ermənilər artıq Qarabağ məsələsini bitmiş hesab edirlər. Belə olan təqdirdə liderlik iddiasında olanların ən azı radikal görünməyə cəhd etməsi bəlkə də təəccüblü deyil.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki, Levon Ter- Petrosyanın Nikol Paşinyan haqqında yazdıqlarını erməni mətbuatından oxuyub: “Bizə çatdırılanlarla fərqlidir. Xüsusən Dağlıq Qarabağ məsələsində onun tutduğu mövqe ilə Paşinyanın mövqeyi arasında bənzərlik belə yoxdur. Ter-Petrosyan 3 aprel 2017-cı ıldə, aprel döyüşlərindən tam bir il sonra ”Azatutyun" (Azadlıq) radiosuna verdiyi və mənim tərcüməmdə Azərbaycan mətbuatında yayılan müsahibəsində “Ərazi qarşılığında sülh və güzəştlər” məsələsini belə şərh etmişdi: “Azərbaycan lazımi güzəştini edib və əgər bu gün sülh danışıqları aparılırsa, bu, Azərbaycanın ən böyük güzəştidir. O torpaqların qaytarılması məsələsini də sülh qarşılığında edildiyini ifadə edir. Soruşursunuz ki, torpaqları nəyin qarşılığında veririk? Çox yaxşı sualdır. Birincisi, bunu beynəlxalq hüquq tələb edir. Amma sənəddə, məsələn, Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququ, sərbəst, təhlükəsiz yaşama hüququ kimi məsələlər də əksini tapıb. Bu, artıq ən böyük güzəştdir. Çünki Azərbaycan əvvəllər Qarabağın varlığını belə, qəbul etmək istəmirdi. Bakı Qarabağın muxtar vilayət statusunu ləğv edib, bunu konstitusiyasından silib. İndi isə məsələ o səviyyəyə gəlib ki, onun xalq səsverməsi yolu ilə həll edilməsindən danışılır. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Bir zaman bunu yalnız xəyal edə bilərdik...”" Q.Çaxmaqlı qeyd etdi ki, Paşinyan torpaqların qaytarılmasına yeni şərtlər daxilində edilməsini tələb edir: “O, bu danışıqlara Dağlıq Qarabağ separatçılarının cəlb edilməsini tələb edir. Petrosyan bunu istisna edirdi. Yazıdan sitat: ”Ter-Petrosyan “Qarabağ hansı mərhələdə müzakirələrə qatılacaq” sualını belə cavablandırıb: “İndi bu məsələ gündəmdə deyil. Hazırda mən konkret plan haqda danışıram. Bu planda isə qeyd etdiyiniz məsələ yoxdur”. Demək, bu məsələdə Paşinyanla Ter - Petrosyanın mövqeyi eyni olmayıb. İndi Ermənistan rəhbərinin bu məsələni ortaya atması Ter-Petrosyanın ideyası deyil və bu, Paşinyan tərəfindən danışıqları uzatmaq cəhdi kimi dəyərləndirilə bilər. Belə bir məsələ heç vaxt olmayıbsa, Madrid prinsiplərində də nəzərdə tutulmayıbsa, demək o, bunu müəyyən məqsədlə ortaya atıb. Ərazilərin qaytarılması məsələsi də bütün hakimiyyətlərin gündəmində olub".

