“Bilir ki, bir qələt edə bilməyəcək” – Aqil Abbas

25-12-2019, 17:28           
“Bilir ki, bir qələt edə bilməyəcək” – Aqil Abbas
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimli açıqlaması ilə diqqət çəkib.
İfaçı ölkəmizi "Eurovision" müsabiqəsində Rusiya şou-biznesindən olan müğənninin təmsil etməsini məsləhət görüb: "Bu il Azərbaycanı Rusiya şou-biznesindən kimsə təmsil etməlidir. "Eurovision"a ulduz lazımdır və hər kəs ulduz ola bilməz".

Səmranın fikirləri sosial şəbəkədə sərt tənqid edilib. İzləyicilər Azərbaycan şou-biznesində yetəri qədər istedadlı ifaçıların olduğunu vurğulayıblar.

Məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Aqil Abbasla əlaqə saxladıq. Millət vəkili “Yeni Sabah”a açıqlamasında Azərbaycanı hər sahədə təmsil edənlərin yerli vətəndaşlar olmasını tövsiyyə edib:

“Mən idmanda da məşqçilərin xaricdən gətirilməsinin əleyhinə danışmışam. Onsuz da, uduzuruqsa, “elə öz məşqçilərimizlə uduzaq” demişəm. Niyə mən xarici filankəsə en qədər pul verməliyəm, o da gəlib bir şey edə bilməsin, getsin deyə? “Eurovision” da həmçinin. Səmranın məsləhəti ilə razı deyiləm. Ola bilər ki, Rusiyada və ya Almaniyada olan bir azərbaycanlı bizi təmsil etsin, bu olar. Əgər o, Azərbaycan vətəndaşıdırsa. Amma başqa bir millət getsin Avropada məni təmsil etsin, bunu kim deyirsə, nəbilim vallah, bu onun ağlıdır. O da elə düşünür. İnanmıram ki, belə bir şey reallaşsın”.

Bu yarışmanın A.Abbas ölkələr üçün əhəmiyyətini də vurğulayıb:

“Bizim ölkənin bu müsabiqədə iştirakı lazımlıdır. Bütün dünya Avroviziyanı izləyir. Türkiyə imtina edib, onlar islam dövlətidir deyə edib, bəlkə. Müsabiqədə atlanıb-düşmək, o geyim-keçim ola bilər ki, onların xoşuna gəlmir. Biz heç bir ölkənin işinə qarışa bilmərik. Amma həmin müsabiqə ölkənin adıdır, reklamıdır, ölkənin təbliğidir.

Azərbaycanda Avroviziya mahnı müsabiqəsi keçiriləndə bütün dünyanın gözü Bakıda oldu. Nə qədər adam gəldi, Bakını gördülər,ölkəni tanıdılar. Xaricilər gördü ki, Azərbaycan stabil, inkişaf edən ölkədir. Ölkənin iqtisadiyyatını, qonaqpərvərliyini gördülər. Bizi ermənilər elə tanıdıb ki, elə bil biz adamyeyənik. Xaricilər gördülər yox, bu xalq elə deyil, sevgi dolu, insanlara yaxşı münasibəti olan insanlardır. Bu, böyük prestijdir. Biz də gedib iştirak edirik, niyə etməyək? Bəlkə, yenə qalib gəldik, növbəti dəfə Bakıda keçirildi müsabiqə. Bu böyük təbliğatdır.

Bəzi ölkələr iştirak etmək istəmir. Bilir ki, bir qələt edə bilməyəcək, uğur qazanmayacaq və iştirak etmir, o başqa məsələ. Biz o ölkələrin işlərinə qarışa bilmərik, özləri bilərlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.