““KQB” nümayəndəsi bizi yığıb dedi ki, türklər hamısı terrorçulardır”

28-03-2019, 10:46           
““KQB” nümayəndəsi bizi yığıb dedi ki, türklər hamısı terrorçulardır”
Modern.az saytının “Qarabağ söhbəti” layihəsi davam edir. Layihə çərçivəsində budəfəki qonağımız xanəndə, xalq artisti Mənsum İbrahimovdur. Onunla müsahibəni təqdim edirik:

- 1960-cı il doğumlusunuz, Ağdamda anadan olmusunuz. Ağdam isə görkəmli sənətkarlar yetişdirən torpaqdır. Sizi bu sənətə cəlb edən nə oldu? Ağdamın mühiti təsir etdi, yoxsa öz içərinizdə olan fərdi maraq sizi muğama gətirdi?

- Muğam aləmi belədir ki, doğulub, böyüdüyün məkanın, mühitin təsiri böyükdür. Mən Ağdamda gözümü açandan muğam səsini, böyük ustadların ifalarını eşitmişəm. Kəndimiz İmamqulubəylidə Xan qızı Natəvanın saldırdığı Soltanbud meşəsi var. Orada çox nadir ağaclar - saqqız, palıd ağacları, müxtəlif meyvə ağacı yetişir. Ora əvvəllər Şuşa qəzasına bağlı olub, Natəvanın ərazisi olub. Bizim kənddə Mir Cabbar ağanın da evi var idi. Uşaq olanda o ikimərtəbəli, bişmiş kərpicdən tikilən evi görmüşdüm. Amma həmin ev sonradan baxımsızlıqdan dağıldı.
Uşaqlığımız Soltanbud meşəsində, həmin ətrafda quzu otarmaqla keçirdi. Ağdamdır axı, hər iki nəfərdən birinin səsi yaxşıdır. Biz orada hərəmiz bir ağaca çıxırdıq, oxuyurduq. Soltanbud təpəsi kəndimizin yanındadır. İndi orada Bayraq meydanı salınıb. Həmin təpə Xankəndindən də görünür. Beləliklə, biz efirdən eşitdiyimiz, radiodan dinlədiyimiz musiqiləri ağacın, təpənin üstündə ifa edirdik. Xüsusilə, şər qarışan vaxtı “Qarabağ şikəstəsi”, “Şuşanın dağları” və s. muğamlarımızı oxumaq bizə xoş gəlirdi. O zamanlar həmin muğamların adlarını bilmirdim. Xanəndələrin ifasında eşitdiyim musiqiləri yamsılayırdım, heç o sənətkarların özlərini də tanımırdım.

- Qarabağ mühitindən ən çox kim sizə təsir etdi?


- Əvvəlki ifaçıları dinləyirdim. Bizdə patefon vardı, atam muğam həvəskarı olduğundan evdə onu qurub, dinləyirdi. O, evdə olmayanda mən valları patefona yerləşdirib Cabbar əminin, Xan əminin, Zülfünün, Seyidin lent yazılarına qulaq asır, öyrənirdim. Arif Babayev isə o zamanlar cavan oğlan idi.
Qarabağda keçmişdə “patçah”la (padşah) təntənəli keçirilən üç günlük toylar olurdu. Mən 6-7-ci sinifdə oxuyurdum. Yenə bir dəfə 3 günlük toy var idi. Arif Babayev və Əhsən Dadaşov həmin toya gəlmişdilər. Arif müəllimin o zamanlar dəbdə olan “Qaz 21” markalı “Volqa”sı var idi. Mən həmin toydan 3 gün bayıra çıxmamışam. Düz 3 gün Arif müəllimə o qədər muğam oxutdurdular ki... Bizdə belə idi, toyda sözsüz ki, xanəndə iştirak edirdi. Amma bir də baxırdın ki, sadə kənd adamı, çoban gəlirdi, “Qarabağ şikəstəsi” ifa edirdi. Yəni, səs hamıda var idi, həvəskar şəkildə oxuyurdular. O toydan sonra qərara gəldim ki, xanəndə olmaq istəyirəm. Buna qədər isə məni orta məktəb tədbirlərində, Yeni ildə, Novruz bayramında, toylarda arabir oxutdururdular. Hərbi xidmətə qədər Ağdamda yaşamışam və həmin vaxta kimi toylara, tədbirlərə getmişəm. O bölgədə - Tərtərdə, Ağdamda, Bərdədə müəyyən qədər tanınırdım.
Sonra keçid dövrü oldu. Mən düzü, o zaman heç bilmirdim ki, oğlanlarda keçid dövrü səsə necə təsir edir. Səsim işləmirdi. Hərbi xidmətdə olanda isə səsim açıldı. Moskvada “İnşaat” batalyonunda komandir olmuşam. 12 nəfərlik heyətin 5-6 nəfəri azərbaycanlı idi. Rasim adlı dostumuz tar çalırdı, indi də arabir görüşürük, musiqiçidir. Tofiq nağara çalırdı, mən isə oxuyurdum. Balaca bir ansambl düzəltmişdik. Orada bayramlarda çıxış edirdik, Azərbaycan muğamlarını oxuyurduq.
Hərbi xidmətdən sonra qayıdıb Ağdama gəldim. 5-6 ay orada qaldıqdan sonra düşündüm ki, təhsil arxasınca Bakıya getməliyəm. Bakıya gəldim və sənədlərimi Asəf Zeynallı adına Musiqi Kollecinə təqdim etdim. Elə həmin il “5” qiyməti alaraq, qəbul olundum, “Çahargah” muğamını ifa etmişdim.


