Sərdar Cəlaloğlu Hadi Rəcəbliyə cavab verdi: “Gülüncdür”

15-10-2019, 08:04           
Sərdar Cəlaloğlu Hadi Rəcəbliyə cavab verdi: “Gülüncdür”
Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasındakı çıxışı zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Rusiyada işləyən azərbaycanlıların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait ödəməli olduqlarını vurğulayıb:

“Rusiya və digər ölkələrdə toplanan əmək stajına dair dövlətlərarası konvensiya var. Bu, Rusiya tərəfindən ratifikasiya olunmayıb. Ona görə də insanların orada uzun müddət işləməsi və əməkhaqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq”.

Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında Hadı Rəcəblinin bu təklifini gülünc adlandırıb:

““Vətəndaşlıq haqqında” Qanun var, xarici ölkədə yaşayan vətəndaşlar həmin ölkə qarşısında öhdəliklərə malik olduğuna görə bir vətəndaş ikiqat öhdəliyə malik ola bilməz. Əgər Rusiyada yaşayan azərbaycanlılar Rusiya qanunlarına tabedirsə, Rusiyada maaş alırlarsa, vergi verirlərsə, Azərbaycan qanunlarına tabe olmalı deyillər. Bu, elementar bir şeydir. Siz Azərbaycan vətəndaşından o zaman vəzifə tələb edə bilərsiniz ki, onların qarşısında öhdəliyiniz olsun. Əgər sizin vətəndaş qarşısında dövlət kimi heç bir öhdəliyiniz yoxdursa, heç nə tələb edə bilməzsiniz. Ona görə də Hadi Rəcəblinin dediyi gülməlidir. Xaricdə yaşayan azərbaycanlılar yaşadıqları dövlətin Sosial Müdafiə Fonduna onsuz da pul ödəyirlər. Bir halda ki, Rusiyada yaşayan azərbaycanlı burada pensiya fonduna pul vermədiyinə görə pensiya almır, nəyə əsaslanıb belə fikir deyirlər? Rusiyada yaşayanların Azərbaycanda hansısa vergiyə cəlb olunması gülüncdür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.