"Qurdun qanda təyini ancaq pul itkisidir" - MÜSAHİBƏ

1-10-2019, 00:48           
"Qurdun qanda təyini ancaq pul itkisidir" - MÜSAHİBƏ
"Qurdun qanda təyini ancaq pul itkisidir" -

AFN pediatr Aytən İsmayılzadə ilə müsahibəni təqdim edir:


- Uşaqlarda daha çox hansı qurdlar aşkar edilir?

- Ən çox bizquyruq, tükbaş, askarida qurdlarına rast gəlinir. Az halda isə lentşəkilli qurdlara da yoluxanlar olur.

- Qurda yoluxma hansı yollarla baş verir?

- Meyvə, tərəvəz və göyərtinin təmiz yuyulmaması, ətin yaxşı bişməməsi ilə yoluxma baş verə bilər. Həmçinin qurdlu insanın nəcisi sağlam adamın ağzına təmas edərsə, xəstələnmək mümkündür. Məsələn, ana xəstə uşağı yuyan zaman nəcisi dırnağında qalar və natəmiz əli ilə sağlam uşağa yemək verərsə, digər övladını da istəmədən yoluxdurar.

- Qurdun dişləri qıcamaq, ağızdan su gəlmək kimi bir neçə əlaməti var. Sırf bu əlamətlərə əsaslanaraq, uşaqda qurdun varlığını təyin etmək olar?

-Yox, əlbəttə. Biz əlamətlərə əsaslanaraq, ancaq qurdun varlığından şübhələnə bilərik. Dəqiq diaqnoz isə yalnız nəcis analizi ilə mümkündür. Çünki sadaladığınız əlamətlər tamam başqa xəstəliklərin də simptomu ola bilər.

- Qurdlar yalnız ümumi nəcis analizi ilə dəqiq təyin edilir?

- Bəli, nəcisin ümumi analizi ilə təyin olunur. Onu da qeyd edək ki, hər qurda uyğun olan fərdi qaydalar var. Məsələn, bizqurdu təyin etmək üçün anal dəliyin ətrafından sıyrıntı götürülür. Bu qurd səhər saat 5-6-da yumurta qoymaq üçün bağırsaqdan bayıra çıxır. Yumurtaları xaricə qoyduğu üçün nəcis analizi zamanı aşkar etmək olmur. Bizqurdun təyini üçün anusun ətrafına yapışqanlı lent yapışdırılır və laboratoriya şəraitində mikroskopla izlənilir. Lakin askarida da isə fərqlidir. O, yumurtalarını elə nəcisə qoyduğu üçün analiz nəticəsində aşkara çıxır. Lentşəkillilərdə isə vəziyyət tamam fərqlidir. Bu qurd yumurtasını buğum şəklində tökür, başı isə bağırsağın selikli qişasına yapışıb qalır. Onun müalicəsi xəstəxana şəraitində aparılır. Çünki dərmanların təsiri ilə qurdun başı bağırsaqdan qopduğu zaman qanaxma baş verə bilər.

- Qurdları təyin etmək üçün biorezonans test metodundan da istifadə olunur. Bu aparatla diaqnoz qoymaq nə dərəcədə effektivdir?

- Biorezonans diaqnostika üsulundan istifadə olunur. Lakin mən pasientlərimə tövsiyyə etmirəm. Bu aparatın iş funksiyası qurdların malik olduğu biodalğaların tezliyinin aşkarlanmasına əsaslanır. Tezlik aşkar ediləndə qurd ehtimalını irəli sürürlər. Amma deyildiyi kimi bu bir ehtimaldır. Ola bilər ki, aparat tezlik göstərsin, amma bağırsaqda qurd olmasın. Dəqiq diaqnoz vermədiyi üçün mən biorezonansı məsləhət görmürəm.

- Bəs nəcisdə də qurd çıxmaya bilərmi?

- Bəli, mümkündür. Ola bilər ki, nəcisin bir porsiyasında qurd yumurtası çıxar, başqa bir porsiyasında isə yox. Ona görə qurdun təyini üçün nəcis analizi 3 gün fasilə ilə 3 dəfəyə verilir. Eləcə də nümunə nəcisin 4-5 müxtəlif hissəsindən götürülməlidir. Daha dəqiq cavab üçün biz pasientlərə analizdən 1 həftə qabaq qurdqovucu bitki çayları təyin edirik. Bu halda nəcisdə qurdun çıxma ehtimalı yüksək olur.

- Qurd xəstəlikləri tam müalicə olunur?