- Qarabağda toylarda belə məqam var ki, xanəndə istədiyi zaman məclisdən çıxıb gedə bilməz. Sakinlər nə zaman istəsə, xanəndə o zaman çıxar. Siz belə məqamların şahidi olmuşdunuz?


- Qarabağ toyları ağır keçirdi. Orada belə idi ki, toyun “patçahı” - padşahı olurdu. O həmin bölgədə sayılıb-seçilən adam olmalı idi ki, sözünü hamı eşitsin. Bir də fərraş – bizdə sərpayı deyirdilər. Məsələn, “padşah” buyururdu ki, get, filankəsi buraya gətir. Onu cərimə edirdi, ya oynamaqla, ya oxumaqla və s.
Xanəndə nə sifariş versələr, oxumalıdır. Təbii ki, istədiyi vaxt çıxıb gedə bilməzdi. Toy bitənə qədər xanəndəyə nə zaman icazə versələr, onda çıxırdı. Yazılmamış qayda-qanunlar var idi Qarabağ toylarında. Amma o qədər maraqlı və teatrlaşdırılmış formada keçirdi ki… Hamı üçüncü günün sonunda bəytərifini gözləyirdi.

- Ağdamda qaldığınız müddətdə erməni tanışınız, qonşunuz - münasibətdə olduğunuz şəxs var idimi?

- Ermənilər həmişə orada xidmətçi olmuşdular. Onlar Ağdamda usta, fəhlə işləyirdilər, ev tikirdilər. Qarabağda bənna, rəngsaz, çəkməçi və s. işlərlə məşğul olurdular. Ermənilərə “ikinci sort” adam kimi baxırdılar, saymırdılar. Ağdamın camaatını bilirsiniz... Birdən xəbər gəlirdi ki, uşaqlardan kimi isə Xankəndində döyüblər. Bir avtobus gənc, yeniyetmə yığışırdılar, Xankəndinə gedirdilər, erməniləri şil-küt edib qayıdırdılar.

- Siz də olmusunuzmu həmin mübahisələrdə?


- Yox, mən qarışmamışam. Amma belə məqamlar çox baş verirdi. Çünki ermənilər ağdamlılardan, Ağdamın cavanlarından çox çəkinirdilər.
Şuşada pioneer düşərgəsi var idi. Hər yay orada olurduq. Şuşada müəyyən məhlələr var idi ki, orada ermənilər yaşayırdı. Onlara “erməni məhləsi” deyirdik. Amma inanırsınız, oradakı ermənilərin də səsi çıxmırdı. Onlar “əl quzusu” kimi idilər. Deyim ki, onları sayırdılar, yox. Qarabağda bu, mümkün deyildi. Ermənilər ancaq azərbaycanlılara xidmət edirdilər. Sonradan məlum oldu ki, ermənilər altdan-altdan işləyiblər, kənardan idarə olunublar, fond yaradıblar və s. Biz isə humanist millətik, düşünmüşük ki, ermənidir da yaşayır aramızda. Bilmədik ki, onların məkrli planları 100 illərlə qurulubmuş.

- Ağdam 1993-cü ilin iyul ayında işğal olundu. İşğal və Mənsum İbrahimovun sənəti - işğal xanəndəyə necə təsir etdi? Ləngimələr oldumu?


- Bizim sarsılmağımız Şuşanın işğalından başladı. Mən işğal günü Türkiyədə, Antalya şəhərində idim. Ora konsertə gedirdik. Yolda Türkiyə radiosu xəbərlərdə Şuşanın işğalını səsləndirdi - “Şuşa şəhəri düşdü” deyildi.
Mən bir anlıq inanmadım, tək mən deyil, heç kim inanmırdı ki, Şuşa işğal oluna bilər. Biz orada maşını saxladıq, Bakıya zəng etdik. Konsert təxirə salındı, Bakıya qayıtdıq. Şuşa məğrur qala idi. Azərbaycanın simvolu kimi qəbul olunurdu.
Ağdamın işğalı mənim indi də gözümün qabağından çəkilmir. Çünki bütün qohum-əqrəba, nəsil orda idi. Heç kim Ağdamdan çıxmamışdı. İnanmırdılar ki, işğal oluna bilər. Ağdamda dolu evlər qaldı. Zavod və fabriklərin içərisi də dolu qaldı. Şərab zavodu, diğər müəssisələr - hamısı necə işləyirdisə, elə də işğal olundu. Heç kim torpağını atmağı özünə sığışdırmırdı. Amma düşmən qapıda idi. Bizdə o zamanlar başıpozuqluq var idi, mütəşəkkil özünü müdafiə yox idi.


- Bunlar öz yerində, bəs sonra daha nələr oldu ki, Ağdam zəbt edildi?


