ELÇİN ŞIXLI ABŞ-RUSİYA RƏQABƏTİNDƏN DANIŞDI:"Gərginlik artsa, bu ölkələr NATO-ya "yaşıl işıq" yandıra bilərlər" - MÜSAHİBƏ

7-08-2019, 08:01           
ELÇİN ŞIXLI ABŞ-RUSİYA RƏQABƏTİNDƏN DANIŞDI:"Gərginlik artsa, bu ölkələr NATO-ya "yaşıl işıq" yandıra bilərlər" - MÜSAHİBƏ
Avqustun 2-də SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Qüvvələri Anlaşması (İNF) qüvvədən düşmüş elan olundu. ABŞ bu müqavilədən çıxdığını elan etdi və buna səbəb kimi Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsini göstərdi.

İNF müqaviləsinin əsas öhdəliyi hər iki dövlətin öz nüvə silahlarını ciddi miqdarda məhv etməsi və yenilərini istehsal etməməsi idi. Bu müqavilə sayəsində 1990-cı illərin əvvəllərinə qədər iki dövlət 2600-dan çox nüvə silahını məhv etmişdilər. Həmçinin, müqaviləyə görə nə Rusiya, nə də ABŞ “orta mənzilli” göstəricilərə uyan yeni nüvə silahları istehsal etməməli idi. Müqavilənin sıradan çıxması ilə böyük güclər yenidən sürətli silahlanma prosesinə cəlb ediləcək.

“AzPolitika.info”nun əməkdaşı bu mövzuda “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi təhlilçi Elçin Şıxlı ilə söhbətləşib.

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:



– Elçin müəllim, avqustun 2-də ABŞ və SSRİ arasında 1987-ci ildə imzalanmış müqavilə qüvvədən düşmüş elan olundu. Bu müqaviləyə görə, hər iki dövlət orta mənzilli nüvə raketlərini məhv etmək və yenisini yaratmamaq öhdəliyi götürmüşdülər. Sizcə, bu müqavilənin pozulması dünyaya nə vəd edir?

– Siyasi baxımdan İNF müqaviləsinin qüvvədən salınması geriyə doğru böyük addımdır. Çünki bu müqavilənin bağlanması nüvə silahının yayılması və genişlənməsinin qarşısını alırdı. Ancaq hərbi sənaye kompleksi adlandırılan institut var və böyük dövlətlərdə bu hərbi sənaye kompleksi de-yure olmasa da, de-fakto dövlətin siyasətinin formalaşmasında mühüm rol oynayır. Məsələn, Azərbaycanda hərbi-sənaye kompleksi elə mühüm rol oynaya bilməz. Amma Rusiya və ABŞ kimi nəhəng ölkələrdə böyük rol oynayır. Bu müqavilənin ləğvi ondan xəbər verir ki, hərbi sənaye komplekslərinə böyük məbləğdə maliyyələr yatırılmalıdır. Müqavilə qüvvədə olanda 500-5500 kilometr arasında hədəfə çatan raketləri modernləşdirmək olmazdı. İNF müqaviləsi sıradan çıxdıqdan sonra təkmil orta mənzilli raketlər istehsal ediləcək və ya müasirləşdiriləcək. Bu da milyardlarla maliyyə deməkdir.

İkincisi, unutmayaq ki, İNF müqaviləsindən çıxmaq ABŞ prezidenti Donald Trampın təşəbbüsü idi. Tramp ABŞ-ı dünyada güclü görmək niyyətindədir.

– Müqavilənin sıradan çıxması dünyaya yeni nüvə təhdidi yaratmırmı?

– Əslində köhnə texnologiyalarla belə, bu iki dövlət bir-birini və hətta dünyanı məhv edə biləcək qədər güclü nüvə başlığına malikdir. Bundan sonrakı mərhələdə nüvə zərbəsini həyata keçirəcək raketlər modernləşdiriləcək. Ümumən ağlı başında olan ölkələr heç vaxt bu müharibəyə başlamayacaq. Nüvə müharibəsi öz-özlüyündə oturduğun ölkəni məhv etmək deməkdir. Sadəcə olaraq bir-birinə hədə-qorxu gələcəklər və təhdidlər olacaq. Bir daha qeyd edim ki, indi güclü hərbi sənaye komplekslərinə sifarişlər lazımdır. Hərbi sənaye komplekslərinin əsas sifarişçiləri də dövlətlər olur. Dövlətin sifarişi olmayanda hərbi sənaye kompleksi kasıblayır, zəifləyir və işsizlik artır. Səhv etmirəmsə, ABŞ-da son iki ildə 6 milyon yeni iş yeri açılıb.

