Kolleksiyaçı soydaşımız Azərbaycana aid tarixi əşyaların bir çoxunu Ukrayna bazarlarından alıb

1-05-2019, 18:49           
Kolleksiyaçı soydaşımız Azərbaycana aid tarixi əşyaların bir çoxunu Ukrayna bazarlarından alıb
Ukraynada istər diaspor fəalı, istərsə də tarixçi kimi onu hamı yaxşı tanıyır. İştirak etdiyi tədbirlərdə, çıxışlarında hadisələrə bir qayda olaraq tarixi prizmadan baxır. Bəlkə də onu kolleksiya toplamağa sövq edən elə tarixçi olmasıdır. AZƏRTAC-ın xüsusi müxbiri 1985-ci ildən Ukraynada yaşayan soydaşımız Eldar Tağıyevlə görüşərək söhbət edib.

“Əsasən milli tariximizə aid əşyaları yığmağa çalışıram”

1972-1977-ci illərdə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil aldığını qeyd edən E.Tağıyev bildirib ki, o illər Azərbaycanda milli məfkurənin oyanması bu təhsil ocağı ilə bağlı idi “Çox tanınmış müəllimlərlə bərabər, bizə numizmatika fənnini bu sahədə tanınmış mütəxəssis olan Əli Rəcəbli tədris edib. Hər bir tarixçi kimi mənim də keçmişimizi öyrənməyə böyük marağım olduğundan, kolleksiyaçılığa biganə deyiləm”, - deyə həmyerlimiz vurğulayır. Deyir ki, maraq dairəsi əsasən milli tariximiz olduğundan, bu mövzuya aid istənilən əşyanı əldə etməyə çalışır: “1985-ci ildə Ukraynaya gələndə kolleksiyamın kiçik bir hissəsini özümlə gətirmişdim. Laçında yaşadığım illərdə də xeyli nümunələr toplamışdım, çox təəssüf ki, onlar1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş rayonumuzda qaldı”.

“Ukrayna bazarlarından Azərbaycana aid xeyli tarixi əşyalar almışam”

E.Tağıyev qeyd edir ki, bu günə qədər Azərbaycana aid qədim və müasir pul nümunələri, markalar, qiymətli kağızlar, fotoşəkillər, orden və medallar, döş nişanları, bir sözlə tarixi vətənimizlə bağlı olan bütün əşyalar maraq dairəsindədir: “Kolleksiyamdakı nümunələrin 90 faizindən çoxunu Ukraynada əldə etmişəm. Paralel olaraq dünya dövlətlərinə aid nümunələr toplasam da, türk dünyasına aid material çoxluq təşkil edir. Bu sahədə birinci olmaq çətindir. Pulu olan bir insan dünyadan köçmüş kolleksionerin topladıqlarını almaqla, illərlə kolleksiya yığan hər kəsi qabaqlaya bilər. Bu gün Rusiyadakı həmyerlimiz Vahid Ələkbərovun qədim pullar kolleksiyası bütün dünyanı heyrətə salmaq gücündədir. Məni sevindirən odur ki, keçən əsrin 90-cı illərinə qədər kolleksiyaçılar arasında milliyyətcə azərbaycanlı olanları barmaqla sayırdılarsa, bu gün biz tarixi irsimizin əsil sahibləriyik”.

Həmsöhbətimiz vurğulayır ki, indiyə qədər topladığı əşyaların birini belə satmayıb: “Vaxt var idi ki, Azərbaycana aid əşyalar Ukrayna kolleksionerləri üçün dəyərli sayılmırdı. 1990-cı illərdə Azərbaycanı tərk edən ermənilər öz kolleksiyalarını Ukrayna bazarlarına çıxarırdılar. Onların arasında işğal olunmuş ərazilərimizdən qarət edilən əşyalar da vardı. Mən qədim sikkələrimizin xeyli hissəsini Ukraynada əldə etmişəm. Artıq internetin bu sahəyə müdaxiləsi əşyaların real qiymətləndirilməsinə imkan yaratsa da, hələ də bizə aid bir çox tarixi əşyaları müvafiq qiymətə almaq mümkündür”.

“Ukraynada kolleksiyalarımın sərgisini keçirmək niyyətindəyəm”

Soydaşımız Ukraynada kolleksiyalarının sərgisi keçirmək istəyində olduğunu və bunun üçün real işlər görüldüyünü bildirib.

“Mən kolleksiyamı tədricən Dneprdən Kiyevə köçürürəm. Səfirliyimiz və diaspor mərkəzi orada yerləşdiyindən Kiyev kolleksiyamın nümayişi üçün daha əlverişli məkandır. Məsələn, mənim "Manatdan manata" kolleksiyamda 1918-ci ildən bu günədək üzərində manat sözü yazılmış 100-ə qədər banknot var. Belə sərgi istənilən bayramın bəzəyi ola bilər. Onu da qeyd edim ki, nadir kitab nümunələri və birinci Qarabağ müharibəsinə dair 1988-1994-cü ili əhatə edən mətbu yazıların mükəmməl arxivi maraqlanan hər kəsin üzünə açıqdır”, - deyə E.Tağıyev əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.