- Ağdamı yerli batalyonlar qoruyurdu. Cəmi 5-6 batalyon olardı. Amma batalyonlar az da olsalar, lazımınca müdafiə edirdilər. Çünki öz evləri, öz torpaqları idi. Sonra Sürət Hüseynovun dırnaqarası ordusu gəldi. Onun tərkibi isə narkomanlardan ibarət idi. Onlar zorla batalyonları çıxartdılar, camaatı danışığa çağırdılar ki, biz özümüz - “peşəkar ordu” olaraq Ağdamı qoruyacağıq. İnanın, camaatı ağlada-ağlada, zorla çıxartdılar. 3 gün sonra isə Ağdamı verdilər, çıxıb gəldilər. Təkcə Ağdam 6 min şəhid verdi. O şəhidlərin ruhu xainlik edənləri bağışlamayacaq. Ağdamlılar canı, qanı ilə torpağını qoruyurdular. Çünki bilirdilər ki, arxada hər kəsin ailəsi, uşağı var. O günahsız insanlar siyasətə qurban getdi. Ulu öndər Heydər Əliyev o dövrdə hakimiyyətdə olsaydı, inanın, bir qarış torpaq da əlimizdən çıxmazdı. İndiki kimi güclü ordu olsaydı, hətta biz özümüzün olan tarixi torpaqlarımızı da ermənilərdən geri ala bilərdik. Ağdamın getməsini mən hələ də ağlıma sığışdıra bilmirəm. Erməni mühasirədə saxlayanda belə iki gün qorxusundan Ağdama girə bilməmişdi ki, Ağdama boş ola bilməz, yəqin tələdir.

- Ağdam həm də bir sığınacaq rolunu oynayıb. Xocalıda qətlə yetirilənlər, digər rayonlarda şəhid olanlar Ağdama gətirilirdi. Siz o zaman rayonda idiniz?

- Yox, Bakıda idim. Amma əlaqələrim var idi, gedib-gəlirdim. Allahverdi Bağırovla əlaqələrim var idi. O, sücaət göstərərək həmin illərdə əsirlikdə olan yüzlərlə girovu azad edib. Bəzən komandirlərə göstəriş verilirdi, gedib erməniləri oğurlayıb gətirirdilər ki, əsirlərimizlə dəyişsinlər. Ya da yanacaq, mazut və s. verirdilər ki, qarşılığında insanlarımızı xilas edə bilsinlər. Hamilə qadınları, qocaları, uşaqları və digərlərini geri qaytarırdılar. Onun bu məsələdə xidmətləri danılmazdır.
Ağdam camaatı Qarabağ müharibəsində şəhidləri, ölənləri, yaralıları, digər rayonlardan gətirilənlərin hamısını qarşıladı. Ağdam gedəndən sonra bütün Qarabağ işğal olundu. Ağdam bir qala idi. Hətta bütün ətraf rayonlar da gözünü Ağdama dikmişdi ki, Ağdam yerindədirsə, qorxu yoxdur. Ağdamdan sonra isə məlumdur, bütün rayonlar bir-bir işğal olundu.

- Allahverdi Bağırovla, ya da digər könüllü birləşmələrin rəhbərləri ilə sizin münasibətləriniz olubmu?


- Əlbəttə. Fred Asif, Cəfər, Ala Yaqub, Şirin Mirzəyev və digərlərini tanıyırdım. Onların hamısı ilə əlaqələrim var idi. Onlar məni tanıyırdılar, mən də onları. Hətta mən rayona gedəndə biz görüşürdük. Rey Kərimoğlunu da o zamanlardan tanıyırdım, qardaşımla cəbhə yoldaşı idi.
Qardaşım Mahir İbrahimov Şirin Mirzəyevin batalyonunda döyüşürdü, indi Qarabağ əlilidir, böyrəyinin birini döyüşdə itirib.
Onu da deyim ki, mənim 4 qardaşım Qarabağ əlilidir, döyüşçüdürlər. Müharibə illərində camaat torpaqlarını müdafiə etməyə adi baxırdı. Baxıram, Bakıda kiçik bir silkələnmə olan kimi insanlar küçəyə axışırlar. Amma Qarabağ camaatına deyirlər ki, torpağını qoyub, qaçıb gəliblər. Bu, yanlışdır. Heç kim torpaqlarını, yurd-yuvasını qoyub, qaçıb gəlməz. Oradakı vəziyyəti görən heç kim bu sözləri deməz. Nə qədər insan Ağdamda, Qarabağda şəhid olub. Muğam ifaçısı Təyyar Bayramovun atası, böyük xanəndəmiz Şahmalı Kürdoğlu öz oğlu ilə bir yerdə Ağdamda düşmən gülləsinə tuş gəlib. Hətta mənim yadımdadır, ona çox dedilər ki, çıx get, erməni qapıda dayanıb. Dedi, mən heç vaxt torpağımdan çıxmayacağam. Oğlu azyaşlı idi, həyətə “Qrad” düşdü, ikisi də rəhmətə getdi. Onlar kimi mərd insanlar çox olub. İnanın o torpaqlarda hamı şəhid olmağa hazır idi. Amma dediyim kimi, könüllüləri sadəcə düzgün istiqamətləndirmək, idarə etmək lazım idi.


- 2016-cı ilin aprel döyüşlərindən sonra hansı hissləri yaşadınız?


- Biz aprel döyüşləri zamanı Ağdamın nəzarətimizdə olan kəndlərinə getdik, insanlarla görüşdük. Mən elə o zaman insanlarımızda ruh yüksəkliyini ən möhtəşəm səviyyədə gördüm. Evi dağılan yaşlı bir qadın deyir, mənim 100 evim olsa da, fərq etməz, hamısı dağılsın, amma torpaqlarımız geri qayıtsın. Döyüşlər ərəfəsi evlər, məktəblər dağılmışdı. Amma Lələtəpə zəfəri insanlarda elə bir ruh yüksəkliyi yaratmışdı ki, artıq ordumuzun nəyə qadir olduğunu hər kəs anlayırdı.
Biz muğam müsabiqəsinin bir gününü Qarabağda keçirdik. Həmin vaxt Lələtəpə yüksəkliyinə çıxdıq. O qədər hündür idi ki, geri qayıdanda ermənilər bizi gördülər. Ora elə yerdir, cəmi 300 metr aralıdakı yüksəklikdə ermənilərdir. Kameralar yerləşdirilib, xüsusi cihazlarla təmin edilib, hər iki tərəf yüksəkliklərdən bir-birini izləyir. Qayıdanda əsgərlər bizi 10 dəqiqə dağların arxasında saxladılar.
Aprelin 23-ü idi. 24-ü isə onların qondarma erməni soyqırımı günü qeyd olunacaqdı. Hərbçilərin sözlərinə görə, Cocuq Mərcanlının geri alınması, bizlərin orada çal-çağır etməyimiz ermənilərə böyük zərbə olub. Komandirlər bizə dedilər ki, yaxşı qurtardıq, ermənilər bizi vura bilərdilər.
Sizə bir söz deyim, torpağa olan həsrət, məhəbbət başqa duyğudur. Kənddə bir insan rəhmətə gedəndə bütün kənd ona 40 gün yas saxlayırdı. Müharibə isə ölümü adiləşdirib. Hamı üçün ölüm adiləşdi, bu müharibənin ən pis tərəflərindəndir.

