Nürəddin Mehdixanlı:“Azərbaycan gəncliyi yalnız qulağı sırğalı şanapipiklərdən ibarət deyil ki?!”

11-10-2019, 12:07           
Nürəddin Mehdixanlı:“Azərbaycan gəncliyi yalnız qulağı sırğalı şanapipiklərdən ibarət deyil ki?!”
Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artist Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Nürəddin Mehdixanlı “Şərq”ə danışıb. Xalq artisti ilə teatra olan maraq, gənc aktyorların peşəkarlıq səviyyəsi, ziyalıların gənclərlə görüşü, kinoteatrların sıradan çıxması, yeni çəkilən serialların mövzusu və səviyyəsi, Kitaba olan marağın öləziməsi, paytaxtda və regionlarda kitabxanaların sayının azalması və ya heç olmaması, və hər birimizin ən ağırılı, kədərli yeri olan Dağlıq Qarabğ münaqişəsi və onun həlli yolları məsələləri ətrafında olduqca maraqlı və sentimental müzakirə apardıq.
Söhbəti təqdim edirik.

-Yəqin, “Teatrlarda yaxşı tamaşalar yoxdur, buna görə də, tamaşaçı gəlmir”fikrini tamaşaçı gəlmir siz də eşitmisiniz. Məlum yanaşma sizdə hansı assosiasiya doğurur?

-Bunu deyənlər yalan danışırlar, riakarlıq edirlər. Akademik Milli Dram Teatrının yaxşı tamaşaları da var, tamamaşaçıları da... Boş -bekar olan adamlar hər şeyi ancaq qara rəngdə görürlər. Onlar üçün heçnə yaxşı deyil, hər şey pisdir. Bunların hamısı yalan, yanlış fikirlərdir. Qısqanclıqdan başqa bir şey deyil. Bu, mənasız adamların söhbətləridir. Bu adamlar gəlib, baxsınlar Akademik Milli Dram Teatrını səhnəsində gedən tamaşalara. Müasir və klassik əsərlər səhnələşdirilir. Həmin fikri deyənlər nə vaxt gəlib tamaşalarımıza baxdılar ?! Baxanlar danışmırlar, evindən, dükanından, alverxanasından çölə çıxmayanlar bu cür danışırlar.

-Yəni, bu gün teatra maraq böyükdü?

-Hər tamaşanın öz tamaşaçısı var. Müasir tamaşanıın öz tamaşaçısı, klassik tamaşanın da öz tamaşaçısı var. Bu gün Akademik Milli Dram Teatrının tamaşaçı problemi yoxdur. Bu futbol stadionu deyil. Aktyorluq seçilmiş adamların məşğul olduğu peşədir və bu sənət seçilmişlər üçün nəzərdə tutulub. Teatra gəlib, o teatrı başa düşən və anlayan adamlar gəlirlər. Elə adamlar var ki, teatra, tamaşaya marağı yoxdur, gedib, şou proqramlara baxırlar. Teatra marağı olanlar isə gəlib tamaşalarımızı izləyirlər.

-Bəzi gənclər belə düşünür ki, teatr və ədəbiyyat artıq maarifçilik missiyasını başa vurublar. Bu, doğru yanaşmadırmı?
-Bunu deyənlər Üzeyir Hacıbəyovu oxuyublarmı? Düşünmürəm ki, bütün gənclik bu fikirdədir. Azərbaycan gəncliyi yalnız qulağı sırğalı şanapipiklərdən ibarət deyil ki?! Bu gün Azərbaycan gəncləri dünyanın ən böyük elm və tədqiqat mərkəzlərində çalışırlar. Ən nüfuzlu universitetlərdə təhsil alırlar. Dünyanın ən güclü ordu sistemlərində təlim keçirlər. “Teatr və ədəbiyyat artıq maarifçilik missiyasını başa vurub” deyənlər Üzeyir Hacibəyovu, Cəlil Məmmədquluzadəni, Sabiri oxusunlar və bundan sonra maarifçiliyin davam edib, etməməsini tam dərk edəcəklər. 100 il əvvəl necə idiksə, bu gün də eləcə qalmışıq. Cəhalətə, xurafata yuvarlanmaqdayıq. Yenə də pirlərin arxasınca qaçmaqdayıq. Zəhmətlə deyil, havayı yerdən hansısa uğura nail olmaq istəyirik. Amma klassik ədəbiyyatımızı yaradan kişilərin əsərlərini, ədəbi nümunələrini oxusalar, hər şey onlar üçün aydın olacaq. “Əkinçi”ni,”Molla Nəsrəddin”i oxusunlar və nəticə çıxarsınlar.