– Tramp hələ fevral ayından anons etmişdi ki, müqavilədən çıxa bilər. Müqavilədən çıxmaqla bu ölkələrin qazancı və ya itirəcəyi nə olacaq?

– ABŞ əslində heç nə itirmir. Tarixə ekskurs etsək, görərik ki, Vaşinqton SSRİ-ni silahlanma yarışına cəlb edərək iqtisadiyyatını çökdürdü. Kremldə əyləşən ahıl rəhbərlər SSRİ-nin pulunu silahlanmaya ayırdı. Beləcə ideoloji olmasa da, iqtisadi cəhətdən SSRİ çökdü. İndi İNF müqaviləsindən çıxmaqla, ABŞ Rusiyanı sürətli silahlanma yarışına sövq edir. Yəni yenidən Rusiyanı təşviq edir ki, bu ölkə pulunu silahlanmaya qoysun. Bununla paralel olaraq avqustun 2-də Prezident Tramp Rusiya əleyhinə sanksiyaların ikinci paketini tətbiq etməyə razılıq verib. Biz Rusiyaya basqını müşahidə edirik. Dünyada birincilik uğrunda kəskin mübarizə gedir və burada kimin qalib gələcəyi başqa məsələdir. Hər halda iqtisadi cəhətdən ABŞ Rusiyadan daha güclüdür. Amma bu rəqabətin nəticəsinin necə olacağı başqa mövzudur.

– Rusiyanın məşhur hərbi analitiki Pavel Felqenhauer bəyan edir ki, müqavilənin ləğvi Rusiya, ABŞ və Çin arasında açıq silahlanma yaraşına səbəb olacaq və Rusiya yeni hərbi-siyasi şəraitə tam hazırdır…

– Əslində Rusiya bu yeni vəziyyətə hazır deyil. Əvvəla, nəzərə alın ki, müqavilədən çıxmaq təşəbbüsü Vaşinqtondan gəlib. Yəni bu şəraiti Rusiya yaratmayıb. Fikrimcə, Rusiyanın hərbi və siyasi analitikləri sadəcə boş-boş rəylər verirlər. Əslində Rusiyada iqtisadiyyat işləmir. Rus iqtisadiyyatı xammala, neft və qaz satışına bağlıdır. Üstəlik, iqtisadiyyatda heç bir yenilik, texnoloji yanaşmalar yoxdur. Qaz və neftin qiyməti aşağı düşən kimi, Rusiya yerində oturacaq. Boş-boş danışmaqla deyil, Rusiya nəyə hazırdır? Sadəcə bilirlər ki, ABŞ belə hərəkət edir və Rusiyanın buna hazır olduğunu demək lazımdır. Əslində isə halva-halva deməklə ağız şirin olmur. Yeni şəraitə hazır olmaq üçün maliyyə olmalıdır. Rusiyanın maliyyəsi də xammaldan götürülür. ABŞ artıq bir müddətdir ki, neft və qaz üzərində işləyir. Təsəvvür edin ki, ABŞ bazarında neft və qaz 8 dəfə ucuzlaşıb. Üstəlik, ABŞ artıq Avropanı öz qazı hesabına təmin edəcək. Rusiya qazını hara satacaq? Tutaq ki, lap ruslar neftini sata biləcək, amma rus iqtisadiyyatı normal və davamlı iqtisadiyyat deyil. Bu iqtisadiyyat neft və qazın qiymətinə bağlıdır. Qiymət qalxacaq – Rusiya yaxşı yaşayacaq, qiymət enəcək- Rusiyada çətinliklər başlayacaq. Reallıq budur. Bu mənada Rusiyanın yeni atmosferə hazır olmadığını düşünürəm. Rusiyadan fərqli olaraq ABŞ iqtisadiyyatı çox güclüdür.

– Bəs Çin faktoru?

– Çin müdrik dövlət və xalqıdır. Çin xırda-xırda işini görür. Çində texnologiya da, maliyyə də var. Biz milyard yarım əhalisi olan ölkədən bəhs edirik. Əgər əvvəllər Çin “copy paste” etməklə məşğul idisə, indi özləri ən yüksək texnologiyaları işləyib hazırlayırlar. Çin bu mənada ABŞ-la rəqabətə apara bilər. Çünki Çində iqtisadiyyat işləyir. Rusiya haqqında isə bunu demək olmur.