Ermənişünas alim qeyd etdi ki, Petrosyanı o zaman bu mövqeyinə - “Bilin, ərazilərin qaytarılması şərti bütün layihələrdə yer alıb və bu şərti hər kəs qəbul edib. Serj Sərkisyan da onlardan bu şərtin olduğu planı miras alıb və hazırda onu reallaşdırmaqdadır” - görə çarmıxa dirəmişdilər". Q.Çaxmaqlı qeyd etdi ki, Paşinyan sərt şərt irəli sürür: “Azərbaycan təbii ki, bu şərtləri qəbul edə bilməz. Onu da qəbul edə bilmərik ki, Dağlıq Qarabağda referendum keçirilsin və nəticəsi əvvəlcədən bəlli olan məğlubiyyətin acılarını yaşayaq. Bəli, Ermənistanda Dağlıq Qarabağın Ermənistanın olduğunu və bu məsələnin həll edildiyini düşünürlər. 1994-də qalib gəlmişik, müharibədə bu torpaqları özümüzün etmişik. Amma beynəlxalq birlik bunu qəbul edirmi, Azərbaycan bu durumla razılaşırmı? Məncə, Ermənistandakı bu düşüncə Azərbaycanın bir həmləsi ilə darmadağın ola bilər. Paşinyanın bu mövqeyi qarşısında Azərbaycanın ayrı bir variantı qalmayacaq, iş antiterror əməliyyatlarına doğru gedəcək”.

Ekspert dedi ki, “xalqları sülhə hazırlamaq” kimi cəfəngiyyatlar Azərbaycanın haqlarını əlindən almır: “Ətraf ərazilərin müqabilində Dağlıq Qarabağın statusunun müəyyən edilməsini dirəyiblər bizə. Bu isə Ermənistanda gəlinən qənaətin eynisidir. Yəni Dağlıq Qarabağ ordulu, güclü, müdafiə imkanları geniş olan bir subyekt (Azərbaycanın tərkibində olsa belə) olur və biz ona bundan sonra heç ”gözün üstə qaşın var" belə deyə bilməyəcəyik. Həm də DQ istənilən vaxt Azərbaycandan qopub ayrılmaq imkanlarını əlində saxlayacaq və bizim üçün əvvəlki mövqeyindən daha fərqli təhlükəyə çevrilə biləcək. Bütün bunlar olarsa, Azərbaycan dövlətinin varlığı söz konusu olacaq. Dağlıq Qarabağda hər hansı oluşumun dövlətimiz, millətimiz üçün əbədi bir təhdid olmaması üçün bu yuva kökündən məhv edilməlidir. Həmişə dedim. İndi də təkrar edirəm ki, Azərbaycan öz ərazisində gecikmədən antiterror əməliyatlarına başlamalıdır. Paşinyan heç kimin mənəvi oğlu və varisi deyil, Ter- Petrosyanın heç deyil. Azərbaycan torpaqları Ter- Petrosyanın dövründə işğal edilib. Paşinyana gəlincə, çox təhlükəli düşməndir və onun hakimiyyəti dövründə nəyəsə nail olacağımıza ümid edənlər də yanılırlar. Ter- Petrosyanın etirafıdır, “Bəs həmin ərazilər sizin vaxtınızda azad edilmədimi” sualına onun cavabı belə olub: “Biz ”azad edildi" deyə bilərik. Beynəlxalq birlik isə başqa cür adlandırır: işğal!" Belə çıxır ki, oranı siz işğal etmisiniz? - Beynəlxalq birliyə görə, bəli!" Belə olduğu halda biz öz torpaqlarımızı işğaldan azad etməli deyilikmi? Q.Çaxmaqlı da jurnalist Şahin Hacıyevin qənaətini bölüşdüyünü vurğuladı: “Mən də onu təsdiqləyirəm ki, Ermənistanda bu məsələnin həll edildiyini və heç vaxt Qarabağın Azərbaycanın tərkibində olmayacağını düşünənlər çoxdur. Amma dediyim kimi, Azərbaycan bu düşüncənin həmişə belə davam etməsini bir həmlə ilə dəyişdirə bilər”.

Bu arada, ermənilər Türkiyə ordusunun Qarsda keçirdiyi hərbi təlimlərdən qorxuya düşüblər. Erməni hərbi analitik David Arutyunov bu təlimləri İrəvana qarşı təzyiq vasitəsi adlandırıb. Ermənilər həm qorxur, həm də qorxutmağa cəhd edir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.