“Müxalifətdə Xalq Hərəkatına qarşı aqressiya var” - QALMAQAL

4-04-2019, 08:53           
“Müxalifətdə Xalq Hərəkatına qarşı aqressiya var” - QALMAQAL
AĞ Partiyanın başqanı Tural Abbaslı “Yeni Müsavat”a müsahibəsində Azərbaycan Xalq Hərəkatının (AXH) canlı yayımlanan toplantısında sabiq daxili işlər naziri İsgəndər Həmidovla yaşanan gərginlikdən, qurumun perspektivindən, müxalifətdaxili son proseslərdən danışıb. Müsahibəni təqdim edirik:

- Tural bəy, sizi AXH-dən uzaqlaşdırıblar, yoxsa fəaliyyətiniz davam edir?

- Heç bir uzaqlaşdırılmadan söhbət gedə bilməz. Mən Azərbaycan Xalq Hərəkatının dönəm sədriyəm, həmtəsisçisiyəm, işimiz davam etməkdədir.

- İsgəndər Həmidovla qarşıdurmadan sonra onunla görüşünüz, söhbətiniz olub?

- Yox, heç bir görüş olmayıb. İsgəndər Həmidovdan şəxsi küsülülüyüm yoxdur, baş verən hadisəni siyasi proses kimi qiymətləndirirəm. O, hərəkatdan uzaqlaşdırılmağım barədə əsassız təklif irəli sürdü və məntiqi olaraq təşəbbüsü qəbul olunmadı. Əslində olanlara adi siyasi gediş kimi baxıram, aramızdakı münaqişə şəxsi müstəvidə yaşanmayıb.

- İsgəndər Həmidov sizi uzaqlaşdırmaq təklifini nə ilə izah edirdi?

- Açığı, heç nəylə əsaslandıra bilmədi. Elə ona görə təklifi qəbul olunmadı. Azərbaycan Xalq Hərəkatı adına cəmiyyətə təqdim olunan tanınmış simalardan biri də mənəm, hamı bizi tanıyır. Amma niyə belə təkliflə çıxış elədi, mənə də qaranlıq qalıb. İştirakçılar gördülər ki, İsgəndər Həmidov əsas, sübut olmadan belə təklif irəli sürdü. Sadəcə, məqsədinə çatmaq üçün bəhanə lazımıydı.

- Sizin AXH-də fəaliyyətiniz onu niyə narahat etməlidir ki?

- Bunu özündən soruşmaq daha yaxşı olar. Onu niyə narahat eləyir, bilmirəm. Görünür, şəxsi xarakter amili var. İsgəndər Həmidov xoşlayır ki, hamı onun fikrinə ləbbeyk desin. Bizim isə elə bir niyyətimiz yoxdur. Bundan sonra da nə ona, nə digərlərinə ləbbeyk demək fikrimiz var.

Əslində qapalı iclaslarda İsgəndər Həmidovla fikir ayrı-seçkiliyimiz bir neçə dəfə olub, mövqelərimiz üst-üstə düşməyib, sadəcə, budəfəki diskussiya canlı yayımda oldu deyə ajiotaj yarandı.

- Belə çıxır ki, İsgəndər Həmidov AXH-də təkadamlıq idarəçilik yaratmaq istəyir?

- Onun hərəkatda nə yaratmaq istədiyini bilmirəm, ancaq mən bu quruma gəlməmişəm, təsisçilərdən biriyəm.

Biz kimlərinsə önə çıxmasına heç nə deməmişik, amma o anlama gələ bilməz ki, kiminsə şəxsiyyəti ətrafında toplaşan quruma çevrilməliyik.

Kim belə yanaşırsa, səhv edir. Bu qurumda üstün səlahiyyətə, xüsusi posta malik heç bir siyasətçi yoxdur, kiməsə əlahiddə səlahiyyətlər verilməyib.

- O zaman hərəkata kənar müdaxilələr olduğunu düşünürsünüz?

- Təbii ki, kənardan müdaxilə nüansları, narahat olan qüvvələr var. Bunu da gizlətmirlər. Hakimiyyətin narahatlığı başadüşüləndir. Təəccüblüsü odur ki, müxalifətdə Xalq Hərəkatına qarşı aqressiya var, müxalifətdəki keçmiş monopolistlər istəyir ki, bu quruma müdaxilə etsinlər. Mənə onların adları məlumdur, amma ictimailəşməsinin tərəfdarı deyilik. O baxımdan birbaşa müdaxilə var.

- Tural bəy, tez-tez suallar olunur ki, Tural Abbaslının ənənəvi müxalifətçilərin, insanların ümidini itirdiyi yaşlı siyasətçilərin yanında nə işi var?

- Bu suallar tez-tez səsləndirilir. Lakin siyasətdə gənc və yaşlı anlayışı yoxdur, fikirlərin gənci və köhnəlmişi ola bilər. Elə gənc olar ki, həddindən artıq köhnə fikirli adamdır, çıxışlarında çağdaşlıq yoxdur, amma yaşlı siyasətçi yeni baxış bucağı ortaya qoya bilər. İkincisi, hamının gənc olduğu bir siyasi arena haradır ki, biz də gedək orada olaq? Bizim alternativ gənclərdən ibarət siyasi platformamız yoxdur axı. Olsa, biz də varıq. Bu mənada seçim imkanımız yoxdur. Ümumiyyətlə, dünyada, müasir Qərb siyasətində də belə anlayış, yanaşmalar yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.