- Siz sənətdə idiniz? Bəs içinizdən döyüşmək keçirdimi? Keçirdisə, ailədən icazə vermirdilər, ya necə?

- Biz onsuz da başqa cür yardım edirdik. 7 qardaşıq. Dördümüz müxtəlif cəbhələrdə vuruşurdu. Lazım olarsa, silah götürüb, cəbhəyə də gedə bilərdim, amma sənətkarın da öz xidmətləri var. Böyük Vətən Müharibəsində sənətkarlar arxa cəbhədə konsertlər verirdilər. Bülbül, Rəşid Behbudov, Xan Şuşinski və digərləri hər zaman bu şəkildə orduya dəstək olublar. Biz əsgərlərin içərisində idik, kömək də edirdik, cəbhəyə gedirdik. Rəhmətlik Səxavət Məmmədov da çox kömək edirdi əsgərlərimizə. O zamanlar silah, ərzaq az idi. Tək Qarabağ camaatı deyil, Azərbaycanın başqa bölgələrində yaşayan insanlar da kömək üçün əllərindən gələni edirdilər. Ağdamda şəhid olanlar da tək ağdamlılar deyildi. Orada başqa bölgələrdən olanlar, Qarabağ üçün döyüşənlər var idi.

- Həmin dövrlərdə Azərbaycan cəmiyyətində siyasiləşmə güclənmişdi. Siz hər hansı siyasi cəbhəyə qoşulmaq haqqında düşünmüşdünüzmü?


- Xeyr. Mədəniyyət insanı mədəniyyətə xidmət etməlidir. Öz işi ilə ölkəsini tanıtmalıdır. Mən musiqiçi siyasəti aparıram. 21 ildir ki, “Qarabağ” muğam üçlüyüm fəaliyyət göstərir. Tar, kamança və xanəndədən ibarət üçlüklə biz dünyada Azərbaycanı tanıtmağa çalışırıq. Adı da məhz buna görə “Qarabağ”dır. Bütün afişalarda, proqramlarda, konsertlərdə “Qarabağ” muğam qrupu – Azərbaycan yazılır. Tar ifaçımız Elçin Həşimov Füzulidən, kamançaçı Elnur Əhmədov Zəngilandan, mən isə Ağdamdanam. Biz xaricdə də hamıya deyirik ki, üçümüzün də rayonumuz işğaldadır, yerimiz-yurdumuz yoxdur, amma bu gün fəaliyyət göstəririk.

Ötən il İtaliyada, Roma şəhərində prezidentin sarayında konsert verdik. O, birbaşa özü bizə icazə vermişdi. Tarixdə belə bir şey olmayıb ki, Avropa ölkəsinin prezidentinin sarayında muğam səslənsin. İtaliyanın səfiri təklif etmişdi, bəlkə bu adı götürəsiniz, adsız çıxış edəsiniz. Avropada, prezidentin sarayında, erməni-Azərbaycan konfliktinin qabardılması siyasətə gedib çıxır. Biz isə etiraz etdik ki, siyasətçi deyilik. 21 ildir musiqiçi kimi fəaliyyət göstəririk. O dövlətin prezidenti icazə vediyinə görə səfir də qarışa bilmədi. Konsertimiz Avropanın “Ray” radiosu ilə canlı olaraq, 57 dəqiqə bütün Avropaya yayımlandı. Aparıcı radionun rəhbəri idi. Sonda o bizə yaxınlaşdı ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, muğamın beşiyidir. Şuşa isə Qarabağın mərkəzidir. “Qarabağ” muğam qrupunun üzvləri qarabağlıdırlar və torpaqları işğaldadır. Prezident sarayında bu fikirlərin canlı efirə getməsi tarixi an idi.


- Siz düşünürsünüz ki, musiqi sayəsində Qarabağı lazımınca tanıdırsınız?


- Bəlkə də bir diplomat, rəsmi şəxs bu sözləri deməyə cəhd etsəydi, qarşısını alardılar. Ona bu haqda danışmağa icazə verməzdilər. Çünki siyasətdir, o, gərək deyəcəyi sözləri belə əvvəlcədən razılaşdırsın. Amma mən musiqinin içərisində bunları deyə bilərəm. Muğam Mərkəzinin açılışında ölkə başçısı cənab İlham Əliyevin qarşısında çıxış edərək, bildirdim ki, bu da mənim musiqi siyasətimdir.

- Prezident necə cavablandırdı?


