“Mən ermənilərin “soyqırım” ağlaşmalarından xeyir görürəm” - deputat

21-04-2015, 16:08           
“Mən ermənilərin “soyqırım” ağlaşmalarından xeyir görürəm” - deputat
“Erməni məsələsinin Avropa gündəliyinə bu cür çıxması düşündürücü haldır. Qəti şəkildə deyə bilərik ki, baş verənlər erməni lobbiçiliyinin məhsulu deyil”.

Bu fikri Hafta.az-a açıqlamasında millət vəkili Zahid Oruc söyləyib. O bildirib ki, dünya çapında özlərinin iddia etdiklərinə görə mövcud olan 10 milyon erməni bu nəticəni əldə edə bilməzdi:

“Məsələ bundan ibarətdir ki, Avropa da sinxronlaşmış şəkildə bəzi siyasi institutlar gündəmi diqtə edirlər. Onlar çox yaxşı bilirlər ki, siyasi silahlar nə effekt doğurur. Məhz bu səbəbdən ermənilərin qondarma soyqırımı məsələsi bu cür önə çıxıb. Hətta bundan sonra AŞ PA-da “soyqırım” sözü işlədilməsə də, bu ermənilər üçün xeyirdir. Elə situasiya yaradıblar ki, hamı Avropa dövlət başçılarının nə deyəcəyinə baxırlar. Yəni bu qədər diqqət və maraq oyatmağın özü şübhəsiz ki, düşündürücüdür. Sayı 100 milyonları keçən türk dünyası bu məsələdə fərqli mövqedədir. İki mühüm amilə baxaq. Birincisi erməni sistemi türk dünyasında işləmir. Yəni müəyyən bir dövr biz də ermənilərin türklərin başına gətirdikləri ilə ön plana çıxırıqsa, bunu ideologiyaya çevirmirik. Çünki türklər fatehliyin, şücaətliyin tərənnümçüsü və daşıyıcısı olublar. İkincisi də həddən artıq bizlərdə özgüvən var. Bu hala görə də bəzi siyasi təşkilatlar kəskin şəkildə türklərin üstünə getməkdədirlər”.

Millət vəkili bildirib ki, biz ermənilər kimi hətta gerçək məsələni belə dünya çapında tanıtdırıb və onun üzərindən işğal altında olan torpaq davalarımıza getməyi çox da ürəkdən istəmirik:

“Nəhayət ki, bu məsələləri söyləmək lazımdır. Ermənilər düşünürlər ki, “soyqırım”ın 101-ci ili olmayacaq. Yəni onlar hesab edirlər ki, bu ildən maksimum bəhrələnməlidirlər. Məqsədləri qondarma soyqırımı dünya çapında tanıtmaq və torpaq davasından qalib çıxmaqdır. Hesab edirəm ki, ermənilər bu “soyqırım” məqsədlərindən qaldıqları müddətdə məğlub olacaqlar. Baxmayaraq ki, onların “soyqırımı”nı bir neçə ölkə tanıyıb. Ancaq bu onlara heç nə verməyib. Siyasi qərarlar başqadır, erməni xalqının durumu isə tamam fərqli müstəvidədir. Erməniləri nə qədər mümkündürsə, o qədər “soyqırım” hadisəsinin içərisində qalmağa vadar etmək lazımdır. Azərbaycanda bu fikri ilk dəfə mən səsləndirirəm. Biz hesab edirik ki, onların ağlaşmalarından ziyan görürük. Mən isə xeyir görürəm. Düşünürəm ki, ermənilərin bütün bu hərəkətləri onları real soyqırıma aparmaqda davam edəcək. Bir neçə gün öncə bir erməni vətəndaşı bildirmişdi ki, onun Qarabağ davasından və yaxud da 100 ilin ölüsünü ağlamağı da vəziyyəti ağırlaşmaqda davam edir. Əvəzində isə onlar gedib Türkiyədə çörək axtarırlar. Bu baxımdan panikanın və pessimizmin tərəfində deyiləm. Düşünürəm ki, onlar dünyaya “basdıra” bilmədikləri 100 ilin ölüsünü nə qədər çox ağlasalar o qədər yaxşıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.