Vurğun Əyyubun xanımından ÜRƏK DAĞLAYAN SÖZLƏR: O, mənə söz vermişdi ki... - MÜSAHİBƏ

20-12-2019, 09:05           
Vurğun Əyyubun xanımından ÜRƏK DAĞLAYAN SÖZLƏR: O, mənə söz vermişdi ki... - MÜSAHİBƏ
Böyük Məmməd Arazın misralarını ruhu ilə bölüşdürə bilmirdi. Acıya bax ki, sevgisinin yükü altında əzilən boz həyat da onu ölümlə arasında bölüşdürməkdən yorulub çiynindən atdı. Ölüm də bükmədi belini. Xatirələrini də, geri qalan ömrünü də vurğunu olduğu qadının ovcuna büküb, azad oldu.

Vaxtsız ölümünlə hamımızı sarsıtdın, Vurğun bəy. Amma yoxluğundan yeni bir sən yaradan həyat dostun Sima xanım qədər göynəyə bilmərik. Bir gün evinə geri dönmək istəsən, agah ol ki, paltarlarını da qarderobuna düzüb səni gözləyir.

Hərdən texnologiyanın inkişafına da təzim etməyin gəlir. Gecənin ən yarısı Vurğun Əyyubun ömür yoldaşı Sima xanımla acısını bölüşməyin başqa yolu qalmayanda adi smartfon da sehrli qutuya bənzəyir.

O danışdı, mən dinlədim. O ağladı, mən kövrəldim. Amma sevimli Vurğun Əyyubu onun dilindən dinləmək necə gözəldir…

Publika.az Vurğun Əyyubun xanımı Sima Əyyubla müsahibəni təqdim edir.

- Sima xanım, tanıdığım ən vicdanlı insanlardan idi Vurğun Əyyub. İnsanlardandır. Çünki onun haqda keçmiş kimi danışmaq olmur. Amma mən istəyirəm ki, siz onu tanımayanlara təqdim edəsiniz...

- Vurğun Əyyub mənim həyatımın adamıdır, mənim üçün həyatda ən önəmli və ən dəyərli, ən ləyaqətli insan idi. Həyat yoldaşı olduğum üçün demirəm. Belə insanlar cəmiyyətdə çox azdır. Mən Vuğunu müəllim adının şərəfini qoruyan bir müəllim kimi, çoxlarına örnək olacaq bir ata kimi, işdə kollektivin lap kiçiyindən tutmuş ən böyüyünədək hamının sevdiyi bir həmkar kimi təqdim edərdim. Onun haqda keçmişdə danışa bilmirəm (kövrəlir, hətta bu söhbəti göz yaşı yuyur). Vurğun, saxtakarlığa, haqsızlığa dözə bilməyən insan idi. Xalq qarşısında həmişə alnıaçıq olub. Onun haqqında mənfi bir rəy, bir fikir eşitməmişəm. Vəfatından sonra sosial şəbəkələrdə, mətbuatda söylənilən fikirlər də bunu sübut edir.

- Harada tanış olmuşdunuz?

- Vurğun Əyyubun müəllim işlədiyi Azərbaycan Pedaqoji İnstitutunda təhsil almışam. Dördüncü kursda oxuyurdum, Vurğun isə baş müəllim işləyirdi. Bizə XIX əsr Azərbaycan ədəbiyyatı fənnini Məmməd Məmmədov tədris edirdi. Semestr ərəfəsi idi. İmtahandan bir gün öncə məsləhət saatına toplaşmışdıq. Mən də getmişdim. Qaranlıq qalan sualların cavablarını alacaqdıq. Auditoriyanın qarşısına toplaşmışdıq. Dedilər ki, Məmməd müəllim xəstədir, sizinlə Vurğun müəllim görşəcək. Düzü mən onu tanımırdım. O, birinci qurupda dərs deyirdi, mən isə ikinci qurupda idim. Birinci qrupun müəllimlərini elə də tanımırdım. Soruşdum, Vurğun müəllim kimdir? Dedilər, yerlindir. İlk dəfə idi, bu adı eşidirdim. Çox qəribə təsir bağışladı mənə. Hətta dedim, ada bax, a Vurğun! El arasında belə bir misal var “ay səni vurğun vursun” eşitmisiniz?

