Rəşad Sadıqov: "Sona yaxın biz daha uğurlu olduq və çempionluğu əldə etdik"

6-05-2019, 00:58           
Rəşad Sadıqov: "Sona yaxın biz daha uğurlu olduq və çempionluğu əldə etdik"
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın XXVII turunda evdə "Səbail"i 4:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirib.

"Report" xəbər verir ki, təcrübəli müdafiəçi öncə çempionluq barədə fikirlərini söyləyib.

- Ötən tur “Neftçi” ilə xal fərqimiz 5 oldu və bu tur çempionluq öz əlimizdə idi. Desəm ki, bu tur çempion olacağımızı gözləyirdim, yalan olar. Ancaq şükürlər olsun ki, 1 tur əvvəl çempion olduq. Çox xoş hisslərdir. "Qarabağ” azarkeşlərini təbrik edirəm. Futbol ictimaiyyətini də təbrik edirəm. İki komanda arasında maraqlı və gərgin mübarizə getdi. Son tura kimi çempionluq yarışı davam edirdi və hər iki komanda idman prinsiplərinə riayət etdi. Sona yaxın biz daha uğurlu olduq və çempionluğu əldə etdik.

Futbol ictimaiyyəti çempionluğun son turda – “Neftçi” – “Qarabağ” oyununda bəlli olmasını arzu edirdi...

- Biz bu barədə düşünmürdük. 7-8 tur əvvəl biz 3 xal geri qalırdıq və şəxsi oyunlarda vəziyyətimiz yaxşı deyildi. Son tura qalsaydı, 2 top fərqi ilə qalib gəlmək məcburiyyətində idik. Hər kəs istəyər ki, daha tez çempion olsun. “Neftçi”nin “Sumqayıt”la oyunda uduzması bizim üçün gözlənilməz oldu.

Azərbaycanda “Qarabağ”ı üstələyə biləcək komanda yoxdur? - Elə deməzdim. Bu il hər iki komanda çempionluğa yaxın idi. Son tura kimi mübarizə getdi. “Neftçi” çempion olsaydı, onları təbrik edəcəkdik. Xırda səhvlər həlledici oldu. Biz sonda daha az səhv etdik.

- Bu mövsüm “Neftçi”yə qalib gələ bilməmisiniz. Çempionluq sizə onları məğlub etmək üçün motivasiya verəcək?

Məncə çempionatın sonu önəmlidir. Əsas qalib olmaqdır. Heç vaxt hesablamıram ki, kimi neçə dəfə udmuşuq və ya şəxsi oyunlarda vəziyyət necədir. Bu, kubok oyunu deyil. Çempionatdır və əsas odur ki, sonda qalib olasan.

- Çempionluq oyunu olsa da, azarkeşlər az idi...

Az olduqlarını deməzdim. Gələnlər sağ olsunlar. Avrokuboklarda bilirik ki, lazım olan dəstəyi bizə verirlər. Nə vaxt ehtiyacımız olubsa, yanımızda olublar. Onları da təbrik edirəm. Gərgin mövsüm keçdi.

Gələn mövsüm sizi “Qarabağ”da görəcəyik?

- Bütün fikrimi çempionata kökləmişdim. Bununla bağlı yaxın günlərdə qərar verəcəyik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.