“Məmurlar 100 milyon dolları ilə öyünənə gülür, 10 milyon dolları olana dəli deyirlər”

21-10-2019, 17:46           
“Məmurlar 100 milyon dolları ilə öyünənə gülür, 10 milyon dolları olana dəli deyirlər”
Milli Şura və AXCP-nin oktyabrın 19-da “28 may” metrostansiyasının qarşısında keçirmək istədiyi mitinqə polis müdaxilə etdi. Onlarla insan saxlanıldı və onlara işgəncə verildiyi barədə məlumatlar yayıldı. Saxlanılanlar və döyülənlər arasında Əli Kərimli də var idi. Azərbaycanda müxalifət partiyalarının mitinqlər keçirməsinə iqtidar qüvvələrinin bu qədər sərt reaksiya verməsi narazı fikirlərin artmasına səbəb olur.
Azərbaycan Liberal Partiyanın (ALP) sədri Əvəz Temirxan Bizimyol.info saytına verdiyi müsahibədə son günlər cəmiyyətdə baş verən hadisələrə münasibət bildirib.

- Müxalifətin mitinq cəhdini və polisin müdaxiləsini necə qiymətləndirirsiniz?

- Mən özüm də dəfələrlə mtinqlərdə iştirak etmişəm, döyülmüşəm. Döyülməyin nə olduğunu öz təcrübəmdə bilirəm, bunu qətiyyətlə pisləyirəm. Həbs olunmuş insanları azad etməyə çağırıram. Dövlət başçısı da islahat deyir, müxalifət də. Bəs niyə imkan vermirlər ki, dövlət müxalifətin islahatı nədə gördüyünü, necə gördüyünü desin? Bu, yumşaq desək, ziddiyyətlidir. Azərbayan iqtidarı cəmiyyətlə dialoqda olmalıdır, cəmyyətlə əks-rabitə qurmalıdır - bunun da ən real yolu mitinqlərdir.

-Prezident son çıxışı zamanı komandada islahatlara mane olan məmurların olması barədə danışdı. Belə fikirlər gəzir ki, məhz həmin məmurlar bu mitinqlərin çağırılmasında və dağıdılmasında maraqlı idilər.

- Biz bunu əvvələr də deyirdik, indi də deyirik. O zaman da iqtidarın içində müxtəlif qruplar olub, indi də var. Əgər bu quruculuğa yönəlsəydi faydalı olardı. Amma dövlət başçısının son çıxışından sonra əminliklə deyə bilərik ki, belə mürtəce fikirli məmurlar var və mitinqlərin bu şəkildə pozulmasında onlar rol oynayır. Azərbaycan xalqının qanını içərək milyardlar toplamış bir çox məmurlar indi çevriliblər monstra. Nə xalqı sayırlar, nə də bir zaman yaltaqlıq etdikləri yuxarıları sayırlar. Prezident xalqı dinləməldir. Bu ilk növbədə İlham Əliyevin özünə sərfəlidir, bu, ona kömək edəcək.

- Mitinqlərin bu şəkildə qarşısının alınması qanlı toqquşmalara səbəb ola bilər?

- Radikal müxalifət nə istəyir? Radikal islahatlar. Biz Liberal partiya olaraq 26 idir bunu istəyirik. Xalqımız daha yaxşı yaşasın, ən öncül millətlər arasında olaq. Xalqın buna ixtiyarı var. İqtidardakı proqressiv qüvvələrin cəmiyyətdəki proqressiv qüvvələrlə birləşmək imkanı yoxdur. Özümüz iqtidarda olub görmüşük. Çünki iqtidarda belə insanlar azdır. Və xalqın narazılığından istifadə edib qarşıdrurma yaratmaq istəyən qüvvələr var. Bu gün elə bir məmur, elə bir icra başçısı yoxdur ki, onun prezident olmaq istəyi olmasın. 2005-ci ildə mənə yüksək vəzifəli bir məmur demişdi ki, "100 milyonum var" deyib öyünən məmura iqtidar içində gülürlər, "10 miyon dollarım var" deyəni isə dəli hesab edirlər. 14 il öncə bu belə idi. İndi təsəvvür edin onlar nələrə qadirdilər.

- İndi də o adam hakimiyyətdədir?

- Onu çıxartdılar, çəkilib kənara. Oturub suyun dibinə.

- Axı müxalifət özü də birləşməyi bacarmır.

- Müxalfətdə də müxtəlif qüvvələr var. Biz həmişə birləşib, yolun yarısında qalmışıq. Kimi 5 addım sonra bizi yarıyolda qoyub, kimi 55 metr sonra. Amma bu, azad söz demək istəyənləri arxadan vurmağa haqq vermir, namərdcə arxadan vurmaq qəbuledilməzdir.

- Aksiya və ya mitinqə icazə alınmalıdırmı? Xarici ölkələrdə mitinqlərin mərkəzdə keçirilməsinə icazə verilir?

- Qonşu Gürcüstanda parlamentin önündə mitinqlər keçirildi. Gürcüstan dağıldı? Xaricdə mitinqdən öncə dövlət qurumlarına xəbər verilir. Yalnız ona görə ki, asayiş və onların təhlükəsizliyi qorunsun deyə. Polis tərəfindən döyülmək üçün yox. Deyirlər paranı yemə, bütövə toxunma. Belə şey olarmı? 19 yanvarda mitinq oldu. Mitinqdən sonra sosial güzəştlər əldə edildi. Bunun kimə ziyanı dəydi? Xalq da sevindi, iqtidar da, müxalifət də. Burada yalnız Azərbaycan dövlətçiliyi qazandı. Sadəcə olaraq, bəzi məmurlar özlərini firon yox, artıq Allah sayırlar. Onlar Azərbaycan xalqının narazılığını eştmək istəmirlər. Çünki özləri başqalarına qul olublar. Bəziləri yüzdə yüz eyforiyadadırlar. Özləri qul olanlar xalqı qul görmək stəyir. Hər biri nəfsinin, xaricdə yığdıqları milyardların, xarici qüvvələrin quludurlar. Guya o pulu bizim məmurlara verəcəklərmi? Yox! ABŞ prezidentinin təhükəsizlik məsələləri üzrə köməkçisi Zbiqnev Bjezinski çıxışlarından biri zamanı demişdi. “O ölkələr ki, hesab edirlər onların elitası var, onların elitası xarici banklardakı hesablardadır və bu hesablar xarici dövlətlərin nəzarəti atındadır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.