Azərbaycanın Baş qərargah rəisi haqqında SENSASİON İDDİA - “Nəcməddin Sadıqov Xanlara ermənilərin təhlükəsizliyini qorumağa gəlmişdi”

8-08-2019, 19:24           
Azərbaycanın Baş qərargah rəisi haqqında SENSASİON İDDİA - “Nəcməddin Sadıqov Xanlara ermənilərin təhlükəsizliyini qorumağa gəlmişdi”
İlham İsmayıl: “Bunun şahidi mənəm, kimdənsə eşitməmişəm”

Bildiyimiz kimi, avqusutun 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində “Qarabağ-Ermənistandır” deməsi Azərbaycanda ciddi etiraza səbəb olub. Odur ki, keçmiş MTN zabiti, polkovnik-leytenant İlham İsmayıl və bir qrup vətəndaşımız bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə yollanmışdı. Məqsəd nazirin və yaxud Baş qərargah rəisinin bu məsələyə nə üçün adekvat reaksiya bildirməməsinin səbəblərini öyrənmək idi. Təəssüf ki, İ.İsmayıl buna nail ola bilməmişdi. Buna baxmayaraq o, nazirə və Baş qərargah rəisinə suallarını sosial şəbəkə üzərindən səsləndirmişdi.

Məsələ ictimaiyyətin diqqətində olduğundan “Xural” internet televiziyasının baş redaktoru Əvəz Zeynallı keçmiş DTX zabiti İlham İsmayılı “Siyasət meydanı” verilişinə dəvət edərək, baş verənlərə bir daha aydınlıq gətirib. Hurriyyet.org Ə. Zeynallının İ. İsmayıldan götürdüyü müsahibənin stenoqramını ixtisarla təqdim edir:

- İlham müəllim, sizin müdafiə naizi ilə görüş cəhdiniz oldu. Bir xəbər çıxdı?

- Mən doğurdanda bir neçə şəxslə, qaçqınlar, köçkünlərlə görüşdüm, hətta rayondan zənglər oldu ki, belə biabırçılıq olmaz. Biz neyləyək? Hamısının da bir qərarı oldu ki, biz hara gedək? Bir nəfər dedi Xarici İşlər Nazirliyinin qabağına gedək, soruşaq onlardan bu, nədir. Hamı dedi ki, Xarici İşlər Nazirliyi bizə nə deyəcək, bizi uzaqbaşı mədəni şəkldə qəbul edib, yola salacaqlar. Dedik, gedək Müdafiə Nazirliyinə ki, siz niyə tərpənmirsiniz, bizi təhqir edirlər, yəni həm də sizi təhqir edirlər. Çox yox, 20-30 adam yığışmışdıq. Amma o 20-30 adam 1 saatın içində 1000 nəfər yığmağa hazır idi, mən qoymadım. Dedim, biz ora gedib çıxsaq, ora polis çağıracaqlar, adını da ictimai asayişi pozmaq qoyacaqlar. Yəni ki, Qarbağ məsələsi, bizim dərdimiz bir tərəfdə qalacaq, kimsə həbs olunacaq. Məsələni bu dərəcəyə endirdim, dedim, tək gedirəm. İki nəfər dedi ki, tək niyə gedirsən, biz də gedək. 2 nəfər də mənə qoşuldu, 3 nəfər getdik. Adi bir qaydadır. Biz dedik ki, ya müdafiə naziri ilə, ya da Baş qərargah rəisi ilə görüş alaq. Dedilər, gedin “Sahil” metrosunun yanında qəbula yazılın. Sizi bir ay ərzində qəbul edərlər. Qəbul otağı “Sahil” metrosunun yanındadır, razılıq alınsa, sizi orada qəbul edəcəklər. Dedim ki, vəziyyət çox gərgindir. Dünənki hadisəyə görə gəlmişik. Dedi, dünən nə olub ki? Mən onu qınamıram, o, qapıda dayanıb. O, əmrə tabe kapitandır, onun da xəbəri yox idi. Başımıza orada 1-2 zabit də yığışdı. Çünki nahar fasiləsinə yaxın idi, nahar fasiləsinə çıxırdılar. Onlar da dedi ki, nə baş verib ki? Gördüm ki, belə çox adi bir gün kimi keçirdirlər. Yəni Paşinyanın Xankəndinə çıxışına çox adi yanaşırlar. Statusumda yazdığım kimi, mən doğurdan da müdafiə nazirinə deyəcəkdim ki, sizi şəxsən bir adam təhqir edəndə ona cavab verirsiniz, yoxsa yox? Siz yekə bir ordunun rəhbərisiniz, faktiki sizi burada təhqir edibdir, siz ona niyə cavab vermirsiniz? Və doğurdan o sualı da verəcəkdim ki, siz müdafiə naziri kimi tarixə necə düşmək istəyirsiniz? Bu cür səssiz, səmirsiz düşmək istəyirsiniz? Elə Səfər Əbiyev kimi gəldin, getdin, qurtardı. Belə düşmək istəyirsəniz? Özünüzdə bir qürur tapın. Düşmənə qarşı mütləq hərəkət etmək üçün ali baş komandan göstərişmi verməlidir? Həqiqətən də düşmən gəlir, əməliyyat xarakterli məsələlərə ali baş komandanın əmr verməyinə ehtiyac yoxdur. Sən deyəcəksən ki, mən atım, yoxsa yox? Sən diversiya, təxribat keçirdə bilərsən. Əlbəttə, bəzi şeyləri heç cəmiyyətə bildirmədən eləmək lazımdır. Təbii ki, baş qərargah rəisi olsa, ona da sual verəcəkdim ki, siz zamanında bizim ölkəyə gələndə başqa funksiyanı yerinə yetirmisiniz.