- Nə maraqlı, o ifadə bizim zonada da işlənir.

(gülürük)

- Mən uşaq olanda elə bilirdim ki, vurğun gözə görünməz bir qüvvədir. Və bizi pis əməlimizə görə vurur. Nənə-babalarımız bizə belə demişdilər. Amma bu sözü işlədəndə, Vurğunun üzündə qəribə bir ifadə yaranmışdı. Sırf buna görə araşdırdım. Bəlli oldu ki, türk deyimidir. Əsas mənası da odur ki, qısa müddətdə bir işin müqabilində gəlir əldə edəsən. Bizsə onu yanlış anlamışıq. Deyimin anlamını olduğu kimi təqdim edirəm.

Vurgun vurmak
deyiminin anlamı, açıklaması ve örnek cümleleri:

(Yolsuzluk yaparak kısa sürede büyük kazanç elde etmek.)
"Dün gece vurgun vurmuşsunuz yine, kim bilir kimlerin canını yaktınız."

- Demək eşitmişdi...

- Bəli, mən bu deyimi deyəndə rəfiqəm qolumu möhkəmcə sıxdı ki, yavaş danış, yanımızdadır, eşidir. Artıq iş işdən keçmişdi, dediklərimi eitmişdi. Vurğun gənc olduğu üçün tələbələrdən seçilmirdi. Mən instituta dördüncü il daxil olmuşdum, sovet dövründə qəbul imtahanların nə səpkidə keşirilməsi hamıya bəlli idi. Vurğun məndən yeddi yaş böyük idi. Nə isə... biz auditoriyaya keçdik. Vurğun müəllimə bizə qaranlıq olan suallarımızı verdik. O da cavablandırdı. Məsləhət saatı başa çatmaq ərəfəsində aranı yumşaltmaq üçün dedim, Vurğun müəllim, qiymətləndirmə necə olacaq? Axı siz bizi yaxşı tanımırsınız, semester boyu necə oxuduğumuzu bilmirsiniz, biliyimizə bələd deyilsiniz. İmtahanın öz həyəcanı olur. Ola bilər ki, ən yaxşı oxuyan tələbə də imtahanda çaşsın. Qiymətləndirmə necə olacaq? Çox ciddi şəkildə cavab verdi ki, kim hansı qiymətə danışsa, o qiyməti də alacaq. Bilməyənlərə isə "2" yazacam. Doğrusu bu cavab heç birimizin xoşuna gəlmədi. Mən də əlaçı idim, əlaçılıqdan düşmək istəmirdim. Qayıtdıq evə. Ertəsi gün imtahan vaxtı Məmməd müəllim Vurğunla birgə içəri girdi. Mən sevincimdən Məmməd müəllim özü gəldi deyə ayağa qalxıb qışqırdım. Hamı donub üzümə baxdı, hətta Məmməd müəllim də. İmtahan başlandı. Mənim adım jurnalda axırıncı idi, hamıdan sonra bilet çəkəsi olurdum. İmtahanlar şifahi qaydada keçirilirdi. Nə isə növbə mənə çatdı. Hiss edirdim ki, Vurğun müəllim də maraqla mənim bilet çəkəcəyimi gözləyir. Bilet çəkəndə Məmməd müəllim Vurğuna dedi ki, Sima mənim ən yaxşı tələbələrimdəndir. Çox məsuliyyətli, savadlı qızdır. Vurğun dodaqaltı qımışdı. Düşündüm ki, dünən söylədiklərimə görə məni çətinə salacaq. Sualları cavabladım, beş aldım, hər ikisi imzalayıb, auditoriyadan çıxdılar. Mən də əşyalarımı götürüb çıxmağa hazırlaşırdım ki, Vurğun müəllim geri dönüb soruşdu ki, sən hansı zonadansan? Yəqin ləhcəmi sezmişdi. Dedim, Tovuzluyam. Yenə dodaqaltı gülümsündü və çönüb getdi. Ondan sonra bir-birimizin yanından yad adam kimi keçə bilmirdik, salamlaşırdıq, hal-əhval tuturduq.

