”Qarabağ bizə lazımdır, allah neynir ki, Qarabağı?”

24-03-2019, 10:31           
”Qarabağ bizə lazımdır, allah neynir ki, Qarabağı?”
Bu gün yazıçı Seyran Səxavətin doğum günüdür. S.Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub.
Teref.az bildirir ki, S.Səxavət Moderator.az-a açıqlamasında doğum günüylə bağlı öz təəssüratlarını bölüşüb:

“Artıq 73-cü doğum günümü keçirərəm və 74 yaşıma keçirəm. Elə bil ki, doğum günləri də bir az köhnəlib. Ətraf seyrəlir, doğum günü köhnəlir, amma həyat gözəldir, nəvə-nəticələrlə yaşayırıq. Sizin kimi dostlar da sağ olsun ki, belə gündə zəng vurub təbrik edir. Doğum günümün şahidləri azalıb və desəm ki, doğum günümdü, inanmazlar, yəni o şahidlərin böyük əksəriyyəti yoxdur”.

Yazıçı doğulduğu rayonun işğal altında qalmasına görə hər gün darıxdığını deyib:

“Bu gün kəndimiz üçün məxsusi darıxmıram ona görə ki, mən hər gün darıxıram. Bizim kəndimiz Kiçik Qafqaz sıra dağlarının ətəyində, “Azıx” mağarasının yaxınlığında yerləşir. Uşaq vaxtlarımda burdan vurub, ordan çıxardım. İndi o yoxdu, heç aralıdan baxanda da görünmür. Əlbəttə 50-60 il öncə o yerlərdə olan ayaq izlərimə yenidən ayaq bassam, inanın ki, yenidən göyərər. Amma təəssüflər olsun ki, “Gün o gün olsun ki, gələn il Qarabağda bayram keçirək” sözlərini saqqız kimi çeynəyirik. Biz Qarabağın azad olunması üçün Allahdan kömək gözləyirik. Amma bir şeyi başa düşüb, dərk etməliyik və farağat dayanaraq bilməliyik ki, Qarabağ Allaha yox, bizə lazımdır. Allah neynir ki, Qarabağı?”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.