“Vəkillər məhkəmələrdəki haqsızlıqları aradan qaldıra bilmirlər” - Əkrəm Həsənov

6-01-2020, 11:44           
“Vəkillər məhkəmələrdəki haqsızlıqları aradan qaldıra bilmirlər” - Əkrəm Həsənov
Ötən ilin sonunda hüquqşünas Əkrəm Həsənov Konstitusiya Məhkəməsinin (KM) qərardadına açıq etiraz etmişdi. Həmin qərardadda qısaca bildirilir ki, KM bundan sonra qanunlara istədiyi kimi şərh verəcək.

Ə Həsənov isə vurğulamışdı ki, Konstitusiya Məhkəməsi qanunlara şərh verir, yeni hüquq norması yaratmır: “Qanuna şərh verilirsə, həmin şərh vahid qaydada tətbiq edilməlidir. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən mülki qanunvericiliyin müddəaları qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Bütün münasibətlərə! Onlar üzrə məhkəmə mübahisəsinin nə zaman yaranması fərqli tətbiq üçün əsas ola bilməz”.

AYNA mövzunun detalları üzrə Əkrəm Həsənovla həmsöhbət olub:

- Əkrəm bəy, Konstitusiya Məhkəməsinə ünvanladığınız etiraza cavab gəldi?

- Ölkə rəhbəri də son çıxışında qeyd etdi ki, ictimai nəzarət zəifdir. Bu etiraz mənim tərəfimdən ictimai nəzarət idi. Nə yaxşı kı, dövlət başçısı son çıxışında ictimai nəzarət məsələsini qaldırdı, açığını deyim ki, özümə qarşı addımlar da gözləyirdim. Konstitusiya Məhkəməsinə yazdığım və cavab gözlədiyim suallarla bağlı Prezident Administrasiyasına da məktub göndərmişəm. KM-dən sullarıma cavab da gözləmirəm, çünki nə deyəcəklər ki? Onların qərardadı hüquq sistemi üçün bir rüsvayçılıqdır. Əgər dünyanın hansı yerində belə bir hal olsaydı, həmin ölkənin hüquq sistemində çaxnaşma düşərdi, hətta KM-i istefaya da gönədrərdilər.

- Sizin məlum qərardadla bağlı etirazınıza həmkarlarınızdan dəstək görmədik…

- Həmkarlarımdan incimirəm, susqunluqlarını başa düşürəm. İşləyirlər, hər hansı münasibətləri pozmaq istəmirlər. Bir nəfər də eşitmədim ki, mənim etirazıma etiraz etsin. Demək, KM-in irəli sürdüyü absurd məsələdir. Amma mənim bu çağırışımdan sonra arxa planda tanınmış hüquq sahəsi üzrə alimlər, həmkarlarımdan dəstək aldım. Bir məsələ də var ki, çoxu heç həmin qərardadın mahiyyətinə varmayıb. Bu da, əslində ölkədəki hüquq təhsilinin qənaətbəxş olmaması, hüquq ədəbiyyatlarının azlığı ilə bağlıdır.

Amma Konstitusiya məhkəməsinin banklarla bağlı (2018-ci il 31 may və 2019-cu il 25 may) başqa qərarları da var. Bəzi qərarlarda doğrudan da bankların zərərinə ciddi məqamlar var, buna da qarşıyam. Bu məsələdə də fikirimi bildirmişəm. Mənim yekun etirazım onadır ki, KM son qərardadı ilə gələcəkdə istənilən qərarlara şübhə yaradacaq.

- Sizin KM-ə etirazınız ünvana çatıbmı?

- Əminəm ki, gedib çatıb. Mənə məlumatlar gəlir ki, bu işi törədənlər çox narahatdırlar. Etirazım olmaya bilərdi, sərt yazdığıma da peşman deyiləm. İnanıram ki, bundan sonra növbəti dəfə belə gülməli qərardadlar verilməz. Mənim etirazımda şəxsi maraqlar axtarırlar. Etiraf edim ki, şəxsi marağım mövcud məhkəmə-hüquq sistemində dəyişiklərin olmasına nail olmaqdır ki, mənim kimi vəkil həmkarlarım üçün layiqli iş imkanları olsun.

- Prezident “Vəkil günü” təsis edilməsi ilə bağlı sərəncam imzalası. Bu, vəkillik institutunun inkişafına təsir edəcəkmi?

- Ölkə rəhbərinin ictimai nəzarətin gücləndirilməsi çağırışından sonra “Vəkil günü”nü təsis etməsi təsadüfi deyil. Tarixən hökmdarlarımızın ilk köməkçiləri vəzir və vəkilləri olub. Dövlət başçısı deyir ki, vəzirlər bəzi məsələləri ondan gizlədir, buna görə də ictimai nəzarətin güclənməsini istəyir. Cəmiyyətin problemlərini vəkillərdən yaxşı bilən varmı? Xeyr! Çünki problemlərin həlli yeri məhkəmədir, insanları isə orada məhz vəkillər təmsil edir. Bu gün Azərbaycanda vicdanlı və savadlı vəkil millət vəkilindən daha faydalıdır. Məhz buna görə də İlham Əliyev, sayı artıq 1700 nəfəri ötmüş vəkillərin rolunu gücləndirmək üçün onların peşə bayramını təsis edib. Dövlət başçısı sanki biz vəkillərə deyir: “Gözlədiyim ictimai nəzarətin aparıcı qüvvəsi siz olmalısınız”. Haqsızlıqların xeyli hissəsi elə məhkəmələrdə baş verir və vəkillər hələlik əksər hallarda onları dəf edə bilmirlər (hakimlərin yanına arxa qapıdan girmə halları istisna olmaqla, təbii). Axı məhkəmələrdə də vəzirlər at oynadırlar. Buna görə də müdafiə etdikləri şəxslərin razılığı ilə (əks halda, vəkil sirrinin pozulması olar) vəkillər apardıqları işləri mütləq ictimailəşdirməli, "örtülü bazar"ların axırına çıxmalıdırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.