- Əminəm, eşq etirafı da, evlilik təklifi də Vurğunsayağı olmuşdu...

- Xaraktercə nə qədər ciddidirsə, evlilik təklifi də o qədər cidd və rəsmi oldu. O vaxtlar meydan hərəkatı dövrü idi. Bizim institutumuzsa Sahil metrosunun yanında yerləşdiyi üçün tez-tez mitinqlərə gedirdik. Orada da görüşürdük, münasibət yaranırdı. Onu da deyim ki, Vurğun müəllimin dayısı Nadir Namazov da mənə dərs deyirdi. Xaraktercə sərt, zəhimli adam olsa da tələbələrlə ünsiyyəti xoş idi, mənim də xətrimi çox istəyirdi. Baxırdım ki, hərdən məni Vurğuna göstərir, nəsə deyir. Bir dəfə təsadüfən Vurğun müəllimlə metroya bir gedəsi olduq. Söhbət əsnasında soruşdu ki, sən nişanlısan? Özümdən asılı olmayaraq barmaqlarıma baxdım ki, görəsən üzük var. Sonra dönüb, dedim, yox. Mənə çox təəccüblü gəldi. Vurğun müəllim dedi ki, əgər razı olsanız, biz evlənərik. Dedim, xeyr razı deyiləm. Özünü itirmədən sakit səslə dedi ki, belə məsələlərə tələm-tələsik cavab vermək olmaz. Fikirləş, götür-qoy elə. Sonra cavabını ver. Beləcə bir neçə həftə keçdi. Yenidən üz-üzə gəldik. Soruşdu, nə qərara gəldin? Dedim, bizdə alınmaz. Siz müəllim, mən tələbə... Olmaz. Dedi, mən sənin müəllimin deyiləm, cəmi bir dəfə imtahan götürmüşəm. Biz hər baxımdan bir-birimizə yaraşırıq. Yenə düşünməyə vaxt verdi. Rəfiqələrim də razılaşmağım üçün əllərindən gələni edirdilər. Bir müddət sonra yenidən görüşdük. Dedim, valideynlərimdən soruşmaq lazımdır. Vurğun müəllimin ailəsi bizə gəlib, razılıq aldılar və beləcə biz nişanlandıq. Bir müddətdən sonra isə ailə qurduq.

- Hansısa əsərdə oxumuşdum ki, bir çox qadın elə toyun ertəsi günü qırılan xəyalları ilə birgə sevdiyi kişinin dul arvadına çevrilir. Barmaq sayı qədəri də var ki, əri ölsə də onun varlığına isinir.

- Çox gözəl fikirdir. Günlər, illər ötdükcə anladım ki, Vurğunla ailə quraraq həyatımın ən doğru qərarını vermişəm. Çox ləyaqətli və dürüst insandır. O, mənim ömür boyu arzuladığım kişidir. Qadına dəyər verir. Öz fikrini zorla sənə qəbul etdirmir. Mütləq qarşı tətəfi dinləyir. Heç vaxt demir ki, bunu etməlisən. Son seçimini öz öhdənə buraxır. Sadəcə məsləhətini əsirgəmir.

- Vicdan elə bil seçilmişlərin bədən üzvüdür. Hər kəsə nəsib olmur. Amma onların varlığı bizi bir gün dünyanın çirkabdan xilas olacağına inandırır. Vurğun bəyin bu cəhəti ailənizin rifahına xələl gətirirdi?

