Qarabağ elə bir mövzudur ki, nə jurnalistlər, nə siyasətçilər, nə hüquqşünaslar ondan qaça bilmirlər-İlham Rəhimov

29-12-2019, 00:02           
Qarabağ elə bir mövzudur ki, nə jurnalistlər, nə siyasətçilər, nə hüquqşünaslar ondan qaça bilmirlər-İlham Rəhimov
Qarabağ elə bir mövzudur ki, nə jurnalistlər, nə siyasətçilər, nə hüquqşünaslar ondan qaça bilirlər. Dəfələrlə fikir bildirilsə də, yenə nələrisə yenidən demək zərurəti yaranır.
Teref.az xəbər verir ki, bu sözləri tanınmış hüquq professoru İlham Rəhimov Moderator.az-a geniş müsahibəsində deyib.
“İndiyədək Qarabağla bağlı çox fikirlər bildirmişəm. Bilirsiniz, qəbul edin ki, öz bildiklərimin bir çoxunu mətbuat vasitəsilə ictimaiyyətə çatdıra bilmirəm. Ən azından bizi düşmən də izləyir. Mən lap əvvəldən də demişdim ki, “5 rayon, üstəgəl Dağlıq Qarabağın statusu və ən sonda 2 rayon” həll planı tələdir. Mən bu gün də həmin mövqeyimdə qalıram. Biz beynəlxalq hüquqa dayanaraq, ərazi bütövlüyümüzün təmin olunmasını və işğala son qoyulmasını tələb edirik. Yəni konkret olaraq 7 rayonumuzun geri qaytarılmasını istəyirik və Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək status verməyə hazır olduğumuzu bəyan edirik. Ermənilərsə 5 rayonu geri qaytarmaq qarşılığında Dağlıq Qarabağa müstəqillik istəyirlər, bununla da kifayətlənməyib Kəlbəcər və Laçının Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz olmasında israr edirlər. İndi gəlin görək Rusiya nə istəyir? Ona görə ki, burada əsas fiqur Rusiyadır. Rusiya üçün əsas məsələ onun regionda maraqlarının təmin edilməsidir.
Rusiya münaqişə tərəflərinə müraciət edərək deyir ki, siz öz aranızda razılığa gəlsəniz, sizə qarant olacam. Qarant variantlarından biri olaraq özünün sülhməramlı qoşunlarının münaqişə zonasına yeridilməsi ola bilər. Rusiyanı əsas düşündürən məsələ məhz münaqişənin həlli prosesində onun geopolitik maraqlarının ziyan görməməsidir”, – İ.Rəhimov bildirib.
Professor deyib ki, danışıqların detallarını rəsmilər daha dəqiq bilir:
“Müxtəlif vaxtlarda Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması və həmin dəhlizə də sülhməramlı qoşun yeridilməsi ilə bağlı təkliflər səsləndirilib, informasiyalar yayılıb. Yaxşı, tutaq ki, belə bir təklif səslənsin və Azərbaycan da lap buna razılıq versin. Amma soruşuruq ki, yaxşı, bəs Dağlıq Qarabağın statusu necə olacaq? Buna görə də bu planın uğurlu gələcəyinə inanmıram”.
İ.Rəhimov söyləyib ki, nəinki Lavrov, digər həmsədrlər də zaman-zaman Lavrovdan betər antiazərbaycan təkliflər veriblər:
“Fikrimcə, Azərbaycanın beynəlxalq hüquqa görə öz torpaqlarını hərbi yolla işğaldan azad etmək hüququ var. Amma yaddan çıxarmayaq ki, hərbi əməliyyatlar Dağlıq Qarabağın sərhədinə çatanda təkcə Rusiya yox, bütün dünya səsini ucaldacaq ki, mülki əhalinin həyatı təhlükədədir. Əgər hərbi əməliyyatlar yolu ilə bütün Qarabağı azad edə bilməsək, bu, ümumiyyətlə, həmin əməliyyatların nə qədər effeketiv olacağına dair suallar yaradacaq. Çünki bir neçə rayonu azad edəndən sonra ehtimal var ki, münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilsin. Bu isə ümumilikdə problemin həllinin gələcəkdə də onilliklərlə dondurulmuş vəziyyətdə qalması demək olacaq. Yaranacaq durum bizi indiki vəziyyətdən də çətin vəziyyətə sala bilər.
Biz ilk növbədə müdafiə imkanlarımızı daha da gücləndirməliyik. İqtisadi potensialımızı yüksəltməliyik. Eyni zamanda, diplomatik fəaliyyətimizi aktivləşdirməliyik. İndiki durumdan maksimum yararlanmalıyıq. Məhz kompleks tədbirlər bizə münaqişənin ərazi bütövlüyümüzün təmin edilməsi şərtilə həllinə imkan verə bilər. Bu istiqamətdə də imkanı olan hər bir şəxs var gücü ilə çalışmalıdır.
Biz mövcud vəziyyətdən də istifadə etməliyik. Elə bir şərait yaradılmalıdır ki, ermənilər Azərbaycanın maraqları təmin olunmadan onların normal yaşayış və təhlükəsizliyinin mümkün olmadığını başa düşsünlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.