- Ölkə başçısı mənə “çox sağol” dedi və qeyd etdi ki, hər bir vətəndaş bunu dərk etməlidir. Ölkə xaricinə çıxan hər kəs özü ilə müxtəlif disklər, fotoşəkillər aparmalı, Qarabağın Azərbaycan torpağı olduğunu dünyaya nümayiş etdirməlidir. Musiqi ilə təbliğ edilən məqam daha tez qəbul olunur.
Bizim İtaliyada olan çıxışımız da İtaliya prezidentinin saytında yerləşdirildi. Artıq saraylarda muğamı səsləndirə bilməyimiz ölkəmizin nüfuzundan xəbər verirdi. Mehriban xanım Əliyeva bizim gedişimizdən təxmini 20 gün əvvəl birinci vitse-prezident kimi ilk rəsmi səfərini İtaliyaya etmişdi və təntənəli qarşılanmışdı. O səfərdən sonra bizim konsertimizə də icazə verdilər.

- Azərbaycan rəhbərliyi Qarabağın işğaldan azad olunması üçün danışıqlar aparır. Siz bu barədə nə düşünürsünüz?


- Bu işlərin içərisində olduğuma görə deyə bilərəm ki, ölkə başçısının apardığı siyasət ürəyimizcədir. Bu gün bizim xarici siyasətimiz xüsusilə, uğurludur. Çünki heç bir dövlətin yanında deyilik, öz siyasətimizi yürüdürük. Baxın, biz böyük dövlətlərin qarşısında kiçik bir ölkəyik. Böyük dövlətlər kiçiklərə diktə edirlər. Amma Azərbycana heç kim diktə edə bilmir. Azərbaycan öz müstəqil siyasətini yeridir, qonşu ölkələr ilə də, uzaq Avropa dövlətləri ilə də fərdi münasibətlər qurur. Azərbaycan hər bir ölkə ilə dost münasibəti saxlayır. Cənab prezidentimiz ən uca səslə Qarabağ adını daim xatırladır. Üstəlik çox kəskin formada torpaqlarımızı azad etmək hüququmuzu özümüzdə saxladığımızı bəyan edir. Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətidir, böyük qlobal tədbirlərə evsahibliyi edir.

- Azərbaycan cəmiyyətinin, böyüklü-kiçiki, qocalı-cavanlı – hər kəsin Qarabağ məsələsində mövqeyini necə qiymətləndirirsiniz? Qənaətbəxşdirmi?


- Bir müddət var idi ki, insanlar buna loyal baxırdılar. Amma bu gün aparılan təbliğat gənclər arasında çox güclüdür. Mən gənclərin arasındayam. Hər biri hazırdır ki, bu gün döyüşə getsinlər. Aprel döyüşlərində bilirsiniz, nə qədər könüllü gənc cəbhəyə gedib?! Mən aprel döyüşləri ərəfəsi Ağdama getmişdim. Hərbi hissə komandiri mənə dedi ki, yüzlərlə ağdamlı gənc dava edir ki, silah verin gedək vuruşaq. Müharibəyə elə-belə getmirlər. Ölməyə gedirlər. İnsan hər an həyatını itirə bilər. Elə dəyərlər var ki, insan bunun haqqında səthi düşünür ya da ümumiyyətə düşünmür. Kimsə deyir, canımı sənə fəda edərəm. Amma elə məqam gələndə, görün edirmi? Xeyr. Halbuki, Mübariz İbrahimov kimi insanlar düşünmədən gözünü yumub, ölümə getdi. İbad Hüseynovu da nümunə çəkə bilərəm. İbad Hüseynov Türkiyədə dövlət səviyyəsində görüşlərdə, əsgərlər qarşısında olur. Onun qəhrəmanlığı həm qardaş ölkədə, həm də elə Azərbaycanda təbliğ olunur. Belə qəhrəmanların nəticəsində gənclər, uşaqlar da vətənpərvər olurlar. Biz vaxtı ilə bilməmişik ki, düşmənimiz kimdir. Bu təbliğatı da aparmamışıq. Amma mənfur qonşularımız öz körpələrinə də öyrədiblər ki, türk sizin düşməninizdir. Ermənidən bizə heç vaxt dost olmayacaq.


- Ağdamda ermənilərlə kontaktda olmusunuz. Ailənizdə olan yaşlı insanların ermənilərə münasibəti necə idi?


- Mənim nənəm, babam həmişə deyirdi ki, ermənilər bizə çox zülmlər veriblər. Danışırdılar ki, 20-ci əsrin əvvəlində - 1905-1907-ci illərdə, 1918-ci il mart soyqırımında ermənilər müsəlmanları qırıblar. Qarabağ camaatı da o qırğınları yaşayıb. Yaşlılarımız həmişə bunları desə də, bizə çatmırdı. Çünki o zaman təbliğat lazımi səviyyədə deyildi. Sovet dövrü idi, ideologiya fərqli idi. Hər kəsə aşılanırdı ki, ittifaqa daxil olan ölkələr hamısı qardaşdırlar. 70 ildən sonra məlum oldu ki, bunlar hamısı qondarma siyasətdir.
Sovet ideologiyası bizə deyirdi ki, türklər azərbaycanlılarla qardaş ola bilməz. Biz bir dəfə elə SSRİ vaxtında – təxmini 1990-cı ildə Hollandiyaya səfərə getmişdik. Amsterdamda öz dilimizdə danışanda bir türk bizə yaxınlaşdı. Dedi ki, türksünüz? Bildirdik ki, azərbaycanlıyıq. Qayıtdı ki, bəs niyə türkcə danışırsınız? Cavab verdik ki, dilimiz budur. İlk dəfə idi ki, biz türklərlə rastlaşırdıq. O bizdən qaldığımız yerin adresini aldı, axşam vaxtı təxmini 10 maşın türk bizimlə görüşə gəldi. Sonradan məlum oldu ki, Milliyyətçi Hərəkat Partiyasının üzvləri imiş. Dedilər istəyirik, sizinlə görüşlər keçirək, burada problemləriniz, ehtiyaclarınız varmı, necə kömək edə bilərik? Onlar bizimlə söhbət edirdilər amma bizə çatmırdı, təsəvvür edirsiniz?
Biz həmin türklərlə səhəri gün görüşməli idik. Aramızda “KQB” nümayəndəsi var idi. O bizi yığaraq, iclas etdi və dedi ki, bunlar hamısı terrorçulardır, qaniçəndirlər. “Getsəniz sizi öldürərlər, oğurlayarlar. Sovet dövlətinin ideologiyasına ziddir, siz qayıdanda “qara siyahı”ya düşə bilərsiniz” dedi. O, bizi həmin görüşə getməyə qoymadı.

