“Növbəti parlament seçkilərində iştirakım, yenidən deputat olmağım tək məndən asılı deyil” - Arif Rəhimzadə

12-04-2019, 10:10           
“Növbəti parlament seçkilərində iştirakım, yenidən deputat olmağım tək məndən asılı deyil” - Arif Rəhimzadə
Türkiyədə keçirilən bələdiyyə seçkiləri bitsə də, İstanbul uğrunda “döyüşlər” hələ də davam edir. Hətta ölkəmizdə də qeyri-ixtiyari olaraq qardaş ölkədəki seçkilərə böyük maraq və diqqət var. Azərbaycanda da bu ilin sonunda bələdiyyə seçkiləri keçiriləcək, amma bizdə bu seçkilərə maraq azdır. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ilə söhbətimizdə əvvəlcə bələdiyyə mövzusundan danışdıq.

- Arif müəllim, yəqin ki, qardaş Türkiyədəki bələdiyyə seçkilərini yaxından izlədiniz. “O əjdahadan bizdə niyə yoxdur” sualı yenə də aktualdır. Azərbaycanda da seçki ili olsa da, hələlik seçki ab-havası hiss olunmur. Düzdür, seçki prosesi konkret dövrü əhatə edir. Amma istənilən halda, seçki hazırlığı, canlanma nəzərə çarpmır. Sizcə, niyə belədir?

- Qardaş ölkə ilə müqayisə edəndə, əlbəttə, bələdiyyə sahəsində onlar bizdən irəlidədirlər. Sovet dövrünün təsiridir ki, bizdə bəzi məsələlər hələ öz həllini tapa bilməyib. Özü də bu, tək bizdə deyil, bütün postsovet məkanında belədir. O ki qaldı seçkilərə, misal üçün, Yeni Azərbaycan Partiyası bu məsələləri daim diqqət mərkəzində saxlayır.

- Amma bu, bir faktdır ki, bələdiyyə seçkilərinə cəmiyyətdə maraq çox aşağı səviyyədədir. Bu, bələdiyyələrin düşdüyü vəziyyətlə bağlı deyilmi? Bələdiyyələrin səlahiyyətlərinin aşağı olması, bu strukturun icra hakimiyyətlərinin “alt qurumuna” çevrildiyi, kölgəsində qaldığı barədə fikirlərlə razısınızmı?

- Bələdiyyələr bütövlükdə, həqiqətən, hələ tam ayaq üstə durub hərəkət eləmirlər. Bunun çox səbəbləri var. Deyirsiniz icra hakimiyyətinin alt qurumudur. Mən belə deməzdim. Bələdiyyələrin özləri də gərək ayaq üstə durmaqdan ötrü müəyyən təcrübə əldə etsinlər, özlərinə inamları olsun, bələdiyyələrlə əhali arasında qarşılıqlı məsuliyyət yaransın. Bələdiyyələrin tam fəaliyyət göstərmələri üçün lazım olan qanunvericilik mövcuddur. Lakin heç də bütün bələdiyyələrin öz fəaliyyətlərini lazımınca qurmaları üçün maliyyə imkanları yoxdur və belə olan halda bəli, baş üstə deməlidir.

Bələdiyyələrin öz büdcələrini formalaşdırmaq üçün kifayət qədər səlahiyyətləri və imkanları var. Bundan əlavə hər il dövlət öz büdcəsindən onlara dotasiya və subvensiya ayırır. Ancaq gəlin açıq deyək, biz vətəndaş olaraq bələdiyyələr qarşısında vəzifələrimizi yerinə yetiririkmi? Bələdiyyə büdcəsinin formalaşmasında əsas gəlir mənbələrindən biri fiziki şəxslərin daşınmaz əmlakından toplanan vergidir. Bu vergini hamımız ödəyirikmi?

Son vaxtlara kimi bu imkandan tam istifadə üçün bələdiyyələrin müəyyən çətinlikləri də var idi. Bələdiyyələrin vətəndaşların daşınmaz əmlakı barədə müfəssəl məlumatları yox idi. Cənab prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında məsələ öz həllini tapdı. Bələdiyyələrə qısa müddət ərzində bu məlumatları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən əldə etmək imkanı yaradıldı.

- Kobud da çıxsa da soruşum, boynundan basılan bələdiyyə necə ayağa dura bilər? Bələdiyyələr, necə deyərlər, cavandır, cəmi 20 yaşı var...

- Belə hallar ola bilər. Amma əsas məsələ o deyil. Əsas məsələ odur ki, nə bələdiyyələrin müəyyən hissəsi hələ özünün səlahiyyətlərini və rolunu tam yerinə yetirmir, nə də cəmiyyət bələdiyyəni aparıcı bir qüvvə kimi qəbul etməyib.

- 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərini xatırlayıram, çox ciddi mübarizə gedirdi. Üstündən illər keçəndən sonra isə mübarizə ab-havası hiss olunmur. Sizcə, niyə?

