Karolina Bakıda çəkdiyi ədəbsiz rəsmdən danışdı: “Deşifrə etdilər...” – Müsahibə

2-10-2019, 09:18           
Karolina Bakıda çəkdiyi ədəbsiz rəsmdən danışdı: “Deşifrə etdilər...” – Müsahibə
Yaxın günlərdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Bakıda incəsənət festivalı keçirdi. Festivaldakı proqrama kino nümayişləri, ədəbiyyat söhbətləri, sərgilər və sənət çərçivəsində müzakirələr daxil idi.

Bu, “To be a Woman” (“Qız qalası: Qadın olmaq”) adı altında keçirilən sayca üçüncü böyük festivaldır. Bundan öncə “İmagine Avro-Tolerantlıq” və “Fantaziya mədəni İrs” festivalları baş tutmuşdu. Növbəti festival isə noyabr ayında gözlənilir.

Festivalın məğzi gender bərabərliyi, Azərbaycan qadının ölkəmizdə və dünyada rolunun gücləndirilməsi, həmçinin seçki hüququnun 100 illiyinə həsr olunmuşdu. Festivalın bir çox ölkələrdən iştirakçısı vardı.

Həmin festivalın yadımızda qalan epizodlarından biri də sosial şəbəkələrdə səs-küy doğurmuş qraffiti üsulu ilə çəkilən “transgender” adlı açıq-saçıq rəsm oldu. Həmin rəsm əsərinə bizimkilər “abırlı don” geyindirdilər... Daha doğrusu ayıb yerlərini boyadılar. Rəsmin müəllifi İsveçli Karolina Falkholtdur.

Qəribəsi odur ki, kimsəsiz kombinatın ərazisində çəkilmiş açıq-saçıq rəsm təkcə bu deyil. Hətta daha “ayıb”ı vardı. Lüt qadın fotosunun kənarına yazılmışdı: “Xeyr, mənim deyil”. Bəlli idi ki, onu azərbaycanlı qraffitçi çəkmişdi.

Bəs niyə isveçlinin çəkdiyi rəsm daha çox rezonans doğurdu? Əvvəla, əsər daha böyük həcmli idi. İkincisi, onun məğzi transgenderdi. Cinsi oriyentasiya azadlığı bu gün dünyada trend olub. Hətta “Buker” mükafatının siyahısına da bu tipli araşdırmalar edən yazıçı Janet Vinterson düşüb.
Transgender sözünün bizim dildə qarşılığı yoxdur. Onlar öz cinslərini ayırd etməkdə çətinlik çəkirlər. Həm qadın həm kişi kimi özlərini təstiq edə bilmirlər. Bu genetik və ya hormonal pozğunluq nəticəsində olur. Eyni cinsə və yaxud əks cinsə meyllənmələr baş verir.

Sosial şəbəkələri ələk-vələk edib, həmin rəssamı tapdım. Baş verən hadisə barədə qısa da olsa açıqlama almaq istədim. Çəkdiyi rəsmin pozulmuş formasını müəllifə göndərdim ki, baş verənlərdən xəbərdar olsun və mənə cavab yazsın.

Sən demə, müəllif xanımın ürəyi dolu idi. Müsahibəyə keçməzdən öncə qrafiti sənəti barədə kiçik məlumat vermək istərdim.

Yəqin ki, “Street Art” (“Küçə sənəti”) haqda eşitmisiniz. Ədəbiyyatda da, moda aləmində də bu sənət istiqamətinə rast gəlinir. Həmçinin rəssamlığın müasir bir qoludur. Qraffiti küçələrdə divarlara çəkilir, amma bir-birindən fərqlənir.

Bəziləri küçə sənətini, qraffitini urban-sənət adlandırır. Urban sənət özündə müxtəlif subkulturaları birləşdirir. Elə qraffiti də urban-sənətin daxilində meydana gəlib, lakin fərqli mənalar kəsb edir. Hətta tullantılardan, zibil qutularından da sənət yaradırlar.

Qraffit sənətində bir etiraz var. Nəyəsə protest edir. Məqsəd hər hansısa bir ideyanı, mesajı ötürməkdi. Çox vaxt qraffitlə məşğul olanların xüsusi rəssamlıq istedadı olmur. Gənclər divarlara çəkdikləri rəsmlərlə öz etirazını bildirir, bir növ şəxsiyyətin tamamlanmasını, iç dünyalarının divarlarda əks olunmasını həyata keçirirlər. Bunu ədəbiyyatçılar da, musiqiçilər də edir.



Qraffit qədim sənət sayılır. Əsasən, siyasi, irqçi, dini, yaxud etnik mesajlar ötürən ideoloji sənət hesab olunur.

Qraffitlə küçə sənətinin əsl fərqi odur ki, qraffitçilər tamaşaçıların onları anlamamasından narahatlıq keçirmirlər, onları narahat edən çəkdikləri əsərin kodlarını başqa qraffitçilərin deşifrə etməsidir.