- Bu problemi ağırlığı ilə yaşadım. Tələbə yoldaşlarım da şahiddir. İnstituta dördüncü il daxil olduğum üçün bütün proqramı əzbər bilirdim. Öz fənnimi də kifayət qədər mənimsəmişdim. İş problemim yarandı, uzun müddət işsiz qaldım. Vurğunun adına görə heç yerdə mənə iş vermirdilər. Amma mən bunu heç bir halda ona hiss elətdirmirdim. Əksinə deyirdim, vaxtımı boş kçirmirəm, övladlarımın təhsili ilə özüm məşğul oluram. İstəmədim, narahat olsun. Eyni problemi qızlarım da yaşadılar. İndi bir qızım Türkiyədə yaşayır. Amma bu narahatlığı Vurğuna sezdirib, ürəyinə yük qoymamışıq.

- Vurğun bəyin Elçibəylə də paradoksal münasibəti vardı…

- Bu barədə yəqin müsahibələrində də oxumusunuz. Vurğun müəllimin Elçibəy haqda özünəməxsus fikirləri vardı, mən onları təkrarlamaq istəmirəm. Mən Elçibəyin ixtisası, insanlarla ünsiyyəti barədə Vurğundan soruşmuşam. Öyrəndim ki, Əbülfəz bəy Şərqşünaslıq fakültəsinin ərəb filologiyasını birtirib, çox təmiz və ləyaqətli insandır, insanlarla rəftarında çox səmimidir. Vurğun həmişə bəy deyəndə bilirdik ki, Elçibəydən səhbət gedir. Səmimi desəm, siyasi fəaliyyəti barədə söhbət etməmişik. Çünki buna ehtiyac duymurdum. Elçibəyi hamı kimi mən də kifayət qədər tanıyırdım.

- Sima xanım, Vuğrun Əyyubun Azərbaycan gəncliyi qarşısında ən böyük xidmət ali məktəblərə qəbulda test imtahanına keçid oldu. Bu dönəmlər xatirinizdə necə qalıb?

- O vaxtlar böyük qızımız Aytən dünyaya gəlmişdi. Vurğun çox gərgin işləyirdi. Test sistemini öyrənmək üçün bir müddət bizdən ayrı qaldı. Türkiyəyə getdi. Bu sistem Azərbaycanda ilk dəfə tədbiq olunacaqdı. Bunun məsuliyyətini hamımız hiss edirdik. Yadımdadır, noyabrın 14-də Aytənin ad günü idi, Vuğun evə gələ bilmədi, zəng edib durumu anlartdı. Çünki test suallarını heç kimə etibar etmirdi. Pənah Hüseynova müraciət etmişdi ki, gediş-gəlişə qadağa qoyun ki, test suallarının təhlükəsizliyi təmin olunsun. Gecəni həmin otaqda qalıb gözləmişdi. Ertəsi gün sualların məntəqələrə çatdırılması bir neçə saat gecikmişdi. Çünki yeni sistemin tətbiqinin qarşısını almaq istəyən qüvvələr vardı. Planlı şəkildə yollarda tıxac yaradılmışdı, bu barədə qabaqcadan xəbər çatdırılmışdı. Amma, bütün bunlara baxmayaraq imtahanın keçirilməsi baş tutmuşdu. Evə dönəndə üzündə bir rahatlıq, sevinc vardı. Çox yorğun olduğunu söylədi, Aytəni qucağına alıb bağrına basdı, qızımın ad günü mübarək olsun dedi. Sevincini mənimlə paylaşdı, xeyli söhbət etdik.

- Tutaq ki, mən Vurğun bəyi peyğəmbər paklığında tanıya bilərəm. Amma onunla bir həyatı siz paylaşmısınız. İcazənizlə bu barədə də danışaq. Həyat yoldaşınızdan incidiyiniz məqamlar olurdu?

