“İsgəndər Həmidov ölkəni tərk etməzdən öncə mənə dedi ki...”

22-05-2019, 12:55           
“İsgəndər Həmidov ölkəni tərk etməzdən öncə mənə dedi ki...”
Xəbər verildiyi kimi, mayın 19-da axşam saatlarında sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin üzvü, general-leytenant İsgəndər Həmidovun anidən vəziyyəti pisləşib. Sabiq nazir şiddətli ürək ağrıları səbəbindən xəstəxanaya yerləşdirilib. Həkimlər təkidlə onu əməliyyat etmək istəyiblər. Lakin ailə üzvləri və yaxın qohumları buna imkan verməyiblər. Belə ki, İsgəndər Həmidovun yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xaricə aparılmağı məqsədəuyğun sayılıb.

Bundan sonra İsgəndər Həmidov müayinə olunmaq üçün Türkiyəyə aparılıb. AXH İdarə Heyətinin üzvü Ağasif Şakiroğlunun “Yeni Müsavat”a verdiyi məlumata görə, sabiq nazirin qardaş ölkədə müayinələri aparılır və müalicə olunacaq.

Bəs İsgəndər Həmidovun ölkədə olmaması rəhbərliyində təmsil olunduğu Azərbaycan Xalq Hərəkatının işinə və mitinq hazırlıqlarına mənfi təsir edə bilərmi?

Ağasif Şakiroğlu bildirdi ki, İsgəndər Həmidov Türkiyədə müalicə olunur. Onun Azərbaycanda olmaması AXH-nin mitinqinin möhtəşəm alınmasına heç bir maneə yaradası deyil: “Biz AXH-ni təsis edəndə dəfələrlə bu məsələlər hərtərəfli ölçülüb-biçilib. Hətta AXH təsis ediləndə təsisçilərini həbs edirdilər ki, bu prosesi dayandırsınlar. Biz bir-birimizə söz verdik ki, kimlərsə həbs edilsə belə, hətta ölsə belə, bu proses dayanmamalıdır. İsgəndər Həmidov müalicə üçün ölkəni tərk etməzdən öncə də mənimlə danışdı. Mənə zəruri hesab etdiyi düşüncələrini söylədi. Davamlı olaraq prinsipial mövqedən bir addım belə geri çəkilməməyi, atılacaq bütün addımların dinc və konstitusiya çərçivəsində olmalı olduğunu vurğuladı. İyun ayında İsgəndər Həmidovun AXH-də dönəm sədrliyi başlayır. İnşallah, müalicəsi uğurla və tez bitib qayıtsa, özü, müalicə müddəti uzansa, İsgəndər Həmidovun tapşırığına və istəyinə əsasən dönəm sədrliyini mən həyata keçirəcəyəm. Hazırkı durumda isə general Həmidova yalnız və yalnız şəfa diləyirik və onun Azərbaycanda olmamasını hiss etdirməməyə çalışırıq”.

A.Şakiroğlu son günlər AXH-nin üzvlərinə qarşı başlanan təqib və saxlanma prosesinin hələ də davam etdiyini, saxlanılanların bir çoxu barədə heç bir məlumat verilmədiyi, bir neçə saat polis şöbələrində saxlanılıb buraxılanların bəzilərinin isə mayın 21-də yenidən saxlanıldığını bildirdi: “AXH-nin İdarə Heyətinin iki üzvü – İlyas Abdullayev, Yavər Mikayılov saxlanılıb. Səbəbini isə rəsmi açıqlamırlar. AXH-də təmsil olunan GAP-ın üzvləri Kənan Manafov saxlanılıb, Mirqulam Əliyev axtarılır, Azər Bərdəli, AXH-nin Bərdə rayon şöbəsinin sədri Tahir Allahverdiyev Bərdədə polis şöbəsinə çağırılıb və ona mitinqə getməmək tapşırığı verildikdən sonra buraxıblar. AXH-nin Mərkəzi Aparatının rəhbəri Rəşid Nazim Binəqədi polisi tərəfindən saxlanılıb və buraxılıb. AXH-nin mətbuat xidmətinin rəhbəri Aslan Həmidli Binəqədi polis şöbəsinə aparılıb və 9 saat saxlanıldıqdan sonra buraxılıb. Bu siyahıda adı olanların sayı onlarladır. Biz hesab edirik ki, bu baş verənlər AXH-nin Məclisindən sonra güclənməsi, fəallaşması və mayın 25-nə təyin etdiyi mitinqlə bağlıdır. Düşünürlər ki, AXH-nin mitinqinə icazə verilməyəcəyi halda AXH icazəsiz aksiya keçirə bilər. Halbuki bizə hələ mitinqlə bağlı cavab verilməyib və AXH-nin icazəsiz mitinq qərarı yoxdur. Hələ bir cavab versinlər, sonra cavaba uyğun olaraq İdarə Heyəti toplanacaq”.

A.Şakiroğlu onu da məlumat verdi ki, mayın 21-də AXH-nin üzvü olan Azərbaycan Liberal Demokrat Partiyasının mərkəzi qərargahında həbs edilənlərin müdafiə komitəsi yaradılıb. Həbs edilənlərin müdafiə komitəsi beynəlxalq təşkilatlara, diplomatik korpuslara müraciət qəbul edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.