-Baş qərargah rəisinə sualı Azərbaycan dilində verəcəkdiniz?

-Baş qərargah rəisi bizim dili bilmir. Həmişə onunla rusca danışmışam.

-Sizin onunla bağlı bir xatirəniz var. Mən sizin kitabınızda oxumuşam. Nəcməddin Sadıqov bura erməniləri qorumağamı gəlmişdi?

-Bəli, o vaxtı o, Ukrayna batalyonunun komandir müavini idi və Xanlara gəlmişdi. Mən Xanlar rayonunun kuratoru idim. Çox yanlış da bir hərəkət elədilər. Bizə xəbər eləmədən yolu kəsmişdilər. Gəlib-gedəni Xanlar rayonuna, şəhərin içinə də buraxmırdılar. Mən dedim ki, siz kimsiniz, bura haradan gəlmisiniz? Ondan sonra, o vaxtıkı İcraiyyə Komitəsinə gəldilər. Orada prokuror, polis rəisi, mən və birinci katib oturduq, bunlarla söhbət elədik ki, belə işlər yaramır. Bu, onda ilk dəfə çıxış elədi ki, mən müavinəm, bir tərəfim azərbaycanlıdır, elə beləcə də dedi.

-Yəni o vaxtı da bu rusca danışırdı.

-Bəli, indi də rucsa danışır, onda mayor idi. Hətta yadımdadır, biz dedik ki, eyni rütbədəyik. Mən də, o da mayor idi. Bu adi bir şey idi. Onu ora göndərmişdilər ki, guya, rayonun erməni əhalisini azərbaycanlılardan qorumalısınız. 1991-ci ilin 20 aprelinə qədər BTR-lərini Hacıkəndlə Çaykəndin arasına yerləşdirmişdi.

-Deməli, bu gün Azərbaycanın Baş qəragah rəisi general-polkovnik Nəcməddin Sadıqov bu ölkəyə 1988-ci ilin noyabrında Xanlar rayonunda yaşayan ermənilərin təhlükəsizliyini qorumaq üçün bura gəlib.

-Bəli, birmənalı şəkildə. Bunun şahidi mənəm, kimdənsə eşitməmişəm.

