Elmar Məmmədyarov : “Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı bölgədə gərginliyin artmasına xidmət edir”

17-09-2019, 00:09           
Elmar Məmmədyarov : “Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı bölgədə gərginliyin artmasına xidmət edir”
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Dövlət Katibi, Kardinal Pietro Parolin ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edib və iki tərəf arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin bu münasibətlərin inkişafına təkan verdiyini qeyd ediblər.

Azərbaycanın multikultural dəyərlərin təşviqi baxımından ön sıralarda olduğunu bildirən Kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın multikultural fəaliyyətini yüksək qiymətləndirib və bu xüsusda, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilən layihələri, o cümlədən Müqəddəs Pyotr Kilsəsinin altarı, Roma Katakombaları və San Sebastian Kilsə Muzey Kompleksində katakombaların bərpası işlərini məmnuniyyətlə vurğulayıb.

Nazir Elmar Məmmədyarov qarşı tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb, Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışının bölgədə gərginliyin artmasına xidmət etdiyini bildirib.

Görüş zamanı bu ilin 14-15 noyabr tarixlərində Bakıda keçiriləcək “Dünya dini liderlərinin II Bakı Sammiti”nə Qafqaz Müsəlmanları İdarəsinin dəvəti Müqəddəs Taxt-Tacın Dövlət Katibinə təqdim edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.