- Bəli, heç bir ev söz-söhbətsiz olmaz. Arada inciklik olurdu. Çünki mən çox dəymə-düşər idim. Ancaq sonda hər şey qaydasına düşürdü. Hər bir ailədə xırda da olsa mübahisə olur. Bu adətən evliliyin ilk dövrlərində olur, cütlüyün bir-birinə uyğunlaşması mərhələsində. Biz evlənəndə artıq hər ikimiz olğunlaşmışdıq. Çətin xarakterli ailə başçısı deyildi. Nə qadağa qoyardı, nə bir yerə getmək üçün xüsusi icazə tələb edərdi. Çox sərbəst olmuşuq, mən də, qızlarım da... Geyimimizə də qarışmazdı. Ən çox mübahisəmiz peşəmiz üzərində olurdu. İkimiz də filoloquq. Amma Vurğunun savadı hərtərəfli idi. O, Azərbaycan dilinə tək elmi yox, həm də məntiqi cəhətdən yanaşardı. Mənsə sırf kitabda oxuduğum qayda-qanunu önə çəkirdim. Kitabda bir səhvlə üzləşəndə mənə irad tuturdu ki, bu faktlar barədə məqalə yaza bilərsən, niyə yazmırsan? Deyirdim, mən sıravi müəlliməm. Sənsə təhsildə inqilab etmiş insan... Sənin sözünün kəsəri də bir başqadır axı... Sən yazsan daha yaxşı olar. Ailədə elə bir ciddi problemlərimiz olmayıb. Çünki bir-birimizə uyğunlaşmışdıq. Deyim ki, mən də heç vaxt tez təslim olmamışam. Bəzən mübahisə edəndə deyirdim, Vurğun, sənin həyata baxışına, fikirlərinə dərin hörmət edirəm, lakin mənim doğru bildiyimi heç kim dəyişə bilməz. Heç o, özü də buna cəhd etməyib. Hərdən özümü onun yanında şagird kimi hiss edirdim. Deyirlər kişilərin ürəyinə sevgi onun mədəsindən keçir. Vurğunun ürəyinə yol mədəsindən keçmirdi. Deyirdi, ev işlərinə çox vaxt ayırırsan, vaxtını daha çox mütaliəyə sərf et. Çünki özü çox mütaliə edirdi, bizi də bu cür görmək istəyirdi.

- Bizim cəmiyyətdə belə kişilərin olması nə xoşdur… Bəs ailəsindən, doğmalarından savayı vaz keçilməz insan vardımı həyatında?

- Ailəsindən önəmli heç kim yox idi onun üçün. Heç bir halda ailəsindən vaz keçməzdi. Amma çox sevdiyi, dəyər verdiyi insanlar vardı, tələbələri vardı. Dəyər verdiyi insanlardan ürəkdolusu danışardı. Deyərdim ki, vaz keçə bildiyi insanlar vardı.

- Eşitdiyimə görə, bir gün sevimli şairimiz Musa Yaqub məclisdə Vurğun Əyyubun şeirlərini oxuyur və müəllifin adını açıqlayanda hər kəs təəccüblənir. Vurğun bəy yaradıcılığını hamıdan gizli tuturdu?

- Evliliyimizdən bir həftə ötmüşdü, divanda əyləşib söhbət edirdik. Mənə bir şeir söylədi, çox gözəl qiraət bacarığı vardı. O, dedikcə gözlərimdən yaşlar axdı. Soruşdum, özün yazmısan? Dedi, sən necə ədəbiyyatçısan ki, Musa Yaqubun şeirini tanımırsan? Dedim, o qədər ürəkdən, yaşayaraq söylədin ki, elə bil öz əsərindir. Bəs özün niyə yazmırsan? Cavabı hələ də qulağımdadır. Dedi, mənim bugünədək ürəyimdən keçənlərin hamısını Məmməd Araz yazıb. Nə qədər yazsam da kölgədə qalaram. Amma xırda şeirləri olub. Əlyazmaları var ki, çapa hazırlayıb kitab şəklində nəşr etməyi düşünürük.

- Bizim üçün səsləndirmək istədiyiniz misra var?

