DİLÇİ ALİMLƏR İTTİHAMLARA CAVAB VERDİ - “Lüğət tərtib etməyin başqa yolu yoxdur”

16-04-2019, 19:34           
DİLÇİ ALİMLƏR İTTİHAMLARA CAVAB VERDİ - “Lüğət tərtib etməyin başqa yolu yoxdur”
Mayıl Əsgərov: “Lüğətlərin tərtibində plagiat sözünü dilə gətirmək ən azı insafsızlıqdır”

Möhsün Nağısoylu: “7500 sözdən 4200-ü əvvəlki lüğətlərdə yoxdur”

İsmayıl Məmmədli: ““Lüğətdə köçürmə plagiat ola bilməz”

Redaksiyadan: “Hürriyyət”də dərc olunan “Alim adına yaraşmayan hərəkət – AMEA-da şok oğurluq faktları” sərlövhəli yazı AMEA-nın Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin rəhbərliyi və əməkdaşları tərəfindən ciddi etiraza səbəb olub. Yazıda ittiham hədəfi olan “İzahlı dilçilik terminləri lüğəti” kitabının müəllifləri qeyd olunan iddiaları birmənalı olaraq qəbul etmirlər. Hansı ki, Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovanın müəllifliyi ilə qəzetimizdə dərc olunan yazı ilə oxucularımız artıq tanışdır. Bu sayımızda isə lüğətlə bağlı bəzi dilçi alimlərin rəy və fikirlərini dərc edirik:

AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Mayıl Əsgərovun sözlərinə görə, istənilən lüğət tərtib olunarkən daha əvvəl tərtib olunmuş lüğətlərdən istifadə etmək zəruriyyəti yaranır:

“Əgər bu terminlər lüğətidirsə, hər bir bir terminin konkret olaraq bir izahı var. O izahı isə dəyişmək mümkün deyil. Əgər söhbət isimdən gedirsə, istənilən lüğətə baxın, orda onun şərhi eyni cür olmalıdır. Bunu dəyişmək mümkün deyil. Odur ki, indi bunu biz götürüb hərfbəhərf tutuşdursaq, onda təbii ki, oxşarlıq taparıq. Bu, o demək deyil ki, bu adam köçürüb. İsmin bir tərifi var, ona ikinci tərif vermək mümkün deyil. İstənilən nitq hissəsinin istənilən termini də onun kimi. Hər terminin bir şərhi olar da, bunun 9 şərhi ola bilməz ki, bir kitab belə, digərində isə başqa cür verəsən”.

Filologiya üzrə elmlər doktoru qeyd etdi ki, əgər eyni bir anlayış, eyni bir söz haqqında izahat verilirsə, o zaman onun hamı tərəfindən qəbul olunmuş bir elmi şərhi ola bilər:

“Ümumiyyətlə, istər izahlı, istərsə də tərcümə lüğəti olsun, lüğətin tərtibində plagiat haqqında danışmaq düzgün deyil. Tərcümə lüğətləri də eynən bunun kimidir. Əgər bir dildəki sözün başqa dildəki qarşılığını verirsənsə, bunun ancaq bir qarşılığı var. Məsələn, “ana” sözü rus dilində “mat”dır. Bunu dəyişmək, əvəzinə başqa söz yazmaq mümkün deyil. Yəni lüğətlərin tərtibində plagiat sözünü dilə gətirmək ən azı insafsızlıqdır. Bu, düzgün deyil. Əgər yeni terminlər, yeni sözlər yaranıbsa, onda yeni tərtib olunan lüğətin borcu odur ki, yeniləri ora daxil etsin. Məsələn, lüğətin biri 70-ci ildə tərtib olunub. Axı, 70-ci ildən bu günə qədər 1000-dən artıq yeni termin yaranıb. Ona görə də yeni tərtib olunan lüğətə həm onlar, həm də yeni terminlər daxil ediləcək. Bunun başqa yolu yoxdur. Mən heç kimin dediyi nə təsdiq, nə də təkzib etmək istəyirəm. Sadəcə, elmin qaydası budur. Dil günbəgün inkişaf edir, yəni hər gün yeni anlayışlar, terminlər yaranır, formalaşır. Buna görə də yeni tərtib olunan lüğətin borcu ondan ibarətdir ki, təzə yaranmış terminləri köhnələrin üzərinə əlavə etsin. Əgər əvvəl verilmiş terminləri verməsə, onda o adama deyərlər ki, buna bax, lüğəti yarımçıq tərtib edib. Ona görə də o məcburdur ki, əvvəl verilmiş sözləri də ora daxil etsin, yeniləri də əlavə etsin. Tam şəkildə lüğət belə tərtib olunur”.