Sovet ideologiyası təcrid siyasəti yeritsə də, ata- babalarımızdan eşitmişdik ki, türk bizim qardaşımızdır. Ənvər paşa, Nuru paşa bizi xilas edib. Nənə-babalarımız bizə danışırdılar ki, türklər olmasa idi, bizi Xəzər dənizinə tökəcəkdilər.

- Bəzi insanlar şəhid olmuş şəxsləri təhqir etməkdən belə çəkinmirlər. Milli qəhrəman Mübariz İbrahimovu, Ramil Səfərovu və digərlərini təhqir edənlər var. Niyə belə edilir, bunun kökü nədədir?


- Mən də bu cəmiyyətdə yaşayıram və qeyd etdiyiniz hallardan xəbərim var. Aramızda geni qarışmış insanlar var. Damarında Azərbaycan qanı axan insan öz Milli Qəhrəmanı haqqında belə fikirlər söyləməz. Hər millətdə belə şəxslər olur. Türk olmayan, kökü bilinməyən, qarışıq əsil-nəsli olan şəxslər belə addımlar ata bilər. Mən inanmıram onlar həqiqətən azərbaycanlı olsunlar. Onlar üçün milli ruh, vətən fərq etmir. Populyarlaşsınlar, cəmiyyətdə tanınsınlar, ad çıxarsınlar istəyirlər. Kənar qüvvələrin əli ilə belə addım atırlar. Bizim düşmənlərimizə lazımdır ki, azərbaycanlı ad-soyadı ilə, Azərbaycanda yaşayan biri belə addımlar atsın. Tarix boyu belə tək-tək insanlar olub. Bundan narahat olmağa dəyməz. Amma siz xalqın onlara qarşı reaksiyasına da baxın. Bizim yüzlərlə Mübariz, Ramil kimi oğullarımız var. Amma millət içərisində yüz faiz hamısı qəhrəman ola bilməz ki... Satqınlar da olacaq.


- İbad Hüseynovun adını çəkdiniz. Erməni terrorçu Monte Melkonyanın başını İbad Hüseynovun kəsib-kəsmədiyi mövzusu hələ də müzakirə olunur. İbad Hüseynovu tanıyan biri kimi bu haqda nə deyə bilərsiniz?

- O mənim dostumdur. Həmişə onunla dostluğumuza görə fəxr etmişəm. Ona qarşı deyilən sözlər qısqanclıqdan başqa bir şey deyil. O adam bütün sağlamlığını vətənin yolunda qoyub. Hələ də müalicədədir. Mən onun qardaşlarını da tanıyıram. Hamısı döyüşçü adamlardır. Onlar döyüşün içərisində doğulublar, o torpaqda dünyaya gəliblər. Vətəni qorumadan yaşamaq mümkün deyil.


- Ermənilərin milli musiqilərimizi oğurlaması halları ilə tez-tez qarşılaşırıq. Sizcə bunun qarşısını almaq üçün nə etməliyik?


- Tək musiqilərimizi deyil, yeməklərimizi də oğurlayırlar. Bu, onu sübut edir ki, ermənilərin özünün heç nəyi yoxdur. Qondarma millətdirlər. Bu millət satqın, məkrli, xain, arxadan bıçaq vuran millət olub. Siz mütəfəkkirlərin ermənilər haqqında fikirlərinə diqqət edin. Heç xoş söz demirlər. Azərbaycanın gözəl musiqilərini də özlərinə aid mədəniyyətləri, incəsənətləri olmadığı üçün oğurlayırlar.
Biz musiqiyə qadağa qoya bilmərik ki, kimsə oxusun, kimsə oxumasın. Bizim bütün disklərimiz, ustadlarımızın ifaları ermənilərdə var. Olmayanları da internetdən götürürlər, ermənicə söz qoşub oxuyurlar. Bunu ermənilərə, başqa xalqlara qadağan edə bilmərik. Sadəcə biz çox təbliğ etməliyik ki, kimsə əvvəldən eşidəndə bilsin, dinləsin, ayırd etsin ki, əslində oğurlanan Azərbaycan musiqisidir. Bundan sonra onlar nə qədər istəyirlər oxusunlar. Müəllif hüquqları ilə məşğul olan beynəlxalq qurumlar var. Onlara bu barədə müraciət etmək, əlaqələri sıx qurmaq vacibdir.
Son zamanlar muğamımız çox təbliğ olunur. Heydər Əliyev Fondunun keçirdiyi, 2005-ci ildən başlayan muğam müsabiqələri, beynəlxalq muğam festivalları Azərbaycan musiqisinin bütün dünyada təbliği müsbət nəticələr verir. Belə tədbirlər davam etməlidir. Çox olmalıdır. Nə qədər çox tanıtsaq, bizim üçün o qədər müsbətdir. Eləcə də musiqi alətlərimizin, mili-mənəvi sərvətlərimizin YUNESKO-ya qəbul olunması, təşkilatın milli mədəni irs siyahısına daxil edilməsi məsələsində çox ciddi işlər görməliyik.
Əslində narahat olmağa dəyməz. Ermənidən heç vaxt muğam oxuyan olmayıb, olmayacaq da. Mümkün iş deyil.