-Aprel savaşında da dayanma əmrini bu general vermişdi, eləmi?

- Belə çıxır ki, dayanma əmrini Rusiya verib. Yəni Rusiya telefonla deyib. Bunlara da baş qərargah rəisi deyib ki, dayanın. Mən indi bəzi detalları demək istəmirəm. Bu da bizi böyük uğursuzluqlara apardı, çıxartdı. Yəni hücuma keçən, arxa hissəyə keçən döyüşçülərin köməyinə gedilməyəndə onlar Talış istiqamətində mühasirəyə düşmüşdülər. Bilirsiniz, bütün bunlar hamısı detallardır. Mən də zamanında SSRİ Dövlət Təhülkəsizlik Komitəsinin əməkdaşı olmuşam. Amma mən öz respublikamın əleyinə heç bir iş görməmişəm. Yəni o başqa məsələ idi, indi söhbət bundan gedir ki, o, bir Azərbaycan ordusunun baş qərargah rəisidir. İndi nə işlə məşğuldurlar?

-Bəs dünəndən bu günə qədər sizə Müdafiə Nazirliyindən zəng gəldimi?

- Xeyr, mən orada dedim ki, mən filankəsəm, Baş qəragah rəisi məni tanıyır, mənim telefonumu da, məni tapmağınız da sizin üçün problem deyil, zəng eləyərsiniz, soruşarsınız. Əgər lazımdırsa, gəlim söhbət eləyək. Bilirsiniz ki, burada təkcə onlara sual vermək məsələsi deyildi. Mən bir vətəndaş kimi ora getmişdim ki, xalq da görsün, bilsin ki, mən ora özümü reklama getməmişdim. Mən bütün gecəni əsəb içində idim və səhər duranda dedim ki, birinci ora gedəcəm ki, siz niyə belə eləyirsiniz, bəlkə mənim bilmədiyim işlər var, siz açın, mənə deyin, mən də deyim ki, yox, vəziyyət doğurdan başqa cürdür. Hətta onu da fikirləşdim ki, bəlkə xüsusi bir göstəriş var. Bəlkə bir aydan sonra əməliyyat olacaqdır. Öz-özümə bunu fikirləşirdim.

İnsanlar toplaşmışdılar, siz elə bilməyin ki, gənclər bu məsələyə biganədir. Ora yığışanlar gənclər idi. Hətta o qədər əsəbi idilər, deyirdilər ki, gedək haranı daşlayaq, vuraq. Mən qoymadım.

-Hakimiyyətin reaksiyasını bildik. Deyəsən, prezident ölkədə deyildi. Müdafiə naziri ölkədə idimi?

-Mən bir status yazdım ki, normal dövlət belə vəziyyətdə Təhükəszilik Şurasının iclasını çağırır. Heç 5 dəqiqə deyildi, statusum qalmışdı, dedilər ki, yetərsay yoxdur. Əgər belə bir şey olsa, yetərsay olmayacaq. Çünki Təhlükəsizlik Şurasının bəzi üzvləri ölkədə yoxdur, istirahətə gediblər. Biz acınacaqlı vəziyyətdəyik. Bayaq bir opponentim var idi, deyir ki, biz çox güclü orduyuq. Deyirəm, mən də istəyirəm ki, biz güclü ordu olaq. Deyir ki, bizim xüsusi təyinatlı dəstəmiz var. Dedim, paradda göstərilənləri deyirsiniz? Dedim, onların gücü Qarabağda reallaşdırılmasa, onlar “parad ordusu” kimi yadda qalacaq. O generallara da illərlə “parad generalları” deyiləcək.

- Orduya xərclənən 26 milyard dolların yarısının yeyildiyinə, yarısına da köhnə silah alındığına qəti inam var. Neçə gündür Azərbaycan ordusunun bir pilotu uçuq-salxaq təyyarə ilə dənizə düşüb, hələ də tapılmır.

