Elçin Şıxlı: “Ölkədə qəzet yoxdur, qəzet adına kağız parçaları çap olunur”

24-04-2019, 00:01           
Elçin Şıxlı: “Ölkədə qəzet yoxdur, qəzet adına kağız parçaları çap olunur”
Bu gün qəzet köşklərində qəzetdən başqa nə istəsən satırlar. Bir sözlə, köşkləri köşk adı altında marketə çeviriblər. Bəs qəzet yayımının ən sınanmış vasitəsi olan səyyar qəzet satışının bərpa olunması nə dərəcədə realdır?

Moderator.az-ın sualını cavablandıran Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirdi ki, səyyar qəzet satışını bərpa etmək hələ ki, mümkün deyil və əgər bunu istəyiriksə, ilk öncə köşklərdə qəzet satışını bərpa etməliyik:

“Bizim ölkəmizdə hazırda qəzet yoxdur, yəni qəzet adına kağız parçaları çap olunur. Bu gün köşklərimizdə qəzetdən başqa nə istəyirsiniz satılır. Səyyar qəzet satışı ən sonuncu məqamlardan biridir. Bunun üçün ilk növbədə qəzetlərin köşklərdə satışını normal təşkil etmək lazımdır. Çap mediasıyla məşğul olan şirkətlərə şərait yaradılmalıdır. Bizdə bu sahədə vəziyyət ağlamalıdır. Olmayan şeyin satışını təşkil etmək düzgün deyil, əvvəl gərək qəzetləri bərpa edəsən”.

Səyyar qəzet satışıyla məşğul olan bayraqdar Yaşar Türkazər isə saytımıza açıqlamasında bildirdi ki, o, 1989-cu ildən 1992-ci ilə kimi ölkənin 25 rayonunda qəzet satıb və qazancı da normal olub:

“1989-cu il noyabrın 10-dan 1992-ci il martın 14-nə qədər səyyar qəzet satışıyla məşğul olmuşam. Qəzetləri şəhərdə olan zavodlara, fabriklərə satırdım. Bununla yanaşı, rayonlara aparıb qəzet satırdım. Alıcılarım isə 10-80 yaş arası olan adamlar idi. Onların arasında hər təbəqədən olan insan vardı. Normal qazancım olurdu. Ölkənin 25 rayonunda qəzet satmışam. Amma qəzet satışındakı bu günki durum acınacaqlıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.