Elçibəyin köməkçisi 4 iyun qiyamından danışdı:"Dadaş Rzayev, Nurəddin Sadıqov, Fəxrəddin Təhməzov və Abdulla Allahverdiyev iştirak etdiyi toplantıda prezident göstəriş verib”

4-06-2019, 09:37           
Elçibəyin köməkçisi 4 iyun qiyamından danışdı:"Dadaş Rzayev, Nurəddin Sadıqov, Fəxrəddin Təhməzov və Abdulla Allahverdiyev iştirak etdiyi toplantıda prezident göstəriş verib”
4 iyun qiyamından 26 il keçir. 1993-cu ilin iyununda Gəncədə milli ordunun korpus komandiri, polkovnik Surət Hüseynovun başçılıq etdiyi 709 saylı hərbi-hissə hakimiyyətə qarşı qiyam qaldırıb. Bu günə qədər 4 iyun qiyamı ilə bağlı müxtəlif fikirlər səslənir. Səslənən iddialar və iyun qiyamının qaranlıq tərəfləri ilə bağlı “Cümhuriyət” qəzetinin suallarını Azərbaycan sabiq prezidenti, mərhum Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov cavablandırıb. Cebhe.info müsahibəni təqdim edir.



“Güc strukturlarıüzərlərinə düşən vəzifəniyerinə yetirmədilər”

-Oqtay bəy, 4 iyun qiyamının qarşısını almaq mümkün idimi?

-Əgər güc strukturları prezidentə xəyanət etməsəydi, iyun qiyamının qarşısını təbii ki, almaq olardı. Bu qiyamın qarşısını almağın bir neçə yolu var idi. Bunlardan birincisi də siyasi həmrəylikdən keçirdi. Yəni hakimiyyətə müxalif olan qüvvələr siyasi mübarizə yolunu tutsaydılar və Azərbaycanda hakimiyyət dəyişikliyinin demokratik yolla, seçki yolu ilə reallaşmasının tərəfdarı olsaydılar, təbii ki, qiyam baş tutmazdı, qarşısı alınardı. Təəssüf ki, onlar fərqli yol tutdular və birbaşa hərbi qiyamı, həm də xaricdən yönləndirilən prosesi dəstəklədilər. Bu baxımdan qiyamın qarşısını almaq mümkün olmadı. Digər tərəfdən prezidentə tabe olan güc strukturları üzərlərinə düşən vəzifəni yerinə yetirmədilər. Əgər onlar öz vəzifələrinin öhdəsindən gəlsəydilər, Azərbaycan cəmiyyətindəki siyasi qüvvələr hərbi qiyamı dəstəkləməsəydi, qiyamın qarşısını almaq mümkün olardı.

“Prezidentin 709 saylı hərbi hissənin tabe olmaması ilə bağlı konkret mövqeyi olub”

-Daxili qoşunların sabiq komandanı Fəhmin Hacıyev deyib ki, qiyamı yatırmaq üçün siyasi rəhbərliyin qərarı olmalı idi, bu da yox idi. O bildirib ki, siyasi iradə olsaydı, qiyamı yatırmaq mümkün idi...

-Bununla bağlı dəfələrlə deyilib. Konkret olaraq siyasi qərar deyilən nədirsə, onu açıqlasınlar. Bir ölkənin prezidenti öz əli ilə fərman yazıb, göstəriş verməli idi ki, gedin, bu işi həyata keçirin? 1993-cü il 26 iyunda Dövlət Müdafiə Komitəsinin (Hazırda Təhlükəsizlik Şurası - müəll.) iclasında bu məsələ müzakirə edilib və prezidentin bununla bağlı göstərişi olub. Prezidentin Gəncədə yerləşən 709 saylı hərbi hissənin Müdafiə Nazirliyinə tabe olmaması ilə bağlı konkret mövqeyi olub. Bu da güc strukturlarının rəhbərlərinin iştirak etdiyi toplantıda baş verib. Müdafiə naziri Dadaş Rzayev, Silahlı Qüvvələrin Baş qərargah rəisi Nurəddin Sadıqov, milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzov və daxili işlər naziri Abdulla Allahverdiyev bu toplantıda iştirak ediblər. Fəhmin Hacıyev də daxili qoşunların komandanı kimi birbaşa Abdulla Allahverdiyevə tabe idi. Yəni burada “siyasi rəhbərliyin qərarı, göstərişi olmayıb” kimi fikirlər səsləndirmək doğru deyil.

Başda prezident olmaqla...

-Milli hökumət nümayəndələrindən kim sona qədər qiyamçılara müqavimət göstərib?

-Azərbaycan cəmiyyəti bu barədə məlumatlıdır. O dövr siyasi rəhbərlikdə təmsil olunanların əksəriyyəti, başda prezident olmaqla qiyamçılara müqavimət göstərib. Ali Sovetin sədri İsa Qəmbər istefa verənə qədər müqavimət göstərib və ondan sonrakı dövrdə də onun mövqeyi ortadadır. Digər hakimiyyət nümayəndələrinin əksəriyyəti də qiyama qarşı olublar. İndi bəziləri haqqında “sona qədər dayanmayıb”, “qiyamçılara qarşı mübarizə aparmayıb” görüntüsü yaradıla bilər, amma məncə,durum bir qədər fərqlidir.

28 aprelin davamı...

-Hadisədən 26 il ötüb. Necə hesab edirsiniz, atılan addımlar doğru idimi?

-Əvvəl onu deyim ki, 4 iyun hadisələrinə obyektiv qiymət versək, həmin qiyam XX əsrdə: 1920-ci il 27-28 apreldə baş verən hadisələrin başqa bir formada təzahürü idi. O, zaman Rusiya imperiyası Azərbaycanı açıq şəkildə işğal etməyə çalışdı. 4 iyunda isə daxildə qiyam qaldıraraq Azərbaycanın müstəqilliyinə təhlükə yaratdı. 4 iyun qiyamının qarşısını almaq üçün prezident Əbülfəz Elçibəy tərəfindən mümkün olan bütün addımlar atıldı. Belə bir atalar sözü var: “Salavat gücə bağlıdır”. Prezidentə tabe olmalı güc strukturları, xüsusilə də Müdafiə Nazirliyinin Rusiyaya bağlı rəhbərliyi əgər dövlət başçısına xəyanət edirsə, lazımı tədbirləri görmürsə, qiyamın baş tutması gözlənilən idi. Bəlkə də qətiyyətsizlik, təcrübəsizlik də özünü göstərdi, amma güc strukturları üzərlərinə düşən işləri görmədilər və faktiki olaraq həm dövlətə, həm də prezidentə xəyanət etdilər.

“Gəncədə başlanan çevriliş Milli Məclisdə yekunlaşdı”

-Belə bir fikir var ki, Elçibəy komandasına güvənmədiyi üçün hakimiyyəti ötürmək zorunda qaldı. Bu doğrudurmu?

-Bu, başqa bir mövzudur. Elçibəy hakimiyyəti ötürmədi. Sadəcə olaraq, hakimiyyət çevriliş yolu ilə Elçibəyin əlindən alınıb. Milli Məclisdə Konstitusiya pozulub, fəaliyyət göstərmək üçün yetərli sağlamlığa malik, ölkə daxilində olan prezidentin səlahiyyətləri əlindən alınıb. Gəncədə başlayan çevriliş Milli Məclisdə tamamlanıb.

Vilayət Muxtar

Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.