Bütün bunları nəzərə alaraq, professor Sayalı Sadıqovanın plagiatlıq etdiyini deməyin tərəfdarı olmadığını vurğulayan Mayıl Əsgərov yanaşmanın düzgün olmadığını bildirib: “Kimlər deyirsə ki, bu adam mənim lüğətimdən köçürüb, onun lüğətini də daha əvvəl tərtib olunmuş lüğətlərlə müqayisə etdikdə görəcəyik ki, o da 90 faiz əvvəlki lüğətlərdən götürüb. Yəni lüğət tərtib etməyin başqa yolu yoxdur axı. Bu, mümkün olan bir şey deyil. Bir sözlə, əvvəl tərtib olunmuş lüğət birinci sayılsa da, lakin onun özü də özündən əvvəlki lüğətlərdən istifadə edib. Bundan başqa, onu da qeyd edim ki, lüğətin müəllifi olmur, tərtibçisi olur”.

“Bu lüğətdə əvvəlki lüğətlərdə olmayan 4200 yeni söz daxil edilib”

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu da birmənalı şəkildə qeyd etdi ki, bu sahə üzrə mütəxəssislərin yekdil fikrincə, lüğətdə plagiatçılıq olmur: “Çünki istənilən lüğət ondan əvvəlki lüğət əsasında hazırlanır. Məsələn, Axmanovanın izahlı dilçilik lüğəti var, Musa Adilovgilin hazırladığı lüğət də onun əsasında tərtib olunub. Buna görə də mənim şəxsi fikrimcə, burada plagiat məsələsi yoxdur. Əgər kimsə, Sayalı Sadıqovanın tərtib etdiyi lüğəti plagiat sayırsa, bunun üçün Müəllif Hüquqları Agentliyi var. Bu məsələni şişirtməyə ehtiyac yoxdur. Çünki ensiklopediyalarda və lüğətlərdə istər-istəməz üst-üstə düşmə məqamları olur. Tutaq ki, ismin tərifini verirsən, bu zaman sən Amerika kəşf etməyəcəksən ki. Yazacaqsan ki, isim əşyanın adını bildirir, sualı budur və sairə. Onu da nəzərinizə çatdırım ki, bu lüğətdə əvvəlki lüğətlərdə olmayan 4200 yeni söz daxil edilib. Təsəvvür edin ki, 7500 sözdən 4200-ü əvvəlki lüğətlərdə yoxdur. Sadəcə olaraq, burda qərəzli mövqe var. Özü də əvvəlki lüğətləri tərtib edən müəlliflər durublar kənarda, qərəzli mövqedən yanaşan insanlar ortalığa düşüblər”.

“Qocaman lüğətçi kimi mənim fikrim odur ki, lüğətdə köçürmə plagiat ola bilməz”

Adıçəkilən institutun tətbiqi dilçilik şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədli də hesab edir ki, lüğətdə plagiat məsəsi yoxdur: “Plagiat elmi əsərdə, monoqrafiyada olar. Lüğətin tərtibində isə plagiatçılıq olmur. Lüğət təkmilləşdirilir. Məsələn, Sultan Məcid Qənizadə “Azərbaycanca-rusca lüğət”i yazıb. Sonra isə Ruhulla Axundov, Heydər Hüseynov, Əliheydər Orucov və digərləri yazıb. Lüğət elədir ki, daim təkmilləşir. Yəni zənginləşdirilir, götürülür və onlara yeni sözlər, terminlər əlavə olunur. Odur ki, burda plagiatçılıq yoxdur. Mən özüm ensiklopediyadan bəri lüğətlə məşğulam. 1966-cı ildə ensiklopediyada, rəhmətlik Rəsul Rzanın yanında işləmişəm. İndi də Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin müdiriyəm. Deməyim odur ki, lüğətdə plagiat söhbəti ola bilməz. Plagiat odur ki, fikri oğurlayasan, nəyisə kimdənsə götürüb sitat verməyəsən və sairə. Bu, elmi əsərdə ola bilər. Odur ki, kim nə yazırsa, özü bilər, lakin mən plagiat məsələsi ilə şərik deyiləm. Yəqin ki, bu barədə müsahibə verənlərin çoxu da lüğətçilər deyil və ümumiyyətlə, lüğət işini yaxşı bilənlər deyil. Ola bilər ki, diletantdırlar. Qocaman lüğətçi kimi mənim fikrim odur ki, lüğətdə köçürmə, plagiat ola bilməz. Lüğəti yalnız zənginləşdirmək, təkmilləşdirmək olar”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.