-Doğru qeyd etdiyiniz ki, Azərbyacan gəncliyi yalnız “şanapipiklərdən” ibarət deyil. Sizinlə tam razıyam. Amma necə olur ki, belə “şanapipiklər” telekanllara yol tapırlar və oradan efir vasitəsilə ailələrimizə soxulurlar, ancaq intellektual gənclər küncə sıxlır?

-Bu sualın cavabını o efirin sahibindən, o verilişi təşkil edəndən soruşmaq lazımdır. Söz sahibi onlardır. Sualı onlara ünvanlayın və cavabını da alın.

- Ziyalıların təhsil ocaqlarında tələbə və şagirdlərlə görüşünə az hallarda rast gəlinir. Bəzən ziyalıların özləri də bu vəziyyətdən yumşaq desək gileylənirlər. Gənclərlə ziyalılar arasında dərin bir uçurumun olduğunu iddia edirlər...

- Hər şeyi qara görmək olmaz. Gənclərlə ziyalılar arasında uçurum yoxdur. Necə uçurum ola bilər ki, mən özüm son 6 ayda 7 təhsil ocağında görüşdə olmuşam. Təhsil Nazirliyinin keçirdiyi tədbirlərdə təhsil adamları və tələbələrlə dəfələrlə görüşlərim olub. Bu görüşlər davam edir. Azərbaycanın bölgələrində “Cümhuriyyət Günləri” adı altında, bəlkə, 30-dan yuxarı tədbir keçirdik. Cəblə bölgəsinə gedib əsgərlərimizlə görüşümüşük. Onu iddia edən adamlar ya telekanallara baxmırlar, ya yalnız şou proqramlara baxırlar, ya da Azərbaycanda yaşamırlar. Azərbaycanda yaşayıb, yerli telekanallara baxsaydılar, bu görüşlərdən xəbərdar olardılar. Bəli, ola bilsin, keçmişdə, sovet iideologiyasının güclü şəkildə təbliğ olunduğu dövrdəki kimi çoxlu sayda görüş olmur. Amma mən onlarla orta məktəbdə şagirdlərlə görüşmüşəm. Regionlarda şəhid ailələri ilə görüşdə iştirak etmişəm. Orada çıxış etmişəm. Tədbirlərə getmişəm. O yoxdu, bu yoxdu, o qaradı, bu qaradı deməklə iş düzəlmir. Bu düşüncədən uzaq olub, bir az da görülən işlərdən danışmaq lazımdır. Olanları inkar etmək olmaz. Onu deyən adam gəlib, mənimlə tədbirlərə getsin, Lələpə və Cocuq Mərcanlıda əsgərlərimizlə görüşsün. Gəlsinlər gedək. Həmin adamları dəvət edirlər. Bəzən onlar özlərini naza çəkirlər. “Vaxtım yoxdu, gedə bilmirəm” deyənlər də çox olur. İki şərt var. Tamaşam və məşqim yoxdursa, məni tədbirdən heç bir səbəb saxlaya bilməz.

- Gənc aktyorların peşəkarlıq səviyyəsini necə qiymətləndirirsiniz?