- Seçkilərə hələ xeyli vaxt var. Yəqin ki, seçkiqabağı mübarizə yenə şiddətlənəcək. Mən deməzdim ki, bələdiyyə institutuna maraq tamamilə ölüb. Yox, elə deyil. Ancaq yenə deyirəm, bələdiyyələr özlərini tam təsdiq edə bilməyiblər. Cəmiyyətin böyük hissəsinin də bələdiyyə haqqında tam təsəvvürü yoxdur. Yəni bələdiyyə nə etməlidir və əhalidən nə tələb olunur.

- İcra hakimiyyəti və bələdiyyənin paralel fəaliyyəti doğrudurmu?

- Bəli, doğrudur. Hər bir qurumun özünün fəaliyyət sahəsi var. Bələdiyyələrin hamısı pis işləmir. Üzərinə düşən vəzifələrin öhdəsindən gələn, çox fəal bələdiyyələr də var. Bizim nöqsanımız budur ki, yaxşı bələdiyyələrin adını heç yerdə çəkmirik, onların təcrübəsini geniş yaymırıq. Ancaq bələdiyyələrin əksəriyyəti böyük işlər görürlər.

- Ölkəmizdəki bələdiyyələrin çoxluğu da müzakirə olunur.

- Hazırda ölkəmizdə 1606 bələdiyyə var. Bizim qanunlara görə, müəyyən ərazidə əhalinin sayına görə vətəndaşlar yerli özünüidarəni həyata keçirmək hüququndan məhrum edilə bilməzlər. Bələdiyyələr yarananda onların sayı 2757 idi. Ancaq sonralar əhalisi az olan bələdiyyələr yaxşı fəaliyyət göstərə bilmədikləri üçün öz təşəbbüsləri ilə birləşdilər. İndi onların sayı, qeyd etdiyim kimi, 1606-dır.

- Seçkili orqan olan bələdiyyələrə icra hakimiyyətinin diktə etməsi, onlarla icra hakimiyyətinin işçiləri kimi davranılması necə, doğrudurmu?

- Mən deməzdim ki, bələdiyyə üzvlərinə icra hakimiyyətinin işçisi kimi yanaşırlar. Elə olur ki, icra hakimiyyəti əlindəki vəsaiti bələdiyyə vasitəsilə hansısa sahəyə yönəldir. Konstitusiyamızın 144-cü maddəsinə uyğun olaraq qanunvericilik və icra hakimiyyəti tərəfindən bələdiyyələrə əlavə səlahiyyət verilibsə və müvafiq zəruri maliyyə vəsaiti ayrılıbsa, o halda həmin səlahiyyətlərin həyata keçirilməsinə qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

- Bir sıra hallarda neqativ işlər də bələdiyyələrin əli ilə həyata keçirilirsə, onda necə?

- Hər yerdə müsbət işlərlə bərabər, mənfiliklər də olur, həmçinin bələdiyyələrdə də. Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş aparan xüsusi qurumu var ki, bu məsələlərlə çox ciddi məşğul olur və belə hal olanda qanunauyğun tədbirlər görülür.

- Arif müəllim, ölkədə həyata keçirilən islahatlarla bağlı nələr deyə bilərsiniz? Bu islahatlar yerli özünüidarə orqanlarını da əhatə edə bilərmi?


- İslahatlar daim gedir. Hesab edirəm ki, cənab prezidentin son tapşırıq və çıxışlarından sonra bu işlər daha fəal aparılacaq. Fikrimcə, bu islahatların əsas məqsədi əks-mərkəzləşmə olmalıdır. Madam ki, bələdiyyə yaradılıb, yerli məsələlərin icrası onlara həvalə olunmalıdır.

- Parlament seçkilərinə hazırlaşırsınız?

- Parlament seçkilərinə hələ çox var.

- Nə qədər?

- Konstitusiyamızın 84-cü maddəsinə əsasən Milli Məclisin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Yəni 2020-ci ilin noyabr ayında.

- Amma referendum və növbədənkənar seçki gözləntiləri aradan qalxmayıb.

- Hesab edirəm ki, bunun üçün heç bir əsas yoxdur. İndi kimsə nəsə danışır, hansısa mülahizələr ortaya atır, mən onların dəlilləri ilə tanış deyiləm. Güman etmirəm ki, erkən seçkilər keçirməyə ehtiyac var.

- Sosial şəbəkələrdə ayrı-ayrı deputatların fəaliyyətsizliyindən bəhs olunur, tərkibin ciddi şəkildə yeniləcəyi bildirilir. Siz bu barədə nə deyə bilərsiniz və özünüzü növbəti tərkibdə görürsünüz?

- Mənim növbəti seçkilərdə iştirakım, yenidən deputat olmağım tək məndən asılı deyil. Bu, təmsil olunduğum partiyadan, onun mövqeyinin necə olacağından asılıdır. Eyni zamanda seçilmək istədiyim dairədə nüfuzumdan və seçicilərimin mənə etimadından asılıdır.

- Sonuncu dəfə deputatı olduğunuz Neftçala rayonunda nə zaman olmusunuz?

