Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan ÖzoralErkan Özoral: "Dövlətlər arasında strateji müttəfiqlik keçici ola bilər, amma...

28-12-2019, 00:02           
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan ÖzoralErkan Özoral: "Dövlətlər arasında strateji müttəfiqlik keçici ola bilər, amma...
"Hələ sovet dövründə belə, hamımız Azərbaycanı qardaşlarımızın yaşadığı ölkə olaraq tanıyırdıq. Və Azərbaycana qarşı çox böyük hisslər var idi"

Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin böyük bir tarixi var. Belə ki, Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib.

Bu gün iki ölkə arasında münasibətlər hansı mərhələdədir? Ölkələr arası viza rejiminin aradan qaldırılması necə nəticələnir və s. bu kimi sualları Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral cavablandırıb.

Sputnik Azərbaycan müsahibəni təqdim edir.

- Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Bəs, indi Azərbaycanı Türkiyədə necə tanıyırlar? Təsəvvür və təəssürat necədir?

- Azərbaycan hər zaman Türkiyədə sevgi ilə qarşılanan, böyük bir məhəbbət bəslənilən bir ölkə olub. Hələ sovet dövründə belə, hamımız Azərbaycanı qardaşlarımızın yaşadığı ölkə olaraq tanıyırdıq. Və bu məhəbbət sayəsində Azərbaycana qarşı çox böyük hisslər var idi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra onu ilk tanıyan ölkə də Türkiyə oldu. Bu, səbəbsiz deyildi. Bu sevgidən idi. Və indi də Azərbaycanın ən yaxın münasibətdə olduğu ölkə də Türkiyədir. Hamımızın ürəyində böyük bir Azərbaycan sevgisi var. Azərbaycanın bizim ürəyimizdəki yeri başqadır. Türkiyədə Azərbaycanı qardaş ölkə, ən yaxın ölkə olaraq tanıyırlar.

- Beynəlxalq münasibətlərdə müttəfiq, tərəfdaş anlayışları var, qardaş dövlətlər anlayışı yoxdur. Bu anlayışı deyəsən siyasi leksikona Türkiyə ilə Azərbaycan gətirib. Qardaş dövlət nə deməkdir? Bəzən deyirlər ki, Türkiyənin və Azərbaycanın "hər birinin dövlət maraqları var, siyasətdə qardaşlıq olmur" və sair. Dövlətlərin qardaşlığı necə olur? Qardaş dövlət olmaq necə bir hiss və necə bir məsuliyyətdir?

- Baxın, bizim şüarımızı Heydər Əliyev ortaya qoyub. Biz iki dövlət, bir millətik. Buna görə də Türkiyə ilə Azərbaycanın bütün maraqları üst-üstə düşür. Çünki biz eyni coğrafiyadayıq. Biz Türkiyəni də, Azərbaycanı da eyni səviyyədə özümüzə Vətən olaraq görürük. Buna görə də, Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətləri var. Dövlətlər arasında strateji müttəfiqlik, strateji münasibətlər gəlib-keçici ola bilər. Yəni, bu gün müttəfiq olan ölkələr 10-20 il sonra bir-birinə düşmən ola bilər. Amma qardaşlıq bizim xalqlarımız arasındadır. Biz tək bir millətik. Bu əvvəldən belə olub, əbədi olaraq da belə olacaq. Qardaşlar hər zaman qardaşdır və bu dəyişməyən bir həqiqətdir. Necə ki, 70 illik sovet dövrü bunu dəyişdirə bilmədi, bundan sonra da bu, dəyişməyəcək.

- Bizə niyə "Azəri" deyirsiniz? Bizə türk demək niyə olmaz? Bunun bir siyasi və ya hətta geosiyasi səbəbi var, yoxsa dil belə öyrəşib?

- Bu sadəcə dilin öyrəşməsidir. Əslində Azərbaycan türkü demək lazımdır. Azərilər əslində İranın şimalında yaşayan, kiçik bir icmadır. Çox az bir əhalisi və öz dilləri var. Azərbaycan isə böyük bir ölkədir və bu ölkədə yaşayanların hamısı Azərbaycan türküdür. Danışdıqları dil isə Azərbaycan türkcəsidir.

