ABŞ-la Rusiyanın Qarabağ savaşının arxasındakı SİRR - Politoloq ŞOK DETALLARI AÇDI

19-04-2019, 16:09           
ABŞ-la Rusiyanın Qarabağ savaşının arxasındakı SİRR - Politoloq ŞOK DETALLARI AÇDI
ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib. Bu barədə məlumatı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən gün Varşavada keçirdiyi brifinqdə açıqlayıb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirən nazir aprelin 15-də Moskvada keçirilmiş görüşü xatırladıb. "Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Dünən isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi (Mayk Pompeo – red.) də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir", - E.Məmmədyarov deyib.
ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə müdaxilə cəhdi hansı zərurətdən doğur? Pompeonun təklifinin arxasında gizlənən səbəblər hansılardır və Vaşinqton görüşünün prosesin nəticələrinə təsiri nə ola bilər?
Publika.az-ın məsələ ilə bağlı suallarını politoloq Tofiq Abbasov cavablandırıb.

- Danışıqlar prosesinin platformasının dəyişməsi onun nəticələrinə təsir göstərəcəkmi?
- Danışıqların hansı meydanda, hansı ölkədə, hansı sferada keçirilməsindən asılı olmayaraq, onların arxasında predmet, konkret bir zəmin olmalıdır. Danışıqlar, ümumiyyətlə, ermənilərin səyləri nəticəsində vaxt itirməyə çevrilirsə, onda məkanın heç bir mənası yoxdur. İstəyirlərsə, Ayda keçirsinlər, ya Şimal Buzlu Okeanında keçirsinlər. Əgər danışıqlarda həqiqətən də, hər iki tərəfin – təkcə Azərbaycanın yox, Ermənistanın da vəziyyətin dinamikləşməsi ilə bağlı istəyi varsa, onda əlbəttə ki, aparılan danışıqların səmərəsi olacaq.
- ABŞ-ın bu təşəbbüskarlığını nə ilə əlaqələndirə bilərik?
- Amerikanın bu təşəbbüsü sırf qısqanclıqla bağlıdır. Biz görürük ki, Rusiyanın moderatorluğu fəaldır. Moskva çalışır ki, danışıqlarda bir tərpəniş olsun. Rusiya niyə son zamanlar əsas moderator sayılır? Ona görə ki, birincisi, hər iki dövlətlə qonşudur. İkincisi, bu bölgə ona çox tanış və yaxındır. Nəhayət, bu bölgənin sabitliyi həm də Rusiyanın Qafqaz bölgəsində üstünlüyü deməkdir. Bu baxımdan, Rusiyanın prosesdə marağı böyükdür. Doğrudur, Rusiyada erməni tərəfini lobbiləşdirən qüvvələr mövcuddur. Onlar dinc dayanmırlar. Vəziyyəti gərginləşdirirlər. Lakin Azərbaycan bu proseslərin hamısını diqqətlə izləyərək əks tədbirləri görür. Rusiya da Azərbaycanın narahatlığını hiss edir. Anlayır ki, burada beynəlxalq qanunların tələblərinə cavab verən tərəf Azərbaycandır. Ermənistan isə onları kobud şəkildə pozur. Bundan başqa, Azərbaycanın da heç bir dövlət üçün təhdidi yoxdur. Əgər Mayk Pompeo ölkəsinin Yaxın Şərq problemində vasitəçiliyini Qarabağ platformasında təkrarlamaq istəyirsə, hesab edirəm ki, bu təklifə lüzum yoxdur. Yox, əgər doğrudan da, Amerika diplomatiyasının Qarabağ probleminə verəcəyi töhfə varsa və o, digər iki həmsədrlə razılaşdırılmış formada özünü ifadə edəcəksə, onda əlbəttə ki, niyə də təklif dəyərləndirilməsin. Həqiqətən də rəsmi Vaşinqton Ermənistanın xeyrinə tərəfkeşlik etməyəcəksə, Amerikadakı erməni icmasının müdaxiləsini sıfıra endirəcəksə, onda hər şey ola bilər.
ABŞ bu təklifi verməklə, son nəticədə, öz mövcudluğunu yada salır. Bildirir ki, onun razılığı olmadan heç bir danışıq nəticə verə bilməz. Meydanı Rusiyaya buraxmamaqla, dünyanın lideri oluğunu xatırlatmaq istəyir. Güman ki, bu belədir. Fransa da bir neçə dəfə epizodik şəkildə öz mövcudluğunu xatırlatmışdı. Hətta istədi ki, təşəbbüskarlığı ələ keçirsin. Lakin bu, nəticə vermədi deyə Fransa bu məsələdə gözləmə mövqeyində dayanıb.
- Ermənistan növbəti görüşün Vaşinqtonda keçirilməsini qəbul edəcəkmi?
- Ermənistana heç bir fərqi yoxdur. Çünki Ermənistan dağıdıcılıqla məşğuldur. Nazirlərin son görüşündə İrəvan status məsələsini önə çəkdi. Bu, o deməkdir ki, Ermənistan bu prosesdə daim xaos yaratmaq niyyətindədir. Əgər qarşı tərəf istəyirsə ki, müvəqqəti sülh daimi sülhə keçsin, onda prinsip etibarilə, beynəlxalq qanunlara riayət etməlidir. Ən azı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırlatmalıyıq ki, burada da Ermənistan qoşunlarının münaqişə bölgəsindən çıxması aktuallaşdırılır. Özgə qoşunlarının Azərbaycan torpaqlarında mövcudluğu sülhə imkan verməyəcək. Əgər bu, baş vermirsə, deməli, Ermənistanın bütün fəaliyyəti və niyyəti mənfi istiqamətdə köklənib.
- Pompeonun təklifinin həyata keçirilməsi ehtimalı nə qədərdir?
- Bu, ilk növbədə, tərəflərin mövqeyindən asılıdır. Digər tərəfdən, həmsədrlərin iştirakından və onların bu prosesə qatılıb kömək etməsindən asılıdır. Görüşün Vaşinqtonda keçirilməsi bütün tərəflərin razılığına bağlıdır. Lakin bu uzunluğunda yolu qət edib nəticəsiz qayıtmağın heç bir mənası yoxdur. Əgər Amerika Ermənistana dağıdıcı mövqeyindən əl çəkmək üçün təzyiq göstərmək iqtidarındadırsa, onda həmin görüşdən böyük nəticə gözləmək olar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.