Ziyafət Əsgərov: Vəkil də hakim, prokuror qədər savadlı olmalıdır

12-04-2019, 21:13           
Ziyafət Əsgərov: Vəkil də hakim, prokuror qədər savadlı olmalıdır
Oxu.Az-ın müxbirinin suallarını birinci vitse-spiker, Məhkəmə-Hüquq Şurasının üzvü Ziyafət Əsgərov cavablandırır:

- Ölkə prezidentinin məhkəmə-hüquq sistemində islahatlarla bağlı son fərmanını necə qiymətləndirirsiniz? Bu fərmandan irəli gələn məsələlərin həlli reallıqda mümkün olacaqmı?

- Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı ölkə prezidentinin fərmanının çox böyük əhəmiyyəti var. Bu fərmana, ümumiyyətlə, ölkəmizdə aparılan islahatların tərkib hissəsi kimi baxılmalıdır. Bildiyiniz kimi, Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətimizin ali məqsədi kimi təsbit etmişik.

Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi gündən bu günə qədər bu prinsipə sadiqdir və bundan sonra da sadiq olaraq qalacaq. Biz istəyirik ki, hər bir vətəndaşın hüquq və azadlıqlarının məhkəmə yolu ilə müdafiəsi daha da gücləndirilsin.

Bu baxımdan, məlum fərmanın çox böyük əhəmiyyəti var. Fərmanda müxtəlif istiqamətlər nəzərdə tutulub: bu, həm qanunvericilik sisteminin, cinayət qanunvericiliyinin, Cinayət-Prosessual Məcəllənin və digər qanunvericilik aktlarının təkmilləşdirilməsi, həm də bəzi cinayət tərkiblərinin dekriminallaşması, onların Cinayət Məcəlləsindən çıxarılması ilə bağlıdır.

Ya birdəfəlik çıxarılması, ya da onların inzibati xəta tərkibli əməllərə keçirilməsi ilə əlaqədardır. Bütün bunların bir məqsədi var: hər bir Azərbaycan vətəndaşı Konstitusiya ilə müəyyən edilmiş hüquq və azadlıqlarından istifadə edərək, özünü daha komfort, daha rahat, dövlətə güvənə biləcəyini hər zaman hiss etsin. Məqsəd bundan ibarətdir.

- Məhkəmə-hüquq sistemində yaşanan süründürməçiliklər, rüşvətxorluq halları, qanunların aliliyi prinsipinə riayət edilməməsi halları yetərincədir. Bu problemlər öz həllini tapacaqmı?

- Mən Məhkəmə-Hüquq Şurasının üzvüyəm. Tam səmimiyyətimlə deyirəm, biz ayda bir dəfə yığışırıq, məsələləri müzakirə edirik və hakimlərin fəaliyyətini qiymətləndiririk. Hansı hakim ki fəaliyyətində qanun pozuntusuna və digər pozuntulara yol verib, onları cəzalandırırıq.

Onların etdiyi əməllərdə cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına göndəririk. Yəni bu istiqamətdə ciddi işlər gedir və bu işlər bundan sonra da davam etdiriləcək. Məqsəd ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı özünü rahat hiss etsin.

Əsas odur ki, bu sahədə ölkə prezidentinin - dövlətin siyasi iradəsi var. Belə bir iradə ortaya qoyulub ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də islahatlar dərinləşdirilsin.

- Neçə illərdir hakimlərin sayının artırılması məsələsi ortadadır. Məlum fərman bu məsələnin həllinə kömək edəcəkmi?

- Bəli, fərmanda hakimlərinin sayının artırılması nəzərdə tutulur ki, bu da çox önəmli məsələdir. Bu gün hakimlərimizin iş yükü həddindən artıq çoxdur. Ona görə hakimlərimizin sayına, sırasına 200 ştatın əlavə olunması çox böyük və çox yaxşı rəqəmdir. Bu, onların iş yükünün azaldılmasına gətirib çıxaracaq.

Bununla belə, hakimlərin peşəkarlığı ilə bağlı məsələ də çox önəmlidir. Məhkəmə-Hüquq Şurasında bu məsələyə çox ciddi baxılır. Bildiyiniz kimi, biz Avropa qanunvericiliyinə inteqrasiya edirik. Eyni zamanda, müxtəlif hüquq sistemləri ilə işləyirik.

Odur ki, müasir hakim bütün bunların hamısını bilməlidir. Yəni dünyada hansı hüquqi proseslərin getdiyini, eyni zamanda, nəinki milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin tələblərini yüksək səviyyədə mənimsəməlidir.

- Digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə, Azərbaycanda vəkillərin sayının azlığından şikayət edilir, narazılıqlar dilə gətirilir. Bu məsələnin çözümü necə olacaq?

- Bu istiqamətdə işlər gedir və inanıram ki, vəkillərin sayı artacaq. Düzdür, bəzən deyirlər ki, vəkillər daha aşağı balla imtahandan keçsinlər. Mən belə düşünürəm ki, vəkil də hakim qədər, prokuror qədər savadlı olmalıdır. Aşağı balla keçmələrini istəmək düzgün yanaşma deyil.

Nə var ki, kəmiyyət məsələsi həll edilmiş olsun. Biz onun keyfiyyətinə də nəzər yetirməliyik. Çünki bizim Konstitusiyamızda göstərilir ki, hər bir Azərbaycan vətəndaşının yüksək ixtisaslaşdırılmış hüquqi köməkdən istifadə etmək hüququ var.

Bu hüquqi köməyi də kim edir - təbii ki, vəkillər. Ona görə gərək vəkillərimiz çox savadlı olsun. Bir daha qeyd edirəm ki, bu istiqamətdə işlər gedir və inanıram ki, qısa bir zamanda bu problem həll olunacaq.

Kamil HƏMZƏOĞLU












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.