– İNF müqaviləsi 32 il müddətinə nüvə başlığı daşıyan raketlərin Avropa qitəsində yerləşdirilməsinə şərait yaratmırdı. İndiki prosesin Avropaya hansı təsiri olacaq?

– Avropa ölkələrinin əksəriyyəti Rusiyadan çəkinirlər və həm də NATO üzvləridir. Rusiyadan çəkindiklərini də etiraf edirlər. NATO üzvü olduqları üçün əmindirlər ki, onları Rusiya təhlükəsindən əsas xilas edəcək qüvvə NATO-dakı ABŞ hərbi qüvvələridir. Təbii ki, Avropa ölkələri nüvə silahlarının ərazilərində yerləşdirilməsini arzu etməzlər, çünki bu halda Rusiyanın ilk hədəfi ola bilərlər. Eyni zamanda Rusiya da özünü çox şıltaq aparır: Ukraynaya hücum edir, Krımı ilhaq edir, Gürcüstanı ələ keçirməyə çalışır. Avropada düşünürlər ki, günün birində ruslar Pribaltikaya qoşun soxa, Polşaya təcavüz edə bilərlər. Bu mənada Avropa ölkələri NATO üzvü kimi lazım gələcəksə hərbi alyansın tələbinə əməl edərək nüvə başlığı daşıyan silahları öz ərazilərində yerləşdirəcəklər.

– Yəni İNF müqaviləsinin sıradan çıxması imkan verəcək ki, ABŞ nüvə başlıqlarını Rusiyanın sərhəddi olan Pribaltikada, Polşada, Çexiyada və digər ölkələrdə yerləşdirsin?

– Bəli, bu halda həmin raketlər bir neçə dəqiqə, bəlkə də saniyə ərzində Rusiya sərhədlərinə çata bilər. Fikrimcə, bu ölkələr ABŞ və ya NATO-nun tələbi ilə razılaşa bilərlər. Nəzərə almaq lazımdır ki, Şərqi Avropa ölkələri rus təhlükəsinin nə olduğunu Qərbi Avropa ölkələrindən daha yaxşı bilir. Çünki uzun illər Şərqi Avropa ölkələri Rusiyanın təsiri altında olub. Şərqi Almaniyaya ruslar qoşun yeridib, Polşada Rusiya ordusu olub, 1968-ci ildə Çexoslavakiyada rus ordusu xalqın müqavimətini sındırıb. Şərqi Avropa ölkələri Rusiyanı daha yaxşı tanıyır və əgər dünyada gərginlik daha da ciddi hal alacaqsa, bu ölkələr ABŞ və NATO-ya yaşıl işıq yandıra bilərlər.

– Müqavilənin ləğvi dünyada onsuz da müşahidə edilən ümumi gərginliyə hansı təsiri edəcək?

– Onsuz da dünyada ciddi gərginlik hökm sürür. Amma nüvə silahının düyməsini basmağa kiminsə razı olacağını düşünmürəm. Bunu ancaq dəli adam edə bilər. Fikrimcə, qlobal mənada gərginlik daha da kəskinləşəcək. Faktiki olaraq son illər iki qütb arasında ciddi qarşıdurma müşahidə edilir. Biz bir-birinə zidd olan iki qütbün qarşıdurmasını müşahidə edirik. Bu qarşıdurmada Rusiya uduzmalıdır.

– Niyə məhz Rusiya?

– Əslində burada uduzan tərəf əsasən kiçik ölkələr ola bilər. Böyük ölkələr arasında dava gedəcək və nəticədə bizim kimi kiçik ölkələrin başı ağrıyacaq. Eyni zamanda obyektiv hesablasaq, iqtisadiyyatı, maliyyə potensialını nəzərə alsaq, Rusiya uduzan tərəf olmalıdır. Amma onu da nəzərə almaq lazımdır ki, hətta siçanı belə pişik küncə sıxanda siçan müqavimət göstərməyə başlayır. Bu halda siçan pişiyi dişləyə də, üstünə hücum da çəkə bilər. Bunu nəzərə almaq lazımdır. Bax, bu ssenari təhlükəli ola bilər.

Vaqif NƏSİBOV
AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.