"Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz" - Nazim Süleymanov

9-07-2019, 20:12           
"Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz" - Nazim Süleymanov
Azərbaycan futbolunun əfsanəsi Nazim Süleymanov "Sputnik Azərbaycan"a müsahibə verib.

Teref.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan futbol klublarının bu il avrokuboklardakı rəqiblərini dəyərləndirərdiniz. Sizcə klublarımızın şansı nə qədərdir?

- İlk olaraq "Qarabağ" haqda danışaq. Qeyd edim ki, avrokuboklarda "Qarabağ"ın uğurlu çıxışı legionerlərin hesabınadır. Onların artıq bir neçəsi klubu tərk edib. Son təlim məşq toplanışlarında klubumuz bir oyun məğlub olub, bir oyun isə heç-heçə edib. Amma bu nəticələr də dəqiq nəsə deməyə imkan vermir. İlk rəsmi oyun bildiyimiz kimi "Partizani" (Albaniya) klubu ilədir. Albaniya futbolu hal-hazırda yaxşı vəziyyətdədir. Elə hesab etməyək ki, "Ağdamlılar"a asan klub düşüb. Məncə çox çətin oyun olacaq. Təbii, istərdik ki, "köhlən atlar" yenə bizi sevindirsin.

"Neftçi" futbol klubu isə ilk turu keçməyə məhkumdur. İlk rəqibimiz Moldovanın "Sperantsa" klubudur. Moldova futbolu bütün parametrlərinə görə bizdən geri qalır. Əgər "Neftçi" bunu bacarmasa, Borodinin gəlməyi nəyə lazım idi, transferlər nəyə lazım idi, bu qədər maliyyə, bu qədər qayğı nə üçün idi?! "Səbail" klubu avrokuboklarda ilk dəfə gücünü sınayacaq. Bu klubla bağlı nəsə təxmin etmək çətindir. Klub özü də açıqlamasında bildirib ki, ən çətin rəqib bizə düşüb. Buna baxmayaraq mən inanıram ki, "Səbail" tarix yaza bilər. İlk dəfə çıxış etsin və ilk dəfə qələbə qazansın.

"Qəbələ" klubu haqqında bir az geniş danışmaq istərdim. Klubun infrastrukturu qurulub, akademiyası, məktəbi var. Bütün yaş qrupları ən yüksək səviyyədə təlim məşq toplanışları edə bilir. "Qəbələ"nin əvəzedici heyəti var. Bilirsiniz ki, əvəzedici heyət ötən mövsüm ikinci liqada çıxış etməkdən imtina etdi. Məncə, düz də etdi. Əgər oynayıb yüksək nəticə göstərib yüksək liqada təmsil olunmayacaqsa, onda nəyə lazım idi bu boyda həngamə? Bunun adı baş aldatmaqdır. Klubun prezidenti istefa verdi. Bir neçə güclü oyunçusu "Qəbələ"ni tərk etdi. Yəqin ki, Gürcüstan klubu ilə qarşılaşacaq. Ümid edək ki, klub nəticə göstərə biləcək. Bilirsiniz, əsas məsələ UEFA-da reytinq xalımızın artırılmasıdır. Tək "Qarabağ"la bunu bacarmayacağıq. Ona görə də, "Qəbələ"yə də diqqət ayrılmalıdır.

- Bir az ölkə çempionatından danışaq. Yüksək liqamızda 8 klub iştirak edir. Vaxtı ilə 24 klub mübarizə aparırdı.

- Çox düzgün vurğuladınız - 8 klub. Bunların da altısını AFFA maliyyələşir. Hanı “Kəpəz”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Karvan”, “Şahdağ”, “Turan” və digər klublar? Bunların hər biri futbolumuzun bir rəngi idi. Məgər ölkə çempionatı tək Bakıdan ibarətdir? Sonra da deyirlər yığma komanda oynamır. 8 klubdan seçim etməyə yetəri qədər futbolçu yoxdur.

