“Kim sübut edə bilər ki, filankəs filankəsdən güclü vətənpərvərdir, bunu kim ölçür?"

20-05-2019, 10:51           
“Kim sübut edə bilər ki, filankəs filankəsdən güclü vətənpərvərdir, bunu kim ölçür?"
“İnsan əsl qiymətini almayanda sınır, ruhdan düşür. Lakin hamımız onu da bilməliyik ki, nəyə görəsə əvəz gözləmək lazım deyil”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca deyib. X.Qoca bildirib ki, bir qrup insanlar var ki, özlərini yalnış olaraq millətə vətənpərvər kimi “sırımağa” çalışırlar:

“Milli Məclisin deputatı Fazil Mustafanın hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıya fəxri ad verilməsi məsələsini qaldırması xoşməramlıdır. Şəmistanı mən də sevirəm və qiymətləndirirəm. O, doğrudan da vətənə, torpağa bağlı bir insandır, insanlarda da bu gözəl hissi oyada bilir. Lakin Aqil Abbas demişkən, fəxri ada çox insanlar layiqdir. Çox zaman da layiqlilər unudulur. Bu da insanlara pis təsir edir. İnsan əsl qiymətini almayanda sınır, ruhdan düşür. Lakin hamımız onu da bilməliyik ki, nəyə görəsə əvəz gözləmək lazım deyil. Hamı vətən üçün nə isə edir və ya etməlidir. Özünü vətənpərvər kimi qələmə verən və ya istəyən çoxlu adam var. Bu günlərdə sosial mediada bir fotoşəkil gördüm. Bir qız Azərbaycan bayrağına sarılıb, Məşədi İbad demişkən, yanında da bir oğlan var. Hamı bunlara vətənpərvər kimi rəylər yazır. Mən də yazdım ki, "hə, nə olsun? Nə, demək istəyirsiniz?" Biri də mənə yazdı ki, "ayaqlarının altına baxın". Baxdım, gördüm erməni bayrağının üstündə dayanıblar. Yenə soruşuram: Nə olsun? Belə şəkli hər kəs çəkdirə bilər. Bu vətənpərvərlik və ya qəhrəmanlıq deyil, axı! Amerika kimi böyük dövlətin bayrağını yandıranlar, təhqir edənlər var, nə olsun, axı? Əvvəla, heç bir millətin, dövlətin bayraqlarının təhqir olunması şücaət deyil! Sonra da ki, ermənilər hər gün bizim bayrağımızı tapdaq altına salır, torpaqlarımızı alıblar, qız-gəlinlərimizin namusuna toxunublar! Belə bir halda yalançı vətənpərvərlik qəbul olunmaz! Vətənpərvərlik işdə, əməldə olmalıdır ki, bunu da görməmək mümkün deyil. Mənim nəzərimdə yalançı vətənpərvərlik fırıldaqçılıq kimi bir şeydir!”

Yazıçı bildirib ki, vətənpərvərliyin ölçüsü olmur və bu cür bölgülər aparmaq yalnışdır:

“Kim sübut edə bilər ki, o, məndən daha yaxşı vətənpərvərdir və ya filankəs filankəsdən güclü vətənpərvərdir? Bunu kimlər ölçürlər, hansı formada ölçürlər, nə ilə, necə ölçürlər? Bu sualla bir neçə deputata, tanınmış şəxslərə müraciət etmişəm, heç kim cavab verə bilməyib! Bəs onda Milli Məclisin təsis etdiyi 1-ci, 2-ci, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini necə başa düşək? Məsələ burasındadır ki, ordenin üstündə dərəcələr yazılmır, sadəcə "Vətənə xidmətə görə" yazılır! Bəli, belə anlaşılmazlıqlar Sovet dövründən qalmadır. O zaman müharibədə döyüşənlərə müxtəlif dərəcəli orden, medallar verərdilər. Gəlin, Sovetin "şinelindən" yavaş-yavaş çıxmağa çalışaq. O zamanın müsbət cəhətlərini danmaq fikrimiz yoxdur, amma baxıram ki, Sovetdən qalan bəzi "ənənələr" hələ də qorunub saxlanır, bütün dünya inkişaf edir, Sovet ölkələri isə hələ də dünyadan geridə qalır. Bəzi məsələlər düzəlmir ki, düzəlmir! Onu da deyim ki, təltiflərə sərəncam verənlərdə heç bir səhv axtarmaq lazım deyil, səhvlər təltif olunanları təqdim edənlərdə olur. Bu məsələyə diqqətlə, ədalətlə yanaşmaq hər bir idarənin, təşkilatın rəhbərinin üzərinə düşür. Baxın, onda heç kim unudulmur, heç kim yaddan çıxmır. Bir də unudulmaz şairimiz Cabir Novruz demişkən: "Vaxtında qiymət verin insanlara..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.