- Azərbaycanın ən dəhşətli faciələrindən biri Xocalı soyqırımıdır. Siz musiqiçiniz, o faciəni muğamla ifadə etmək mümkündürmü?


- Xocalı faciəsi bəşəriyyətin qara ləkəsidir. Bu ərəfələrdə bir filmə baxdıq. Mən üç gün özümə gələ bilmədim ki, ilahi, insan necə bu cür vəhşi, insanlığa sığmayan hərəkətlər edə bilər?. Bütün müharibələrdə ən dəhşətli olsa belə, mülki əhaliyə toxunulmayıb. Hərbçiləri, hərbi obyektləri məhv ediblər, insanları əsir alıblar, ancaq toxunmayıblar. Amma ermənilərin Xocalıda etdiyi vəhşiliklər onların tarixində 100 illərlə qara ləkə kimi qalacaq.
İnsanın içərisində olan nifrət dolu duyğuları ağı formasında ifadə etmək mümkündür. Biz keçən il “Qarabağ” mahnısı hazırladıq. Sözləri İnqilab Nadirova məxsusdur, işğal olunmuş rayonların hamısı sadalanır. Musiqisini isə Səadət Təhmirazqızı bəstələyib. Biz həmin musiqi ilə içimizdəki harayı ifadə etmişik. Məni çox narahat edirdi ki, içimizdəki harayı musiqi ilə ifadə edim. Axır ki, belə bir musiqi ərsəyə gəldi. Biz bunu etdik. Mən hiss edirəm ki, həmin musiqini ifa etməklə bir qədər rahatlaşdım.

- Torpaqlar işğal olunmazdan əvvəl də Bakıda olmusunuz, bu mühit sizə təsir edib. Torpaqlar işğal olunandan sonra yenə də Bakıdasınız. Lakin vətən qoxusu, vətən nisgili sizi bu gün də çəkməmiş olmaz.


- Mən Ağdama gedirəm, qayıtmaq istəmirəm. Düşünürəm ki, insan yaşa dolduqca, torpaq onu çəkir. Çünki mən o torpaqda doğulmuşam, səsi də orada almşam. O torpağın bir zərrəsiyəm. Dəfələrlə demişəm ki, bəzən soyuqlayırsan, yorğun olursan səsin yaxşı işləmir. Halbuki, Ağdama hansısa bir tədbirə getməkdən söz düşəndə “baş üstə, gedək” deyirəm. Xəstə olduğumu, səsimin yaxşı işləmədiyini düşünmürəm. Ona görə, Yevlaxın körpüsünü keçən kimi səsim açılır. Ola bilməz ki, Ağdamda mənim səsim işləməsin. Bu, möcüzədir. Azərbaycanın təbii ki, bütün bölgələri əzizdir, vətənimizdir. Biz vətəni gözəl havasına, suyuna görə sevmirik ki… Kürdəmir də vətəndir, Hacıqabul da vətəndir, Daşkəsən də vətəndir, Ağdam da… Sadəcə doğulduğun, böyüyüb, boya-başa çatdığın torpaq sənə bir köynək daha yaxındır.

- Gedərkən sizi daha çox xəyala daldıran nə olur?


- Keçmiş günləri yada salıram. Qarabağ tərəfdə “Dörd yol” deyilən ərazi var. Dörd yoldan biri Tərtərə, biri Ağdama, biri Ağcabədiyə gedir, sonuncu isə Bərdəyə gedir. Orada əvvəllər yol polisinin postu var idi. Amma “Dördyol”un Ağdama gedən yolunu indi gedə bilmirik. Yoldan baxanda Ağdamı, böyüdüyümüz dağları görürük. Uşaqlığımı xatırlayıram. Biz Novruz bayramını Şuşanın Cıdır düzündə, Ağdamın dağlarında keçirmişik. İndi isə gedə bilmirəm. Ancaq xəyalımda canlandırıram ki, bir gün o torpaqlara qayıdacağıq.
Ola bilər, Ağdamla bağlı xatirələrimin hamısı bir anda yadıma düşməsin. Amma bütün uşaqlığım gəncliyim Qarabağla bağlıdır. Novruz bayramından danışdım. İndi də hər il bu bayram gələndə uşaqlığım yadıma düşür. Novruzu bütün atributları, xalq oyunları ilə qeyd edirdik. Kənd adət-ənənəsinə uyğun bayram keçirirdik. Dirədöymə, futbol oynayırdıq, torba atırdıq. Biz Bakıya gələndə gördük ki, Novruzda evlərə papaq atırlar. Əvvəllər Ağdamda, Qarabağda, hətta məncə, Azərbaycanda heç kim papağı başqasının qapısına atmırdı. Filmlərimizə də baxın, gənclər belindəki qurşağı uzun ağaca keçirib, evlərə uzadırdılar. Nənələrimiz xüsusi torba tikir, ağzını büzürdülər. Bir uzun ağac götürüb, həmin torbanı qapıdan içəri sallayırdıq. Papaq isə həmişə namus-qeyrət simvolu olub.


