“Bilsəm Nardaranda kimdəsə silah var, alıb təpəsinə vuraram”

2-12-2015, 01:26           
“Bilsəm Nardaranda kimdəsə silah var, alıb təpəsinə vuraram”
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Azadlıq radiosuna deyib ki, Daxili Qoşunlar kənddən çəkilib: “Amma bəzi yerlərdə polis postları hələ də qalır. Yəqin sabah tamam çıxıb gedərlər”.

- Kənddə işıqlar yandımı?

- Yox, işıqlar yanmayıb. İnşallah yanar. 42 milyon borcumuz var, amma 42 milyonumuz yoxdur. Prezidentə müraciət edəcəyik.

- Polisin əməliyyatı zamanı nə qədər adam saxlanıb?

- Xeyli adamdır. 19-a qədər adamdır. Adlarını sabah açıqlayarıq, bəlkə sabah araşdırılıb buraxılsın. Daxili İşlər Nazirinin müavini Vilayət Eyvazov kənddə 15-20 adamla görüşüb. Deyib ki, bizdə məlumat var ki, kimlərdəsə silah var, gətirin, təhvil verin. Mən də eyni şeyi deyirəm ki, kimdə silah var, aparınb təhvil versin. Bizə silah lazım deyil. Azərbaycanın kifayət qədər qoşunu var, silahı var. Nardaranda heç kəsə silah lazım deyil.

​- Kənddə evlərdə axtarış aparılıb və bəzilərində silah tapıldığı deyilir.

- Camaatın evində axtarış aparılıb. Kimin evindən silah tapılıb, kim təsadüfən saxlanıb, səhər açıqlama verərlər yəqin ki.

- Sizin evdə axtarış aparıldımı?

- Mənim evimdə niyə axtarış aparılsın? Allaha şükür ki, məndə bir şey yoxdur, elə bir qələt eləməmişəm, eləmərəm də. Bilsəm ki, kiminsə evində silah var, alıb təpəsinə vuraram, aparıb təhvil verərəm. Kimdəsə silah varsa, aparıb təhvil versin, özünü də məsuliyyətdən azad etsin.

- Gün ərzində xəbər yayıldı ki, noyabrın 26-da öldürülənlər dəfn edilib. Cənazələr gətirildimi kəndə?

- Ölənlərin ailələri ilə danışdım, dedilər ki, dəfndə iştirak etməyiblər, ancaq hər yerdə yayılıb ki, ölənlər dəfn edilib. Yəqin dəfn ediliblər, ailələrinə də deyəcəklər ki, filan yerdə basdırıldı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.