"Azəriqaz"ın keçmiş idarə rəisi: "Elə bir üsul var ki, sayğaclara özünüz də müdaxilə edə bilərsiniz"

25-07-2019, 00:24           
"Azəriqaz"ın keçmiş idarə rəisi: "Elə bir üsul var ki, sayğaclara özünüz də müdaxilə edə bilərsiniz"
Nüsrət Qasımov: "Müxtəlif üsullarla elə etmək olur ki, sayğac az yazsın"

İşıq, qaz və su sayğaclarına müdaxilə olunması ilə bağlı zaman-zaman şikayətlərə rast gəlirik. Bu məsələdə vətəndaşlar müvafiq qurumları, qurumlar isə vətəndaşları ittiham edir. Çünki ağıllı sayğaclara və ya sayğacların informasiya sisteminə müdaxilə ilə bağlı kifayət qədər şübhədoğuran faktlar qeydə alınır.



“Azəriqaz” İstehsalat Birliyinin sabiq idarə rəisi Nüsrət Qasımovla bu şübhələrə AYNA tutmağa çalışdıq.



- Nüsrət müəllim, birbaşa mətləbə keçmək istəyirəm. Sizcə, sayğaclara müdaxilə etmək mümkündürmü?



- Sayğaclara müdaxilə olunması faktdır. Bir ara Xəzər rayonunda bir dəstə dələduz peyda olmuşdu. Abonentləri aldadırdılar ki, “pul verin, sayğacınızı elə düzəldək ki, az yazsın”.

- Bunun səbəb və ya səbəbləri nədir? Məşhur filmdə deyildiyi kimi: “İndi siz deyin, kimdir müqəssir?”



- Dünyanın heç bir sivil ölkəsində, heç Mozambikdə belə, limit məsələsi yoxdur. Limit azad bazar iqtisadiyyatına, açıq bazar prinsiplərinə, tamamilə ziddir. İnsanlar kustar üsullarla düzəldilmiş müxtəlif qızdırıcılardan istifadə etməyə məcbur olurlar deyə, limiti tez keçirlər. Belə olan halda da göstərilən sərfiyyatı qarşılaya bilmirlər. Ya məcbur olub, əllərinə balta alaraq həyət-bacadakı ağacları qırmalıdırlar, ya da oğurluq etməlidirlər. Çünki indiki əməkhaqqı, pensiya ilə 20 qəpikdən qazpulu ödəmək mükün deyil.



Bu problemi aradan qaldırmaq üçün limit məhdudiyyəti ləğv olunmalıdır. Onsuz da ağıllı adam qazı, işığı israf etmir. Limit ləğv olunsa, həm dələduzlar ləğv olunacaq, həm də əhali oğurluğa getməyəcək. Bu gün deputatın oğlu 10 min manatlıq qaz oğurluğunda ittiham olunur. Əgər deputatın oğlu bunu edirsə, görün "qara camaat" nə qədər oğurlayacaq.



- "Azərişıq" yenidən 5 milyon manatlıq smart-kart tipli sayğaclar sifariş verib. Sizcə, buna ehtiyac var idimi?



- O vaxt “Moskviç”, “Zaporeje” sürürdülər, indi isə “Mercedes”i bəyənmirlər, “Gelenvagen” alırlar. Sayğac məsələsi də belədir, zamanla daha yenilərinə ehtiyac yaranır. Bir vaxtlar Çin istehsalı olan sayğaclar quraşdırılırdı. Onda vəziyyət daha bərbad idi. Sonra mexaniki sayğaclar gətirildi. Onu quraşdıran şirkət də abonentləri aldadırdı, “pul verin, sizə elə sayğac qoyaq ki, az yazsın”, - deyirdilər. Sayğacın plastik borusunu gözlə görünməyən yerdən deşirdilər, sonra qaz şirkəti də onu aşkarlayıb abonenti cərimələyirdi.



- “Azəriqaz”da işləyən bir nəfərdən eşitmişəm ki, “Azəriqaz” özu sayğaclara müdaxilə edir. Guya sayğacların içindəki çarxları çıxarıb, yerinə balacasını qoyurlar ki, çarx tez fırlansın. Bu, nə qədər həqiqətə uyğundur?



- Onu kim deyirsə, ya savadsızdır, ya da təxribatçı. Sayğacın bütün detallarının öz ölçüsü var ki, azacıq toxunanda sayğac, ümumiyyətlə işləmir. Belə hal olsaydı, “Azəriqaz”ı məhkəməyə verərdilər.



- Bəlkə “Azəriqaz”ı müdafiə edirsiniz?



- Mən hazırda “Azəriqaz”da işləmirəm, oradan alacağım, umacağım da yoxdur. Mən həqiqəti deyirəm, “Azəriqaz” heç zaman belə işlərə getməz. Əksinə, “Azəriqaz” oğurluğun qarşısını almaq, fəaliyyətini şəffaflaşdırmaq üçün milyonlarla vəsait xərcləyir, modernləşdirilmiş sayğaclar alır. Bu sayğaclara müdaxilə etmək isə, demək olar ki, 0-a enir.



- Axı bu, həqiqətdir ki, “Azəriqaz”ın işçiləri sayğaclara müdaxilə edə bilirlər. Siz niyə etiraf etmirsiniz?