-Hər sahədə yaxşı yaxşıdır, pis pisdir. Metal aləmində qiymətli metallar və bir də qara metallar var. Dəmir var, alimiumum var, mis var, bir də qızıl və gümüş var. Bütün sahələrdə olduğu kimi, bu sahənin də pisi, yaxşısı, ortababı, əlası və fitri istedadı var. Biz, çox istedadlı xalqıq. Savadsız millət deyilik.Yaşlı nəslin “Bizdən sonra vəziyyət necə olacaq” düşüncəsini bəyənmirəm. Mən teatra yeni gələndə bizə deyirdilər ki, bilirsiniz biz kimləri görmüşük ? İndi biz də deyirik ki, bilirsiniz biz kimlərlə işləmişik ?! Nəsillərin dəyişməsi zamanla baş verən bir haldır. Bu gün Azərbaycanda kifayət qədər istedadı olan gənc aktyorlar var. Onlar da daha çox oxumalıdırlar, daha çox mütaliə etməlidirlər ki, daha da inkişaf etsinlər. Ölkəmizdə savadlı, intellektual aktyor da var, rejiossor da, ədəbiyyat adamı da, rəssam da var, musiqişünas da. Sadəcə, o istedadlıları görməliyik, yol açmalıyıq ki, onlara da öz imkanlarını realizə etsinlər.

– Serialların mövzusu və çəkilişi ilə bağlı da narazılıqlar var. Onlar edənlər haqlıdırlarmı?

-Tükiyə və Rusiya telekanallarında gedən seriallar çoxmu maraqlıdı? Doğrudur, onlar texniki sahədə irəli gediblər. Həm də Türkiyədə seriallara çox böyük pullar yatırırlar, maraqlı da iş oryaya qoyurlar və gəlir də götürürlər. Amma sənət nöqteyi-nəzərindən baxsaq, onları çox şişirdirik. Biz adətən, özgələrinin işini bəyənirik, amma özümüzünkünü aşağılayırıq. Özümüzə dəyər verməyi bacarmalıyıq. Düzdür, əvəllər kifayət qədər texniki imkanlar yox idi. Maliyyə imkanlarımız o qədər də deyildi. Amma indi Azərbaycanda kifayət qədər maraqlı seriallar var. İstedadlı uşaqları o seriallarda görürük. Həm özlərini tanıtdırırlar, həm də sənətdən çörək qazanırlar. Amma biz nəhayət özümüzü bəyənməməkdən çəkinməliyik. Yaxşımızı da pisləyirik, pisimizi də... Ancaq pisi qaldırıb qoyuruq dağların başına. Əlbəttə, Türkiyə seriallarının maraqlı tərəfləri ilə yanaşı, ziyanlı tərəfləri də var. Elə şeylər var, onlar bizim həyatımız üçün qəbulolunmazdır. Türklər tarixi serialar çəkirləər, bəzən bu filmlərdə tarixi həqiqət təhrif olunur. “Möhtəşəm Yüz Yıl”da tarix təhrif olunurdu. Tarixi həqiqətlərin aşağılanması kimi məqamlar da vardı. Onlarda da teatr və kino sahəsində bəzi qeyri-türklər var. Onlar bəzən istədiklərini edirlər. Türkdilli qardaş ölkələr arasında narazılıq əhvah-ruhiyyəsi yaratmağa çalışanlar var. Bununla belə etiraf etməliyik ki, Türkiyədə savaş, müharibə və qəhrəmanılıqla bağlı çəkilən serillarda Azərbaycan, Azərbaycanın igidləri və Mübariz İbrahimov var. Bizim aktyorları da dəvət edirlər. Kənan MM çəkilir. Bu, çox yaxşı haldır. Məlum tendensiya güclənməlidir. Məkirli qüvvələrə imkan verməmliyik ki, bizi bir –birimizə qarşı qoysunlar.

-Azərbaycanda Dağlıq Qarabağ, Xocalı faciəsi, qanlı yanvar və qəhrəmanlarımızla bağlı çəkilən serial və filmlərə az rast gəlinir. Səbəb nədir?

