"Heydər Əliyevin çətin günlərində mən onunla görüşmüşəm, yanında olmuşam" - Partiya sədri

11-12-2015, 17:30           
"Heydər Əliyevin çətin günlərində mən onunla görüşmüşəm, yanında olmuşam" - Partiya sədri
"Heydər Əliyevin hakimiyyətə gəlməsini istəməyənlər onun hakimiyyəti illərində milyardlar qazanıblar və çoxu da xarici dövlətlərlə əlaqə yaradıb ölkəni qarışdırmağa çalışırlar”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasını pia.az-a şərh edərkən deyib.

Bildiyimiz kimi, sabah ümumilli lider Heydər Əliyevin vəfatının il dönəmidir. 2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edibdir. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdi, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib. Bu liderin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıbdır.

Qeyd edək ki, 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.

Hafiz Hacıyev bildirib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında və Azərbaycana gəlməsində bildiyi səviyyədə nə lazımdırsa onu da edib:


"Heydər Əliyevin hakimiyyətə gəlməsi və onun hakimiyyətə yenidən qayıdışında mənim böyük xidmətlərim olub. Yəni böyük xidmətlərim o mənada olub ki, rəhmətlik Heydər Əliyev hələ Moskvada Qarbaçovun qəzəbinə gələndən sonra mən dəfələrlə onunla görüşmüşəm və onun yenidən hakimiyyətə qayıtması üçün müəyyən işlər görmüşəm. Bu faktdır və bu faktı inkar etmək olmaz. O vaxtı belə bir məsələ var idi ki, Heydər Əliyevi Azərbaycana buraxmasınlar, onu həmişə təzyiq altında saxlasınlar. O zamanlarda hakimiyyətdə Ayaz Mütəlibovuydu, mən də nazirliklərin birinə rəhbərlik ediridim. Mən Moskvaya getmişdim və oradan mənə belə bir təkliflə gəldi ki, Heydər Əliyev mənimlə görüşmək istəyir. Çox böyük səmimiyyətlə Heydər Əliyevin evində görüşdüm. Mən bundan heç də peşman deyiləm. Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında və Azərbaycana gəlməsində mən öz bildiyim səviyyədə nə lazımdırsa onu da etdim. Hətta Əliyevin yenidən hakimiyyətə qayıtması üçün Moskvanın bir neçə qəzetlərində onun müsahibəsinin təşkil edilməsində böyük xidmətlərim olub.

Həmin dövrlərdə də, Əliyev Bakıya qayıdanda məni o vaxtkı Milli Təhlükəsizlik naziri həbs etdirdi. Sonradan mən Ayaz Mütəlibovun köməkliyi ilə həbsdən azad olundum. Mən Ayaz Mütəlibovla görüşəndə bildirdim ki, Heydər Əliyevin Azərbaycanda sizə qarşı fikirləri olmayıb. İnandıra bildim və bu inamdan sonra məni azad etdilər. Heydər Əliyev Azərbaycana gəldikdən sonra onun Bakıda təhlükəsizliyinin təmin edilməsini mən öhdəmə götürmüşdüm. Yəni bu barədə bəzi saytlarda xəbərlər gedib, amma mənim fikrimi öyrənməyiblər. İndi deyirəm ki, o vaxtı Əliyevin bütün təhlükəsizlik məsələsin maddi cəhətdən mən öhdəmə götürmüşdüm və bu işi də lazımı səviyyədə yerinə yetirmişdim. Bu gün də fikirləşirəm ki, mən çox düz etmişəm. Ona görə düz eləmişəm ki, Heydər Əliyevin qayıtması Azərbaycana lazımıydı. Azərbaycanda olan problemlərlə bağlı Heydər Əliyevin bizə verdiyi məsləhətlər bizim üçün həmişə örnək olubdur və olacaq da. Ona görə bir neçə dostlarımla, keçmiş polis rəisi Etibar Qazıyev və başqa insanlarla birlikdə Əliyevin təhlükəsizliyini öhdəmə götürdüm.

Partiya sədri: "O zaman Heydər Əliyevin Bakıya qayıtmasın istəməyən insanlar, indi yaltaqlanaraq hərəsi bir gül götürüb onun qəbrinin üstünə qoyacaqlar və bunu da ironiya ilə edəcəklər”


O zaman mənim böyük imkanlarım var idi və təhlükəsizliyi də maddi cəhətdən üzərimə götürdüm. Amma çox təəssüf ki, Heydər Əliyevi hakimiyyətə gətirən, onun həyat təhlükəsizliyini təmin edən Hafiz Hacıyev bu gün kirayələrdə yaşayır. Yəni bunlar da parodoksal hal kimi qeydə alınmalıdr. O zaman bizə imkan vermirdilər ki, Heydər Əliyev hakimiyyətə qayıtsın. Aeroportda bizim başımız nə oyunlar açıldı, bunu Cəlal müəllim, Nəriman Həsənzadə bilirlər. Rəhmətlik Bəxtiyar Vahabzadə də bu məsələlər içində idi. Bu işləri ancaq mən kardinasiya edirdim. Mənim yadıma gəlir Heydər Əliyev Bakıya qayıdanda aeraportda "Qardaşlıq” cəmiyyəti varıydı və o cəmiyyət imkan vermirdi ki, Əliyev ölkəyə qayıtsın. Hətta "Qardaşlıq” cəmiyyəti məni də möhkəm döymüşdü ki, niyə bu işlərin başında sən dayanırsan. İndi hakimiyyətdə olan bəzi insanlar da bizi o zaman böyük qınaq atəsinə tuturdular. Mən istəmirəm onların o dövrdə etdiklərin açam deyəm. O zaman Heydər Əliyevin Bakıya qayıtmasın istəməyən insanlar, indi yaltaqlanaraq hərəsi bir gül götürüb onun qəbrinin üstünə qoyacaqlar və bunu da ironiya ilə edəcəklər. Ona görə də, mən təəssüflənmirəm ki, özümün şəxsi həyatımı Heydər Əliyevin hakimiyyətə qayıtmasına sərf etmişəm.

Elçibəy hakimiyyətə gələndən sonra da mən nazir vəzifəsində işləyirdim və rəhmətlik Heydər Əliyevlə çox yaxın münasibətlərimiz var idi. Bunu Vasif Talıbov da, Bəylər müəllim də təsdiq edə bilər. O vaxt "Əyləncə” qəzetinin maliyyələşməsin də mən üzərimə götürmüşdüm və bunu edirdim də. Bəlkə bu gün bunları demək mənim üçün təhlükə törədə bilər, amma nə vaxtsa bu açılmalıdır. Bu haqqda da daha geniş məlumat verəcəm ki, xalqım hər şeyi bilsin. Heydər Əliyevin hakimiyyətə gəlməsini istəməyənlər onun hakimiyyəti illərində milyardlar qazanıblar və çoxu da xarici dövlətlərlə əlaqə yaradıb ölkəni qarışdırmağa çalışırlar.

Heydər Əliyevdən danışmaq üçün illərlə vaxt lazımdır. İndi çox sevinirəm ki, Heydər Əliyevin çətin günlərində mən onunla görüşmüşəm, yanında olmuşam. Mən özümün gəncliyimi Heydər Əliyevin hakimiyyətə qaytarılmasına həsr etmişəm. Buna da heç peşman deyiləm. Amma çox təəssüf ki, o vaxt onun hakimiyyətə qayıtmaması üçün bizi top atəşinə tutanlar indi rahat həyat yaşayırlar, biz isə onun bunun qapısında boynumuzu bükmüşük”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.