"Kadr dəyişiklikləri, kadr islahatları başqa məsələdir, deputatlıq başqa" – 69 yaşlı deputatdan etiraz

28-10-2019, 10:50           
"Kadr dəyişiklikləri, kadr islahatları başqa məsələdir, deputatlıq başqa" – 69 yaşlı deputatdan etiraz
“Bunların hamısı boşboğazlıqdan irəli gəlir. Kadr dəyişiklikləri, kadr islahatları başqa məsələdir, deputatlıq başqa. Biri təyinatladır, biri seçki ilə”.
Dia.az xəbər verir ki, bunu Milli Məclisin 69 yaşlı deputatı Tahir Rzayev Etikxeber.az-a açıqlamasında deyib. Deputatların yaaş məsələsi ilə bağlı sualı cavablandıran T. Rzayev deyib ki, kimlərsə öz şəxsi və cılız maraqları naminə adamları çaşdırmaq istəyir: “Hansı ki, onların qanunlardan, dünya təcrübəsindən xəbərləri yoxdur. Deputatı xalq seçir, o xalqın istəyinin seçimidir. Neçə yaşından asılı olmayaraq, aşağı hədd məlumdur – 18 yaş – istənilən şəxs istənilən yaşda və istənilən dəfə seçilə bilər. Elə bir yuxarı yaş həddi yoxdur ki, kimsə deputat seçilə bilməsin.

Digər tərəfdən də əgər deputat hansısa bir partiyanın üzvüdürsə, həmin partiya ona etimad göstərirsə, onun həmin partiya tərəfindən yenidən namizədliyi irəli sürülür və insanlar, həmçinin, üzvü olduğu təşkilat tərəfindən dəstəklənir. Bilirsiniz, bizdə bir sıra adamlar bəzən çox bayağı fikirlər söyləyirlər. Birincisu, biz xarici, dünya ölkələrinin parlamentlərinə baxaq. Burada olanların əksəriyyəti təcrübəli adamlardır. Qanunvericiliklə ciddi məşğul olan adamlardır. İnsanlar arasında nüfuz qazanan, hörmət qazanan adamlardır.

Əlbəttə ki, mən özüm uzun müddət gənclərlə işləmişəm və gənclərə böyük mənim hörmətim var. Təcrübəli gənclərin, sağlam gənclərin parlamentə gəlməsinin də əleyhinə deyiləm. Lakin bütünlüklə parlamenti gəncləşdirmək gələcəkdə qanunvericiliyə böyük ziyan ola bilər…

Oğul bir gün atasını qoyur səbətin içinə, aparır qoyur dağın başına. Ata qayıdır oğluna deyir ki, ay oğul səbəti götür, bir gün sənə də lazım olacaq. Deyir, neynirəm ki, bu, sənin üçündür. Deyir ki, yox, bir gün səni də sənin oğlun səbətdə bura gətirəcək. Yəni, kimisə yaşına görə, aşağılamaq, təhqir etmək heç cür olmaz. Heç kimin buna haqqı yoxdur.

Yenə deyirəm, kimlərsə əgər yaşlaşıbsa, iş qüvvəsini itiribsə, fəal deyilsə, belə adamların ictimai həyatda nəinki rolunu qiymətləndirmirəm, onların vəzifədə oturmağının, heç deputat seçilməyinin də tərəfdarı deyiləm. Ancaq doğurdan da, kimlərsə öz vəzifəsini yerinə yetirsə, xüsusən xalqın içində hörməti varsa, fəaldırsa, belə adamlara xalq etimad göstərirsə, qoy yenidən seçilsinlər. Niyə seçilməsinlər ki?”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.