- Bu şeirlərin bir qismini gəncikən Sabirabadda çalışanda, hətta təəbəlik illərində yazıb. Nə qadınla, nə doğmaları ilə bağlıdır. Anım günüdə səslənən bir şeirini isə yazı masasının üstündən "Qadan alım" başlıqlı şeirini tələbələri tapmışdılar.

Xəstəliyimi bilsən halıma yenə yanarsanmı... (kədər, qəhər, göz yaşları)

Anım günündə tələbələri bu şeiri yüksək səviyyədə ifa etdilər. Şeiri dinlədikcə sanki canımdan can qopurdu.

Özü də gördü ki, son anına qədər onunla birgə mücadilə apardım. Bəlkə də ölümlə ondan çox mən və qızım Ləman vuruşduq. Heç onu vermək istəmirdim. Xəstəlik müddətində narahat olurdu ki, sənə çox əziyyət verirəm. Deyirdim, sən mənim 30 illik ömür-gün yoldaşımsan, ən dəyərli insanımsan. İndən belə bütün ömrümü sənə qulluq edərək keçirdərəm. Amma həyat çox amansızdır...

- Ölümü necə duyurdu? Məhv olmaq, silinmək, yoxsa yeni həyatın başlanğıcı?

- Müsahibəsinin birində də Məmməd Arazın məşhur misralarını səsləndirib demişdi ki, son günlər beynimdə bu misralar dolaşır, bilmirəm özümündür, ya başqasının. Ruhən Məmməd Araza o qədər yaxın idi, hətta qarışıq salırdı ki, bu parça onundur, yoxsa bir başqasının. Mən də hər gün ürəyimdə o şeiri başqa cür pıçıldayıram:

Mən getsəm, dərələr dağlar qalacaq.

Buludlar qalacaq, ağlar qalacaq.

Aytənim, Ləmanım yetim qalacaq.

Ömür-gün yoldaşım gözü yolda qalacaq.

Doğrudan gözüm yolunda qalıb. Hər səhər oyanıram, şəklinə baxıb deyirəm, sabahın xeyir, canım mənim. Hara gedirəm, mənimlədir. Hər an yanımda hiss edirəm.

- Əminəm ki, o sizinlədir. Sima xanım, sizcə, vurğun sözün əsl mənasında Vurğun Əyyubu vurdu? Tamamlanmamış missiyası qaldımı?

- Vurdu, ancaq gəlir anlamında yox. Vurğunun qazancı milyonların sevgisi oldu. Dəfn mərasimindəki insan seli bunun sübutu idi. Xəstəliklər bir-birinə elə bənzəyir ki, hər cür xəstəlik insanda bir ruh düşkünlüyü yaradır. Mən bunu Vurğunda görmədim. Hətta xəstə vaxtı dözümünə, mücadiləsinə heyran qaldım, ona bir daha vuruldum. Vurğun tələb etmişdi ki, xəstəlik tarixçəsini versinlər, özü baxsın. Həkimi sadəcə iltihab yığnağı diaqnozu qoymuşdu ki, xəbəri olmasın. Amma ağrıları hər gün artırdı. Sözarası bildirirdi ki, ölümdən qorxmur. Deyirdi, istəyirsən 50 il yaşa, istəyirsən 100 il, önəmli olan ləyaqətli ömür sürməkdir. Bir də deyirdi ki, mən dünyadan iki əlli yapışmamışam. Mən də zarafat edərdim ki, sən özün bilərsən, amma mən səndən on əlli yapışmışam. Öləcəyini hiss etsəydi, öncədən ən azı bizi yanına çağırıb tapşırıqlarını verərdi, çünki çox iradəli insan idi, hər şeyi sakit bir şəkildə anladardı. O qədər mücadilə aparırdıq, möcüzə gözləyərdik. Vurğunun ölümünü ağlımızın ucundan belə keçirtmirdik. Əmin idik ki, mütləq sağalacaq. Başqa bir xəstəlik olsaydı inanırdım ki, Vurğun onu yenə bilərdi, gücünə inanırdıq. Ölümünə yarım saat qalmış, ürəyim möhkəm döyünməyə başladı. Ağrısını canımda hiss etdim. Yanına gəldim, əlini tutdum. Sağollaşdım, ürəyimi boşaltdım, halallıq verdim, alnından öpdüm. Belə bir ömür yoldaşım olduğu üçün qürur duyduğumu söylədim. Bunları demək çox çətin idi. Amma misiyası qaldımı deyə bilmərəm. Dilindən belə bir etiraf eşitməmişdim. Deyirdi, ömrün illərinin nə fərqi var. Əsas odur ki, ömrünü ləyaqətlə yaşayasan.

