"Kimlərsə ordan-burdan pul tapıb kitab çıxarır və gətirib adama zorla verir ki...”

16-05-2019, 20:55           
"Kimlərsə ordan-burdan pul tapıb kitab çıxarır və gətirib adama zorla verir ki...”
“Bizə yüz il əvvəldən oxumağı öyrətməyə çalışırlar, bu bizim milli problemimizdir..."


Bu gün yazıçı və oxucu arasında mübahisəli məqamlar var. Yazıçı deyir oxucu yoxdur. Oxucu da yazılan əsərlərin onu qane etmədiyini bildirir.

Bəs günah kimdədir?

Moderator.az-ın sualını yazıçı İradə Tuncay cavablandırdı. İ.Tuncay bildirdi ki, oxumamağın günahını hələ ki, heç kimin üstünə yıxmaq niyyətində deyil və sanki qayğılar insanları kitabdan uzaqlaşdırıb:

“Bu barədə fikirləşirəm, amma qınaq axtarmaq istəmirəm. Mənə elə gəlir ki, dövr bir az qarışıqdı. İnsanlar informasiyayla, qayğılarla çox yükləniblər. Özünüz də şahidi olursunuz ki, hər hansı bir yazının ancaq başlığına görə fikir yürüdürlər. Yazının içində bəlkə də başlıqdakının tam əksi yazılıb, amma heç bununla maraqlanan yoxdur. 5-6 min işarəlik yazını oxumaq istəmirlər, səbəbi bilmirəm nədir, sanki özlərini yükləmək istəmirlər. Özünü yükləmək istəmirsənsə, onda niyə fikir yürüdürsən? Bu qəzet informasiyasına aiddirsə, kitablara gəldikdə insanlar ümumiyyətlə, bununla maraqlanmırlar. Deyə bilmərəm ki, bu gün yazılan əsərlərin hamısı şedevrdi, dünya ədəbiyyatına taydı. Amma indi soruşsan ki, düya ədəbiyyatını oxumusan görəcəksən ki, bundan da xəbərləri yoxdur. Oxumamaq bizim birinci bəlamızdır. Bizə yüz il əvvəldən oxumağı öyrətməyə çalışırlar. Necə ki, M.Ə.Sabir deyirdi ki, “Oxutmuram, əl çəkin!”, yəni bu problem bizim milli problemimizdir. İndi günahı kiminsə üstünə qoya bilmərəm. Bu gün bir şey də var ki, kimlərsə ordan-burdan pul tapıb kitab çıxarır və gətirib adama zorla verir ki, əvəzində şirinlik ver!”.

İ.Tuncay bir neçə gün öncə imza günü keçirilən şair Ramiz Rövşənin izdihamlı təqdimatına da münasibət bildirib:

“Təbii ki, Ramiz Rövşən sevilən imzalardan biridir. İnsanların böyük əksəriyyəti, xüsusən də gənclər onun sevgi şeirlərini əzbər bilirlər. Bir sətirindən bilirsən ki, bu şairdir. İlk anda deyəndə şair olduğu yadına düşürsə, şair odur. Yəni zorla kimisə adama şair kimi sırımaqla deyil. R.Rövşən iyirminci əsr ədəbiyyatımızın böyük sütunlarından biridir. Amma bu yenə də bizim oxumamaq dərdimizə əlac olmur. Bir vaxt oxumaq həvəsi var idi, amma elə bilki onu öldürdülər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.