- Ayda azı bir dəfə oluram, ancaq rayonda fəaliyyət göstərən köməkçim vasitəsilə rayonla daim əlaqəm var.

- Rayona gedəndə sizi kürüyə qonaq edirlərmi?

- Sözün doğrusu, mən heç vaxt kürü yemirəm. Hətta toylarda olanda da.

- Toydakı saxta kürüdür. Əsl kürünü nəzərdə tuturam, kilosu 1250 manata olan qara kürüdən danışıram...

- Hər halda, mən kürünün elə də çox azarkeşi deyiləm. Onun tərkibində xolestrin yüksək dərəcədə olduğu üçün həvəskarı deyiləm.

- Bu yaxınlarda Neftçalanın Bankə qəsəbəsi barədə danışırdılar ki, vaxtilə kürüsü ilə sovetlərdə məşhur olan bu qəsəbə indi çox çətin günlərini yaşayır, işsizlik hökm sürür. Yəqin məlumatlısınız?

- Bəli, heç nəyi sovet dövrü ilə müqayisə edə bilmərik. Çünki sovetlər qapalı dövlət idi. Mən kürüdən danışmıram. Bir ədəd balaca detalı da istehsal edəndə hər yerə yayılırdı və buna böyük ehtiyac var. Çünki xaricdən çox az məhsul gəlirdi. Ancaq indi elə məhsul istehsal etmək lazımdır ki, onu dünya bazarına da çıxartmaq mümkün olsun. Digər tərəfdən, doğrudan da Bankə qəsəbəsi kürü ilə dolanırdı, fabrik var idi və s. İndi isə Xəzərdə balıq tutumu məhdudlaşıb. Sovet dövləti işləyəni də, işləməyəni də dolandırdığına görə bəzi insanların əlini işdən soyudurdu. Bax, indi cənab prezidentin tapşırığı ilə pambıqçılığın inkişafı istiqamətində böyük işlər aparılır. Camaat onun xeyrini də görür. Ancaq yenə də görürsünüz ki, biri deyir mən işsizəm, pambıqçılıqda və ya başqa sahədə işlər təklif olunanda bəzən razılaşmırlar. Sovetlər dövründə Moskvada işsizləri cəzalandırırdılar. İşsiz adam cəmiyyət üçün ziyanlı, təhlükəli insan sayılırdı. Başqa iş də olmayanda, deyirdilər get, kolxozda, yaxud başqa müəssisədə işlə! Daha o, iş görəcək, görməyəcək fərqi yox idi. Ancaq indi dövr başqadır. Gərək hər bir adam çalışsın və əməyinə görə qazansın. Ona görə də sovet dövründəki iqtisadiyyatımızın səviyyəsi dünya standartlarına uyğun olmadı. Əmək məhsuldarlığı çox aşağı idi.

- Maraqlı fikirlərdir. Bir çox hallarda sizin “sovet vurğunu” olduğunuz deyilir. Ancaq siz o quruluşu tənqid edirsiniz...

- Mən onun müsbət və mənfi cəhətlərini deyirəm. O quruluşun müsbət cəhətləri də çox olub. Sovet dövründə orta və ali təhsil, səhiyyə pulsuz idi.

- Azərbaycan hökumətinin Avropa Birliyi ilə imzalayacağı sazişə münasibətiniz necədir?

- Biz dünyadakı mütərəqqi tendensiyaların özümüzdə tətbiq olunmasına çalışırıq. Yüksək texnologiyaların tətbiqini, əmək məhsuldarlığının artmasını, demokratik prinsiplərin bərqərar olmasını, mərkəzləşmədən uzaqlaşmağı, əks-mərkəzləşmənin tətbiqini istəyirik.

- Demək, müsbət yanaşırsınız?

- Bəli. İstər-istəməz biz bu yolu getməliyik. Avropanın inkişaf etmiş ölkələrinin bizim cəmiyyətimiz üçün sərfəli ola bilən həyat prinsiplərinin tətbiqinin tərəfdarıyam.

- Sizcə, şimal qonşumuzun bu əməkdaşlığa münasibəti necə olacaq? Gürcüstan və Ukrayna nümunəsində çox sərt davrandı.

- Rusiya istəyir onunla qonşu ölkələrdə sülh və əmin-amanlıq olsun və elə bir mühit yaratsın ki, NATO və başqa təşkilatlar, dövlətlər yaxınlaşıb ona təsir göstərə bilməsin. Düzdür, Azərbaycan NATO və başqa təşkilatlarla əməkdaşlıq edir, ancaq NATO-ya daxil olmaq niyyətində deyil. Buna görə də, fikrimcə, Rusiya bizə loyal baxır. Gürcüstanın, Ukraynanın bəlası ondan başladı ki, onlar dedilər biz NATO-ya üzv olacağıq. Hesab edirəm ki, cənab prezidentin bu sahədəki siyasəti çox düşünülmüş və reallığı nəzərə alan bir siyasətdir.
“YM”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.