- Mənsum müəllim, bu sualımız mədəniyyətlərlə bağlıdır. Düzdür, regionlara məxsus mədəniyyətlər əslində bir-birinin çatışmazlığını tamamlamalıdır. Amma bəzən onları qarşı-qarşıya qoyurlar. Bu cür ayırmaq düzgündürmü?


- Həmin cılız söhbətləri hərdən mən də eşidirəm. Azərbaycanın bir muğam məktəbi var - klassik muğam məktəbi. Qarabağlılar da buna xidmət edir, şirvanlılar da, bakılılar da, bütün azərbayanlılar da. Biz hamımız Milli Konservatoriyada dərs deyirik. Mən də, Alim Qasımov da, Arif Babayev də, rəhmətlik Ağaxan Abdullayev də burada idi. Azərabaycanın bütün bölgələrindən ustadlar var. Nə mən burada Qarabağ muğamını təbliğ edirəm, nə də Alim Qasımov Şamaxı muğamını. Hamımız Azərbaycan muğamını, müəyyən olunmuş proqramı təbliğ edirik. Ola bilər, ifada ləhcə fərqi olsun. Amma məsələn, mənim tələbələrimin çoxu Şamaxı uşaqlarıdır, Zabit müəllimin tələbələrinin içərisində qarabağlılar, ağdamlılar var. Nə fərq edər?
Tək muğam sənəti deyil, aşıq musiqisində də belədir. Tovuz-Qazax aşıq sənəti ilə tanınır. Amma Qarabağda da aşıqlar olub. Aşıq Valeh, Aşıq Şakir, Aşıq Hüseyn Saraclı, Aşıq Məmmədağa və digərləri Qarabağın yetirmələri olublar. Mən düşünürəm ki, bu ayrı-seçkilik qəsdən ortaya atılıb, bəlkə də düşmənlərimizin təxribatıdır. Vaxtilə muğamımızın dağınıq forması olub. Üzeyir Hacıbəyli bunu proqram halına salıb. Ona qədər isə məclislər məktəb rolunu oynayıb. Şairlər yığışıb, yeni qəzəllərini oxuyurmuşlar. Sonra Üzeyir bəy klassik muğam məktəbini, sırf bu modeli yaradıb. O gündən indiyə kimi müəyyən təkmilləşmə aparmaqla biz hamımız həmin proqramı keçirik. Heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Azərbaycan o qədər də böyük dövlət deyil ki, onu 10 yerə bölək. Onsuz da ölkəmizi bölmək istəyənlər çox olub.

- Belə fikirlər səslənir ki, Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın əlindədir. Ümumiyyətlə, konfliktin həlli ilə bağlı sizin mövqeyiniz nədir?


- Məsələ çox böyükdür və üzərindən uzun müddət keçdi, qloballaşdı. Haradasa böyük dövlətlərin inhisarına keçdi. Azərbaycan kiçik bir dövlət olsa da, bizim yerləşdiyimiz məkan elə yerdir ki, istər-istəməz hesablaşmalısan. Hər kəs istəyir ki, sülh, əmin-amanlıq olsun. Ancaq bizim 20 faiz torpaqlarımız işğaldadır. Hesab edirəm ki, dövlət başçımızın apardığı siyasət də məhz münaqişənin tezliklə həll olunmasına yönəlib. Səbrimizin hüdudu var, sülh yolu ilə olmasa da, hərb yolu ilə torpaqlarımızı azad edəcəyik.

- Qarabağın işğalı məsələsində “torpaqlar verildi, satıldı” və s. ittihamlar çox səsləndirilir. Bu kimi ittiamların hər hansı birində həqiqət payı tapırsınızmı?


- “Torpaq satıldı” ifadəsini heç zaman deyə bilmərik, o qədər şəhidin ruhu bizi bağışlamaz. Yenə deyirəm, sadəcə başıpozuqluq var idi, ordu yox idi. Bu vəziyyətdən istifadə edən düşmən, kənardan içərimizə yerləşdirilən qüvvələr, satılmış insanlar oldu.

- Siyasi qüvvələri nəzərdə tuturuq…

- Heç kim istəməz ki, torpağı işğal olunsun. Dediyim kimi, içərimizdə satılmış insanlar ola bilərdi. Amma torpağı satmaq məsələsindən söhbət gedə bilməz.
Biz inanırıq ki, tezliklə münaqişə həllini tapacaq. Ölkə başçısı da hər sözünün əvvəlində “Qarabağ” ifadəsini işlədir. Bu yaxınlarda Ağdamda Muğam Mərkəzi açıldı. Bu özü də mesajdır.

- Kafe və restoranlara Qarabağla, işğal olunmuş rayonlarımızla bağlı adlar verilir. Bizə belə təbliğat lazımdırmı?


- Bu, normal məsələdir. Bəlkə də həmin obyektlərə rəhbərlik edən şəxslər arasında qazilər də var. Düşünürəm ki, hər məqamda biz Qarabağı təbliğ etməliyik. Məsələn, Qarabağın adını daşıyan futbol klubunu hamımız dəstəkləyirik. Bu, həm də siyasi məsələdir. Bu özü də böyük ruhdur, mənəvi yüksəlişdir. Bizə qələbə lazımdır. Fikir verirsiniz, “Qarabağ” qalib gələn kimi bütün ölkə bunu bayram edir. Çünki bu millətə qələbə sevinci çox lazımdır. Mən çox arzu edirəm ki, həmin qələbə cəbhədə olsun.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.