- Yeri gəlmişkən, yığma komandanın son oyunları haqqında çox müzakirələr aparılır. Hərə günahı fərqli yerdə görür - futbolçularda, məşqçidə, AFFA-da və s. Siz necə fikirləşirsiz, müqəssir kimdir?

- Xaricdən kimi istəyirsən gətir, məşqçi kimi bu cür sistemlə yığma komanda formalaşdımaq qeyri mümkündür. Bu cür oyunla Avropa çempionatına vəsiqə qazanmaq mümkünsüzdür. Ortaya sual çıxır: əgər bu cür olacaqsa, xaricdən məşqçi gətirmək nəyə lazımdır? Bu qədər vəsait niyə xərclənməlidir? Olmaz ki, bu vəsait elə yerli məşqçilərə ayrılsın? Nazim Süleymanov danışır deyə, onu gətirək söhbəti deyil. Bizim PRO kateqoriyalı nə qədər məşqçimiz var. O maliyyənin üçdə birini onlara versək, görün necə can yandırarlar! U-21 komandamızın Lixtenşteynə məğlubiyyəti aidiyyəti adamlara bir siqnal olmalıdır. Eyni zamanda bölgə futbolu inkişaf etməlidir. Bu olmasa futbolçuları haradan yığaq, haradan cəlb edək? Xaricdə oynayan elə də çox futbolçumuz yoxdur. Ölkə çempionatında iştirak edən klublar müstəqil olmalıdır. Klubları yaxşı saxlaya biləcək insanlar var. Sadəcə onlara imkan verilmir. Baxın, 2 milyon əhalisi olan Kosovonun 12, 500 minlik Maltanın 14, qonşu Gürcüstanın 10 klubu yüksək liqada iştirak edir. İkinci liqamızda vəziyyət lap biabırçıdır. Qalib olan komanda yüksək liqaya vəsiqə qazanmır. Bu o deməkdir ki, futbolun inkişafına gedən yolun qarşısını alırıq. Bir sözlə problem qərar verənlərdədir. Ona görə də yığma komandanın məğlubiyyəti bu gün deyil, daha əvvəldən başlayır.

- “Sumqayıt” futbol klubunda bir müddət baş məşqçi kimi fəaliyyət göstərdiniz. Amma qısa bir zamanda klubdan ayrıldınız. Səbəb nə idi?

- Ayrılmağa səbəb odur ki, klubun rəhbərliyi futbol yox, başqa şeylər haqqında fikirləşir. Futbolçu öz potensialını göstərmək üçün gücünü, ağlını, bacarığını yaşıl meydanda sərf etməlidir. Amma təəssüflər olsun ki, Azərbaycanda elə futbolçular var ki, meydançada yox ondan kənarda "oynayır". “Sumqayıt” mənimlə müqavilə imzalayır, az sonra deyir ki, “bağışla, sənə yaxşı yol”. Bəli, deyə bilərsiniz ki, özün yazmısan ərizəni. Amma mən ərizəni yazmasaydım, növbəti oyunu 7:0 "uduzacaqdım". Yəqin nə dediyimi anlayırsınız. “Səbail”lə səfərdə oynayırdıq. 15-ci dəqiqədə 2:0 geridəyik. Hələ bir penalti zərbəsini də rəqib qapımıza vura bilmədi. Bilirsiz bu nə deməkdir? Bu futbolda başqa şeylərdən xəbər verir.

- Sizdən əvvəl Samir Abbasov da narazı getdi

- Baş məşqçinin çantası həmişə yanında olmalıdır. Mən böyük həvəslə “Sumqayıt”a gəldim. Samirin yenə bir neçə il imkanı oldu klubu formalşdırmağa. Mən gələndə isə artıq nə transfer etmək mümkün idi, nə də dəyişiklik. Hansı ölkədə klub prezidenti həm də menecerdir? Amma bizdə var. Məgər “Sumqayıt” zəif oynayırdı ki, məni uzaqlaşmağa məcbur etdilər? Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz. Hər bir kəs futbol üçün işləməlidir. Öz şəxsi mənafeləri kənara qoymaq lazımdır.

