“Artıq məmurlar heç nəyi gizlədə bilməyəcəklər”

25-12-2019, 00:04           
“Artıq məmurlar heç nəyi gizlədə bilməyəcəklər”
Aqil Abbas: “Prezident hər şeyi dilə gətirir, neqativlərdən şikayətlənir”

Prezident İlham Əliyev dekabrın 23-də bir neçə yerli telekanala müsahibə verib. Dövlət başçısı müsahibəsində problemlərə ictimai nəzarətin hədsiz dərəcədə zəif olmasından narazılığını dilə gətirib, bu nəzarəti, hətta “ibtidai səviyyədə” kimi qiymətləndirib.

Ölkə rəhbərinin sözlərindən o da aydın olur ki, ona tərif yox, vəziyyəti əks etdirən hesabatlar və fikirlər lazımdır. Lazımdır ki, problemlərin həlli mümkün olsun. Həqiqətən hədsiz tərif və monoloq inkişafa və problemlərin həllinə mane olan amildir.

Prezident bu fikri yenə də təkrarlayıb: “Bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək. Müşavirlərim mövcud durum barədə hesabat vermədikdə medianın yazılarından və reportajlarından istifadə edirəm”.

İlham Əliyev bu fikri bir neçə il əvvəl mətbuat nümayəndələri ilə görüşdə də demişdi. Demək, müşavirlərin və köməkçilərin durumu Prezidentdən gizlətməyə çalışması ənənəsi davam edir.

Millət vəkili Aqil Abbas mövzu ətrafında fikirlərini AYNA-ya açıqlayıb:

- Həmin müsahibəyə baxdım, çox qənaətbəxş idi. Prezident artıq hər şeyi dilə gətirir, eləcə də davam edən neqativlərdən şikayətlənir. Ölkə rəhbərinə doğru məlumatlar verməyənlər islahat aparılaraq vəzifəsindən kənarlaşdırılır. İşindən çıxarılanlar səbəbləri daha gözəl bilirlər. Artıq onlar şişirdilmiş təriflərlə nüfuzlarını bərpa edə bilməyəcəklər. Ulu öndər Heydər Əliyev də vaxtilə bəzi məsələlərdən özü xəbər tuturdu. İndi ölkə rəhbəri bölgələrə gedəndə həmin icra başçıları, öz ətrafındakı müşavirləri problemlər barədə obyektiv məlumat versəydilər, rayonla bağlı dəqiq informasiyalar çatdırsaydılar, belə təəssürat yaranmazdı.

Bir dəfə Füzulidə idik. Ölkə rəhbəri yanmış evlərin olduğu ərazini gördü, maraqlandı, ona bu barədə ətraflı məlumat verildi. Prezident dərhal evlərin təmir olunması və sakinlərin yerləşdirilməsi üçün maddi vəsait ayırdı, məsələ həllini tapdı. Problemləri dilə gətirmək lazımdır.

- Aqil müəllim, ölkə rəhbəri məlumatlandırma məsələsində medianın da rolunu vurğulayıb. Deməli, medianın nüfuzunun bərpa olunması realdır?


- Ölkə rəhbəri müsahibəsində açıq şəkildə medianın rolunu müsbət qiymətləndirdi, izlədiyini və məlumatlar əldə etdiyini dedi. Demək ki, o, hansısa ciddi hesab olunan KİV-lərin fəaliyyətini izləyir, məlumatları da oradan əldə edir. Bu, gələcəkdə medianın inkişafına imkanların yaradılmasına da işarədir.

- Müsahibədə diqqətçəkən məqamlardan biri də, son günlər bəzi məmurların həbs edilmə səbəbləri ilə bağlıdır...

- Prezident icra hakimiyyəti başçılarını tənqid etdi, bu, öz yerində. Hazırda medianın bu məsələdə qərəzli davranmasına təəssüflənirəm. İcra başçıları artıq tutulub, müvafiq qanunvericilik qarşısında cavab verirlər. Amma media onları qərəzli şəkildə, ağır ittihamla hələ də gündəmdə saxlayır, tənqid edir. Əldə fakt olmadan kimisə başqa məsələlərlə bağlı ittiham etmək yalnışdır. Bu səbəbdən məlumatların verilməsi, cəmiyyətdəki problemlərlə bağlı, yaxud tənqidlərdə jurnalistlərin üzərinə məsuliyyət düşür. Prezidentin son çıxışında həm media, həm də icra orqanlarına yönəlmiş mesaj var: “Qanunsuzluq edən məmurlar xalqdan qorxmurlar, heç olmazsa, Allahdan qorxsunlar”. Ümid edirəm, bundan sonra məlumatlandırma məsələsində kiminsə yalan demək, nəyisə gizlətmək niyyətləri boşa çıxacaq. Çünki bu, ciddi xəbərdarlıqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.