-Bu, özümüzdən irəli gələn amildir. Kino sahəsin, seriallara dövlət kifayət qədər pul ayırır. Bu sahədə tutarlı işlərin ortaya qoyulması artıq insanların milli borcudur. Seriallar güclü təbliğat vastiləridirlər. Qarabağ uğurunda bu qədər şəhid vermişik. Bu qədər qəhrmənlarımız var. Bu gün Azərbaycan gəncliyi,məktəblərimizdəki şagirdlər qəhrəmanlarımızın neçəsini tanıyır ? Qəhrəmanlarımız hansı formada təbliğ olunurlar ? Təbliğat güclü olmalıdır. Hər kəs görməlidir ki, vətən uğurunda şəhid olanlar unudulmur. Vətən uğurunda qazi olanlara cəmiyyət dəyər verir. İşimizi, təbliğatımızı bu şəkildə qurmalıyıq. Düzdü, həmin istiqamətdə müəyyən addımlar atılır. Amma azdır, kifayət etmir. Hər şeyi dövlətdən ummaq da düzgün deyil. Dövlət maliyyə imkanları yaradırsa, həmin pulun müqabilində ortaya səviyyəli iş, əsər qoyulmalıdır. Bəzi şeyləri özümüzdə axtarmalıyıq. Yalandan sosial şəbəkələrdə şəhidlərin, qəhrəmanların şəkillərini paylaşıb, “igid oğlumuz” , “qəhrəman balamız” demək iş bitmir. Onu kinolarda , serillarda, ədəbiyyat nümunələrində təbliğ etməliyik.Bütün telekanallar onları təbliğ etməlidir.

-Qeyd etdiniz ki, özümüzünkünü dəyərləndirməyi bacarmırıq. Bu meyl niyə və kim tərəfindən yarandı?

- Görünür, içimizdə bizi istəməyən və özünü bizdən göstərməyə çalışıb, amma bizi xoşlamayan insanlar var. Və onlar da sırf bu işlərlə məşğuldurlar. Ölkəmizdə bu gün də “Bəlkə də, qaytardılar” eşqi ilə yaşayan, Azərbaycanın müstəqilliyini istəməyən, cəmiyyətdə qardaşlığı və barışın bərqərar olmasını istəməyənlər var. Bu meyl oradan gəlir. Bəli, cəmiyyətimizdə problemlər də var, nöqsanlar da. Bir çox işlərdə pisliklər, naqisliklər də mövcuddur. Amma yaxşı şeylər də var axı. Ağ işlər də mövcuddur. Formalaşmış hüququmuz, güclü ordumuz və sərhədçilərimiz var. Təhsil və mədəniyyət sahələrində kifayət qədər ciddi islahatlar aprılır. Bir tərəfdən deyirik ki, senzura ləğv olunsun. Bəli, senzura ləğv olunub. Senzuranın ləğv olunması o demək deyil ki, insanlar ağızlarına gələni danışıb, yazmalıdırlar. Sabah senzura tətbiq olunsa, həmin adamlar şivən qoparacaqlar ki, ay aman senzura tətbiq olundu. Hər kəsin içərisində vicdan olmalıdır və o vicdan da onun senzurası olmalıdır. Bizim bir–birimizə qarşı yox, bir–birimizin yanında olmağa ehtiyacımız var. Cəmiyyətə pozitiv aşılamalıyıq. Nə vaxta qədər ancaq özümüzü söyəcəyik ?! Nöqsanı deyək, düz olmayanı deyək, amma hər şeyin öz ölçüsü var. Yenə deyirəm millət o zaman millət olur ki, başqa millətlər tərəfindən o zaman hörmətlə qarşılanır ki, öncə o millətin özü-özünə dəyər verir. Bu mənada mənə elə gəlir ki, bu gün Azərbaycanın müstəqilliyini həzm edə bilməyən güclər və qüvvələr var. Onlar müxtəlif rənglidir və müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Azərbaycanın 3 rəngli şanlı bayrağı görünür, kimlərinsə gözünə girir. Kimlərsə məkirli maraqlar axtarışdadırlar. Buna görə də ölkəmizdə hər şeyi qara görürlər. Biz bu torpağı, bu vətəni, bu ölkəni, bu milləti istəyiriksə, bir- birimizin yanında olmalıyıq. Şəhid ailələri və qazilərlə görüşməliyik. Bizim onlara verəcəyimiz ancaq mənəvi dəstəkdir. Cəmiyyət o vaxt cəmiyyət olur ki, o, özünün ləyaqətli insanına, müəlliminə, elm, sənət və savaş adımına qiymət verir. O zaman millət güclü və bütöv olur. Hər kəs başqasını tənqid etməzdən əvvəl birinci özündən başlamalıdır. Özümüzü tənqid edək ki, biz özümüz neynəmişik. Hər kəs öz işində halal və dəqiq olmalıdır.

