“Bakıda daha çox dəstək hiss edirəm, nəinki xaricdə”

6-01-2020, 10:53           
“Bakıda daha çox dəstək hiss edirəm, nəinki xaricdə”
Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, skripkaçı Cəmilə Qarayusifli bu yaxınlarda Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edib. O, uzun illərdir İsveçrədə təhsil alır, ona görə də vətəninə az-az gəlir. Bakıda olarkən o, Sputnik Azərbaycan-a müsahibə verib, öz yaradıcılığından və gələcək planlarından danışıb.
- Cəmilə, siz artıq uzun illərdir xaricdə yaşayır və təhsil alırsız. Hər dəfə doğma səhnədə konsert proqramı ilə çıxış edəndə hansı hissləri keçirirsiz?
- Bu, həddindən artıq xoşuma gəlir. Burada tamam başqa atmosfer hökm sürür. Ən əsası, Bakıda daha böyük dəstək hiss edirəm, nəinki xaricdə. Üstəlik böyük həyəcan keçirirəm, çünki böyük məsuliyyət hiss edirəm.

- Bizə musiqiçi ailəsindən olduğunuz məlumdur. Sənət seçimində valideynlərinizin sizə hər hansı təsiri olub?
- Evimizdə həmişə musiqi səslənib, çünki atam klarnetçi, anam isə pianoçudur. Onlar həmişə bu alətlərdə ifa edir, müsabiqələrə hazırlaşırdılar və hiss edirdilər ki, mən də musiqiçi olmaq istəyirəm. Yalnız mən başqa musiqi alətini - skripkanı seçmək qərarına gəldim. Valideynlərim seçimimi dəstəklədilər. Skripkada ifa etmək çox xoşuma gəlirdi və başa düşdüm ki, düzgün seçim etmişəm.
Valideynlərim mənim ilk müəllimlərim olublar. Mən Bülbül adına orta ixtisas musiqi məktəbini və Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını bitirmişəm. Orada mənə xalq artisti, professor Zəhra Quliyeva dərs deyib. O, mənə inanırdı və bu sənətdə çox şeyi öyrətdi.
- Niyə təhsilinizi məhz xaricdə davam etdirmək qərarına gəldiniz?
- Hər bir musiqiçi inkişaf etməlidir. Azərbaycanda bu sahədə təhsil çox yaxşıdır, amma mənə elə gəlir ki, inkişaf etmək üçün xaricdə də təhsil almaq lazımdır. Çoxlu gəzmək, yeni insanlarla tanış olmaq lazımdır. Mən İsraildə Zubin Matha Fondunun qrantını udanda təhsilimi Buxman adına Ali musiqi məktəbində və Təl-Əviv Universiteti yanında Zubin Metha məktəbində İlya Konovalovun sinfində davam etdirmək qərarına gəldim.

Valideynlərim məni dəstəklədilər və təhsilimi xaricdə davam etdirməkdə mənə kömək etdilər. Mən təkcə oxumaqla kifayətlənmədim, həmçinin Paris, Strasburq, Brüssel, Stokholm, Haaqa, Florensiya, Moskva də digər şəhərlərdə keçirilən bir çox beynəlxalq festivallarda iştirak etdim. İndi də məni müxtəlif ölkələrə konsertlərə dəvət edirlər. Hesab edirəm ki, musiqiçi eyni vaxtda həm oxumalı, həm də səhnədə çıxış etməlidir, çünki bu, təcrübə toplamağa və həyəcanını dəf etməyə kömək edir.
- Amma xaricdə musiqiçilər arasında rəqabət böyükdür....
- Rəqabət hər yerdə var. Ən əsası fərdi olmaq lazımdır, çünki texniki baxımdan hazırda yaxşı musiqiçilər çoxdur və hətta fərqlənməyə belə imkan vermirlər. Düşünürəm ki, skripkada ifa etmək xoşuma gəldiyi üçün mən fərqliyəm. Əgər mənim işim olmasa belə, yenə də skripkanı ifa edəcəm. Skripkaçı olmaq mənim mövcudluq səbəbimdir.

- Xaricdə Azərbaycan musiqisini tez-tez ifa edirsiniz?
- Konsertlərdə tez-tez bizim bəstəkarların əsərlərini ifa etməyə çalışıram. Bununla yanaşı, orada seminarlar təşkil edərək bizim mədəniyyətimiz barədə danışıram.
- Musiqiçilərin əksəriyyəti xaricə gedir və vətənə qayıtmır. Bu, nə dərəcədə düzgündür?
- İndi Azərbaycanda mədəniyyətin, xüsusilə də musiqinin inkişafına böyük diqqət ayırırlar. Bizdə gənc istedadların inkişafı və irəli getməsi üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, yaxşı kadrlar öz ölkələrində olmalıdırlar, əks təqdirdə, inkişaf sadəcə getməyəcək. Xaricdə yaşamaq və işləmək olar, amma vətənə gələrək mütləq səhnədə çıxış etmək lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.