- Ola bilər. “Azəriqaz”ın hansısa tamahkar, dələduz, ağılsız işçisi bu işə əl atar. Ancaq dərk etmir ki, ev yiyəsindən sayğaca kimin müdaxilə etdiyini soruşanda, dərhal onu ələ verəcək. Nəticədə də ya cinayət məsuliyyətinə cəlb olunacaq, ya da işdən qovulacaq.



- Bəs, işıq və su sayğaclarına necə, müdaxilələr mümkündürmü?



- İşıq sayğacına müdaxilə etmək mükündür. Birbaşa sayğacın özündən yox, ancaq müxtəlif üsullarla elə etmək olur ki, sayğac az yazsın. Onu da açıqlaya bilmərəm, dələduzlar o üsullara əl atarlar.



- O zaman bəlkə, müsahibədən sonra bizə də həmin üsulları öyrədəsiniz? Təbii ki, zarafat edirik...



- Siz zarafatla deyirsiniz. Ancaq bəzi saytlar axmaqcasına bu barədə yazılar yayımlamışdı. Abonentlərə sayğaca müdaxilə etməyin üsullarını izah etmişdilər.



- Bir qədər də qazın keyfiyyəti barədə danışmaq istərdim. Azərbaycan qazının tərkibinin zəhərli olması barədə deyilən fikirlər doğrudurmu?



- Bu fikir, tamamilə absurddur. Ancaq kimya elmindən xəbəri olmayanlar bunu deyə bilərlər. Dünyada ən keyfiyyətli qaz Azərbaycanda çıxır.



- Bəs nəyə görə qazan və çayniklərin altı qaralır?



- O, istifadə etdiyimiz qaz cihazlarının günahıdır. Həmin cihazlara, heç olmazsa, 6 aydan bir profilaktik xidmətlər göstərilməlidir. Yemək, çay daşanda və ya qaz sobası təmizlənəndə sobanın gözü tutulur. Əvvəlcə qazın təzyiqi aşağı düşür, sonra da qaz-hava qarışığı düzgün getmir. Hava çatmayanda da orada his, uqar yaranır. Yaranan karbon monoksid də insanların həyatına son qoyur. Həmçinin, 30-40 ildir tüstü bacaları təmizlənmir. Tüstü bacaları da çəkməyəndə külək "uqar"ı içəri vurur, nəticədə də hamamda çimən şəxs zəhərlənib ölür.



- İranda, xüsusilə Ərdəbildə evlərdə qazla yanan lampalar var. Ancaq evlərə, həmçinin insanların sağlamlığına əsla zərər vermir.



- Həmin lampalara qaz çox aşağı miqdarda, şam işığı kimi verilir deyə, zərəri olmur. Qapı-pəncərə də tez-tez açılır, yaranmış karbon monoksid bayıra çıxır. Həmçinin, İranda evlərdə güclü havalandırma sistemi mövcuddur. İranda da bizdəki kimi kombi, qaz kalonkası, ceyran peçi yansa, orda da qazdan zəhərlənmə halları çox baş verər.



- Qazın tərkibinə həddindən çox hava vurulması barədə də fikirlər səsləndirilir. Bu barədə nə deyərdiniz?



- Bu fikirlər gülməlidir. Təəssüflər olsun ki, belə əssasız fikirləri bizim “başbilənlərimiz” də ara-sıra səsləndirir. Azərbaycan bütün Avropaya qaz satır. İndi belə çıxırı ki, biz bütün xarici ölkələrə zəhərli, keyfiyyəti aşağı qaz satırıq?



- Elə məsələ də budur. İddia olunur ki, keyfiyyətli qaz xaricə satılır, əhaliyə isə zəhərli, keyfiyyətsiz qaz verilir...



- Qaz eyni yerdən çıxır, axı. Onu kim zəhərli və zəhərsiz hissələrə bölə bilər ki? Əksinə, qazın tərkibindəki bəzi komponentlər təmizlənir ki, normal yansın. Mən hər zaman elə əsassız fikirləri səsləndirənlərin cavabını vermişəm. Haqsız olsaydım, biri qalxıb məni məhkəməyə verərdi və cinayət məsuliyyətinə cəlb edərdilər. Mənim öv evimdə də kustar üsulla düzəldilmiş qaz sobaları var. Ancaq mən o sobalara ekonomik cihazlar quraşdırmışam ki, problem yaratmır.



- Axı, hər adam onu bacarmır...



- Bütün avadanlıqların təmiri üçün xüsusi servis xidmətləri olur. Təəssüflər olsun ki, qaz sobalarının servis mərkəzləri yoxdur. Aldığımız qaz sobasını küçədən keçən ustaya qoşdururuq, zəmanət də verilmir. “Azəriqaz” ancaq sayğacın quraşdırılmasına cavabdehdir. Fövqəladə Hallar Nazirliyi isə, ümumiyyətlə buna yaxın durmur. Heç onlarda belə mütəxəssis də yoxdur.



- Bəs, millət o zaman neyləsin?



- Qaz sobasını satan şirkət və ya mağazadan həmin zəmanəti tələb etmək lazımdır. Qaz sobasını satanın borcudur ki, sonradan baş verənlərə də cavabdeh olsun. Çünki qaz sobaları həyat üçün ciddi təhlükə mənbəyidir. Satmaqla iş bitmir, satdığın mala servis xidməti də götərməlisən.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.