- Övladlarınız üçün də çox dərin itki oldu...

- Heç vaxt dərd etməzdi ki, kaş qızlarımın toyunu görərdim. Həmişə deyirdi, qızları tələsdirmə. Mənim qızlarım ağıllı qızlardır, vaxt gələndə ailə də quracaqlar. Qoy, təhsillərini davam etdirsinlər, savadlı mütəxəssis olsunlar, olğunlaşsınlar. Toy-düyün həmişə var, amma öz ayaqları üstə durmaq üçün çalışmalıdırlar. Bu gün özünə Vurğun adını təxəllüs götürən onlarla tələbəsi var. O, dünyasını dəyişəndə müəllimim, atam deyə ağlayanlar, ah çəkənlər çox oldu. Hətta qızım Ləman çox vaxt bu sevgini qısqanır, atasını heç kimlə paylaşmaq istəmir. İzah edirəm ki, qızım bu, bizim üçün böyük fəxrdir ki, atanı belə sevirlər.

- Sima xanım, sizi tükətdim, yordum... Anlayıram ki, doğmalarımızla milyon gözəl xatirəmiz olsa da yadımızda son nəfəsləri qalır. İstərdim bir az da işıqlı xatirələrinizi bölüşəsiniz.

- Bilirsiniz, son iki il mənim üçün o qədər ağır keçdi ki, bütün gözəl anlarımız kölgədə qaldı. Vurğunsuz onları xatırlamaq da istəmirəm. Vurğunsuz həyat mənə bomboz, mənasız görünür, heç nədən sevinə bilmirəm, pessimist olmuşam. Hara baxırımsa Vurğunu görürəm. Deyirlər, dünyadan köçən adamın paltarlarını evdən çıxarmaq lazımdır. Amma mən bütün geyimlərini qarderobunda saxlamışam. Tez-tez açıram, qoxlayıram. Şəkilləri ilə danışıram. Videolarını dinləyirəm. Həmişə qocalığımızı xəyal edərdim, qızları köçürmüşük, nəvələrimizi böyüdürük, parka gəzməyə aparırıq. Deyirdim, Vurğun qızlar gedəcək, tək qalacağıq. Oğlumuz da yoxdur bizə kim baxacaq? Bir gözəl sözü vardı - ölməmişəm ki...nəyin dərdini çəkirsən, arxanda dağ kimi durmuşam. Onun itkisi həyatımın ən ağır zərbələrindən biridir. Biridir ona görə deyirəm ki, il yarım öncə qəflətən qardaşımı itirdim. Onda Vurğun söz verdi ki, mənim həm yoldaşım, həm də qardaşım olacaq. Buna çalışdı da. Ancaq amansız xəstəlik imkan vermədi. Vaxtsız-vədəsiz onu əlimizdən aldı.

İndi ömrümün Vürğunsuz anlarını yaşayıram. Bu anlar sözlə ifadə edilə bilməyəcək dərəcədə çox ağır və kədərlidir. Deyərdim ki, həyat mənim üçün mənasını itirib. Necə şanslı imişəm ki, Vurğunun həyat yoldaşı olmuşam. İndi isə xatirələrlə yaşayıram...

Leyla Sarabi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.