“Ciddi sarsıntılar gözlənilir” - Sabiq baş nazir

12-11-2015, 10:50           
“Ciddi sarsıntılar gözlənilir” - Sabiq baş nazir
AXP sədri, sabiq baş nazir Pənah Hüseynin “Yeni Müsavat”ın 10 noyabr sayındakı müsahibəsi geniş əks-səda doğurub. Partiya sədri 1 noyabr seçkilərini, seçkiləridən sonrakı durumu dəyərləndirərkən bildirib ki, Azərbaycan siyasətində yeni mərhələnin liderlərindən biri olmağa iddialıdır.

Müsahibə son günlərdə sosial şəbəkə və mətbuatın əsas müzakirə mövzularından birinə çevrilib. Hər kəsi yeni yaradılacaq hərəkatın adı, gələcək hədəfləri maraqlandırır. Qurumun yaradılmasına münasibət heç də birmənalı olmadı. Həm müsbət, həm də mənfi fikirlər səsləndi. Amma müsbət fikirlər çoxluq təşkil edir.

Pənah bəylə iddiasını ortaya qoyandan sonra yaşanan situasiya ilə bağlı söhbət etdik.

- Pənah bəy, bildiyimiz kimi, Azərbaycan siyasətində yeni mərhələnin lideri olacaq şəxslərdən biri olacağınızı elan etmisiniz. Reaksiyalar necə oldu?

- Daha dəqiq ifadə etsək, mən bu mərhələdə liderliyə iddialılardan biri kimi özümü göstərmişəm. Əsas tezis isə budur ki, indiki mərhələdə siyasi müxalifətin əsas problemi lider təşkilatın hansı təşkilat olması və liderlərin kim olmasıdır.

- İndiki mərhələ dedikdə nəyi nəzərdə tutursunuz? 2018-ci ilə qədərki dövrümü, yəni prezident seçkiləri dövrünümü nəzərdə tutursunuz?

- Siyasi planlaşdırmada seçkidən-seçkiyə qədərki dövrülükdən əl çəkmək lazımdır. Konkret bu günün, sabahın və o biri günün fəaliyyətini planlaşdırmaq lazımdır. Yeni mərhələnin isə mahiyyəti ondan ibarətdir ki, Azərbaycan daxil olduğu region və bütün dünya ilə birlikdə dərin geosiyasi, sosial-iqtisadi böhranın içinə girmişdir. Ciddi sarsıntılar gözlənilir. Bu böhran dövründən Azərbaycanı, Azərbaycan insanını, xalqı mümkün qədər az zərərlə qurtarmaq ən ciddi milli vəzifə kimi qarşıda durur. Əgər düzgün yol tapılmasa, zəruri dəyişiklik və islahatlar edilməsə, fəlakət qaçılmaz olacaq. Mənim və mənim kimi düşünənlərin, istər iqtidarda, istərsə də müxalifətdə gəldiyi qənaət ondan ibarətdir ki, bizi bu böhrandan dəyişiklik və islahatlara yönəlik ictimai-siyasi, intellektual, mədəni xalq hərəkatı qurtara bilər.

Bu hərəkatın ideyasını milli həmrəylik təşkil etməlidir. Azərbaycan naminə böhrana, sarsıntılara, korrupsiyaya, dövlət rekertinə, məmur özbaşınalığına, işsizliyə, yoxsulluğa, bahalığa qarşı, eləcə də Qarabağ uğrunda bölücülüyə, terrorçuluğa, ekstremizmə, xarici təhdidlərə qarşı milli həmrəylik olmalıdır. Bu milli həmrəyliyin siyasi əsasını Məhəmməd Əmin Rəsulzadənin “Milli Təsanüd” nəzəriyyəsi təşkil edir.

- Yeni yaradılacağının anonsunu verdiyiniz hərəkatın adı varmı?

- Fikrimcə, belə bir hərəkat yaradılacaqsa, özünün ana ideyası ilə “Həmrəylik” və ya “ Azərbaycan Naminə Həmrəylik” adlandırıla bilər. Yeri gəlmişkən, bu ideyanın adıma bağlanması qətiyyən düzgün deyil. Xatırlatdığınız müsahibədə də demişdim ki, 1 noyabra qədər bu tipli ideyalar cəmiyyətin geniş kəsimlərindən, hətta özünü yeganə müxalifət adlandıran Milli Şura düşərgəsindən, Müsavat Partiyasından, gənclik hərəkatı liderlərindən səsləndirilib.

- Hərəkat yaradılması istiqamətində digər siyasi qurumlarla danışıqlar aparılırmı?

- Hələlik siyasi müxalifət düşərgəsindən susqun, ehtiyatlı münasibət üstünlük təşkil edir. Daha çox müraciət edənlər, maraqlananlar gənclər və milli demokratik düşərgənin veteranlarıdır. Yaxın vaxtlarda mütəşəkkil məsələhətləşmələrin aparılacağını gözləmək olar.

- Yaradılacağı ehtimal olunan yeni hərəkat hazırda sizin də təsisçisi olduğunuz “Azadlıq 2015" seçki blokunun üzərindənmi qurulacaq?

- “Azadlıq 2015" çox böyük ehtimalla tarixə qovuşacaq. Mənim də tərəfdar olduğum odur ki, son 1 ildə ”Azadlıq 2015"in də iştirakçısı olduğu kurs, iqtidarla dialoq kursu bu hərəkatda da saxlanılsın. Lakin bu məsələ kifayət qədər problemli məsələdir. Məncə, milli həmrəylik çərçivəsində reallaşdırıla biləcəksə, hansısa formada həmin kursun saxlanılacağına güman var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.