- Azərbaycanda Türkiyənin səfiri olmaq necə bir duyğudur və necə bir məsuliyyətdir? Qəribə səslənsə də, siz özünüzü həm də Azərbaycanın Türkiyədə səfiri hesab edirsiniz? Belə bir hiss olurmu?

- Qardaş dövlətdə səfir olaraq çalışmaq böyük bir şərəfdir. Və fərqli bir duyğudur. Mən başqa hansısa bir yerdə belə xidmət ediləcəyini düşünmürəm. Mən Türkiyə üçün necə çalışıramsa, Azərbaycan üçün də elə çalışıram. Çünki gördüyümüz işlərin tək bir millətə faydası olacağını düşünürəm. Az öncə də dediyim kimi, bizim maraqlarımız, mənfəətlərimiz üst-üstə düşür. Bir-birimizə bütün beynəlxalq platformalarda qarşılıqsız, şərtsiz dəstək veririk. Qardaş ölkədə xidmətdə olmaq başqa bir duyğudur.

- Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, Türkiyə ilə Azərbaycan arasında hələ reallaşdırılmamış imkanlar var. Bunlar nə kimi imkanlardır və niyə reallaşa bilmir?

- Bizim ticarət həcmini 15 milyard dollara yükəsəltmək kimi bir hədəfimiz var. Bu hədəf ortada böyük bir potensialın olduğunu göstərir. Ticarət həcmimiz keçən il 3 milyard dollar idi, bu il isə 4 milyard dollara qədər yüksəlib. Bunu daha da artıracağıq. Bununla yanaşı, burdan Türkiyəyə, Türkiyədən bura həyata keçiriləcək qarşılıqlı investisiyalar var. Bir-birimizlə iqtisadi sahədə əməkdaşlıq edə biləcəyimiz çox böyük potensial var. Biz nəqliyyat sahəsində bir-birimizlə çox təbii olaraq əməkdaşlıq etdik. Bakı-Tbilisi-Kars dəmir yolunu reallaşdırdıq. Bununla yanaşı, quru nəqliyyatı istiqamətində çox ciddi bir əməkdaşlığımız var. Azərbaycan-Türk hava yolları üçün çox önəmli bir marşrut, həm də əhəmiyyətli bir keçid nöqtəsi reallaşdırıldı.

Və eyni zamanda enerji sahəsində çox böyük layihələr reallaşdırıldı. Başqa layihələr də nəzərdə tutulub. Həqiqətən iqtisadi sahədə çox böyük bir potensial var.

- Qarşılıqlı ticarət dövriyyəsi 4 milyard dolları ötüb. Potensiala baxanda bu, çoxdur, ya azdır?

- Bu potensialdan çox aşağıdır. Bunu da çox irəliyə apara bilərik. Hədəf 15 milyarddır.

- Türkiyə şirkətləri bir zamanlar Türkiyə Cümhuriyyəti Prezidentinə Azərbaycanda qarşılaşdıqları problemlərdən şikayətləniblər. İndi də belə problemlər varmı?

- Əlbəttə, firmaların yaşadığı problemlər var və həyat davam etdikcə davamlı olacaq. Önəmli olan bu problemlərin həll edilməsi üçün çalışmaqdır. Firmalar bizə də, Türkiyədəki başqa quruluşlara da, Azərbaycandakı qurumlara da öz problemlərini əks etdirirlər. Biz bu problemlərin həllinin tapılması üçün çalışırıq.

- Türk şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin Türkiyədə sərmayə qoyuluşları necədir? Göstəricilərdən razısınızmı?

-Azərbaycanda fəaliyyət göstərən 3000-ə yaxın Türkiyə şirkəti var. Türkiyə neft sahəsi istisna olmaqla, digər sahələrə sərmayə qoyan ən böyük xarici investordur. Və bizim investisiyaların ümumi miqdarı 12 milyard dollara yaxındır. Eyni vəziyyət Azərbaycan üçün də keçərlidir. Azərbaycanın Türkiyədəki investisiyalarının həcmi 17 milyard dollara çatdı. Və hədəf 20 milyard dollardır. Və beləcə Azərbaycan Türkiyədə ən böyük investor olacaq. "Star Rafineri"ni misal göstərək. Türkiyədə bir sferada reallaşdırılan ən böyük xarici investisiyadır. Türkiyədə ilk özəl sənaye sahəsi olaraq elan edildi. Təbii ki, bir-birimizlə reallaşdırdığımız investisiyalar mövzusunda səylərimiz yetərli deyil. Və hazırda bu mövzuda çalışırıq.