Küçə sənətçiləri isə xalqın onların çəkdiyi rəsmlərə baxıb keçməsini istəmirlər. Həmin rəsmləri xalq anlamalı, hiss etməlidir.

Məncə, bu qədər kifayətdir. Keçək Karolina ilə söhbətimizə.

O bildirdi ki, baş verənlərdən xəbərsizdir:

- Sizin göndərdiniz fotonu gördüm. Biz qaldırıcı kranla saatlarla o rəsm üzərində çalışmışıq. Xalqınız məni deşifrə edib (gülür). Ola bilsin, qraffitçilərin deşifrəsidir, deyə bilmərəm. Ancaq mən “Transgenderi” çəkəndə yerli rəssamlar mənə xəbərdar etdilər. Baxmayaraq ki, orada başqa çılpaq əl işləri də vardı.

Ola bilsin, sırf transgender məsələsinə görə rəsmin müəyyən yerləri boyanıb. Hətta yerli dostlarımız özləri də tolerant rəsmlər çəkməyə cürət etmədiklərini bildirdi.



Mənə qəribə gəldi, Bakıda tanış olduğum rəssam qız bildirdi ki, belə rəsm çəksəm, atam məni evdən atar. Niyə axı? Bir vaxtlar qara dərililər də qəbul olunmurdu. Tolerantlığın qorunması və təbliği Avropa ölkələrində də əsas mövzudu. Bu problem öz həllini tapmayıb. Bu, həm də etirazın bir növüdür.

Məncə, demək istədiklərimi əl işimlə söyləmişəm. Bunu kim necə qəbul edir, bəyənir, ya bəyənmir - bizim məqsədimizə bunlar daxil deyil. Bizi bu maraqlandırmır. Düşünürəm ki, transgenderə qiyafə də geyindirə bilərdilər. Çünki mən həmin rəsmi alt paltarında vermişdim. Rəsmin mavi rəngə boyanması da bir simvol ola bilər... Nə bilirsiniz?

- Sizcə, qraffiti sənət hesab etmək olarmı?

- Ötən əsrin əvvəllərində Frans Blei “Ametist” və “Opal” dərgilərini məhdud şəkildə dərc etdirirdi. Əxlaqa zidd olduğu üçün bir müddət dərgi yayımlanmayıb. Həmin dərgini məşhur yazıçı Kafka da oxuyub. Daimi abunəçisi olub. Mən təkçə qraffiti ilə məşğul olmuram.

ICIA İncəsənət Məkanının bütün binasını qara dinamikə çevirən yeni genişmiqyaslı quraşdırma “Dark Monolouge” (“Qaranlıq monoloq”) əsəri üzərində işləməyə başlayacağam. ICIA tərəfindən istismara verilən yeni əsər, mübahisəli sənət təcrübəsinin yeni və daha az tanınan bir ölçüsüdür.



Əsər daha qaranlıq, daha poetik və ekzistensial aspektlərə açılır: qara ödün melankolik qəzəbinin təsvirləri olacaq. 2020-ci ilin yazında tam başa çatdırılacaq.

- Rəsminizin dəyişdirilməsini necə qarşıladız?

- Ola bilər, bu adi bir təsadüfdür. “Street art”çılar qrafiti sənət hesab etmir. Belə rəsmlər ideoloji axtarış, fərqli baxış, yaxud gizli alt qatı olan və iç duyğuları daşıyan mesaj ola bilər.

Gəlin Karolinanın sənətini daha yaxından tanıyaq.

Karolina Falkholt rəssamlıq, rəsm, heykəltəraşlıq, performans, mətn, musiqi və videonu birləşdirərək qrafit və mural əsaslı sənət təcrübələrini inkişaf etdirib.

1977-ci ildə İsveçdə doğulub, divar şəkilləri ilə tanınıb, qadın cinsiyyət orqanlarını təsvir edir. Onun işləri bir müddət əvvəl İsveçin bir çox muzey sərgilərinə daxil edilib.



Ondan ölkəmizlə bağlı təəssüratlarını soruşanda belə dedi:

- Ölkənizi Kustritsanın filmlərindəki mənzərəyə bənzətdim.

Çox qonaqpərvərsiniz. Yeməklərinizi çox bəyəndim. İnsanlarda zəncirlənmiş ab-hava hiss etdim. Bunu qraffitçilərdə hiss etmək istəməzdim. Ölkəni əvvəllər tanımırdım, yeni kəşf etmiş oldum. İnsanlar, məncə, düşünməkdən çox yeməyə önəm verirlər.

Düşünürəm, bəlkə psixoloji qatlarında ola bilər səbəbi. İnsanlar olmaq istədikləri kimi deyillər. Məsələn, tanış olduğum rəssam qız mənə danışdı ki, naturaçılara qiymət verilmir, onlar cəmiyyətdən gizlənirlər. Bu məni çox sarsıtdı.



Dəniz Pənahova












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.