- Həmişə müzakirə olunan mövzulardan biri də sizin Valeri Qazzayevlə aranızda olan soyuq münasibət olub. Buna bir açıqlama verərdiniz.

- Valeri Qazzayev Rusiyada ən yaxşı iki məşqçidən biridir. Bəlkə də birincisidir. Aramızda soyuq münasibətin olmasını mən də təsdiq edirəm. Amma buna səbəb var idi. Bildiyiniz kimi o zaman mən Azərbaycan yığma komandasının kapitanı idim. Azərbaycan Fransa ilə oynamalı idi. Valeri Qazzayev mənim yığmaya getməyimin qəti əleyhinə çıxdı. Dedi ki, mən bu məsələ ilə bağlı sizin federasiya ilə danışacam. Mən həmin 10:0 məğlubiyyətində iştirak etmədim. Mənə icazə verilsəydi, bəlkə də hesab başqa cür olacaqdı. Bu azmış kimi o vaxtı AFFA rəhbəri Fuad Musayev UEFA-ya müraciət edərək məni cəzalı duruma saldı. “Alaniya Vladiqafqaz” klubunda mən bir neçə oyun diskvalifikasiya olundum. Növbəti oyunlarda məni ehtiyat oyunçular skamyasında saxladı. Oyun zamanı azarkeşlərin etirazı o qədər güclü olurdu ki, məcbur olub son 20 dəqiqədə dəyişiklik edərək məni oyuna salırdı.

- Hazırda nə ilə məşğulsunuz?

- Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını yaratmışıq. “Sumqayıt”da mənim başıma bu oyunlar gətirildikdən sonra qərara aldıq ki, ittifaq kimi fəaliyyət göstərək. Azərbaycanda yerli məşqçi və oyunçuları klubdan birtərəfli çıxarırlar. Amma xarici futbol mütəxəssisləri, həkimləri, oyunçuların müqavilələrinə xitam verilsə də, onlara axırıncı qəpiyə qədər ödəniş edilir. İstəyimiz bizlərə qaşı haqsızlığın qarşısını almaqdır. Məsələ ilə bağlı AFFA-nın katibi Elxan Məmmədovla da görüşmüşük. Bizim bu təşəbbüsümüzü müsbət qiymətləndirdi. Qeydiyyat məsələsində dəstək olacağını söylədi. Bu işdə mənimlə birlikdə Samir Ələkbərov, Novruz Əzimov, Səmədağa Şıxlarov, Əfqan Talıbov, Babək Alxasov, Nadir Şükürov və digər şəxslər var. Biz birlikdə Gəncə, İmişli. Masallı, Buzovnada futbol ictimaiyyəti ilə görüşdük. İlk növbədə əsas məqsəd genişlənmək və daha sonra konfrans keçirməkdir.

- Olduğunuz yerlərdə hansı problemləri gördünüz?

- Ürək ağrısı ilə qeyd edim ki, Masallıda futbol məktəbi acınacaqlı vəziyyətdədir. Uşaqların məşq etməsi üçün top yoxdur. Buzovnanın o cür təlim məşq toplanışı nə gündədir. İmişlidə qapının toru yoxdur. 21-ci əsrdə Azərbaycanın bölgələrində futbol bax bu vəziyyətdədir. Əvvəllər maliyyə yox idi, qəbul etmək olardı. Bəs indi? Bu qədər maliyyənin olduğu vaxtda niyə bu problemlər həllini tapmır? Bizim məqəsdlərimizdən biri də bu problemləri araşdırmaq üzə çıxarmaq və həll olunmasına yardımçı olmaqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.