- Türkiyə bir turizm ölkəsidir. Azərbaycan da bu sahəyə diqqət ayırır. Türkiyə vətəndaşlarına münasibətdə viza aradan qaldırıldı. Ancaq Azərbaycana az türk turist gəlir. Bunun səbəbi nədir?

- Azərbaycana türk turistlərinin daha çox gəlməsi üçün də çalışırıq. Bu bir az çatdırılma imkanlarının az olmasından irəli gəlir. Viza bir az turistləri narahat edən məsələ idi. Viza aradan götürüldükdən sorna türk turistlərin artacağını düşünürük. Qeyd edim ki, son zamanlar Azərbaycana çox maraq var. Bakı-Tbilisi-Kars dəmiryolu ilə sərnişinlər daşındıqdan sonra turist sayının artacağını hesab edirik. Bir müddət əvvəl bura Türk otelçilər gəlmişdi. Azərbaycanlı həmkarları ilə görüşlər keçirdilər. Gələcəkdə daha çox türkün gələcəyini görəcəyik.

- Türkiyə Silahlı Qüvvələrinin Suriyada "Sülh bulağı" əməliyyatı niyə dayandırıldı?

- Çünki əməliyyat hədəfinə çatdı. Hazırda həmin ərazilər bizim əsgərlərimizin nəzarəti altındadır. Artıq əməliyyatın davam etməsi üçün elə bir vəziyyət yoxdur. Yenə də Suriyada terrorçu qruplaşmalar var. Bizim ABŞ və Rusiyadan gözləntimiz terrorçularla əməkdaşlığın dayandırılması və terrorçuların Türkiyə sərhədlərindən uzaqlaşdırılmasıdır.


- Türkiyədə maliyyə sabitliyinin təmin olunması üçün hansı addımlar atılır? Sanksiyalar ehtimalı nə qədər böyükdür? Bunun nəticəsi nə olacaq?

- Türkiyədə iqtisadi sabitliyin qorunması üçün bütün qurumlar diqqətlə çalışır. Bilirsiniz, Mərkəzi Bank son dövrlər faizləri endirdi. Bununla yanaşı, bankçılıqla əlaqəli qurumlarımızın atdığı müəyyən addımlar oldu. İqtisadiyyat Nazirliyinin bir neçə qərarı oldu. Hazırda iqtisadiyyatımız sabit bir dönəmdədir. İqtisadiyyatımızda böyük problemlər yoxdur. 2020-ci ilə daha böyük inamla başlayacağıq. İnflyasiya düşməyə meyllidir, faizlər azalır. Buna görə də iqtisadi baxımdan gələcək üçün hər şey qaydasındadır.

- Son olaraq, 2019-cu il üçün Azərbaycan-Türkiyə münasibətlərini necə xarakterizə edərdiniz?

- 2019-cu ildə Azərbaycan-Türkiyə münasibətləri inkişaf edir. Bilirsiniz, bu il TANAP Avropa sərhədinə çatdı. Müxtəlif ortaq layihələr həyata keçirdik. 2019-cu il münasibətlərimizin daha da möhkəmləndiyi bir il oldu. Bu il bir-birimizlə əlaqələrimiz daha da sıxlaşdı.

- 2020-ci il üçün nə planlarınız var?

- Prezidentlərin qarşılıqlı səfərləri gözlənilir. Bununla yanaşı, prezidentimizin başçılığı altında yüksək səviyyəli strateji şura iclası reallaşacaq. Bilirsiniz, dövlət başçımız "Avropa 2020" Avropa kuboku üçün Bakıda bizim milli futbol komandasının oynayacağı oyunlara gələcəyini söylədi. Hesab edirəm ki, 2020 2019-dan daha gözəl olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.