-“Azərbaycan cəmiyyəti kitab oxumur. Savadlı oxucu və savadlı mətn yazan yoxdur” düşüncəsi ilə razısınızmı?

-Bəli, kitaba maraq azdır. Biz sovet dönəmində Rusiyadan sonra ikinci ən çox kitab oxuyan xalq idik. Kitab dəyərli nəsnədir. Deyim ki, son 3-4 ildir, Azərbaycanda kitaba maraq artıb. Kitab mağazlarının sayı çoxalır. “Libraff” var. “Azərnəşr” kitab evi fəaliyyət göstərir. “Azəkitab” adında kitab satış mərkəzi istifadəyə verilib. “Qanun” nəşriyyatı kitabların yarmarkasını təşkil edir. Son illərdə Bakıda kitab mağazaların sayı çoxalıb, amma bu da arzuolunan səviyyə deyil. Kitab mağazaları və kitabxanalara gedirəm. Görürəm ki, 10-15 nəfər adam var. Amma gəlin gedək Moskvaya. Orada kitab mağazasına girmək üçün növbədi. Baxırsan ki, qocası, cavanı, hətta bomju da kitab oxuyur. Parkda, metroda, avtobusda , yolda, küçədə hamı kitab oxuyur. Kitab insanın ruh dünyasını tərbiyələndirir. İnsan kitab oxuduqca zənginləşir, həyatı anlayır. Elə kitablar var, ki oxuduqdan sonra yaşamaq istəyirsən. Bu mənada hesab edirəm ki, Azərbaycanda kitabla bağlı məsələlərdə müsbət dinamika var. Arzu edirəm bundan sonra daha da çox olsun . Oxumayan millətin sabahı yoxdur.

-Amma regionlarda kitabxanalar, kitab mağazaları azdır və ya yoxdur...

-Regionlarda 10 -15 şadlıq sarayı tikən adamlar bir dənə də kitab mağazası tikisə nə olardı? ! İş adamları bunu edə bilərlər. Sonra deyirlər ki, cammat kinoya getmir. Yalandır. “Cavadxan” filminin təqdimatını keçirmək üçün bölgələrə getmişdik. Siyəzəndə bir gündə 4 saat göstərildi. Amma harada göstərildi ? Məktəbdə. Çünki kinoteatrlar yox dərəcəsindədir. Keçmişdə bir rayonda 3 kinoteatr olurdu. Amma indi kinoteatrlar, ləğv olunub. Sonra da deyirlər, kinoya gedən yoxdur. Camaat gedib harada baxsın?!

-Bağlanan kinoteatrlara yeni nəfəs vermək mümkündürmü?