- Bəli. Qurd əleyhinə 1, 3, maksimum 5 gün müalicə təyin edirik. Cəmi 1 dərman bəs edir. Torba-torba kimyəvi maddəyə ehtiyac yoxdur. Önəmli məsələ budur ki, təyin edilən müalicə bir müddət sonra yenidən təkrarlansın. Məsələn, askarida qurduna qarşı 3 gün dərman veririk, 14 gün sonra eyni müalicəni yenidən təkrarlayırıq.

- Bu, nə üçün lazımdır?

- Dərman yalnız yetkin fərdləri məhv edə bilir. Yumurtada qalan sürfələrə təsir etmir. Odur ki, sürfələr sağ qalır və yumurtadan çıxaraq, yenidən inkişaf etməyə başlayırlar. Biz 14 gün sonra müalicəni təkrarlamaqla, böyümə mərhələsində olan sürfələri də öldürürük.

- Qeyd etdiniz ki, qurd xəstəliklərini müalicə etmək üçün yalnız bir dərman bəs edir. Biz isə uzun reseptlərə alışmışıq.

- Dediyim kimi, bir dərman bəs edir. Lakin əgər bağırsaq florasının pozulması, qəbizlik, qıcıqlanmış bağırsaq sindromu kimi yanaşı hallar varsa, bu zaman əlavə dərmanlar da təyin olunur.

- Təbii vasitələrlə də qurda qarşı mübarizə aparmaq mümkündür?

- Sarımsaq, tərxun, yovşan və balqabaq toxumunun qurdqovucu təsiri var. Amma bu təbii vasitələrdən də doğru şəkildə istifadə etmək önəmlidir. Məsələn, bəzən sarımsağı şam kimi uşağın bağırsağına daxil edir, yaxud da bötüv halda uddururlar. Bu sağlamlıq üçün çox təhlükəlidir. Sarımsaq bağırsağın selikli qişasında dərin yara əmələ gətirə bilər. Həmçinin unutmaq olmaz ki, sarımsaq həm də təbii antibyotikdir. Uzun müddət və çox miqdarda qəbulu bağırsağın florasını zəiflədə bilər. Odur ki, uşağa vaxtaşırı, yaxud da hər gün yalnız bir diş sarımsaq yedirtmək məsləhətdir. Onu da qeyd edim ki, sarımsağı əzərək, duru xörəyə, qatığa qataraq vermək lazımdır.

- Qurd xəstəlikləri müalicə olmadığı halda nə baş verir?

- Qurdların ömrü qısadır. Bizquyruq cəmi 1 ay yaşayır. Əgər təkrar yoluxma baş verməzsə, 1 ay sonra məhv olur, bağırsaq bu qurddan təmizlənir. Askaridanın yaşama müddəti isə 1.5 ildir. Bu müddət bitəndə özü ölür.

- Əgər dərmansız da məhv olursa, müalicə nə üçün lazımdır?

- Qurdların orqanizmdə yaratdığı fəsadlar olur. Məsələn, bizquyruq vaginada qızartı və qaşınma yaradır. Həmçinin axıntı əmələ gətirir. Tükbaşlar isə yuxarı şöbələrə qalxaraq, appendisitə səbəb ola bilər. Eləcə də qurdların bədəndə dövr edib, ağciyər və beynə çatmasının qarşısını alırıq. Biz qurdların əlavə fəsad yaratmamaqları üçün müalicə təyin edirik.

- Bu gün qurdu tək nəcisdə deyil, qanda da təyin edirlər.

- Qurdu qanda təyin etmək çox yanlış və faydasız işdir. Buna sadəcə pul itkisi deyə bilərik. Qanda qurda qarşı yaranan anticisimlər nə diaqnostikasında, nə də müalicədə heç bir rol oynamır. Əgər qanda askaridaya qarşı antitellər tapılıbsa, o deməkdir ki, uşaq nə vaxtsa, həmin xəstəliyi keçirib. Yəni nəticə qurdun varlığından xəbər vermir.

- Bəzi valideynlər nəcis analizi, həkim təyinatı olmadan uşağa özləri dərman alıb verirlər.

- Təhlükəli haldır. Doğru dozada verilməyən dərman uşaqda bağırsaqkeçməzliyi yarada bilər. Biz dozanı analizin cavabına əsasən təyin edirik. Əgər bağırsaqda qurd çoxdursa, dozanı azaldırıq ki, qurdlar kütləvi deyil, az-az tökülsün, bağırsaqkeçməzliyi yaratmasın. Odur ki, qurd dərmanını təyin etməkdən ötrü analizin nəticəsini bilmək olduqca vacibdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.