- O təyyarələr haqqında mən sizə kiçik informasiya deyim. O təyyarələrin 1969-cu idən layihəsi var idi, 1983-cü ildən istehsala başladılar. 1990-cı illərdə burada Zəyəmdə, Nasosnuda var idi. Mən özüm də şahidəm ki, onlardan bəzilərini Zəyəmdə saxladıq. Söhbət 1992-ci ilin əvvəlindən gedir. Gör, neçə il keçib. İndiki halda bu təyyarələrin təzəsinin qiyməti 22 milyon dollardır. Lap bunu yarı qiymətə alıblarsa, bu da itkidir. Mən pul silməkdir deyə bilmirəm, hər halda, bunun yaxşısını ala bilərdilər. Burada da müəmma qalır ki, bunu kim vurubdu? Necə vurublar? 27 metr dərinlik nədir ki, okean deyil, Marian çökəkliyi deyil, bu, niyə tapılmır? Biabırçılıqdır. Bilirsiniz, bir-birinin ardınca uğursuzluqlar, heysiyyətimizə toxunan, millət olaraq təhqir olunan hadisələr baş verir. Siz fikir verdiniz, bir əsgərin əlindən silahın alınmasına Azərbaycan xalqının reaksiyası çox pis oldu. Bu, lap provakasiyadır. Sənin əlindən silah necə alına bilər? Xalq artıq istəmir. Bəlkə də Qarabağ məsələsi bizim xeyrimizə həll olunmuş olsaydı, Gürcüstan o məsələni qaldırmazdı. İndi görür ki, bizim vəziyyətimiz ağırdı, bu məsələləri qaldırır, üstümüzə gəlirlər. Çünki hər yerindən duran məsələsi var. Deyir, yuxudan duran kimi gedim deyim mənim pulumu, ya torpağımı ver. Bax, bizim üstümüzə o şəkildə gəlirlər. Çünki biz problemi həll etməmişik. Deyirik ki, cənubda, şimalda sepatçılıq var. Biz Qarabağ prolemini həll edək görək, bu ölkədə ikinci bir separat dalğası yaranır, yoxsa yox? Onun hamsının kökünü Qarabağ məsələsi, bizim qətiyyətimiz kəsə bilər.

-Bayaq dediniz Təhlükəsizlik Şurasında yetərsoy yoxdur. Bu, dəhşətli bir şeydir...

-Onu bəlkə də mənə yarızarafat, yarı ciddi deyiblər, amma dedi ki, çağırılsa da, yetərsay alınmayacaq.

-Paşinyanın bu biabırçılığından 48 saat keçibmi?

-2 sutkadan çox keçib. Faktiki olaraq əlimizə fürsət düşmüşdü. Biz bu fürsəti dəyərləndirə bilmədik. Hücum yox e, heç bir toplantı görüntüsü yoxdur. Hansısa bir nazir pul yeyəndə əməliyyat keçirilir. O məhkəmə, bu məhkəmə keçirilir. Bir-birinin dalınca televiziya verilişləri olur və.s. Paşinyanın bizi bu qədər təhqiri bir əməliyyata dəymədi? Yenə deyirəm, bu əməliyyat həm ermənilərə, həm də bizə mesaj olacaqdı. Bizim ruhumuz qalxacaqdı, onların ruhu düşəcəkdi. Amma əks proses gedir.

- Bəs müxalfətin reaksiyası sizi qane edirmi?

-Mən şəxsən heç bir şey görmədim. Ola bilsin ki, hansısa internet kanalında nəsə danışıblar. Danışmaq olar. Amma bu danışmaq məsələsi deyil ki.

-Ən azından neyləməlidirlər?

-Ən azından bir toplantı çağırmalıydılar, məsələni müzakirə etməliydilər. Bütün müxalif partiyaları bir yerə yığmalıydılar. Nüfuzu olan müxalif nümayəndələr bir yerə toplanıb, sözlərini deməlidirlər. Mən hələ gözləyirəm. Yəqin bəlkə də olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.