-Buna münasibət dəyişməlidir. Kino dünyada ən güclü təbliğat vasitəsidir. Kino bir ölkənin tarixi, mədəniyyəti, mətbəxi, ədəbiyyatı, incəsənəti, musiqisi haqqında məlumat mənbəyidir. Hansısa bir əcnəbi Azərbaycanı kinomuza baxandan sonra tanıyır. Yəni kinoya baxanda görür ki, bu millət kimdir, nədir, adəti-ənənisi necədi, geyimi, tarixi, ədəbiyyatı, ailə institutu nədir. Bizi o filmlərdən tanıyırlar. Film təkcə bədii material deyil. Həm də güclü təbliğat vasitəsidir. Kino və film vasitəsilə özümüzü dünyaya tanıtmalıyıq. 40-50 il Azərbaycan sərhədlərindən kənara çıxa bilməyən muğamımız bu gün bütün dünyanı fəth edib. Dünyanın hər yerində muğan Azərbaycanın milli musiqisi kimi qəbul olunub və sevilir. Bütün dünya ilə paylaşa biləciyimiz, dünyaya göstərəciyimiz çox şeyimiz var. Bu mənada olduqca varlı millətik. Amma özümüzün olanı təbliğ etməyi bacarmalıyıq. Tənbəllik edirik. Qonşularımız bizə deyəndə ki, sizin tarixiniz 1918-ci ildən başlayır. Biz onun cavabanı gərək indiyə qədər vermiş olardıq. XII əsrdə dünyanın ən kamil idarəetmə sisteminə malik olan Atabəylər dövləti haqqında film çəkməli idik. Şəmsəddin Eldəniz, Qızıl Arslan, Məmməd Cahan Pəhləvan, Şah İsmayıl Xətai və başqa tarixi şəxsiyyətlərimiz və onların başçılıq etdikləri dövlətlər haqqında film çəkməli idik. Bununla da düşmənlərə çoxdan sübut etmiş olardıq ki, Dərbəddən Fars körfəzinə qədər ərazisi olan böyük dövlətimiz olub. Belə şeylər var. Bu işlər görülməli idi və görülməlidir. Həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda.

-İllərdir, 20 faiz torpağımız düşmən tapdağı altındadır. 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Mənə elə gəlir ki, tutduğu vəzifə və peşədən asılı olmayaraq bu vətəni sevən hər bir Azərbaycan vətəndaşının bu münaqişə barədə ən azı bir cümləlik fikri olmalıdır. Doğrudur, siyasətçi deyilsiniz. Amma biz sizi bütöv bir şəxsiyyət kimi dəyərləndiririk. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə düşünürsünüz?

-Mən politoloq deyiləm, amma mən bir vətəndaş kimi deyə bilərəm ki, bu gün ətrafımızda yaranmış siyasi vəziyyət, ətrafımızda baş verən hadisələr deməyə əsas verir ki, yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi addımlar atılacaq. Mən buna əminəm və bilirəm ki, bu problem yaxın zamanlarda həllini tapacaq.

- Problem diplomatik yolla həll olunacaq, yoxsa hərbi yola əl atmalı olacağıq?

-Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həlli mərhələsi artıq bitib. Düşmən sülhə gəlmir. Əksinə provokasiya törədir. Azərbaycanı təxribata çəkmək istəyir. Qəti şəkildə torpaqlarımızdan çıxmaq istəmir. Biz də beynəlxalq düşüncəni ədalətli tərəfə, yəni öz xeyrimizə dəyişdirməli və problemimizi həll etməliyik. Bu ötən 30 il, bizə göstərdi ki, işğalçı tərəf həyasızcasına oyun oynayır. Bununla da vaxt qazanır ki, zamanla bu işğal faktoru unudulsun, tələblər azalsın. Amma yanılırlar. İndi Qaranbağ probleminin hərbi yolla həllindən başqa yol qalmayıb. Azərbaycanın kifayət qədər güclü siyasi, hərbi və iqtisadi potensialı var. Bu istiqamətdə işlər gedir. Artıq hamı, qonşularımız da o fikirdədir ki, Qarabağ probleminin həlli savaşdan keçir. Başqa yolu yox artıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.